Əbdülmömin xan Şeybani

Əbdülmömin xan (1568-1598) — Buxara xanlığının Şeybanilər sülaləsindən olan 11-ci xanıdır.O, II Abdulla xan Şeybaninin yeganə oğludur. Atasının sağlığında xanlığın sərkərdələrindən biri idi. Dəfələrlə Səfəvilər dövləti ərazisinə yürüş etmişdi. İsgəndər bəy Münşinin verdiyi məlumata görə, Əbdülmömin xanın rəhbərliyi altında özbəklər Heratı aldıqdan sonra Əliqulu xanıŞamlı eli əsgərlərini öldürüb şəhəri talan edərək qadınları və uşaqları əsir apardılar[1]. Oruc bəy Bayat Heratın müdafiəsi zamanı 6 min Səfəvi əsgərinin canlarını sevə-sevə fəda etdiyini yazır[2];[3].. İsgəndər bəy Münşi yazır ki, "özbəklər Şamlı tayfasının qız-qadınını əsir götürüb Mavərənnəhrə göndərdilər. Onlar xəzinələri ələ keçirməkdən ötrü əzəmətli Şamlı xatunlarına işgəncə verib, bu işdən bir dəqiqə də olsun əl çəkmədilər. Xeyli işgəncədən və çoxlu mal əldə etdikdən sonra onları lüt-üryan etdilər. Bu bəladan çox az adam nicat tapa bildi"[4]. Şərəf xan Bidlisi Heratda özbəklərin həyata keçirdiyi qətliamla bağlı yazırdı: "Özbəklər türklərdən, taciklərdən, kölələrdən, xaricilərdən, yerlilərdən, gənclərdən və yaşlılardan heç kimi sağ buraxmadılar"[5]. Bu qətliamdan dörd gün sonra şəhərə daxil olan Özbək hökmdarı Abdulla xan əsgərlərin qətliam və talandan əl çəkməsini tələb edərək şəhər əhalisindən və qızılbaşlardan heç kimə zərər verilməməsini əmr etmiş, Heratın idarəsini Mir Qulbaba Kukəltaşa tapşıraraq Məşhədə doğru hərəkət etdi[6].

Əbdülmömin xan Şeybani
Əbdülmömin xan ibn Abdulla xan bin İskəndər xan Şeybani
Doğum tarixi
Doğum yeri Buxara
Vəfat tarixi
Vəfat yeri Buxara
Vəfat səbəbi öldürülüb
Atası II Abdulla xan Şeybani
Fəaliyyəti suveren[d]

C.Aydoğmuşoğlu İsgəndər bəy Münşinin verdiyi məlumata əsaslanaraq yazır ki, h. 998-ci (m. 1589/1590) ildə özbəklər Xorasana yenidən yürüş etdilər. Səfəvi şahının Osmanlılarla müharibə aparması, Məşhəddəki Səfəvi əmirləri arasındakı çəkişmələr, qızılbaşların döyüşdəki uğursuzluğu özbəklərin hücumu üçün əlverişli imkan yaratdı. II Abdulla xanın oğlu Əbdülmömin xan, Din Məhəmməd sultan və Herat hakimi Mir Qulbab Kukəltaş bütün Xorasanı ələ keçirmək üçün yürüşə başladılar. Onlar öncə Nişapuru mühasirəyə aldılar. Lakin mühasirə altında olan Nişapur hakimi Mahmud xan Sufi oğlu əsir düşən özbəklərlə onların şəhər xaricindəki mötəbər qohumlarına bir qədər peşkəş yollayıb, onlara bildirdi ki, Nişapur müqəddəs Məşhədin tabeliyindədir. Siz əgər müqəddəs yeri hərb yolu ilə tuta bilsəniz, biz bu vilayəti müharibəsiz sizə verərik. Əbdülmömin xan bu xəbəri eşidərək Nişapurun mühasirəsindən əl çəkərək Məşhədə hərəkət etdi[7]. 1589-cu il aprelin 18-də Məşhədi mühasirəyə alan özbəklərə müqavimət göstərən Ümmət xan Ustaclı yaranmış vəziyyətlə bağlı I Şah Abbasa məlumat verdi. I Şah Abbas sentyabrın 2-də Qəzvindən Məşhədə doğru hərəkət etsə də, Tehranda xəstələndiyi üçün bir müddət Reydə dayanmalı oldu. Bu müddət ərzində Ümmət xan Məşhədi cəsarətlə müdafiə etdi. Lakin 1589-cu il sentyabrın 30-da beş aylıq mühasirə zamanı ərzağın çatışmaması, köməyin gəlməməsindən ümidsiz qalan şəhər müdafiəçiləri təslim oldular. Özbəklər şəhər qalasındakı türkləri qılıncdan keçirdilər. Vali Ümmət xan və yaxın ətrafı müqəddəs İmam Rza türbəsinə sığındı. Lakin Əbdülmömin xan və Yetim Sultan kimi tanınan Din Məhəmməd Sultan türbədəki hər kəsi - seyidləri, din xadimlərini və xalqı bayıra çıxardaraq qılıncdan keçirdi. Mənbələr 2-3 min nəfərin öldürüldüyünü qeyd edir. Hətta Əbdülmömin xanın əsgərləri, uşaqları öldürməkdən belə çəkinmə­dilər. Türbədəki qiymətli əşyalar tamamilə qarət olundu. Özbəklər Məşhədi üç gün ərzində qarət etdilər. Qızılbaşların arvad-uşaqları Mavərənnəhrə əsir aparıldı. Əbdülmömin xan Məşhədi qarət etdikdən sonra Sərəxs üzərinə yürüş etdi. Lakin şəhərin ciddi müqavimət göstərdiyini görərək Bəlxə doğru hərəkət etdi[8].

İsgəndər bəy Münşinin verdiyi məlumata görə, Fərhad xanın Nişapuru mühasirəyə aldığından xəbər tutan Əbdülmömin xan ordusu ilə Bəlxdən Məşhədə doğru hərəkət etdi və II Abdulla xanın Mavərənnəhrdən yürüşə başladığı ilə bağlı şayiə yaydı. Buna görə, Fərhad xan Bəstama geri çəkildi və baş verənlərlə bağlı şaha məlumat verdi. I Şah Abbas onun Qəzvinə dönməsini əmr etdi. Səfəvi şahının özbəklərin hücumunu vaxtında dəf edə bilməməsinə səbəb ölkə daxilindəki üsyanlar idi. I Şah Abbasın daxili üsyanlarla məşğul olması Əbdülmömin xanın Nişapur ətrafında olan Bayat tayfasının tanınmış adamlarını öldürərək Əsfərayin qalasını mühasirəyə almasına imkan yaratdı. Qalanın hakimi Əbumüslim xan qalada olan Ustaclı tayfasına məxsus qaziləri toplayaraq müdafiəyə başladı[9]. Əbdülmömin xan bu qalanın alınmasına xüsusi önəm verirdi. Bu məqsədlə bürcləri və möhkəm divarları olan qalanı dağıtmaq üçün toplar gətirmişdi. Dörd ay çəkən mühasirədən sonra qala ələ keçirildi və qızılbaş əhali qılıncdan keçirildi.

C.Aydoğmuşoğlu İsgəndər bəy Münşinin verdiyi məlumata əsaslanaraq yazır ki, işlər düşünüldüyü kimi gerçəkləşmədi. Mərvi almağı çox istəyən II Abdulla xan Amudərya çayını keçdi və Mərvi ələ keçirərək hakimiyyəti altına aldı. I Şah Abbasın Xorasana yürüş xəbərini alan II Abdulla xan Mərvlə kifayətlənərək Buxaraya döndü. Lakin Əbdülmömin xan atasından ayrılaraq Xorasana - Nişapura gəldi. O, I Şah Abbasa təhqiramiz məktub yazaraq döyüşə və barışığa hazır olduğunu bildirdi: "Padşahların arasında ya sülh olur, ya da cəng. Biz bunun hər ikisinə hazırıq. Əgər o həzrət sülhə razıdırsa, qoy Xorasanı bizə verib İraq getsin, qədim vaxtlarda İraq və Azərbaycan padşahı Həsən padşah Türkmanla Bəlx və Xorasan padşahı Sultan Hüseyn Mirzə arasındakı sülh qayda-qanununa əməl etsin. Yox, əgər hərb etmək istərsə, tez gəlsin, çünki fəth və qələbə Allah-təalanın istəyi ilədir və ləşkərin azlığı və çoxluğunun buna dəxli yoxdur"[10];[11]. İsgəndər bəy Münşinin verdiyi məlumata görə, I Şah Abbas Bistamdan Cacremə hərəkət etdiyi zaman Əbdülmömin xanın məktubunu almış və ona diplomatik tərzdə cavab yazmışdır. Səfəvi hökmdarı Xorasanın yüz ildən çoxdur ki, Səfəvi sülaləsinin mülkü olduğunu söyləmişdi. I Şah Abbas 1592-ci il 6 sentyabr tarixli məktubunda Tanrının yardımından əmin olduğunu söyləyərək yazırdı: "Biz İlahinin lütfi ilə bu dudmanın yüz illik irsi mülkü olan Xorasanı taqətimiz olduqca qoruyacağıq, ondan əl çəkinməyəcəyik. Cığatay sultanlarından olan Sultan Hüseyn mirzənin və türkman padşahlarından Həsən padşahın sülhnamə­lərinin bizə və sizə dəxli yoxdur. O ki, qaldı Bəlx valisi Kəskən Qara Sultan Özbək və bizim hümayun babamız mərhum cənnnətməkan şah arasındakı sülh müqaviləsinə, orada yazılmışdı ki, özbəklər Xora­sandan əl çəksinlər və oranı bizə versinlər. Elə biz özümüz də sülhə razıyıq, əks təq­dirdə cəngə də hazırıq. Biz elə bu arzu və şövq ilə İraqdan bu vilayətə gəlmişik. Ha­rada istəsəniz orada da qarşılaşa bilərik. Qoy qeyb aləminin istəyi həyata keçsin"[12];[13]. I Şah Abbas bu məktubunda Əbdülmömin xana meydan oxuyaraq yazırdı: "Bu savaş ikimiz arasındadır. Başqalarını bu işə qarışdırmayaq. Günahsız insanları boş yerə oldürməyək. Savaş ikimizin arasında olsun. Ordudan ayrılıb bir meydanda qarşı-qarşıya gələk. Kim məğlub olarsa bütün ordusu ilə qalib gələnin tərəfinə qatılsın. Bütün mülk də məğlub edənin olsun"[14].

İsgəndər bəy Münşi yazır ki, I Şah Abbas Cacərmə çatan zaman Əbdülmömin xandan başqa bir adam gələrək, başqa bir məktub gətirdi ki, onun başqa məktublarla heç bir oxşarlığı yoxdu, məzmunu ziddiyyətliydi. Məktubun ünvanında yazılmışdır: "Ale-Əli ilə döyüşən kəs öləcəkdir"[15];[16]. C.Aydoğmuşoğlu yazır ki, 1592-ci il sentyabrın 21-də Əbdülmömin xanın Mirzə Xoca Ağa vasitəsilə göndərdiyi bu məktubunda onun Cama tərəf getdiyi və Səfəviləri orada gözlədiklərini xəbər verirdi. Lakin Özbək xanının Camda da dayanmayaraq Bəlxə doğru çəkildiyi məlum oldu. Oradan göndərdiyi təhqiramiz məktubunda o, Səfəvi şahına "Mirzə Abbas" deyə müraciət edərək yazırdı: "Xorasandan gözünü çək və nəzarət altına aldığın ərazilərlə kifayətlənmən lazımdır"[17];[18]. I Şah Abbas İmamqulu bəy Türkman vasitəsilə ona göndərdiyi cavab məktubunda macəra axtarmamasının vacib olduğunu və döyüşdə qalib gələrək ona böyük cəza verəcəyini söylədi. Yürüşə davam edən I Şah Abbas Özbək xanının zülmünə məruz qalan Səbzvara gələn zaman seyyidlər, şəhər əyanları Səfəvi şahının gəlişinə sevinərək şəhər hakimi Koydaş Bahaduru öldürərək başını şaha göndərdilər. Bu hadisə ilə bağlı özbəklər şəhəri tərk etdilər. I Şah Abbas şəhərin idarəsini Qızılbaş sərdarlarından birinə verdi. Daha sonra Nişapur Səfəvilərin nəzarəti altına alındı[19]. İsgəndər Bəy Münşi yazır ki, I Şah Abbas Nişapurun idarəsini Dərviş Məhəmməd Rumluya, Əsfərayini Məhəmməd sultan Bayata və Səbzvarı da Məhəmməd sultana verdi. Mir Fəttahın rəhbərliyi altında 300 nəfərlik İsfahan tüfəngçisini lazımi ərzaqla Nişapur qalasında qoydu. I Şah Abbas Məşhədə doğru hərəkət edərək ordudakı məsələlərlə məşğul olmaq üçün öncə Qəzvinə, sonra da Əcəm İraqına geri döndü[20]. C.Aydoğmuşoğlunun fikrincə, I Şah Abbasın Qəzvinə dönməsinə səbəb yalnız ordudakı məsələlərlə bağlı deyildi. Səfəvi hökmdarı müqəddəs saydığı Məşhədin və İmam Rza türbəsinin özbəklərlə baş verəcək döyüşdə dağıdılmasını istəmirdi. Həmçinin qış yaxınlaşmış, ərzaq və atlar üçün yem çatışmadığını görən I Şah Abbas Məşhədi almaqdan müvəqqəti olsa da imtina etmək məcburiyyətində qalmışdır[19].

İsgəndər bəy Münşi yazır ki, h. 1002-ci (m.1593/1594) ildə II Abdulla xanın himayəsinə sığınaraq Mərvi ona tabe edən Mərvşahcan valisi Nurməhəmməd xan Xarəzm xanı Hacı Məhəmmədlə mübarizədə məğlub olmuş, lakin II Abdulla xandan lazımi kömək ala bilmədiyi üçün I Şah Abbasa sığınmışdır. Səfəvi şahı onu Məhəmməd Bağır mirzə və etimadüd-dövlə tərəfindən qarşıladaraq paytaxt Qəzvindəki Çehelsütün sarayında qəbul etmişdir[21]. Həmin ildə II Abdulla xan Xarəzmə ordu göndərdi. Onun oğlu Əbdülmömin xan isə I Şah Abbasın Gilan məsələsi ilə məşğul olmasından istifadə edərək yenidən Xorasana yürüş etmişdir. O, Mihnə, Əbivərd, Bağbad və Derunu ələ keçirərək Nişapuru mühasiryə almışdır. I Şah Abbas daxili məsələlərlə məşğul olduğu bir dövrdə II Abdulla xanın Xorasana ordu göndərməsinə çox qəzəblənmiş və ona təhdid məktubu göndərmişdi. Məktubda deyilirdi: "Bizim sizin torpaqlarınızda gözümüz yoxdur. Sizin də bizim torpaqları­mızda gözünüz olmasın, Xorasandan geri çəkilin. Əgər Xorasandan əl çəkməsəniz qəzəbimə dücar olacaqsınız. Hazırda İranın qərb bölgələri və İraq məsələsi ilə məşğulam. Ancaq Xorasan bölgəsini unutmamışam. Əsgərinin çoxluğuna güvənmə. Bunu unutma ki, Xorasan bölgəsi Səfəvi şahının torpağının bir parçasıdır. Məlum bir dövrdə öz ordumla oraya gəlib bütün etdiyiniz haqsızlığın hesabını verəcəyəm. Tanrının və mənim cəzamdan qorxun"[22];[23].

Əbülqazi Bahadur xan yazır ki, Hacı Məhəmməd xan I Şah Abbasla görüşü zamanı ona demişdi: "Abdulla xan öldü, oğlu Əbdülmöminə özbəklər son qoyacaqdır. Buna görə biz yurdumuza yaxın olmalıyıq, ailəmizdən Mavərənnəhrdə boş-boşuna dolaşan kişilər çoxdur. Əhali onlardan birini gətirib padşah seçərlər. Sonra bizə artıq padşahlıq gəlməz" .[24]. Buna görə I Şah Abbas Astarabada gələn zaman Hacı Məhəmməd xana ölkəsinə getməyə icazə versə də, onun 20 yaşlı nəvəsi Burunduku yanında saxladı. Bu dövrdə Əbdülmömin xanın əldə etdiyi uğurlar barədə ətrafa məlumat yayılmışdı. Bu xəbərlərdən narahat olan I Şah Abbasın yaxın ətrafı Xorasana hərəkət etməyi münasib bilmədi. Lakin özbəklərin hücumlarına və talanlarına son qoymağa qərarlı olan gənc I Şah Abbas tövsiyələri nəzərə almayaraq yürüşü davam etdirdi. O, öncə Astarabadı ələ keçirdi və buranın idarəsini Fərhad xana tapşırdı. Bu zaman Əbdülmömin xanın təqiblərindən güclə xilas olaraq Səfəvilərin Kirman valisi Gəncalı xana sığınan Yetim Sultanın elçisi Quşbəyi Yusif gəldi[25];[26]. Əvvəllər etdiyi hərəkətlərə görə üzr istəyən Yetim Sultan Səfəvi şahına göndərdiyi məktubda yazırdı: "Abdulla xan dövlətinin yetişdirdiyi biz dövlətxah qardaşlar, atasından dönmüş Əbdülmömin xandan dönərək onunla əlaqəni kəsdik və o, elə buna görə də ürəyində bizə qarşı kin saxlayıb ədavət izhar etdi. Hal-hazırda səltənətdə müstəqil olan adamlardan intiqam almaqdadır. Buna görə də, mənim məslək aşiyanlı qızılbaş sarayından başqa heç bir pənahım yoxdur. Əgər hümayun məiyyət günəşi Xorasana vüsal kölgəsi salarsa, mən şahın tərəfdarları silsiləsinə girib belimə itaət qayışı bağlayacağam"[27];[28]. Məktubdan göründüyü kimi, Yetim Sultan II Abdulla xan dövründə idarə etdiyi Xorasan şəhərlərini Əbdülmömin xanın qorxusundan tərk etməli olmuşdu. Onun atası Canıbəy Sultan da Əbdülmömin xan tərəfindən zindana atılmışdı. Buna görə də, Yetim Sultanın Səfəvilərə sığınmaqdan başqa yolu qalmamışdı. Özbəkləri itaət altına almağa çalışan I Şah Abbas yaranmış vəziyyətdən istifadə edərək Fərhad xanla Azərbaycan bəylərbəyi Zülfüqar xanı 10 minlik qüvvə ilə ona qarşı göndərdi. Ardınca da özü Cacremə doğru hərəkət etdi[29];[28].

I Şah Abbas üç gün ərzində Məşhəddə qaldı, İmam Rza türbəsini ziyarət etdikdən sonra azad olunan şəhərlərə hakimlər təyin etdi və əsgərlər göndərdi. Çegəni Budaq xanı Məşhədə hakim təyin etdi. O, Ruhulla bəy Zülqədərlə Əbsülmömin xana məktub göndərdi. Məktubda deyilirdi: "Əbdülmömin xan bir neçə ildir ki, mülklər tutmaqdan ötrü hər il Xorasana tərəf yürüşlər edir. Mənim başım İraqda və sərhəd yerlərində bəzi işlərə qarışdığı üçün o, fürsət tapıb müqəddəs Məşhədi və Xorasanın bəzi mahallarını işğal edib və daha bir neçə yeri əlinə keçirdi. Mənim, onunla qarşılaşmaqdan ötrü, hər dəfə uzaq yol qət edib İraqdan Xorasana gəldiyim vaxt o, müzəffər əsgərlərimin önünə çıxmayır və özünə fərar qərarı verirdi… Bu xanədanın irsi mülkü kimi tanınan Xorasandan əl çəkib birlik, ülfət və üzrxahlıq məqamına gələsiniz ki, biz də didərginlərin geri qayıtmaları və Xorasan diyarındakı biçarələrin asudəliyindən ötrü "uzaq keçmişdə olduğu kimi" hərb və intiqam büsatı qurmayaq, sizinlə məhəbbət, dostluq və ülfət edək, dövlətimizin düz yola düşməsinə çalışaq, malımıza və ləşkərlərimizə köməkçi olaq… Biz Xorasanın viranəyə çevrilməsinə dözməyib… Allah-təalanın köməyi ilə Bəlxə və Buxaraya kimi atımızın cilovunu çəkməyəcəyik"[30]. Məktubdan göründüyü kimi I Şah Abbas Əbdülmömin xanda nəinki Xorasandan çıxmasını, həmçinin Bəlx və Buxaranı da təslim etməyi tələb etmişdi. Lakin atasına qarşı qiyam qaldıraraq hakimiyyəti ələ alan Əbdülmömin xan 1598-ci il iyunun 28-də özbək sərkərdələri tərəfindən qətl edildiyi üçün bu məktub cavabsız qaldı[31].

  1. İsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. Fars dilindən çevirəni t.e.d. Ş.Fərzəliyev. Bakı, 2010.,səh.733
  2. Книга Орудж-бека Байата Дон-Жуана Персидского. Пер. с английского, введение и комментарии д.и.н. Оутая Эфендиева, к.и.н. Акифа Фарзалиева. Баку, 1988, c.133
  3. Aydoğmuşoğlu C. I Şah Abbas ve zamanı. Yayınlanmamış doktora tezi. Ankara, 2011, səh. 164.
  4. İsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. Fars dilindən çevirəni t.e.d. Ş.Fərzəliyev. Bakı, 2010,səh.733
  5. Шараф хан Бидлиси. Щарафнаме. т. 2. Пер., предисл., примеч., прил. Е.И. Василевой, M., 1976, c.289.
  6. İsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. Fars dilindən çevirəni t.e.d. Ş.Fərzəliyev. Bakı, 2010, səh.734
  7. Aydoğmuşoğlu C. I Şah Abbas ve zamanı. Yayınlanmamış doktora tezi. Ankara, 2011, səh. 168
  8. Aydoğmuşoğlu C. I Şah Abbas ve zamanı. Yayınlanmamış doktora tezi. Ankara, 2011, səh.169
  9. İsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. Fars dilindən çevirəni t.e.d. Ş.Fərzəliyev. Bakı, 2010, səh. 833-835
  10. İsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. Fars dilindən çevirəni t.e.d. Ş.Fərzəliyev. Bakı, 2010, səh.846-847
  11. Aydoğmuşoğlu C. I Şah Abbas ve zamanı. Yayınlanmamış doktora tezi. Ankara, 2011, səh.173
  12. İsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. Fars dilindən çevirəni t.e.d. Ş.Fərzəliyev. Bakı, 2010, səh.847
  13. Aydoğmuşoğlu C. I Şah Abbas ve zamanı. Yayınlanmamış doktora tezi. Ankara, 2011, səh.173-174.
  14. Sabityan Z. Esnad ve nameha-yı tarixi devre-i Safeviyye, Be sermaye-i kitabxane-i İbn-i Sina. Tehran, 1343, səh.252.
  15. İsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. Fars dilindən çevirəni t.e.d. Ş.Fərzəliyev. Bakı, 2010,səh.947
  16. Aydoğmuşoğlu C. I Şah Abbas ve zamanı. Yayınlanmamış doktora tezi. Ankara, 2011, səh.173.
  17. Mehdevi A.H. Tarix-i revabıt-ı xarici-i İran: Ez ibtida-i devran-i Səfəviyye ta payan-ı ceng-i dovvom- Cihanı (1500-1945), Müessese-i İntişarat-ı Emir Kebir. Tehran, 1377, səh.62
  18. Aydoğmuşoğlu C. I Şah Abbas ve zamanı. Yayınlanmamış doktora tezi. Ankara, 2011, səh.174.
  19. 1 2 Aydoğmuşoğlu C. I Şah Abbas ve zamanı. Yayınlanmamış doktora tezi. Ankara, 2011, səh.175.
  20. İsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. Fars dilindən çevirəni t.e.d. Ş.Fərzəliyev. Bakı, 2010, səh. 848
  21. İsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. Fars dilindən çevirəni t.e.d. Ş.Fərzəliyev. Bakı, 2010, səh.866-867
  22. Sabityan Z. Esnad ve nameha-yı tarixi devre-i Safeviyye, Be sermaye-i kitabxane-i İbn-i Sina. Tehran, 1343, səh. 258-260
  23. Aydoğmuşoğlu C. I Şah Abbas ve zamanı. Yayınlanmamış doktora tezi. Ankara, 2011, səh.176.
  24. Ebul-Qazi Bahadır Han. Secere-i Türk (Türkün soy ağacı). Çev. R.Nur. İlgi Kültür Sabat Yayınçılık, İstanbul, 2009, səh.230.
  25. İsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. Fars dilindən çevirəni t.e.d. Ş.Fərzəliyev. Bakı, 2010, səh.1025
  26. Mehmed Saray. Buhara (Özbək) Hanlığı. //Tarihte Türk Devletleri Sempozyumu. Ankara Üniversiteti Rektörlügü Yayınları, Ankara, 1987, c. 2, s. 591-600, səh.594
  27. İsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. Fars dilindən çevirəni t.e.d. Ş.Fərzəliyev. Bakı, 2010, səh. 1036.
  28. 1 2 Aydoğmuşoğlu C. I Şah Abbas ve zamanı. Yayınlanmamış doktora tezi. Ankara, 2011, səh.189.
  29. İsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. Fars dilindən çevirəni t.e.d. Ş.Fərzəliyev. Bakı, 2010, səh. 1036-1037
  30. İsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. Fars dilindən çevirəni t.e.d. Ş.Fərzəliyev. Bakı, 2010, səh. 1037-1038
  31. Bartold V. Abdullah b.İskəndər. //İslam Ansiklopedisi, c. 1. İstanbul, 1993, səh.34-35

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]