Bico — Azərbaycan Respublikasının Ağsu rayonunun Bico kənd inzibati ərazi dairəsində kənd.[1]
Bico | |
---|---|
40°27′43″ şm. e. 48°28′34″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 244 m |
Saat qurşağı | |
Bico — 1824-cü il vergi sənədlərinə görə 35 ailə yaşayan Bico kəndi Şirvan əyalətinin Qoşun mahalına, sonralar isə Şamaxı qəzasının Qoşun dairəsinə daxil olmuşdur. Bico, Qəşəd, Keçdiməz və Ləngəbiz kəndlərinin Şıxəli bəyin övladlarının mülkiyyətində olduğu arxiv sənədlərindən məlumdur.[2]
Bico Azərbaycanın ən qədim kəndlərindən biridir.
Kəndin tarixi tam olaraq araşdırılmasa da, bəzi mənbələrdə aşkar olaraq görünən məlumatlar Biconun qədim və zəngin tarix və mədəniyyətindən xəbər verir.
Bəzi mənbələrdə "Bicoy", "Bica" kimi göstərilir. Çar Rusiyası və Sovet imperiyasının bəzi dönəmlərində kəndin adı "Bicov" kimi işlənmişdir.
Kəndin adının etimologiyası ilə bağlı indiyə qədər irəli sürülən versiyalardan hər hansı birinin üzərində qəti dayanmaq düzgün olmasa da, aşağıdakılardan bir-biri ilə əlaqəli olan birinci iki versiya daha etibarlı mənbələrə və izah üsullarına əsaslanır:
Soru: — Millətin nədir?
Cavab: — Müsəlmanam, həm də türkəm. Soru: — Türkcə danışırsanmı, türksənmi?
Cavab: — Türkəm, amma becanlıyam.
Bico kəndi ilə Gəgəli kəndi ərazisində, Gəgəli kəndindən təxminən 2 km cənubi-şərqdə, Bico və Gəgəli kəndinin sakinləri tərəfindən Nərgizava adlandırılan, Bicodərəsi ilə Yasamal adlı qobuluq ərazidə qədim yaşayış məskəni yerləşir. 10 hektardan geniş bir sahəni əhatə edən bu ərazinin böyük bir hissəsi Bico və Gəgəli kəndlərinin (Gəgəli kəndinin əsası 19-cu əsrin 40–50-ci illərində Dəyəli-Gəgəli adlı axtaçı obasının Ağsu və Bico kəndləri arasındakı yazlaq sahəni daimi binə yeri seçməsi ilə qoyulmuşdur) sakinləri tərəfindən uzun müddət əkin məqsədləri üçün şumlandığına görə, abidənin tarixi-mədəni təbəqəsi güclü dağıntıya məruz qalmışdır. Buna baxmayaraq, 1997–2010-cu illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu ekspedisiyası tərəfindən aparılmış genişmiqyaslı arxeoloji tədqiqatlar nəticəsində ərazinin indiki Gəgəli kəndi ərazisindəki hissəsində aşkarlanmış, e.ə. III–II əsrlərə aid 69 torpaq tipli qəbir, xeyli miqdarda və müxtəlif növdən olan daş, saxsı və metal məmulatları burada qədim və inkişaf etmiş mədəniyyətə malik yaşayış məskəninin mövcud olduğundan xəbər verir. Köçəri həyat tərzi sürmüş bir çox yaşayış məntəqələrindən fərqli olaraq daima oturaq həyat tərzi ilə yaşamış Bico kəndinin əhalisinin əsrlər boyu davam etdirdiyi və qoruyub saxladığı elmi, ədəbi, dini, və incəsənət ənənələri bu zəngin mədəniyyətin tamamlayıcısı, tərkib hissəsi və davamı kimi qiymətləndirilir. Nərgizava şəhərinin dağılması 1192-ci ilin dağıdıcı zəlzələsi və 1221-ci ildən başlayan monqol-tatar yürüşləri ilə əlaqələndirilir.
Nərgizava ilə bağlı ekspedisiyasının aparıldığı dövrdə, Şamaxı-Ağsu arxeoloji ekspedisiyası 2010-cu ilin iyul ayında Bico kəndinin ərazisində, kənd sakini, Bico kənd orta məktəbinin direktoru, tarixçi Yaşar Qarayevə məxsus həyətyanı sahədə kəşfiyyat-qazıntı işləri apararaq, 1 metr dərinlikdə torpaq qəbir aşkar etmişdilər. Qəbir kamerasında tapılan skelet torpağın ağırlığından əzilərək dağılmış və bu səbəbdən onun istiqamətini müəyyən etmək mümkün olmamışdı. Skeletin yanından orta ölçülü açıq narıncı rəngli dolça və boz rəngli küp də aşkar edilmişdi. Qəbir kamerasından yuxarı hissədə isə saxsı qab fraqmentləri tapılmışdı. Əldə edilmiş maddi mədəniyyət nümunələri əsasında qəbirin e.ə. II əsrə aid olduğu müəyyənləşdirilmişdir. Kənd ərazisində əvvəllər də dəfələrlə bu cür tapıntıların rast gəlindiyini, lakin bəzən sakinlər, bəzən də aidiyyəti elmi-tədqiqat bölmələri tərəfindən laqeyd münasibəti nəzərə aldıqda, Bico kəndinin yerləşdiyi ərazinin həmin dövrə və ya daha qədim tarixə aid bu cür abidələrlə zəngin olması ehtimalına əsas verir.
Çar Rusiyası dövrü ilə bağlı tarixi mənbələrdə 19-cu əsrin əvvələrində Bico kəndi Şirvan əyalətinin Qoşun mahalı tərkibinə daxil olan yeddi kənddən biri kimi göstərilir. Həmin dövrdə bu mahalın tərkibinə Bico ilə yanaşı Qəşəd, Keçdiməz, Ləngəbiz, Hacımanlı, Xatmanlı, Dilmanlı kəndləri daxil edilirdi. Bölgənin aran kəndləri ilə müqayisədə dağların yamacında yerəşən Bico, Keşdiməz, Qəşəd və Ləngəbiz kəndlərinin əhatə etdiyi ərazi insan orqanizminin qaş hisəsinə bənzədildiyi üçün həmin kəndlər silisiləsinə vaxtilə "Qaşkənd" deyilirdi. (Bicodan şərqdə yerləşən indiki Qəşəd kəndinin adının məhz bununla bağlı olduğu ehtimal edilir.) 18–19-cu əsrlərə aid mənbələrdə Biconun adı daha çox Bico xalçaları ilə bağlı məlumatlarda qeyd olunur.
Bico kəndi 1918-ci il hadisələri ilə bağlı məşhurdur. Bolşeviklərin dəstəyi ilə azərbaycanlıların soyqırımını həyata keçirən erməni hərbi quldur dəstlərəri 14 mindən çox dinc müsəlman Azərbaycan türkünün vəhşicəsinə qətlə yetirildiyi 1918-ci ilin mart ayında Bakıdan Kürdəmir yolu ilə kəndlərdə, qəsəbələrdə müsəlmanların soyqırımını həyata keçirərək irəliləyirdilər. Dövrün siyasi və ictimai böhran çağını yaşayan Azərbaycanda xalqı müdafiə etmək iqtidarına malik hökumətin olmaması bir çox yaşayış məntəqələri kimi Biconu da öz könüllü döyüşçülərinin ümidinə buraxmışdı. O zamanlar Şamaxıda yaşayan, Şirvanın sayılıb-seçilən elm və ürfan xadimlərindən biri kimi tanınmış, bölgənin elm məclislərinin fikir və söz xiridarı kimi nüfuz və mənsəb sahibi olan Bico ziyalısı Babaş əfəndi Mikayılzadə yaşadığı ictimai və siyasi mühitin fəal iştirakçılarından olduğu üçün ermənilərin soyqırım planından əvvəlcədən xəbər tutmuşdu. O, bicolu Şahalı yüzbaşı ilə bir-neçə dəfə görüşərək onu kəndin müdafiəsi üçün hazırlıqlarla bağlı təlimatlandırmışdı. Bicolu kişilər qadınları və uşaqları dərələrdə gizlədərək onlara məğlub olacaqları halda dağlara qaçıb gizlənmələrini tapşırmışdılar. Cəbhədən tərxis olunmalarına baxmayaraq, Azərbaycan müsəlmanlarının soyqırımı planını həyata keçirmək tapşırığı almış silahlı erməni dəstələri Bağırlı, Ləngəbiz, Qəşəd kəndlərini viran qoyaraq, taladıqdan sonra Bicoya yaxınlaşdıqda, Şahalı yüzbaşı danışıq üçün quldur dəstəsinin qarşısına çıxmış, kəndə girməyəcəklərinin müqabilində onlara mal-qara və ya qızıl verilməsini təklif etmişdi. Ermənilər buna razılaşmayıb, onsuz da kəndi ələ keçirib Biconu talan edəcəklərini bildirmişdilər. Balta, yaba, xəncər, dəryaz və bir-neçə tüfənglə silahlananan bicolular Bico kəndi ilə Keşdiməz kəndi arasındakı dərədə, Pirəmsaq deyilən ərazidə təxminən 400 nəfərdən ibarət erməni hərbi dəstəsinin qarşısına çıxmışdı. Kəndin yaşlı nəslinin vaxtilə söylədiklərinə görə bu döyüşdə tüfəngdən açılan ilk atəşlə erməni hərbi dəstəsinin başçısı öldürülmüş, düşmənin çaşbaş düşdüyünü görən bicolular onlara hücuma keçmişdilər. Tələfat vermələrinə baxmayaraq, tarixən zəngin döyüş ənənələrinə malik olan kəndin könüllü döyüşçüləri erməni hərbi dəstəsini darmadağın etmişlər. Pirəmsaq döyüşündə ermənilərdən cəmi 6 döyüşçü döyüş meydanından qaça bilmiş, lakin onların da dördü Bico kəndinin indiki qəbiristanlığının ərazisində yaxalanaraq, öldürülmüş, ikisi isə sağ qalaraq Şamaxı istiqamətində qaçmağa və baş verənləri oradakı erməni quldur birləşmələrinin komandanı Stepan Lalayana xəbər verməyə nail olmuşdular. Bundan sonra Şamaxıdakı erməni hərbi dəstələri kəndin şimalındakı Sanqalan (Bico) zirvəsində iki döyüş topu yerləşdirərək kəndi atəşə tuturlar. Nəticədə kənddəki bir-neçə tikili ilə yanaşı 12-ci əsrdə tikilmiş kənd məscidi dağıdılır. (İndi də kəndin yuxarı hissəsində, həmin məscidin vaxtilə yerləşdiyi ərazi "Məscid yeri" adlandırılır.) Kəndə qarət məqsədilə basqın edən ermənilər Bicoda bu cür kəskin müqavimətlə qarşılaşacaqlarını ağıllarına belə gətirmirdilər. Çünki Osmanlı dövlətinin sərhədlərindən başlayaraq müsəlaman kəndlərini qırğınlar törədərək gələn bu quldurlara Şamxor döyüşündən başqa heç yerdə demək olar ki, müqavimət göstərilməmişdi.[9] Bicodakı ağır və gözlənilməz məğlubiyyətdən sonra Bakıdakı daşnak və bolşeviklərdən əlavə qüvvə alan Şamaxıdakı erməni birləşmələri qisas üçün Bico kəndinə daha böyük sayda qoşun yeritmək qərarına gəlir. Bu plandan xəbər tutan bicolular kəndin əhalisini qırğına verməmək üçün onları Ağsu, sonra da Göyçay istiqamətində köçürürlər. (Əhalinin köçürülməsində xüsusi xidmətləri olmuş Əlvan kişinin adı indiyədək xatırlanır.) Sakinlərinin tərk etdiyi kənd özü isə daşnakların soyqırımına məruz qalır, dağıdılır və yandırılır, lakin iyun ayında Azərbaycan və Osmanlı türklərindən ibarət Qafqaz İslam Ordusunun qoşunları bolşevik-daşnak terrorçu birləşmələrini Göyçay döyüşündə məğlub etməklə, onları geriyə — Bakı istiqamətinə çəkilməyə məcbur edirlər. Bicolular da bu hadisədən sonra doğma kəndlərinə qayıdırlar. Sonralar Şamaxı erməniləri Bico əhalisindən qisas ala bilmədikləri üçün buradakı məğlubiyyətin səbəbkarlarından biri hesab etdikləri Babaş əfəndi Mikayılzadınin hər iki qaynını ailə üzvləri ilə birlikdə Şamaxıda işgəncə ilə öldürürlər.[10]
Bu hadisə bir çox tarixi mənbələrdə də təsdiqlənir. 1918-ci il 11–12 noyabr tarixli Sorğu Protokolunda Şamaxı pristavı Cəbrayıl bəy Cəbrayılbəyovun qeydlərində Bakıdan Şamaxıya qayıdan erməni hərbi dəstəsi ilə bağlı deyilir: "1918-ci ilin mart ayında şəhər başçısı Teymur bəy Xudaverdiyevdən və müsəlman milli komitəsindən məlumat almışdır ki, Bakıdan Kürdəmir istiqamətində ordudan tərxis olunmuş 400 nəfər erməni Şamaxıya gəlir. Bakı müsəlman milli komitəsi xahiş edib ki, onları qara fikirlərindən çəkindirsinlər. Müsəlman milli komitəsi Ağsu şəhərinə nümayəndələr göndərdi, lakin səhərisi gün Şamaxıda eşitdik ki, həmin dəstə bölünüb ayrı-ayrı kəndlərə hücum ediblər. Bico və Ləngəbiz kəndlərinə hücum etmişlər… Ermənilərlə atışma Bico dağlarında başlayıb. Ermənilər və müsəlmanlar tərəfindən adamlar öldürülüb. Hirslənmiş ermənilər bu barədə Bakı erməni komitəsinə məlumat çatdırıblar. Qısa müddətdən sonra Şamaxıya 3 minə qədər erməni gətirildi. Bundan xəbər tutan yerli müsəlman İcraiyyə Komitəsi, Şamaxı uyezdinin rəisi Hacımalıbəyov və uyezd qazisi Abdulxalıq Əfəndi Əfəndiyev erməni yepiskopunun yanına göndərildi ki, yaraqlıları geri qaytarsın, lakin erməni yepiskopunun cavabı qəti oldu: "Biz gəlmişik ki, bütün müsəlmanları qılıncdan keçirək"…"[11]
1918-ci ilin iyun ayında Azərbaycan Xalq Cümhuriyyətinin göstərişi ilə yaradılmış Fövqalədə İstintaq Komissiyasının Şamaxı uyezdində qətlə yetirilmiş, yaralanmış insanlar barədə məlumatı əks etdirən sənədlərdə sadalanan 58 yaşayış məntəqəsi içərisində Biconun adının olmaması[12] Şamaxı qəzasında 2146-sı kişi, 1468-i qadın və 746-sı uşaq (bəzi mənbələrə görə 1653-ü qadın, 965-i uşaq) olmaqla ümumilikdə 4360 (digər mənbələrdə 7000-dən çox) nəfəri soyqırıma məruz qoymuş, bolşeviklərdən hərbi və təşkilati dəstək alan Stepan Şaumyanın başçılıq etdiyi ermənilərin Bicoya hücum etmələrinə baxmayaraq, burada əhaliyə qarşı soyqırım məqsədlərini həyata keçirə bilməmələrinin daha bir sübutudur.
Pirəmsaq döyüşü tarixçilər tərəfindən erməni soyqırımına qarşı 1918-ci ildə təşkil edilmiş ilk ən böyük müdafiə döyüşü sayılır.[9]
SSRİ dönəmində bolşevik ideoloqları bu hadisəni nə qədər unutdurmağa çalışsalar da, nəinki bicolular, Şirvanın yaxın kəndlərinin, eyni zamanda Şamaxının yaşlı nəsli uzun müddət 1918-ci il Bico döyüşünü bir kəndin qəhrəmanlıq səhifəsi kimi xatırlamışlar. Şamaxı rayon Polis İdarəsinin keçmiş zabitlərindən olan Fazil Gülverdi oğlu Şamilovun dediklərindən: "Qarabağ münaqişəsi başlayanda Mədrəsəyə (red: Şamaxı rayonunun həmin dövrdə ermənilər məskunlaşmış kəndi) getmişdim. Erməni qadınları yas tutub, "Bicodan gəlirlər, bizi qıracaqlar" deyə ağlayırdılar." 1988–89-cu illərdə Şamaxının erməni kəndləri köçməmişdən əvvəl Bicodan qısas alacaqları barədə danışırdılar deyə, Biconun bir-neçə yerində kəndin cavan kişilərindən ibarət könüllü silahlı müdafiə postları qurulmuşdu. Bu fakt ermənilərin də Bicoda uğradıqları məğlubiyyəti heç vaxt unutmadıqlarından xəbər verir.
SSRİ dönəmində Bico tarixən malik olduğu elmi, mədəni və təsərrüfat ənənələrini daha da inkişaf etdirməklə, yetişdirdiyi ziyalıları, təhsil səviyyəsi və kənd təsərrüfatında əldə etdiyi uğurları ilə ölkənin ən qabaqcıl kəndləri sırasına daxil olmuşdu. Bico, Azərbaycanda yeganə kənd olmuşdur ki, kənd təsərrüfatındakı uğurlarına görə bir ildə (1948-ci il) 6 əməkçisi Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş bicolular:
1969-cu ilin noyabrında SSRİ-nin Zərbəçi Kolxozçularının 3-cü Ümumittifaq Qurultayında Azərbaycan SSR SovİKP MK-nın I Katibinin şəxsi təşəbbüsü ilə onu müşayiət edən nümayəndə heyətinin tərkibində Bico kolxozçuları da təmsil olunmuşdular.
Bicodan şərqdə yerləşən Keçdiməz kəndi və cənubda yerləşən Padarqışlaq kəndi (Padarqışlaq kəndi AR Ali sovetinin 1991-ci il 7 fevral tarixli Qərarı ilə Bico kənd Sovetindən ayrılmışdır) Bico kənd Sovetinin tabeliyinə verilməklə, Biconun əldə etdiyi uğurlarda iştirak etməklə yanaşı, bu uğurlardan istifadə də etmişdilər. 20-ci əsrin 60–80-ci illərində Bico kəndi bölgədə infrastruktur imkanları və insan həyatı üçün əhəmiyyət kəsb edən amillərin mövcudluğu baxımından analoqu olmayan kənd kimi məşhurlaşmışdı. Asfalt və daş döşənmiş, gecələr işıqlandırılan kəndarası yolları, tək özünü deyil, ətraf kəndləri də təmin edən kənd xəstəxanası, dövrünün ən müasir tələblərinə cavab verən mədəniyyət evi və hamamı, iki məktəb binası, təkcə kənd daxilində mövcud olan 12 daimi axar sulu bulağı, elektrik stansiyası, kənd təsərrüfatı texnikaları üçün iki (avtomobil və traktor) qarajı və s. Biconu bir çox digər kəndlərdən fərqləndirirdi.
Bico kəndinin ərazisi 4324 ha sahəni əhatə edir. Bundan 226 hektarı dövlət mülkiyyətinin, 2671 hektarı bələdiyyə mülkiyyətinin, qalan 1427 hektarı isə xüsusi mülkiyyətin payına düşür. (2012-ci ilə aid məlumat)
Ləngəbiz silsiləsinin üzərində yerləşir. Kənddən 6 km şimalda dəniz səviyyəsindən 929 metr yüksəklikdəki Sanqalan zirvəsi Ləngəbiz silsiləsinin, eyni zamanda Ağsu rayonunun ən hündür nöqtəsidir. Bu zirvənin arxasındakı "Bico dağı" deyilən ərazidə əvvəllər kəndin yaylaq evləri olmuşdur. İndi də həmin ərazidəki ağaclar, bağlar və bulaqlar vaxtilə həmin yerlərin sahibi olmuş şəxslərin adı ilə bağlıdır.
Yayı quraq, qışı az yağıntılı keçən quru çöl iqlimi tipi yayılmışdır. Dağlıq sahədə meşə və kolluqlar vardır. Kəndin ərazisinin şimal hissəsində "Bico dağı" ilə yanaşı Alpoud meşəsi yerləşir. Qarabağın rəmzlərindən sayılan məşhur xarıbülbül çiçəyinə Bico dağlarında daima rast gəlinmişdir.
Qərbdən Gəgəli kəndi ilə, şərqdən Keçdiməz kəndi ilə qonşudur. Şimalda Bico dağı Şamaxı rayonu ərazisi ilə əhatə olunur. Cənub hissəsi Şirvan düzünün şimal əraziləridir.
1886-cı ilin sənədlərinə əsasən Bico kəndinin 705-i kişi, 596-sı qadın olmaqla 1301 nəfər əhalisi olub. XX əsrin 70-ci illərində 5000 nəfərin məskunlaşdığı Bico kəndinin əhalisi ötən əsrin 90-cı illərindən sonra xeyli azalmışdır. Bicoda hazırda (2012-ci ilin sonuna olan məlumat) 1860 sakin yaşayır. 1980–1990-cı illərin əvvəllərində 700–800 şagirdin təhsil aldığı Bico kənd orta məktəbində hazırda 200 nəfər şagird oxuyur. Bico kənd nümayəndəliyinə və bələdiyyəsinə daxil olan ərazidə isə (Keşdiməz kəndi ilə birlikdə) 2163 nəfər sakin qeydiyyatdadır. Bico əhalisinin 51,82%-i (964 nəfər) qadınlar, 48,17%-i (896 nəfər) isə kişilər təşkil edir. Vaxtilə 1100 evdən ibarət olan Bico kəndinin ərazisində hazırda 352 ev mövcuddur.
Bico, kənd olmasına baxmayaraq Şirvanın, eyni zamanda Azərbaycanın zəngin elm və mədəniyyətinin inkişafında xüsusi paya malikdir. Hələ orta əsrlərdən elm və ürfana diqqəti ilə ətraf ərazilərdən seçilən Bicoda Muhəmməd Əmin ibn Sədrəddin Şirvani kimi Şəriət alimi, Babaş Əfəndi Mikayılzadə, Molla Tacəddin kimi din xadimləri yetişmişdir.
Bu kənd Azərbaycanın neft iqtisadiyyatının inkişafına əvəzsiz töhfələr vermiş geologiya üzrə məşhur alim akademik Ədhəm Şıxəlibəylinin, yeni neft yataqlarına aid neft növlərinin tərkib və xassələrinin tədqiqi ilə bağlı nailiyyətlərə görə "Avropanın Fəxri Alimi" adına layiq görülmüş, əməkdar elm xadimi, professor Fəzilə Səmədovanın vətənidir.
Vaxtilə 750–800 şagirdin təhsil aldığı Bico kənd orta məktəbi nəinki Ağsu rayonunda, bütün Azərbaycanda ən qabaqcıl orta məktəblərdən biri hesab edilir, bu məktəbə müəllimlərinin elmi və peşə səviyyəsinə, təhsil alan şagirdlərin bilik və bacarıqlarına görə rayon təhsil işçiləri arasında "akademiya" deyilirdi.
Şirvan xalçaçılıq məktəbinin ən məşhur kompozisiyalarından olan Bico xalçası "Bico" kəndinin adını daşıyır. Bico xalçası Bicodan başqa, Qəşəd, Göylər, Pirhəsənli və Şirvanın digər məşhur xalçatoxuma məntəqələrində, həmçinin Qubada, eləcə də İranda da istehsal olunub. Azərbaycanın xalq rəssamı, məşhur xalçaçı Lətif Kərimov qeyd edir ki, "Bico" xalçaları texniki və incəsənət nöqteyi-nəzərindən təkcə Şirvanda deyil, bütün Qafqazda ən məşhur xalça hesab olunur.[13] XIX əsrin ikinci yarısında Azərbaycandan Nijni Novqorod şəhərinə ixrac olunan Bico xalçaları öz milli koloriti və mürəkkəb ornament kompozisiyası ilə diqqəti cəlb edirdi.
Təkcə Azərbaycanda yüksək qiymətləndirilməklə kifayətlənməyərək, eyni zamanda xarici sənətşünasıların və kolleksionerlərin də diqqətini özünə cəlb edən "Bico" xalçaları 18–19-cu əsrlərdə əsasən iki variantda istehsal edilmişdir:
Birinci variantda[13] orta sahənin kompozisiyası punktir xətlərlə doldurulmuş ornamentlərdən ibarətdir. Sahə mərkəzi üçbucaqın üfiqi xətt boyunca iki böyük hissəyə, şaquli xətt boyunca orta ölçülü bir neçə rapportlara bölünmüşdür. Rapportun yanlarında xalq sənətkarları arasında "kəpənək" adlanan böyük dişli element, orta nöqtədə isə "toqqa" (kəmər) adlanan dördguşəli element yerləşir.
"Bico" xalçasının ikinci variantının[14] orta sahə kompozisiyasında bir-birinin üzərində olan səkkizguşəli göllər bu variantda toxunmuş xalçaların əsas xüsusiyyətidir. Göllərin ətrafında, həmçinin orta sahənin doldurulmamış aralıqlarında yalnız "Bico" xalçalarına xas olan, xalçaçılar tərəfindən "bükmə" adlanan elementlər yerləşir. Bu elementlər "Bico" xalçalarının ikinci varianın əsas elementi olmaqla, onu birinci variantdan fərqləndirən əsas bədii xüsusiyyətdir. Göllərin mərkəzində yerləşən qarmaqlı böyük elementlər, orta xətt boyunca göllərin ətrafına yayılmış "bükmə" naxışları, eyni zamanda xalçanın ümumi quruluşu bu xalçaların meydana gəlməsi tarixinin qədim dövrlərə aid edilməsinə əsas verir.
Bico xalçaları Şirvanın bir çox xalçatoxuma məntəqələri ilə yanaşı Quba xalçaçılıq məntəqələrinə də güclü təsir etmişdir. "Quba-Bico" adı ilə tanınan xalçalar Quba xalçaçılarının toxuduğu ən məşhur incəsənət əsərlərindən sayılır. Qubada Bico xalçalarnın yalnız bir variantı toxunmuş, öz orijinallığını saxlamaqla yanaşı, daha geniş şəbəkədə yayılmışdır. 18–19-cu əsrlərdə toxunmuş "Quba-Bico" xalçaları indi dünyanın bir çox muzeylərində saxlanılır.
Bico kəndinin xalçaçılıqla bağlı ənənələri bu günə kimi qorunub saxlanmışdır. 20-ci əsrin sonlarına qədər Bico kəndində olan hər bir evdə xalça toxumaq üçün "xana" adlanan dəzgahlar var idi. Bicoda xalça toxumağı bacarmayan qadın, demək olar ki, yox idi. Bico kənd orta məktəbində əmək təlimi emalatxanasında xalçaçalıq dəzgahları və alətləri mövcud idi və bu xalq sənətinin incəlikləri məktəbli qızlara tədris olunurdu. Hazırda da Bico kəndində əksər xanımlar xalçaçılıqla məşğuldur. Bico xalçaları ilə bağlı bu zəngin mədəni irs bu günə kimi tək Bico kəndində deyil, yuxarıda qeyd olunan digər xalçatoxuma məntəqələrində də davam etdirilmiş və müəyyən qədər qorunub saxlanmışdır,
lakin təəssüf ki, Bico xalçaçılığı əvvəlki səviyyəsini tədricən itirmişdir. Təsadüfi deyil ki, Bico xalçalarının "Qafqazın ən məşhur xalçası hesab edilən", 1 kv. m-də 300.000-ə yaxın ilmə olan variantı artıq toxunmur. Əvəzində xalçaçılar Bico xalçalarının orta sahə elementlərini daha sadə naxışlarla əvəz etmişlər. Bununla belə təqdirəlayiq haldır ki, Azərbaycan xalçalarının nadir incilərindən sayılan Bico xalçaları "Azərilmə" MMC-nin emalatxanalarında satış üçün toxunmaqla yanaşı, dünyanın bir çox məşhur müzeyləri, qalareyaları və şəxsi kolleksiyalarında olduğu kimi həmin müəssisənin "qədim xalçalar" qalareyasında da qorunub saxlanır.
Həm dağlıq-meşəlik, həm də düzənlik ərazilərdən ibarət olan Bico kəndinin ərazisi istər əkinçilik, istərsə də heyvandarlıq üçün çox əlverişlidir.
Hələ orta əsrlər dövründən başlayaraq, Biconun dağ döşü ərazilərində taxılçılıq inkişaf etdirilmişdir. Bico buğdası ilə bağlı qeydlər XIX əsrin məşhur Azərbaycan şairi Seyid Əzim Şirvaninin (1835–1888) misralarında da yer almışdır:
Adəməm, qismət olmadı gəndüm, Niyə baxmaz o nikzat mənə?
Nə Bicodan gəlib mənə gəndüm,[15]
Nə verir həbbeyi-Boyat mənə.[16]
SSRİ dönəmində Ağsu rayonunun ən məhsuldar üzümçülük və taxılçılıq sahələri bu kəndin ərazisində olmuşdur.
Hətta İkinci dünya müharibəsi dövründə və ondan sonrakı qıtlıq illərində bütün regionda demək olar ki, yeganə bol məhsulu ilə seçilən Bicoda İsmayıllı, Şamaxı, Mərəzə bölgələrindən onlarla ailə gəlib sığınacaq tapmışdı. Bütün Şirvan az qala "Bico çörəyi"nin ümidinə yaşayırdı. (Yazıçı Əbülhəsənin (Əbülhəsən Ələkbərzadə) bu barədə oçerklər kitabı çap edilmişdir.)
Ötən əsrin ortalarında Bico 1 ildə 6 əməkçisinin Sosialist Əməyi Qəhrəmanı adına layiq bilinmiş Azərbaycanın yeganə kəndi kimi məşhurlaşmışdı.
Hazırda Bicoda 466 fərdi təsərrüfat mövcudur.
Məqalə Zəka A. Mirzəyevin tədqiqatları əsasında hazırlanmışdır.