Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası[1] — Gəncədə fəaliyyət göstərən konsert kompleksi. Filarmoniya binası 2012-2017-ci illərdə[2] Cavad xan və Zərrabi küçələrinin kəsişməsində memar Ramiz Hüseynovun layihəsi əsasında inşa edilib.
Gəncə Dövlət Filarmoniyası | |
---|---|
40°40′36″ şm. e. 46°21′29″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Cavad xan və Həsən bəy Zərdabi küçələrinin kəsişməsi |
Tikilmə tarixi | 2012-2017 |
Mərtəbə sayı | 6 |
Aidiyyatı | Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi |
Memar | Ramiz Hüseynov |
Memarlıq quruluşu | Klassisizm |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Gəncə Filarmoniyasının əsası 1935-1936-cı illərdə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə qoyulub. 1949-cu ildə Gəncə Dövlət Filarmoniyasının fəaliyyətinə xitam verilir, lakin, 1990-cı ildən Gəncədə Dövlət Filarmoniyası yenidən fəaliyyətə başlayır.
Gəncə Filarmoniyasının əsası 1935-1936-cı illərdə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə qoyulub.[3] Böyük Vətən Müharibəsi zamanı Fikrət Əmirov döyüşlərdən kantuziya ilə qayıtdığından onu işləmək üçün Gəncə Filarmoniyasına göndərirlər. 1946-1949-cu illərdə Filarmoniyaya xalq artisti Məhəmməd Bürcəliyev rəhbərlik edir. 1949-cu ildə Gəncə Dövlət Filarmoniyasının fəaliyyətinə xitam verilir.[3]
1959-cu ildə bəstəkar Xəlil Cəfərovun rəhbərliyi ilə Gəncədə yeni mahnı və rəqs ansambılı fəaliyyətə başlayır. Gəncədə ilk simfonik orkestr 1969-cu ildə Şirin Rzayev tərəfindən yaradılmışdır.[3] Daha sonra xalq artisti Fikrət Verdiyevin rəhbərliyi ilə “Göy-göl ” mahnı və rəqs ansambılı özfəaliyyət olaraq fəaliyyətə başladı. Daha sonra Heydər Əliyevin təşəbbüsü və köməkliyi ilə “Göy-göl” mahnı və rəqs ansamblına dövlət statusu verildi. Həmçinin bu dövrdə Gəncədə Kamera Orkestri də fəaliyyətə başladı. 1990-cı ildə Gəncədə Dövlət Filarmoniyası yenidən yaradıldı.[3]
Gəncə Dövlət Filarmoniyasının təməli 21 yanvar 2012-ci ildə İlham Əliyevin Gəncə səfəri zamanı qoyulmuşdur.[4] 15 mart 2014-cü ildə tikintidə ciddi dağıntılar baş verib.[5] 17 fevral 2016-cı ildə Gəncəyə səfər edən prezident İlham Əliyev filarmoniya binasında işlərin gedişi ilə tanış olub.[6]
10 noyabr 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla "Gəncə Dövlət Filarmoniyasının tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat" əlavə pul ayırılıb.[7] 10 noyabr 2017-ci ildə İlham Əliyevin iştirakı ilə filarmoniyanın yeni binasının açılış mərasimi keçirilib.[8]
Gəncə Dövlət Filarmoniyasının binası Gəncənin Nizami rayonu ərazisində, Cavad xan və Zərrabi küçələrinin kəsişməsində, əvvəllər Bakı kinoteatrının yerləşdiyi ərazidə[5] inşa edilib. Klassisizm üslubunda inşa edilmiş altımərtəbəli binada inzibati, məşq, qrim, rejissor və istirahət otaqları, bufet yaradılıb.[8]
Burada, eyni zamanda, 1200 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və 1 VİP loja vardır. Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri qoyulub. Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi, 500 avtomobil yerlik yeraltı dayanacaq və ümumi sahəsi 2 min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib.[8]
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindədir. 1997 - 2016-cı illərdə Gəncə Dövlət Filarmoniyasının direktoru, “Göy-Göl” Dövlət Mahnı və Rəqs Ansamblı və Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbər vəzifəsində Azərbaycan Respublikasının Xalq artisti Şahnaz Haşımova fəaliyyət göstərmişdir.[9]
15 fevral 2017-ci ildə Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə əvvəllər Gəncə Musiqi Kollecinin direktoru vəzifəsində çalışmış Gülçin Mirzəyeva Gəncə Dövlət Filarmoniyasına direktor təyin edilib.[10] Lakin, bu təyinatdan üç gün sonra Gəncə Musiqi Kollecinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən sabiq direktor Gülçin Mirzəyeva həmin kollecin direktor müavini Fatimə Qafarzadə ilə qabaqcadan əlbir olaraq özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə kollecin tələbələrindən, habelə onların qohumları və valideynlərindən imtahan sessiyasında müsbət qiymətlərin yazılması üçün ümumilikdə 2000 manat məbləğində pulu rüşvət kimi tələb edib almalarına şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb. Qeyd olunan şəxslərin əməllərində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrinin əlamətləri oluduğundan onlara həmin maddələrlə ittiham elan olunmaqla barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib, habelə Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə G.Mirzəyeva və F.Qafarzadə vəzifədən kənarlaşdırılıblar.[9][10]
23 iyun 2017-ci ildə Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərov Gəncə Dövlət Filarmoniyasına direktor təyin edilib.[11]
2022-ci ildə Rəşad Yusifov Gəncə Dövlət Filarmoniyasının direktoru təyin edilib.[12]
23 noyabr 2023 cü ildə Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Azərbaycan Respublikasının əməkdar artisti Ramil Qasımov Gəncə Dövlət Filarmoniyasının direktoru təyin edilib.
Filarmoniyanın tərkibində “Göy-Göl” Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestri fəaliyyət göstərir.[13]