Şandun sualı (山東問題, Santo monday?) və ya Şandun problemi – 1919-cu ildə Paris Sülh Konfransından sonra Şandun yarımadasının kimə aid olması haqqında Çinlə Yaponiya arasında baş vermiş münaqişə. Problem 1922-ci ildə Çinin xeyrinə həll edilmişdir.
Çinin şimal-şərqində yerləşən Şandun yarımadası XIX əsrdə xarici güclərin diqqətini cəlb etmişdir.[1] Xüsusilə, Almaniya Asiyada möhkəmlənmək üçün bu yarımadadakı Sindao limanına nəzarət etmək istəyirdi.[1] 1896-cı ildə ərazidə yaşayn iki alman missionerin öldürülməsindən istifadə edən Almaniya donanması bölgəyə nəzarəti ələ keçirmiş və limanı tutmuşdur.[1] Növbəti il burada 400 kilometr uzunluğunda dəmiryolu inşa etdirmək icazəsi almış, yarımadanı öz mülkünə çevirmişdir.[1]
Şandun yarımadasında maraqları olan digər ölkə Yaponiya idi.[1] 1911-ci ildə Çində baş vermiş inqilabdan sonra Yaponiya ordusunun və Yaponiya Xarici İşlər Nazirliyinin bir neçə üzvü Yaponiyanın təsir sahəsini Şandun yarımadasına qədər genişləndirmək istəyirdilər.[1] 1914-cü ildə başlayan Birinci dünya müharibəsində Yaponiya Britaniya ilə müttəfiq olmuş və Almaniyaya müharibə elan etmişdir.[1] Britaniyanın tövsiyəsinə baxmayaraq, Yaponiya 1914-cü ilin sentyabrında Sindaonu işğal etmiş və Tsinan–Sindao dəmiryolunu ələ keçirmişdir.[1]
Yaponiya almanların Şandun yarımadasındakı bütün imtiyazlarının onlara transfer edilməsi üçün Çinə tələb yollamışdır.[1] Bu, Çinə göndərilmiş İyirmi bir tələbdən biri olmuşdur.[1] Çin Şandun yarımadasının Yaponiyaya verilməsindən imtina etmiş, yarımada Yaponiya imperializminə qarşı milli müqavimət simvoluna çevrilmişdir.[1] Nəticədə, Şandun sualı yaranmışdır.[1]
Şandun problemi sadəcə Çinlə Yaponiyanı deyil, başqa ölkələri də maraqlandırmışdır.[1] Xüsusilə, ABŞ Şandun yarımadasının Çinə məxsus olmasını dəstəkləyirdi.[1] Buna səbəb ABŞ biznesmenlərinin Yaponiya hakimiyyəti altında bərabər imtiyazlar qazana bilməmələri idi.[1] Digər səbəb Çinin ərazi bütovlüyünün ən böyük dəstəkçisinin ABŞ olması idi.[1] Çin müdaxilə etməsi üçün ABŞ-yə müraciət etsə də, ABŞ sadəcə Çinin ərazi bütovlüyünü pozacaq istənilən razılaşmanı tanımayacağını bildirən bəyannamə yaymaqla kifayətlənmişdir.[1] Yaponiya isə Britaniya, Fransa və Rusiya ilə gizli razılaşmalar əldə edərək yarımadadakı hakimiyyətini möhkəmləndirmişdir.[1]
1919-cu ildə baş tutan Paris Sülh Konfransında Şandun problemi əsas çətinliklərdən biri olmuşdur.[1] Yaponiyanın yarımadadan əl çəkəcəyi və Çinlə sülhə razı olacağı ümid edilsə də, yaponların mövqeyi qəti idi.[1] Hara Takaşi hökuməti yarımadanı buraxmaq və ölkə daxilində müxalifətə səbəb olmaq istəmirdi.[1] Bundan qəzəblənən Çin nümayəndələri sülh müqaviləsi imzalamaqdan imtina etmişdirlər.[1] Çində universitet tələbələri, biznesmenlər və ziyalılar Yaponiya məhsullarını boykot etməyə başlamış, 1919-cu ildə 4 May hərəkatının başlatmışdırlar.[1]
Hara, həmkarları və hərb naziri Tanaka Qiiçi tezliklə ABŞ-yə qarşı gəlməyin və Çinlə münaqişə yaşamağın sərfəli olmadığı qənaətinə gəlmişdirlər.[1] ABŞ-nin kapital və texnologiyası, Çinin bazarı Yaponiya üçün daha əhəmiyyətli idi.[1] 1921–1922-ci illərdə baş tutan Vaşinqton konfransı zamanı Yaponiya nümayəndləri çinlilərlə görüşmüş və Yaponiya ordusunun yarımadadan çıxarılması barədə razılığa gəlmişdirlər.[1] Bunun əvəzində Çin dəmiryolu üçün Yaponiyaya təzminat ödəməli idi.[1]
Şandun problemi Çinin xeyrinə həll edilsə də, Yaponiya ərazidəki təsirini qoruya bilmiş, hətta Şimal ekspedisiyası zamanı yarımadaya hərbi müdaxilə etmişdir.[1]