Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əbdülkərim Əlizadə (11 yanvar 1906, Bilgəh, Bakı qəzası – 3 dekabr 1979, Bakı) — Azərbaycan tarixçisi, şərqşünas, akademik, 1944–1950-ci illərdə Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, Azərbaycan SSR EA-nın akademiki (1955)[1], 1956-cı ildə Azərbaycan EA İctimai Elmlər Bölməsinin akademik-katibi, 1958-ci ildə isə Şərqşünaslıq İnstitutunun direktoru, SSRİ Dövlət mükafatı laureatı (1980).
Əbdülkərim Əlizadə | |
---|---|
Əbdülkərim Əli oğlu Əlizadə | |
Doğum tarixi | |
Doğum yeri | Bilgəh, Bakı, Rusiya imperiyası |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | SSRİ |
Elm sahəsi | Tarix |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | akademik |
İş yeri | AMEA |
Təhsili | ali |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Əbdülkərim Əli oğlu Əlizadə 11 yanvar 1906-cı ildə Bakı yaxınlığındakı Bilgəh kəndində anadan olmuşdur.
Əbdülkərim Əlizadə 1930-cu ildə Leninqrad Şərq İnstitutunu bitirmişdir. 1935-ci ildə SSRİ EA Şərqşünaslıq İnstitutunda, 1936–1938 illərdə Leninqrad Şərq İnstitutunda, 1938–1939 illərdə Leninqrad Dövlət Universitetində işləmişdir.[2]
Əbdülkərim Əlizadə 1941–1963 illərdə SSRİ EA Azərbaycan filialının Tarix İnstitutunda baş elmi işçi, direktor, Tarix və Fəlsəfə İnstitutunun qədim və orta əsrlər yarixi şöbəsinin rəhbəri, Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) İctima elmlər bölməsinin akademik katibi vəzifələrində çalışmışdır. O, 1958–1963 illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Şərqşünaslıq İnstitutunun ilk direktoru olmuşdur. 1963-cü ildən ömrünün sonuna kimi Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Şərqşünaslıq İnstitutunun Mətnşünaslıq və məxəzləri çapahazırlama şöbəsinə rəhbərlik etmişdir.[2]
Əbdülkərim Əlizadə 1954-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) akademiki seçilmişdir.[3]
Ona 1960-cı ildə Azərbaycanın əməkdar elm xadimi fəxri adı verilmişdir. O, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatına Laureatı adlarına layiq görülmüşdür.[3]
O, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiya heyətinin üzvü idi.
Əbdülkərim Əlizadə Varşavada, Münxendə, Moskvada, Ankarada, Tehranda keçirilmiş beynəlxalq konqreslərdə məruzə ilə çıxış etmişdir.[2]
O, "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri və medallarla təltif olunmuşdur.[2]
Əbdülkərim Əlizadə 3 dekabr 1979-cu ildə Bakıda vəfat etmişdir.[4]
Əbdülkərim Əlizadənin əsasən Azərbaycanın və qonşu Yaxın Şərq ölkələrinin Səlcuqilər və monqollar dövrü tarixinin tədqiqatçısı idi.
Nizami Gəncəvinin "İsgəndərnamə" əsərinin "Şərəfnamə" hissəsinin elmi-tənqidi mətnlərini hazırladığı üçün 1948-ci ildə ona SSRİ Dövlət mükafatı verilmişdir. Əbdülkərim Əlizadə Nizaminin "Sirlər xəzinəsi"ni, Rəşidəddinin "Cami ət-təvarix", Məhəmməd ibn Hinduşah Naxçıvaninin "Dəstur əl-katib fi təyin əl-məratib" əsərlərinin elmi-tənqidi mətnlərini hazırlamışdır. O, A. A. Bakıxanovun"Gülüstan-i-İrəm" əsərinin elmi-tənqidi mətninin hazırlanmasında iştirak etmiş və redaktoru olmuşdur.
Əsərləri türk, ərəb, fars, ingilis, alman və başqa dillərdə çap olunmuşdur.
Akademik Ə. Ə. Əlizadənin uzun illər boyu çəkdiyi gərgin zəhmətin, apardığı dərin araşdırmaların nəticəsi kimi meydana gələn"XIII-XIV əsrlərdə Azərbaycanın ictimai-iqtisadi və siyasi tarixi" adlı monumental monoqrafiyası bir tərəfdən müəllifin yaradıcılığının ilk dövrünü yekunlaşdırdısa, digər tərəfdən Azərbaycanın XIII–XIV əsrlər tarixinin tədqiqində zəmanəsinin son sözünü demiş oldu. 7 fəsildən ibarət əsərin hər bir bölməsində Azərbaycanın həmin dövrdəki ictimai-iqtisadi və siyasi tarixinin bu və ya digər cəhətləri araşdırılır. Dövrün mənbələrini kifayət qədər şərh edən alim Azərbaycanın təbii sərvətləri və oturaq əhalisinin məşğuliyyəti haqqında ətraflı məlumat verir. Burada Azərbaycanın XII əsrin sonu-XIII əsrin əvvəllərində ictimai quruluşu və siyasi vəziyyəti araşdırılır, feodal torpaq mülkiyyəti formaları, feodal sinifləri, kəndlilər və onların vəziyyəti və s. tədqiq olunur. Daha sonra müəllif Azərbaycanın monqol yürüşləri ərəfəsindəki vəziyyəti, monqolların ilk həmlələri, Cəlaləddin Xarəzmşahın Azərbaycanı tutması, nəhayət. Monqolların bu diyarı istila etmələri və Ali monqol xaqanlığının Azərbaycanda hökmranlığını tarixi faktlarla şərh edir. Monqol istilasının və köçəri feodal əyanlarının yerli istehsal qüvvələrinə təsiri əsərdə xüsusi yer tutur. Monoqrafiyada XIII–XIV əsrlərin aqrar sistemi və feodal istismarı növləri, monqol xanlarının torpaq siyasəti, incu, divan və iqta torpaqları və bu ərazilərdə yaşayan kəndlilərin vəziyyəti, XIV əsrin əvvələrində torpaq siyasətində baş vermiş dəyişikliklər, xüsusilə, torpaq mülkiyyətində oturaq feodallara məxsus hissənin artması və səbəbləri kimi aktual problemlər tədqiq olunur. Əsərdə təhkimli kəndlilərin vəziyyətinə, vergi və mükəlləfiyyətlərə və sinfi mübarizəyə də geniş yer verilmişdir. Dövrün siyasi tarixinə həsr olunmuş fəsildə müəllif Elxanilər dövlətinin təsisi, dövlət quruluşu, maliyyə sistemi və ölkənin siyasi həyatı barədə məlumat verir. Qızıl Orda xanları ilə Hülakilər arasında Azərbaycan ərazisi uğrunda gedən müharibələri, daha sonra Azərbaycanın Çobanilər və Cəlairilər dövründəki vəziyyətini və Şirvanın öz müstəqilliyi uğrunda mübarizəsini şərh edir. Ə. Ə. Əlizadənin monoqrafiyası mövzu dairəsi və elmi dəyəri baxımından Azərbaycan tarixşünaslığının şah əsərlərindən olmaqla yanaşı sonrakı tədqiqatların əsasında durdu və istiqamətverici mövqe tutdu.[5]
Görkəmli dövlət xadimi, vəzir, təbib, alim Fəzlullah Rəşidəddinin elmi irsinin araşdırılması akademik Ə. Ə. Əlizadə yaradıcılığında sanballı yer tutur. Müəllif alimin "Came ət-təvarix" əsərini tarixi mənbə kimi geniş istifadə etməklə yanaşı onun elmi-tənqidi mətnini hazırlamışdır. Əsərin elmi-tənqidi mətninin tam şəkildə hazırlanması ideyası görkəmli rus şərqşünas V. V. Bartold tərəfindən irəli sürülmüşdü. Ə. Ə. Əlizadə qeyd edirdi ki, Peterburq Şərq İnstitutunda oxuduğu illərdə o, mərhum akademik V. V. Bartoldun məsləhəti ilə "Came ət-təvarix"in bu şəhərin kitabxanalarındakı əlyazma nüsxələri ilə tanış olmuş və nəticədə, Rəşidəddinin əsərlərinin yazılma üslubunu mənimsəmişdir. 1930-cu illərin sonundan bu işə başlayan Ə. Ə. Əlizadə 1957-ci ildə "Came ət-təvarix"in III cildinin elmi-tənqidi mətnini çap etdirir; həmkarı A. K. Arends isə həmin cildi rus dilinə tərcümə edir. Ə. Ə. Əlizadə mətnin hazırlanmasında "Came ət-təvarix"in dünyanın müxtəlif kitabxanalarında –Daşkənd, İstanbul, Peterburq, Tehran, Paris kitabxanalarında və Birtaniya muzeyində mühafizə olunan 7 əlyazmadan istifadə edir və onların tutuşdurulması sayəsində səlis mətn tərtib edir. Alim ilk növbədə istifadə etdiyi əlyazma nüsxələrini təsvir edir, onların elmi dəyərini, mühafizə səviyyəsini, qüsurlarını açıqlayır. O, həmçinin, şəxs və coğrafi adlar, istilahlar, etnik qruplar və türk-monqol təqvimləri üzrə göstəricilər hazırlayıb elmi-tənqidi mətnə əlavə edir. 1965-ci ildə Moskvada Ə. Ə. Əlizadə və həmkarları A. A. Romanoviç və A. A. Xetaqurov tərəfindən tərtib olunmuş yeni kitab – "Came ət-təvarix"in I cildinin I hissəsi çapdan çıxır. Ə. Ə. Əlizadənin yaxından iştirakı və müqəddiməsi ilə nəşr olunan bu hissə türk-monqol qəbilələri barədə zəngin məlumata malikdir. Hələ 1952-ci ildə həmin hissənin rus dilində tərcüməsi nəşr olunmuşdu, lakin elmi-tənqidi mətnin nəşri türk-monqol qəbilələri barədə daha dəqiq və geniş məlumat əldə etməyə imkan verdi. Naşir hər hansı bir qəbilə barədə "Came ət-təvarix"in ayrı-ayrı əlyazma nüsxələrindəki qeydləri tutuşdurmaqla daha düzgün məlumatı müəyyənləşdirməyə nail olmuşdur. Əsərin bu hissəsində 60-dan artıq qəbilə barədə məlumat verilir və hər bir qəbilənin soykökü, keçmişi göstərilir. Qeyd etmək lazımdır ki, əsərin bu hissəsi monqol yürüşləri dövründə Azərbaycana gəlmiş 20-dən çox qəbilənin mənsubiyyətini müəyyənləşdirməkdə əvəzsiz mənbədir. Bu baxımdan sulduz-çobanlı, cəlairi, corat, budat, oyrat və s. qəbilələr barədəki məlumat daha maraqlıdır. Alimin vəfatından sonra onun hazırladığı digər hissənin – "Came ət-təvarix" əsərinin II hissəsinin elmi tənqidi mətni çapdan çıxdı. Ugedey Qaanın (xaqanın) hakimiyyəti dövrünü əhatə edən həmin hissənin tərtibində də əsərin 7 əlyazma nüsxəsindən istifadə olunmuşdur. F. Rəşidəddinin elmi irsi ilə yaxından tanışlıq Ə. Ə. Əlizadəyə alimin fəaliyyəti barədə dəyərli mülahizələr yürütməyə imkan vermişdir. Belə ki, müəllif bu münasibətlə nəşr etdirdiyi məqaləsində onun əsərləri, xüsusilə də, "Came ət-təvarix" əsəri, əsərin əlyazma nüsxələri, məzmunu barədə geniş məlumat verir. O, keçmiş İttifaqda Rəşidəddin elmi irsinin öyrənilməsi səviyyəsini araşdıraraq bildirir ki, bu sahədə iki isitqamətdə iş görülmüşdür. Bir tərəfdən alimin əsərlərinin elmi-tənqidi mətnləri tərtib olunmuş, digər tərəfdən həmin əsərlərdən dövrün tarixinin tədqiqində ilk mənbə kimi istifadə edilmişdir. Ə. Ə. Əlizadə Rəşidəddinin dövlət fəaliyyətinə, Qazan xanın islahatlarındakı roluna da xüsusi diqqət yetirir və alimin bu sahədəki əməyinə yüksək qiymət verirdi.[5]
Akademik Ə. Ə. Əlizadənin böyük xidmətlərindən biri də onun görkəmli dövlət və din xadimi, dilşünas alim, tarixçi, şair Məhəmməd ibn Hinduşah Naxçıvaninin elmi irsinin araşdırılması və alimin şah əsəri "Dəstur əl-katib fi təyin əl-məratib"in elmi-tənqidi mətninin hazırılanmasıdır. Müəllif əsərin elmə məlum olan bütün 6 yazma nüsxələrini dünyanın müxtəlif kitabxanalarından – İstanbul, Leyden. Vyana, Paris (2) kitabxanalarından və Britaniya muzeyində toplamış və onları tutuşdurmaqla dəqiq mətn tərtib edə bilmişdir. Əsər ilk dəfə olaraq, yazılmsından 600 il sonra, Moskvada 2 cilddə (3 kitabda), 1964, 1971, 1976,-cı illərdə çap olunmuşdur. Ə. Ə. Əlizadə əsərin çapı ilə əlaqədar ürək sözlərini farsca yazdığı şeir parçasında belə ifadə etmişdir:
Ötüşüb altı yüz il "Dəstur"un inşasından,
Dövrünün alimi Şəms-Münşinin imlasından,
Elədim mətnini tərtib, çap üçün amadə (hazır),
Əsəri ilk dəfə mən nəşr elədim dünyada.
Ə. Ə. Əlizadə əsərin mətninin tərtibində, çapa hazırlanmasında və elmi dəyərinin müəyyənləşdirilməsində ciddi səy göstərmiş və onu elmi ictimaiyyətə tanıda bilmişdir. Bu baxımdan naşirin əsərin ikinci cildində yazdığı müqəddimə dərin axtarışların nəticəsi kimi meydana gəlmiş qiymətli tədqiqat əsəri səviyyəsindədir. Fars, ingilis və rus dfllərində əsərə əlavə olunmuş həmin müqəddimə sanki alimin "Dəstur əl-katib"i öyrənmək, araşdırmaq üçün gənc nəslə verdiyi tövsiyədir. Akademik Ə. Ə. Əlizadə elmi-tənqidi mətnin müqəddiməsində ilk növbədə Məhəmməd Naxçıvaninin həyatı və elmi yaradıcılığı, onun nəsli, həmin ailədən olan görkəmli elm və dövlət xadimləri, ailənin ana dilinin türk dili olması və s. barədə məlumat verərək alimin yetişdiyi mühiti müəyyənləşdirmişdir. Daha sonra Məhəmməd Naxçıvaninin gənclik dövrü, təhsili, biliyi, bacarığı, vəzir Qiyasəddin Rəşidi və başqa dövlət xadimləri ilə yaxın əlaqələrini şərh edən müəllif onun şah əsəri "Dəstur əl-katib"in elmi-tənqidi mətninin tərtibindən bəhs edir, əsərin avtoqrafının yoxa çıxdığını və zəmanəmizə qədər bir neçə əlyazma nüsxəsinin gəlib çatdığını xəbər verir. Ə. Ə. Əlizadə Naxçıvaninin əsərində verilmiş bir sıra ictimai-iqtisadi və siyasi məsələlər – torpaq sahibliyi və torpaqdan istifadə, torpaq mülkiyyəti formaları, vergi və mükəlləfiyyətlər, dövlət quruluşu və idarə sistemi, şəhər həyatı, sənətkarlıq və ticarət, xalq kütlələrinin vəziyyəti və sinfi mübarizə, oturaq və köçəri təsərrüfatla, mədəni və mənəvi həyatla bağlı məsələlər və s. barədə mülahizələrini şərh edir. Müəllif göstərir ki, Naxçıvani Elxanilər və Cəlairilər dövründəki dövlət quruluşu və idarə sistemi ilə yaxından tanış olduğundan dövlət idarəsindəki bütün təşkilatlar, qurumlar haqqında ətraflı məlumat vermiş və onların fəaliyyətini işıqlandırmışdır. Məhəmməd Naxçıvani öz əsərində ilk növbədə dövlətin quruluşundan bəhs edir və bu, akademik Ə. Ə. Əlizadənin fikrincə, hərbçilərin dövlətin idarə sistemində əsas və aparıcı mövqe tutmaları ilə əlaqədardır. Naşir qeyd edir ki, Naxçıvaninin hərbi hissələrə iqta torpaqları verilməsi barədəki məlumatı F. Rəşidəddinin dediklərini bir növ tamamlayır. Əsərdə hərbi quruluşdan sonra ölkənin divan sistemi şərh olunur. Ə. Ə. Əlizadə göstərir ki, Naxçıvani uzun illər boyu "İnşa divanı"nda əməkdaşlıq etdiyindən nəinki bütün divanların əhatə etdikləri sahələri, həmçinin ayrı-ayrı dövlət işçilərinin və məmurların öhdəsinə düşən vəzifələri dəqiq bilirdi. Naşir əsərdə 20-dən artıq divanın şərh edildiyini bildirir və onlardan bəziləri (divan-i bozorg, divan-i əmarət və s.) barədə məlumat verir. Torpaq sahibliyi və torpaqdan istifadə, torpaq mülkiyyəti formları barədə alimin məlumatını araşdıran Ə. Ə. Əlizadə onun bəzi mülahizələrini şərh etməklə yanaşı, istifadə olunmayan torpaqlar, onların yararsız hala düşməsi və səbəbləri, həmin torpaqların istifadəsi ilə məşğul olan Bayrat divanı üzərində xüsusi ilə dayanırdı. Akademik Ə. Ə. Əlizadənin diqqətini cəlb edən məsələlərdən biri əsərdə istifadə olunan çoxsaylı vergi terminləri olmuşdur ki, onların bir qisminə (bağ-şümar, xane-şümar və s.) F. Rəşidəddinin və dövrün digər tarixçilərinin əsərlərində təsadüf olunmur. Naxçıvaninin bəzi vergilərin miqdarı, həcmi, toplanma üsulu, vaxtı və s. barədə verdiyi qeydlər də akademikin fikrincə böyük əhəmiyyət kəsb edir. Ə. Ə. Əlizadə qeyd edir ki, Naxçıvaninin şərh etdiyi məsələlər arasında şəhər həyatına, sənətkarlığa, ticarətə, tikinti sahəsinə və s. məsələlərə həsr olunmuş bölmələr mühüm əhəmiyyət kəsb edir. Əsərdə ticarət və ticarət yolları, ticarətin təşkili və mühafizəsi, əmtəə malları, sənətkarlıq emalatxanaları, sənət növləri, müxtəlif tikililər haqda qeydləri verilir ki, bunlar şəhər həyatının öyrənilməsi üçün qiymətlidir. Akademik Ə. Ə. Əlizadə Məhəmməd Naxçıvaninin dünyagörüşü, dövlət quruluşu və idarə sisteminə dair baxışları barədə də öz mülahizələrini irəli sürür və onun mərkəzləşdirilmiş dövlət hakimiyyəti tərəfdarı olduğunu yazır. Nəhayət akademik bildirir ki, Naxçıvani xalq kütlələrinin acınacaqlı vəziyyətini hakim sinfə qarşı mübarizəsini, ölkənin müəyyən vaxtlarda, xüsusilə çobani feodallarının ağalığı dövründə bərbad vəziyyətə düşməsini qələmə almış və vəziyyətdən çıxış yollarını müəyənləşdirməyə çalışmışdır. Naxçıvani həmçinin elm adamlarına, şeyxlərə, seyidlərə, mühəndislərə, sənətkarlara, dövlət xadimlərinə xüsusi rəğbət bəsləmişdir. Akademik Ə. Ə. Əlizadə 1961-ci ildə Ankarada keçirilən VI Türk konqresində "Məhəmməd bin Hinduşah Naxçıvaninin "Dəstur əl-katib fi təyin əl-məratib" əsəri Yaxın və Orta Şərq ölkələrinin ictimai və iqtisadi tarixinin bir mənbəyi kimi" mövzusunuda məruzə ilə çıxış edərək görkəmli Azərbaycan aliminin, mütəfəkkirinin, dövlət və din xadiminin məşhur əsərini dünyanın elmi ictimaiyyəti qarşısında dərindən təhlil etmiş və onun elmi dəyərini açıqlamışdır.[5]
Keçən əsrin 60-cı illərində akademik Ə. Ə. Əlizadənin rəhbərliyi və yaxından iştirakı ilə A. A. Bakıxanovun "Gülüstani-İrəm" əsərinin elmi-tənqidi mətni hazırlanır və 1970-ci ildə Bakıda nəşr olunur. M. Sultanov, M. Azəri, Ə. Ələsgərzadə və F. Babayevin iştirakı ilə Azərbaycan MEA Əlyazmalar institutunda mühafizə olunan 5 əlyazması əsasında hazırlanmış elmi-tənqidi mətnin əsas ağırlığı Ə. Ə. Əlizadənin üzərinə düşür və o, əsərin tənqidi mətninin hazırlanmasında iştirak etməklə yanaşı, mətni redaktə edir, ona 4 dildə (azərbaycan, fars, rus və ingilis dillərində) sanballı müqəddimə yazır, əsərin elmi əhəmiyyətini və tarixşünaslıqdakı yerini müəyyənləşdirir. Müəllif A. A. Bakıxanovun istinad etdiyi antik və orta əsr mənbələrini müəyyənləşdirir və eyni zamanda həmin əsərlər arasında Rəşidəddin, Vəssaf, Naxçıvani və b.k. tarixçilərin əsərlərinin olmamasına təəssüflənir. A. A. Bakıxanovun əsərində alban, gürcü, erməni, skif, massaget, amazon, sarmat, hun və s. tayfalar barədə məlumatın verilməsi və tarixi faktlarla əsaslandırılması naşirin diqqətini cəlb edir. Ə. Ə. Əlizadə bildirir ki, A. A. Bakıxanov Şirvan və Dağıstan tarixini yazarkən məxəzlər əsasən şəhər və kəndlərin tarixi, yaşayış yerlərinin adları, onların etimologiyası, hətta bu adların hansı qədim qəbilə və xalqların adı ilə əlaqədar olması barədə məlumat verir, həmin ərazilərdə yaşayan tayfa və xalqların adət-ənənələri, dini təsəvvürləri, qarşılıqlı əlaqələri, tarixdə oynadıqları rol və s. şərh edir. Naşir həmçinin əsərin qüsurlu və nöqsanlı cəhətlərini göstərir və elmi-tənqidi mətnin tərtibinə onların nəzərə alındığını bildirir.[5]
Akademik Ə. Ə. Əlizadənin əsərləri ingilis, alman, ərəb, fars, türk dillərində çap olunmuş, həyat və yaradıcılığı barədə bir sıra ölkələrdə, hətta uzaq Yaponiyada elmi məqalələr nəşr olunmuşdur. Monqol imperiyası tarixini araşdıran yapon alimi Siyiçi Kitiqava Bakıda elmi ezamiyyətdə olarkən Ə. Ə. Əlizadənin elmi irsi ilə yaxından tanış olmuş, ondan ətraflı istifadə etmiş və vətəninə qayıtdıqdan sonra alimin həyat və yaradıcılığı haqda yapon oxucularına geniş məlumat vermişdir. Onun 1983-cü ildə "Şı xo" (Shi hö) jurnalında nəşr etdirdiyi "Əbdülkərim Əli oğlu Əlizadə" (1906.1.11–1979.12.3) adlı məqaləsində Azərbaycan aliminin tərcümeyi-halı, Peterburq həyatı, görkəmli şərqşünas alimlərdən dərs alması, ayrı-ayrı dövlərdəki elmi fəaliyyəti şərh edilir. S. Kitaqava akademikin şah əsəri olan monoqrafiyası, hazırladığı elmi-tənqidi mətnlər üzərində xüsusilə dayanmış və onları öz oxucularına tanıtmağa cəhd etmişdi. Maraqlıdır ki, tədqiqatçı məqaləsinə Ə. Ə. Əlizadənin elmi əsərlərinin (rus və yapon dillərində) siyahısını əlavə etməklə yapon oxucusunda alimin elmi irsi barədə tam təsəvvür yarada bilmişdir. Siyahıda akademikin 43 əsərinin və onun barəsində nəşr olunmuş məqalələrin adı verilir. S. Kitaqava xüsusi bülletendə nəşr etdirdiyi "Sovet Azərbaycanının mediyevist alimləri" adlı məqaləsində də (1983) akademikin elmi yaradıcılığına xüsusi yer ayırmışdır. Qeyd etmək lazımdır ki, Ə. Ə. Əlizadənin monoqrafiyası və tərtib etdiyi elmi-tənqidi mətnlər dünyanın bir çox ölkələrində mediyevist tarixçilərin, xüsusilə, Monqol imperiyası tarixinin tədqiqatçılarının stolüstü kitablarına çevrilmişdir. Akademik Ə. Ə. Əlizadə Azərbaycanda tarix və şərqşünaslıq sahəsində əldə olunmuş nailiyyətlərin yorulmaz təbliğatçısı idi. O, tarixçilərin Varşava (1955), şərqşünasların Münhen (1957) və Moskva (1960) beynəlxalq konqreslərinin, türk tarixçilərinin Ankara konqreslərinin (1961, 1970), şərqşünasların Tehran konqresinin (1966), Tehranda və Təbrizdə keçirilmiş Rəşidəddinə həsr olunmuş konqresin (1969) və s. elmi məclislərin iştirakçısı olmuş, Azərbaycan elminin yeniliklərini dünya ictimaiyyətinə çatdırmışdır. Maraqlıdır ki, alim xarici səfərlərdə olduğu vaxt, tariximizin aktual problemlərinə həsr olunmuş məsələlər barədə məruzələr oxumaqla yanaşı, elmi məclislərin işində fəal iştirak etmiş, tənqidi mülahizələrini bildirmiş, məsləhət və təkliflərini vermişdir. Bunu onun xarici səfərlərdən qayıtdıqdan sonra mətbuatda öz səfəri barədə çap etdirdiyi xatirələrindən açıq-aydın görmək olur. O, xarici səfərlərdə olduqda belə, Azərbaycanı düşünür, imkan daxilində tariximizlə bağlı ədəbiyyatın, materialların Azərbaycana gətirilməsinə, olduğu ölkələrdəki azərbaycanlıların (türk olan hissəsinin) vəziyyətinin öyrənilməsinə səy göstərmişdir. Məsələn, akademik Ə. Ə. Əlizadə 1959-cu ildə İraqda olanda yerli idarələrin icazəsi ilə üzərində mixi yazı olan, Azərbaycanla bağlı bir kərpici özü ilə gətirmiş və onu Azərbaycan tarixi muzeyinə vermişdir. Təbrizdə Rəşidəddinin yubileyində iştirak edərkən Rəbi Rəşidi xarabalığından mərmər qırıntıları, boyalı keramika parçaları toplamış, onları da vətənə gətirərək bir hissəsini Tarix muzeyinə, bir hissəsini isə Şirvanşahlar sarayına vermişdir. O, İraq səfəri vaxtı buradakı Kərkük türkmanları ilə maraqlanmış, onların həyatı, adət-ənənələri, dili, folkloru barədə məlumat əldə etmiş və Bakıda nəşr etdirdiyi xatirələrində Kərkük bayatılarından bəzilərini vermişdir. Akademik Ə. Ə. Əlizadənin iranşünasların ümumdünya konqresində (28. VIII.-13. IX.1960) iştirakı daha çox diqqəti cəlb edir. Bu konqresdə Sovet ölkəsindən 11 alim –M. Boqolyubov, A. Boldrev, İ. Braginski, Ə. Mirzoyev, Ş. Samuhəmmədov, M. İvanov, K. Eyne, R. Əliyev, M. Zend, Ə. Sumbatzadə və Ə. Ə. Əlizadə iştirak etmişdir. Konqresdən sonra ziyafətdə İran şahı Məhəmməd Rza Pəhləvi ilə qısa söhbətində Ə. Ə. Əlizadə ona Bakıda farsdilli mənbəlkərin çapı və orta əsrlər İran tarixi üzrə tədqiqatlar aparıldığını dedikdə, İran şahı bununla razılaşmış və mənbələrin çapı sahəsində Sovet İttifaqında çox işlər görüldüyünü vurğulamışdır. Fəxrlə demək olar ki, bu işdə Azərbaycan aliminin – akademik Ə. Ə. Əlizadənin rolu çox böyük idi. Akademik Ə. Ə. Əlizadənin İrana növbəti səfəri görkəmli dövlət xadimi, vəzir, təbib Fəzlullah Rəşidəddinin ölümünün 650 illiyi ilə əlaqədar keçirilən sessiyada iştirakla bağlı idi. Ə. Ə. Əlizadə bu sessiyada bütün Sovet İttifaqını təmsil edirdi. O, sessiyada "SSRİ-də Rəşidəddinin əsərlərinin tədqiqi və nəşri" mövzusunda məruzə etmişdir. Bununla yanaşı, alim elmi müzakirələrdə yaxından iştirak etmiş, sessiyanın təşkilində, ayrı-ayrı çıxışlarda nəzərəçarpan nöqsanları açıqlamış, bəzi məruzələrin (məsələn, Şirin Bəyaninin məruzəsinin) yüksək elmi səviyyə kəsb etdiyini vurğulamışdır. Rəşidəddinin Həmədanda doğulsa da, Azərbaycanda yaşayıb-yaratdığını yazan Ə. Ə. Əlizadə alimə Təbrizdə və Tehranda abidə qoyulması, əsərlərinin toplanılaraq külliyyat şəklində nəşri barədə təklif vermişdir. Sanki Ə. Ə. Əlizadə səfər zamanı yazdığı qeydlərində xatirələri deyil, tarixi bir əsər qələmə almışdı. Azərbaycanın monqol ağalığı dövrü tarixini qısa şəkildə oxucunun nəzərinə çatdırırdı. Təbrizdəki tarixi abidələr-Ərk qalası, Şəmbi-Qazan, Rəb-i Rəşidi, Göy məscid barədə məlumat verən müəllif, onların xarab vəziyyətdə olduqlarına, eləcə də əhalisinin azərbaycanlılardan ibarət Təbrizdə dövlət işlərinin, xüsusilə də, ibtidai, orta və ali məktəbdə tədrisin fars dilində aparılmasına ürək ağrısı ilə acıyır. Sovet rejiminin kəskin dövründə belə fikir söyləmək hər alimin işi deyildi.[5]
Akademik Ə. Ə. Əlizadə prinsipiallığı ilə seçilən tədqiqatçılardan idi və tarixi saxtalaşdıranlara qarşı barışmaz mövqedə dururdu. O, sovet rejiminin kəskin çağlarında belə öz sözünün deyir, erməni saxtakarlarının topraqlarımıza olan iddialarının puçluğunu, elmi əsasa malik olmadığını vurğulayırdı. Erməni müəllifi L. O. Babayan 1969-cu ildə nəşr etdirdiyi əsərində Arranın "erməni torpağı olmasını əsaslandırmaq" məqsədilə belə bir fikir irəli sürür ki, guya XIII əsrdə bu bölgənin əhalisi ermənilərdən ibarət olmuşdur. 1276-cı ildə Arranda monqol hökmdarı Abaqa xana (1265–1282) qarşı qalxmış üsyandan bəhs edən erməni tarixçisi hadisəyə yekun vuraraq belə qənaətə gəlir: "Arran ərazisində bu dövrdə hələ də hakim etnik element erməni əhalisi idi, buna görə də, həmin itaət etməyən adamların (üsyançıların) erməni kəndliləri olduğunu desək, səhv etmiş olmarıq". L. O. Babayanın bu iddiası akademik Ə. Ə. Əlizadə tərəfindən elmi dəlillərlə təkzib olunmuş və onun fikrinin səhv olduğu göstərilmişdir. Akademik üsyançıların başçısının "kəfənə bürünərək Abaqa xanın hüzuruna gəlməsi" faktını erməni tarixçisinin nəzərinə çatdıraraq soruşmuşdur ki, ermənilər nə vaxtdan ölülərini kəfənə bürüyüb basdırırlar?". Bununla da erməni müəllifinin mövqeyinin səhv olduğunu sadəcə sadə bir məntiqlə sübuta yetirmişdir.
Öz əməksevərliyi, dərin biliyi, elmi prinsipiallığı, eyni zamanda alicənablığı, insanpərvərliyi və gənclərə qarşı qayğıkeşliyi ilə tanınmış akademik Ə. Ə. Əlizadənin elmi irsi ondan sonrakı mediyevist-tarixçilər və şərşqünaslar üçün zəngin xəzinədir.[5]