Şprits

İynəli şprits

Şprits (alm. Spritze‎, spritzen — çiləmək, sıçratmaq) — ən sadə qurluşlu bir nasos olub, əsasən tibbdə dərman preparatlarının orqanizmə: dəri içinə, dəri altına, əzələ daxilinə, vena daxilinə sümük daxilinə və s. yeritmək üçün bir ləvazimatdır. Bəzi dillərdə ing. syringe, fr. Seringue adlandırılır ki, sözün kökü yunan mənşəyli olub, yun. σύριγξ - “syrinx” boru deməkdir.

Metal şprits

Tarixdə ilk venadaxili inyeksiya XVII əsrə təsadüf edilsə də, halhazırda tanıdığımız formada ilk şprits 1853 cü ildə baytar həkim Çarlz Qabriel Pravaz (ing. Charles Gabriel Pravaz) və Aleksandr Vud (ing. Alexander Wood) tərəfindən bir-birilərindən xəbərsiz icad edilmişdir. İlk şprits metaldan və qeyri şəffaf kauçuqdan hazırlandığı üçün məhlulun dozası porşenin dəstəyindəki işarələrlə müəyən edilirdi.

  • 1949—1950 Artur Smit ABŞ-da birdəfəlik şprits istehsalı üçün patent alır.
  • 1954 cü ildən “Becton, Dickinson and Company” tərəfindən kütləvi şəkildə şüşədən birdəfəlik şprits istehsal olunur.
  • 1956 cı ildə Yeni Zellandiyalı əczaçı Kolin Myordok (ing. Colin Murdoch) plastik materialdan birdəfəlik şprits icad edərək patentləşdirir.

Adi tibb şpritsi sadə qurluşlu iki hissədən silindrik borudan və ona daxil edilmiş sıxıcı porşendən ibarətdir. Əvvəllər şüşə və metaldan hazırlanan bu şpritsləri təkrar istifadə etmək mümkün idi. Lakin qanla keçən yoluxucu xəstəliklərin yayılma təhlükəsinin artması birdəfəlik şpristlərin istehsalına gətirib çıxarır. Birdəfəlik şpristlər şəffaf plastik kütlədən steril qablaşdırılmış şəkildə müxtəlif ölçülərdə: 2ml, 5ml, 10ml, 20 ml, 50 ml həcmlərdə hazırlanır. Ən kiçik ölçülüsü xüsusi təsir vahidi ilə işarələnmiş 1 ml həcmində olub, insulin spritsi adlanır, ən böyük ölçülüsü isə 50 ml həcmində olub, ondan inyeksiya xüsusi şprits nasosu vasitəsilə icra edilir.