Əbdürrəhmanbəyli

Əbdürrəhmanbəyli obasıCəbrayıllı elinin böyük qollarından biri.

Oba eldən ayrılanda ilk başçısı Hacı Ağası bəy olub.

Hacı Ağası bəy Cəbrayıllı öləndən sonra, 1789-cu ildə İbrahimxəlil xan Sarıcalı-Cavanşir təliqə ilə obanı onun arvadına, Pəri xanıma verdi. Pəri xanımın vəfatından sonra obanı böyük oğlu Əbdürrəhman bəy idarə etməyə başladı. Onun idarəsi dönəmində bu oba Əbdürrəhmanbəyli adlandı. (bax. Yuxarı ƏbdürrəhmanlıAşağı Əbdürrəhmanlı kənləri)

Əbdürrəhmanbəyli obası XIX əsrin əvvəllərində üç obanın qarışmasından daha da böyüyüb. Bu obalar: Əbdürrəhmanbəyli, Abdullabəyli və Əlipənahsultanlı adlanırdı.

Üçüncü obanın başçısı Əlipənah sultan Hüseyn bəy oğlu Cəfərqulu xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. 1811-ci ildə bir müddət Qaradağda Hacı Məhəmməd xan Qaragözlünün yanında yaşamışdı. Cəfərqulu xan polkovnik Asayevə məktubunda yazırdı: "Həm də öz ailəsi ilə Qaradağda olan Kələntərloğlu barədə və on gündən artıq Hacı Məhəmməd xanın yanında yaşayan Əlipənah bəy haqqında yazıb mühakimə edirsiniz. İndiki çapqınçılıqda onun adamları bələdçi olublar. Lakin o, iyirmi atlı ilə Qaradağa necə gedib? Çünki Hacı Məhəmməd xanın çoxlu gizli danışığı olması səbəbinə görə onunla gizli söhbət aparmaq mümkün deyil. Əlipənah bəy Qaradağa gedəndə və geri bura qayıdanda təxminən on gün çəkib, həm necə ola bilər ki, orda bunlardan çox ola bilsin. Ən yaxşısı budur ki, mən Şuşa qalasına gələndə onda Əlipənah bəyi də özümlə gətirəcəyəm. Əgər sizə elə gəlsə ki, həqiqətən, o, on gündən artıq Hacı Məhəmməd xanın yanında yaşayıb, onda mən onu Sibirə sürgünə göndərəcəyəm".[1]

1823-cü ildə Əbdürrəhmanbəyli obası Cəbrayıllı elinin tərkibində qeyd olunub. Cədvəli nəzərdən keçirək.

  • 15. Əbdürrəhman bəy cəbrayıllıları — 46 tüstü vergi ödəyirdi.
  • 16. Abdulla bəy cəbrayıllıları — 1 tüstü özü, 3 ailə.
  • 17. Əlipənah sultan Hüseyn bəy oğlu — 1 tüstü.

Əbdürrəhman bəy özünə məxsus olan 46 tüstüdən 19 tüstünü böyük oğlu Əbdüləzim bəyə, 19 tüstünü Cəfərqulu bəyə, 1 tüstünü isə Nəcəfqulu bəyə vermişdi. Bu obadan 1 tüstü Xırdapara-Dizaq mahalının Qarğabazar kəndində məskunlaşmışdı. 4 tüstü isə Qaradağdan gəlmə olduğundan vergidən azad edilmişdi. [2] 1831-ci ildə kollec katibi Suşko Cavanşir-Dizaq mahalının əhalisinin cədvəlini hazırlamışdı. Həmin cədvəldən çıxarış.

  • 8. Əbdürrəhmanbəyli obası - 7 tüstü bəy, 23 kişi, dövlət kəndlisi 50 tüstü, 127 kişi.

1833-cü ilin 20 yanvarında Cavanşir-Dizaq mahalının əHalisi dövlət tərəfindən özəl cədvəllərdə qeyd olunub. Cavanşir-Dizaq mahalı:

  • 13. Əbdüləzim bəy və Cəfərqulu bəy (Əbdürrəhmanbəyli) obası — dövlət kəndlisi 43 tüstü, bəy 7 tüstü, cəmi 50 tüstü

1838-ci ildə Əbdüləzim bəylə Cəfərqulu xan Sarıcalı-Cavanşir arasında oba üstündə dartışma düşdü. Hər ikisi Əbdürrəhmanbəyli obasının yiyəliyi iddiasında idi. Barışdırıcı məHkəmə işi şərən həll etmək üçün dini məhkəməyə, qazının üstünə yolladı. Qazı iş aşırmayınca, 1838-ci ili aprel ayının 22-də barışdırıcı məhkəmə yenidən məsələyə qarışdı. Şahidlər çağrıldı. Şahidlər Qarabağın adlı-sanlı, sayılan bəylərindən Nəsir sultan Həsən sultan oğlu Püsyan, Nəcəfqulu bəy, Mehdi bəy, Mirzəli bəy, Əhməd bəy, Mirzə Yusif bəy, Haqverdi bəy, İskəndər bəy hamısı bir ağızdan Əbdüləzim bəy və qardaşlarının hüququnu təsdiqlədilər.

1842-ci ildə Əbdürrəhmanbəyli obası 54 tüstüdən ibarət idi. Obaya Hüseyn yüzbaşı Məmməd oğlu başçılıq edirdi.
1849-cu ildə Əbdürrəhmanbəyli obasında 99 tüstü qərar tuturdu.
1873-cü ildə Əbdürrəhmanbəyli obasında 104 tüstü yaşam sürürdü.
1886-cı ildə Əbdürrəhmanbəyli obası 149 tüstüdən təşkil olunmuşdu.

Əbdürrəhmanbəyli obası Hacılı camaatının Sarılar obasına qucaq açıb, qoynunda yerləşdirdi.

Əbdürrəhmanbəyli obası XX əsrin birinci yarısında iki obaya, Yuxarı və Aşağı Əbdürrəhmanlı obalarına ayrıldı. 1930-cu illərdə kollektivləşmə ilə dolayı əyləşib kənd biçiminə düşdü.

  1. AKAK, II cild
  2. Описание Карабахской провинции, составленное в 1823 году, по распоряжению главнокомандующего в Грузии Ермолова, действительным статским советником Могилевским и полковником Ермоловым 2-м. Тифлис, 1866.
  • Ənvər Çingizoğlu. Əbdürrəhmanbəyli obasının tarixi. "Soy" dərgisi, 9 (29), Bakı, 2008.