Şahnaz Haşımova

Şahnaz Həsən qızı Haşımova (d. 2 iyun 1957, Kirovabad) — Azərbaycan müğənnisi və xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (2000). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2016). Gəncə Dövlət Filarmoniyasının direktoru (1997–2016), Gəncə Dövlət Filarmoniyası nəzdində Göy-Göl Dövlət Mahnı və Rəqs ansamblının solisti (1975-hal hazıradək), Gəncə Musiqi Kollecinin xanəndə müəllimi (2000-hal hazıradək), Yeni Azərbaycan Partiyasının üzvü (1995-hal hazıradək), Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının siyasi şurasının üzvü, Azərbaycan Ziyalılar Cəmiyyətinin Fəxri üzvü, Azərbaycan Ağsaqqallar Şurasının üzvü, Mədəniyyət işçiləri həmkarlar ittifaqının üzvü.

Şahnaz Haşımova
Ümumi məlumatlar
Doğum tarixi (67 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı Azərbaycan Respublikasının Əməkdar artisti Kamança ifaçısı Eldar Abdullayev
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni xanəndə müəllim
Fəaliyyət illəri 1971-hal hazıradək
Janr soprano
Musiqi alətləri Qaval, fortepiano
Səs tembri Soprano
Təhsili

Gəncə Musiqi Texnikumu (1975-1979).

Dağıstan Dövlət İdarə etmə və Biznes İnstitutu (1998-2004).
Üzvlüyü
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2000 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1989

Şahnaz Həsən qızı Haşımova 2 iyun 1957-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin rus bölməsini bitirib. 1975–1979-cu ildə Qəmbər Hüseynli adına Gəncə Musiqi Texnikumunun muğam şöbəsində təhsil alıb. 1998–2004-cü ildə Dağıstan Dövlət İdarə Etmə və Biznes İnstitutunun Hüquq fakültəsində Ali təhsil alıb. 1971–1975-ci ildə bədii özfəaliyyət kollektivlərinin solisti "Oxu, tar" festivalının iştirakçısı olmuşdur. 1975–1977-ci ildə "Göy-Göl" xalq çalğı alətləri ansamblının solisti. 1977-ci ildən hal hazıradək Gəncə Dövlət Filarmoniyası nəzdində "Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblının solistidir. 2000-ci ildən hal hazıradək Gəncə Musiqi Kollecinin xanəndə müəllimidir. 23 yanvar 1997-ci ildən 22 oktyabr 1997-ci ilə qədər Gəncə Dövlət Filarmoniyası nəzdində Göy-Göl Dövlət Mahnı və Rəqs Ansamblının direktoru vəzifəsində çalışıb. 22 oktyabr 1997-ci ildən 01 dekabr 2016-cı ilə qədər Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsində çalışıb. Eyni zamanda Gəncə Dövlət Filarmoniyasında Yeni Azərbaycan Partiyasının ərazi təşkilatının sədri vəzifəsində çalışıb.

Yeni Azərbaycan Partiyasının, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının siyasi şurasının, Azərbaycan Ağsaqqallar Şurasının, Mədəniyyət işçiləri həmkarlar ittifaqının, Azərbaycan Ziyalılar Cəmiyyətinin Fəxri üzvüdür.

Şahnaz Haşımovanın Azərbaycan televiziyası və radiosunun "Qızıl Fondu"nda 100 dən çox lent yazıları qorunur və saxlanılır.

Repertuarına xalq mahnıları ("Uca dağlar", "Qaragilə", "Şuşanın dağları və s.), Ritmik muğamlar (Kəsmə şikəstə, Qarabağ şikəstəsi, Simayi şəms,). Muğamlar (Mirzə Hüseyn segahı, Kürdü Şahnaz, Mahur hindi, Qatar, Bayatı kürd, və s.), Azərbaycan bəstəkarlarının mahnıları, həmçinin türk, fars, tacik, əfqan, ərəb və s. xalqların mahnıları daxildir.

"Mən dərdimi mahnılara danışdım (2003), "Vətən sən güman yerimsən (2016), Qar dənələri (2023) adlı kitabların müəllifidir.

Şahnaz Haşımovanın respublikanın hüdudlarından çox-çox uzaqlarda milli musiqimizin, muğamatımızın tanınmasında, təbliğində xüsusi xidmətləri vardır. Bir çox xarici ölkələrdə dəfələrlə Azərbaycan musiqisinin əsl təbliğatçısı olmuş, yetişdirdiyi gənc müğənnilərlə Azərbaycanda və xarici ölkələrdə Azərbaycan musiqisini layiqincə təmsil etmişdir.

Ş. Haşımova Gəncə şəhərinin ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, Gəncə Dövlət Filarmoniyasının "Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri OrkestriDövlət Kamera Orkestrinin konsertlərinə bədii rəhbərlik və təşkilatçılıq edir. Gəncə Dövlət Filarmoniyasının musiqi kollektivlərinin cəbhə bölgələrində, əsgərlər qarşısında, qaçqın və köçkünlər qarşısında dəfələrlə çıxışlarını təşkil etmiş, özü ifa etdiyi vətənpərvərlik mahnıları ilə onlarda yüksək əfvali-ruhiyyə yaradaraq, respublika Prezidentinin apardığı daxili və xarici siyasətin dəstəkləyicisi və təbliğatçısı olmuşdur. O, F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasına bacarıqla rəhbərlik edib.

Azərbaycan Respublikasının Xalq Artisti Şahnaz Haşımova özünün yüksək səhnə mədəniyyəti, savadı, özünəməxsus ifa tərzi, şirin və məlahətli səsi, bir sıra gözəl insani keyfiyyətləri ilə çalışdığı kollektivin və xalqın sevimlisinə çevrilmişdir.

Şahnaz Haşımova Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə

17 may 1989-cu ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına, 28 oktyabr 2000-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüşdür.

2002-ci ildən[1] 2015-ci ilə qədər[2] Azərbaycan Respublikası Prezidentinin Mükafatına layiq görülmüşdür.

6 may 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[3]

Dəfələrlə Fəxri fərmanlarla təltif edilmişdir

Azərbaycan Respublikasının Əməkdar artisti, kamança ifaçısı Eldar Abdullayevin həyat yoldaşıdır.

Azərbaycan Respublikasının Əməkdar artisti, müğənni Aybəniz Haşımovanın bacısıdır.

Ailəlidir, 2 oğlu bir də 6 nəvəsi var.

  1. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
  2. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-01.
  3. President. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 6 may 2016. 2016-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.