Ədhəm Şıxəlibəyli

Şıxəlibəyli Ədhəm Şahlarbəy oğlu (30 aprel 1911, Bico, Şamaxı qəzası1996, Bakı) — geologiya-mineralogiya elmləri doktoru (1965), professor, AMEA-nın həqiqi üzvü (1983).[1] [2]

Ədhəm Şıxəlibəyli
Şıxəlibəyli Ədhəm Şahlarbəy oğlu
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru
Mükafatları Azərbaycan SSR əməkdar elm xadimi

Ədhəm Şıxəlibəyli 1911-ci ildə Şamaxı qəzasının Bico kəndində (indiki Ağsu rayonu) anadan olmuşdur. 1937-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir.[1][2]

Ədhəm Şıxəlibəyli 1947-ci ildə "Boyük Qafqazın cənub yamacının Azərbaycan hissəsinin geoloji quruluşu" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1965-ci ildə "Kiçik Qafqazın şərq hissəsinin geoloji quruluşu və tektonik inkişaf tarixi (Azərbaycan)" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almışdır. 1968-ci ildə Azərbaycan EA müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilmişdir.[1][2]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ədhəm Şıxəlibəyli 1954-cü ildən etibarən Geologiya və Geofizika İnstitutunda fəaliyyət göstərmişdir. Uzun müddət Geologiya və Geofizika İnstitutunun Geotektonika, stratiqrafiya və litologiya şöbəsinə rəhbərlik etmiş Ədhəm Şıxəlibəyli, həmçinin 1969–1971-ci illərdə Əlcəzairdə neft-qaz yataqlarının axtarışını aparan Sovet geoloqlar qrupuna da başçılıq etmişdir.[1]

Akademik 1992-ci ildən ömrünün sonuna qədər Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti vəzifəsində çıxış etmişdir. O, AEA-nın Yer haqqında Elmlər Bölməsinin akademik-katibinin müavini vəzifəsini icra etmişdir.[1]

Ədhəm Şıxəlibəyli SSRİ EA Geologiya, geofizika, geokimya və dağ elmləri şöbəsinin müəssisələrarası tektonik komissiyasının üzvü olmuşdur. Eyni zamanda BDU-nun Dövlət Geologiya və Mineral Ehtiyatları Komitəsinin elmi-texniki şuralarının üzvü seçilmişdir. Həmçinin Azərbaycan Sovet Ensiklopediyası Redaksiya Şurasının üzvü olmuşdur. Habelə, professor Azərbaycan Milli Elmlər Akademiyasının "Xəbərlər" jurnalı Yer Elmləri seriyasının baş redaktorunun müavini vəzifəsini icra etmişdir.[1]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Şərqi Qafqazın qırışıqlıq sisteminin əmələ gəlməsinin mərhələlərini müəyyən etmiş, onların struktur zonalara bölmüş və onların yaranmasında şimali-qərbi kembridənqabaq və şimal-şərqi rifey yarıqlarının rolunun elmi əsaslarını vermişdir. O, şimal-şərq istiqamətdə uzanan Qərbi Xəzər gömülmüş qalxımını aşkar etmiş və bu qalxımın Qafqaz qırışıqlıq sisteminin müsbət strukturlarının Xəzər dənizinə yaxınlaşdıqca birləşmələrinə səbəb olmasını əsaslandırmışdır. İlk dəfə olaraq Balakən-Zaqatala regionunda polimetallik filiz yataqlarının aşkar edilməsi perspektivliyini sübut etmişdir.[1][2]

Ədhəm Şıxəlibəyli 250-dən çox elmi əsərin, o cümlədən 15 monoqrafiyanın müəllifi və Azərbaycanın geologji, tektonik, paleotektonik, geomorfoloji, neotektonik və metallogenik xəritələrinin, Qafqazın və Avropanın tektonik xəritələrinin həmmüəllifidir.[1][2]

Ədhəm Şıxəlibəyli 1996-cı ildə Bakı şəhərində vəfat etmişdir.[1]

Ədhəm Şıxəlibəyli 1979-cu ildə Əməkdar elm xadimi fəxri adını qazanmışdır.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 10 "Şixəlibəyli Ədhəm Şahlarbəy oğlu" (Azərbaycan). science.gov.az. 9-9-2021 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 "Şıxəlibəyli Ədhəm Şahlarbəy oğlu" (Azərbaycan). shamakhi-encyclopedia.az. 2-9-2016 tarixində arxivləşdirilib.