Vəli Əliyev (tarixçi)

Vəli Əliyev (Vəli Hüseyn oğlu Əliyev; 20 iyul 1936, Daşbulaq, Nuxa rayonu8 yanvar 2020) — tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2003).[1]AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tunc və İlk Dəmir dövrü arxeologiyası şöbəsinin müdiri vəzifəsində işləyib.

Vəli Əliyev
Əliyev Vəli Hüseyn oğlu
Doğum tarixi 20 iyul 1936(1936-07-20)
Doğum yeri
Vəfat tarixi 8 yanvar 2020(2020-01-08) (83 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Hüseyn
Anası Mehriban
Elm sahələri tarix, arxeologiya
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adları professor, AMEA-nın müxbir üzvü
İş yerləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şöbə müdiri və ADPU Ümumi tarix kafedrasının müdiri
Təhsili Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi

Vəli Əliyev 1936-cı ildə Şəki rayonunun Daşbulaq kəndində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, 1966-cı ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1994-cü ildə professor elmi adını almış, 2003-cü ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1959-cu ildə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlayan Vəli Əliyev 1990-cı ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiridir. O, həm də Azərbaycan Dövlət Pedaqoji Universitetində Ümumi tarix kafedrasının müdiri vəzifəsində çalışır.

V.Əliyev Azərbaycanın tarixi və arxeologiyası sahəsində 300-ə yaxın elmi əsərin, o cümlədən 9 monoqrafiya və kitabın müəllifidir. Onun Azərbaycanın qədim tarixinin arxeoloji tədqiqi sahəsinə həsr olunmuş "Azərbaycanın tunc dövrü boyalı qablar mədəniyyəti", "Qədim Naxçıvan", "Ağsunun tarixi səhifələri", "Naxçıvan Azərbaycanın tarixi diyarıdır", "Gəmiqaya", "Naxçıvanın Qədim qala şəhərləri", "Qədim Qarabağ" kitabları və digər bu kimi əsərləri elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdır.

Vəli Əliyev Arxeologiya və Etnoqrafiya İnstitutunun "Naxçıvan Muxtar Respublikasının maddi mədəniyyəti" mövzusunun əsas tədqiqatçısı və Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəridir. O, Naxçıvan arxeoloji ekspedisiyasına rəhbərlik edərək, bu ərazidə qədim və orta əsr abidələri üzrə elmi tədqiqat işləri aparmışdır.

Vəli Əliyev Azərbaycanın b.e. əvvəl II-I minillikləri əhatə edən qədim şəhər mədəniyyəti, ilk tunc dövrü Kür-Araz mədəniyyəti, orta tunc dövrü Boyalı qablar mədəniyyəti, Son Tunc və İlk Dəmir dövrü Xocalı-Gədəbəy mədəniyyəti, Cənubi Azərbaycanın Tunc dövrü mədəniyyətləri, qayaüstü təsvirlər və erkən piktoqrafik yazı mədəniyyəti, qədim tayfa ittifaqlarının dövlət qurumlarının təkamülü, Azərbaycan xalqının ilkin etnik formalaşması — etnogenezi, və s. mühüm problem məsələlər üzrə geniş planda elmi-tədqiqat işləri aparır. Vəli Əliyevin 1960-1980-ci illərdə apardığı gərgin və səmərəli axtarışlar sayəsində Naxçıvan Muxtar Respublikası ərazisində 500-dən artıq yeni tarixi abidə aşkar edilmişdir.

Vəli Əliyevin Naxçıvan ərazisində eneolit, tunc, ilk dəmir, antik və orta əsrlər dövrü abidələrində apardığı tədqiqatlar nəticəsində əldə etdiyi elmi nailiyyətlər Azərbaycan, QafqazYaxın Şərq ölkələri arxeologiyasının öyrənilməsində mühüm əhəmiyyətə malikdir.

Vəli Əliyev Naxçıvançay vadisindəki Kültəpə adlı yaşayış yerlərində, Şərurda Ovçular təpəsi, Sədərək, Xələc, Maxta, Daşarx və b. Eneolit-tunc dövrü abidələrində apardığı arxeoloji tədqiqatlarda əldə etdiyi faktiki materiallara əsaslanaraq Azərbaycanda, bütövlükdə Qafqazda, Ön AsiyadaAnadoluda, SuriyadaFələstində e.ə. IV-III minilliklərdə geniş yayılmış Kür-Araz mədəniyyətinin qədim Naxçıvanda, QarabağdaUrmuda yerli oturaq əkinçi-maldar tayfaların eneolit mədəniyyəti əsasında təkamül tapdığını müəyyən etmişdir.

Azərbaycanın erkən şəhər mədəniyyət abidələrinin tədqiqi Vəli Əliyevin adı ilə bağlı olub, onun ən dəyərli elmi nailiyyətidir. O, Naxçıvandakı II Kültəpə (Babək), Oğlanqala, Şahtaxtı-Govurqala, Qazançı qalası, Gilan-Plovtəpə ilkin şəhər mərkəzlərində, Naxçıvan şəhərinin Tunc dövrü nekropolunda, Çalxanqala, Vayxır-Govurqala, Əznəburd və digər qədim qala-şəhər abidələrində müdafiə istehkamlarında apardığı arxeoloji tədqiqatlar əsasında Azərbaycanda e.ə. III-II minilliklərdə iri tayfa ittifaqlarına – erkən dövlət qurumlarına məxsus qədim şəhər mərkəzlərinin yarandığını sübut etmişdir.

AMEA-nın müxbir üzvü Vəli Əliyev Ordubad rayonu ərazisində Qapıcıq-Gəmiqaya zirvəsinin cənubunda, dəniz səviyyəsindən 3500–3700 m. yüksəklikdə qədim Boyalı Qablar mədəniyyətinin qayaüstü təsvirlərini – petroqlifləri (e.ə. IV-I minilliklər) aşkara çıxarıb tədqiq etmişdir.

Onun rəhbərliyi ilə 2 elmlər doktoru və 15 fəlsəfə doktoru hazırlanmışdır.

Monoqrafiyaları

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycanın tunc dövrü boyalı qablar mədəniyyəti. Bakı: 1977;
  2. Qədim Naxçıvan. Bakı: 1979;
  3. Ağsunun tarixi səhifələri. Bakı: "ADİLOĞLU" nəşriyyatı - 2001, 94 s. (Həmmüəllif F.S.Xəlilov)
  4. Naxçıvan Azərbaycanın tarixi diyarıdır.
  5. Naxçıvanın Qədim qala şəhərləri.
  6. Qədim Qarabağ.
  7. Azərbaycanın orta tunc dövrü mədəniyyəti. Bakı: Elm, 1991.
  8. Naxçıvan. Bakı: 2002
  9. Gəmiqaya. Bakı: "Zeynalov və oğulları", 147 s.
  10. Əziz Əliyev böyük alim və görkəmli dövlət xadimidir // Tarixi şəxsiyyətlər “jurnalı”, №32, Bakı: 2015, s.26-31
  11. “Azərbaycan tarixi”, dərslik, VI sinif. Bakı: 2015
  12. “Qədim dünya tarixi”, dərslik, VI sinif. Bakı: 2015
  13. Культура эпохи средней бронзы Азербайджана. Баку: 1991
  14. “История Азербайджана”, учебник для VI класса. Баку: 2015
  15. “История древнего мира”, учебник для VI класса. Баку: 2015
  1. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişində Azərbaycanın tarix və mədəniyyət abidələrinin öyrənilməsi. Müstəqillik illərində Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni inkişafı. Respublika Elmi konfransının materialları. Sumqayıt: 2016, s.12-14
  1. "Əliyev Vəli Hüseyn oğlu" (az.). science.gov.az. 2017. 2020-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.