Şortəpə yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun İbadulla kəndindən cənub-şərqdə yerləşən qədim yaşayış yeri.
Yaşayış yeri ilk dəfə 1934-cü ildə qeydə alınmışdır. Abidə ətraf yerlərə nisbətən 1,5–2 m hündürlükdə olan oval təpədən ibarətdir. Sahəsi 1500 kv. m-dir[1][2].
1936-cı ildə Ə. K. Ələkbərov Şortəpədə kəşfiyyat qazıntısı aparmış və mədəni təbəqəni 3 m dərinliyədək tədqiq etmişdir[3].
Tədqiqat nəticəsində dörd mədəni təbəqə aşkar olunmuşdur. Birinci təbəqə Kür-Araz mədəniyyətinə aiddir. Bu təbəqədən iribuynuzlu heyvan başı formasında və nalşəkilli formada hazırlanmış ocaq qurğuları aşkar olunmuşdur. İkinci təbəqədə Orta Tunc dövrü üçün xarakterik olan boyalı və sadə qablar, üçüncü təbəqədə isə daş qutu tipli qəbirlər və uzunboğaz çəkmə formasında olan gil qab aşkar edilib. Dördüncü təbəqə 0,3–0,9 m dərinlikdə yerləşir. Bu təbəqədə uşağa və yaşlı adamlara aid torpaq qəbirlər tapılmışdır.
Şortəpə yaşayış yerində Eneolit dövrünə aid bir boyalı qab aşkar edilmişdir. Bu qab qum qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmişdir. Gövdəsinin yuxarı hissəsində olan oval deşik onun lüləkli olduğunu göstərir. Qabın xarici səthi yaxşı cilalanmışdır. Naxışlar qabın cilalanmış səthinə qırmızı boya ilə çəkilmişdir. Naxışlar kasanın ağzının kənarına çəkilən enli zolaqdan ayrılan şüaşəkilli ornamentlərdən ibarət olub, bir-birinin içərisinə çəkilmiş bucaqları xatırladır. Bu tip naxışlama Ubeyd mədəniyyəti üçün xarakterik olub.
Şortəpə yaşayış yerinin Erkən Tunc dövrünə aid keramika nümunələrini iki qrupa bölmək olar. Birinci qrupdakılar boz rəngdə bişirilmişdir. Onların bir qismi çəhrayı astarlıdır. Bu qabların bəzisi içəridən yaxşıca sığallanmış, bəzisi isə cilalanmışdır. Qabların bəzisinin xarici səthinə, bəzisinin isə ağzının içəri tərəfinə qara boya çəkilərək cilalanmışdır. Qabların bəzisinin içəri tərəfində qırmızı boya izləri vardır. Ikinci qrupa qırmızı rəngdə bişirilmiş küpə tipli qabların parçaları daxildir. Qablar narın qum qarışığı olan gildən hazırlanaraq hər iki üzdən cilalanmışdır. Onlardan birinin hər iki üzünə qırmızı boya çəkilmişdir.
Araşdırmalara əsasən Şortəpənin Erkən Tunc dövrü keramikasını e.ə. V minilliyin sonu- e.ə. III minilliyin birinci yarısına aid etmək olar.
Arxeoloji qazıntılar zamanı yaşayış yerindən Orta Tunc dövrünə aid keramika məmulatı olduqca az tapılmışdır. Bunun əksinə olaraq Şortəpə nekropolunda boyalı keramika məmulatı olduqca zəngindir.
Abidənin Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatı əsasən boz yaxud qara rəngdə bişirilmişdir. Çəhrayı rəngdə bişirilən keramika olduqca azdır. Boz rəngli keramika məmulatı kasa və küpə tipli qabların parçalarından ibarətdir. Naxçıvanın Erkən Dəmir dövrü mədəniyyəti Xocalı-Gədəbəy mədəniyyəti elementlərinin izlənməsi ilə diqqəti cəlb edir. Məlum olduğu kimi bu mədəniyyət başlıca olaraq boz rəngli keramika ilə xarakterizə edilir.