Şərq çöl gürzəsi

Şərq çölgürzəsi (lat. Vipera renardi) — Əsl gürzələr fəsiləsinə aid gürzə növü.

Şərq çöl gürzəsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Uzunluğu 550 mm, quyruğu isə 70–90 mm olur. Başı üstdən, yəni gözlərin ön kənarlarını birləşdirən xətdən qabaq düzgün olmayan formalı xırda qalxancıqlarla örtülmüşdür. Burun dəlikləri bir qayda olaraq burun qalxancığının alt hissəsindədir. Bədəni üst tərəfdən qonurumtul – boz rəngdə olub, bel boyunca bir qədər açıq rəngdə olur. Belində tünd ziqzaqşəkilli ayrı – ayrı xallardan ibarət zolaq vardır. Bədənin yanlarında tünd seyrək xallar yerləşir.

Növün arealı Avropanın cənub və cənub – şərqini, Krım, Cənubi Ukrayna, Ön Qafqaz, Böyük Qafqaz, Orta Asiyanın mərkəz, şimal – qərb və şimal – şərq, Qazaxıstan və Cənubi Sibiri əhatə edir. Azərbaycanda P.r.renardi Christoph, 1811 nominativ yarımnövü yayılmışdır. Böyük Qafqaz silsiləsinin şərq yamaclarında Şəki – Şamaxı rayonları ərazisində yarımnövün təcridedilmiş populyasiyası mövcuddur.

Dağətəyi və hündür dağ çöllərdə, quru ot və kol bitki örtüyü olan daşlı dağ yamaclarında, dərələrdə, şoran otlu yarımsəhralarda və bərkimiş qumlarda yaşayır. Şamaxı ətrafında dəniz səviyyəsindən 700 m yüksəkliklərdə rast gəlinir. Yazda bütün gün, yayda isə axşam – gecə fəal olur. Aprelin əvvəllərindən sentyabra və ya oktyabrın əvvəllərinə qədər fəaldır. Qidasını gəmiricilər, kərtənkələlər, quş balaları və çəyirtkələr təşkil edir. Cavan fərdləri cücülər, nadir hallarda isə kərtənkələlərlə qidalanır. Cinsi yetkinliyə 3 yaşında çatır. Boğazlıq 100 – 110 gün davam edir. Adətən 6 – 12 bala iyulun sonları – avqustada doğulur.

  1. The Reptile Database (ing.). / P. Uetz 2015.