İsayev Əhməd Məmməd oğlu (30 avqust 1940, Suvagil, Zaqatala rayonu – 26 dekabr 2021, Zaqatala) — yazıçı-publisist, 1964-cü ildən Azərbaycan Jurnalistlər İttifaqının, 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar jurnalisti (1987), "Qızıl qələm" (1974), "Ustad" ali jurnalistika (1995), "Həsən bəy Zərdabi" (1996) və "Araz" (1999) ali ədəbi mükafatları laureatı, 2003-cü ildən AKTA-nın fəxri doktoru, 1992-ci ildən "Gəncə və gəncəlilər" Xeyriyyə Cəmiyyətinin sədri.
Əhməd İsayev | |
---|---|
Əhməd Məmməd oğlu İsayev | |
Doğum tarixi | 30 avqust 1940 |
Doğum yeri | |
Vəfat tarixi | 26 dekabr 2021 (81 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | saxur |
Fəaliyyəti | yazıçı, jurnalist |
Mükafatları |
Əhməd İsayev 30 avqust 1940-cı ildə Zaqatala rayonunun Suvagil kəndində anadan olub. Orta məktəbi bitirən kimi təsərrüfatda əmək fəaliyyətinə başlayıb. Suvagil kənd klubunda müdir işləyib. 1959–1965-ci illərdə Azərbaycan Dövlət Universitetində əvvəl qiyabi, sonra əyani oxuyub. Hələ tələbə ikən – 1963-cü ildən "Kommunist" qəzeti redaksiyasında işə başlayıb: kiçik ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri olub. 1970–1990-cı illərdə Gəncə-Qazax bölgəsi üzrə xüsusi müxbir vəzifəsində çalışıb. 1990–1991-ci illərdə "Respublika" qəzetinin təşkilatçısı və ilk baş redaktoru olub. Bir müddət "Həyat" və "Səhər" qəzetlərində işləyib. 1995-ci ildən "Azərbaycan" qəzetinin bölgə müxbiridir.
1957-ci ildən mətbuatda çıxış edir. Tarixi mövzulara, sənədli publisistikaya daha çox üstünlük verir. İki minədək qəzet və jurnal məqaləsinin, otuzdan çox kitabın müəllifidir. Jurnalist axtarışlarına əsasən 1985-ci ildə Leninqrad Sənədli Filmlər Studiyasında "Cəbhədən məktublar" adlı qısametrajlı film çəkilib, "Boş barılar" pyesi (1988) Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub.
Hökumət nümayəndə heyəti və jurnalist qrupları ilə Türkiyədə (1974, 1992), Yunanıstanda (1977), Fransada (1985), Bolqarıstanda (1987), İngiltərədə (1994) olub. İtaliyada (1981) "Unita" qəzetinin festivalında və Misirdə (1995) beynəlxalq informatika kurslarında Azərbaycanı təmsil edib. 1999-cu ildə Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gedib.
Dəfələrlə yaradıcılıq müsabiqələrinin qalibi olub. 1986-cı ildə ona SSRİ Jurnalistlər İttifaqı tərəfindən "İlin ən yaxşı jurnalisti" adı verilib. Moskvada çıxan "Jurnalist" jurnalının üç dəfə (1977, 1981, 1982) xüsusi diplomunu alıb. Respublika Ziyalılar Cəmiyyəti İdarə heyətinin qərarı ilə (1999) "XX əsrin fəxri ziyalısı" diplomu, Qafqaz-Mediya ictimai birliyi tərəfindən "Peşəkar jurnalist" (2008) mükafatı verilib. 1970-ci ildə "Rəşadətli əməyə görə" və 2005-ci ildə isə "Tərəqqi" medalı ilə təltif edilib.
"Azərbaycan Respublikasının ictimai və mədəni həyatındakı böyük xidmətlərə görə" Azərbaycan prezidenti İlham Əliyevin 11 dekabr 2006-cı il tarixli sərəncamı ilə ölkə prezidentinin fərdi təqaüdünə layiq görülüb. Dəfələrlə Azərbaycan jurnalistlərinin, 1982-ci ildə isə SSRİ Jurnalistlər İttifaqının beşinci qurultayının nümayəndəsi olub. On altı il dalbadal Azərbaycan Jurnalistlər İttifaqının idarə heyətinə üzv seçilib.