Əhməd Əfəndi Cələbi

Əhməd Əfəndi Çələbizadə (1892, Quba1 sentyabr 1937, Bakı) — Quba Cümə məscidinin axundu, Quba tarix-diyarşünaslıq muzeyinin yaradıcısı, yazıçı, etnoqraf, repressiya qurbanı.

Əhməd Əfəndi Çələbizadə
Doğum tarixi 1892
Doğum yeri
Vəfat tarixi 1 sentyabr 1937(1937-09-01)
Vəfat yeri
Vəfat səbəbi siyasi repressiya
Milliyyəti azərbaycanlı
Uşağı Bəhlul Çələbizadə
Atası Əbdülrəhim Əfəndi Çələbizadə

1922–1924-cü illərdə Quba Cümə məscidinin axundu olub. 1924-cü ildə Qubada tarix-diyarşünaslıq muzeyinin əsasını qoyub. 1935–1937-ci illərdə Quba rayonunun adət-ənənələri haqqında "Quba – dövrün adət və qaydaları" adlı kitab yazıb. 1937-ci il sentyabrın 1-də güllələnib.

Əhməd Əfəndi Əbdülrəhim oğlu Çələbizadə 1892-ci ildə Quba şəhərində anadan olub[1]. Atası Əbdülrəhim Əfəndi Quba Cümə məscidinin imamı olub. İbtidai təhsilini atasının dərs dediyi mədrəsədə alıb və burada ərəb və fars dillərini öyrənib. 1912-ci ildə Tiflisdəki Sunitski adına Cənubi Qafqaz ruhani məktəbində təhsil alıb[2]. 1913-cü ildə təhsilini bitirdikdən sonra Qubaya gələrək Cümə məscidində məscidin imamının köməkçisi təyin olunub[2]. 1922-ci ildə atası imam Əbdülrəhim Əfəndi vəfat etdikdən sonra Əhməd Əfəndi Cümə məscidinin katibi seçilib. Sovet işğalından sonra dinə qarşı mübarizə başladığı üçün Əhməd Əfəndi 1930-cu ildə qəzetlərin birində rəsmi olaraq mollalıqdan könüllü əl çəkdiyini elan edib[2]. 1937-ci ildə Stalin repressiyaları dövründə həbs olunaraq Bakıya aparılıb. 1937-ci il sentyabrın 1-də üçlüyün qərarı ilə güllələnib[3] 1956-cı il noyabrın 6-da günahsız olduğu üçün bəraət alıb[4].

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Aprel işğalından sonra o, ömrünü Azərbaycan tarixinin araşdırılmasına həsr edib[2]. Onun təşəbbüsü ilə 1924-cü ildə Cümə məscidinin yanında, özünün dərs dediyi mədrəsədə Quba tarixinə aid topladığı materiallar hesabına Qubada diyarşünaslıq muzeyi təşkil edilib[5]. Əhməd Əfəndinin səyi nəticəsində 1924–1935-ci illərdə muzeyə ayrı-ayrı idarə və müəssisələrdən, şəxsi evlərdən qədim əlyazmalar, silahlar, qədim xalçalar, şəkillər, gümüş və mis sikkələr, dulusçuluq, misgərlik məmulatları, milli geyim nümunələri, müxtəlif tikmələr, ərəb, fars, türk və rus dillərində ədəbiyyat, əntiq əşyalar və digər maddi-mədəniyyət nümunələri toplanıb[6]. Muzeyin əsasını həm də müxtəlif mədrəsələrdə və Səkinəxanım məscidində qorunan eksponatlar təşkil edirdi[6].

1932-ci ilin avqust ayında Quba Rayon İcraiyyə Komitəsinin iclasında "Quba şəhərində muzeyin təşkili barədə" xüsusi məsələ müzakirə edilib[6]. İclasda muzeyin təşkili məqsədilə mütəxəssislər tərəfindən hazırlanmış tezislərə və plan-layihəyə baxılıb. Ekspozisiyanın ilk bölməsi rayonun təbiətinə həsr olunmuşdur. Burada rayonun və keçmiş Quba qəzasına aid müxtəlif xəritələr, quraşdırılmış, bitki aləmi və faydalı qazıntılarından nümunələr nümayiş etdirilmişdir. Sonrakı bölmələr bölgənin tarixinə, mədəniyyətinə və etnoqrafiyasına həsr olunmuşdur. Bölmələrin adları: "Keçmiş Quba qəzasının qədim mədəniyyət abidələri", "Quba xanlığının yaranmasına qədər olan dövrə aid materiallar", "Quba xanlığının rus çarizmi tərəfindən zəbt edilməsi", "Komendantlıq dövrü". Ekspozisiyada ayrıca "Etnoqrafiya" bölməsi də nəzərdə tutulmuşdu. Bu bölmədə azərbaycanlılarla yanaşı, rayonda yaşayan azsaylı xalqların həyatına, adət-ənənələrinə, sənətkarlığına, xüsusən bölgədə geniş yayılmış xalça sənətinə və misgərliyə aid materiallar göstərilirdi. Ekspozisiyada 1920–1930-cu illərdə Qubanın mədəniyyət, maarif və təsərrüfatını əks etdirən materiallar da yer almışdı.

Quba tarix-diyarşünaslıq muzeyi 1924-cü ildən 1935-ci ilədək ictimai əsaslarla fəaliyyət göstərib[6]. Xalq Maarif Komissarlığının 14 may 1935-ci il əmri ilə Əhməd Çələbizadə Quba Tarix Muzeyinə müdir təyin olunub[6]. Əhməd Çələbizadə. O repressiya edildikdən sonra muzeyin fəaliyyəti dayandırılıb, bütün eksponatlar dağıdılıb və qiymətli kitablar yandırılıb[7].

Əhməd Çələbizadə 1930-cu illərdə Quba bölgəsinin etnoqrafiyasına aid çöl-tədqiqat işləri aparıb[8]. 1935–1937-ci illərdə Quba rayonunun adət-ənənələri haqqında "Quba – dövrün adət və qaydaları" adlı kitab yazıb[9]. Əlyazma üç hissədən ibarətdir. Quba rayonuna dair etnoqrafik materiallar başlığı ilə verilmiş birinci hissə 57 adi məktəb dəftərindən ibarətdir[10]. İkinci hissə 6 dəftərdən, Quba rayonunda olan dini adətlərə dair qeydlər adlanan üçüncü hissə isə 7 dəftərdən ibarətdir. Birinci hissə 1935-ci ildə, ikinci və üçüncü hissələr isə 1937-ci ildə yazılıb. Hər bir hissə ayrı-ayrı yarımbaşlıqlardan ibarətdir[11].

Əsər bütövlükdə etnoqrafik material olduğundan burada xalqın adət-ənənələri, inancları geniş şəkildə verilib. Əsərin birinci bölümü insan sonsuzluğu və onun səbəbləri, ona qarşı əlaclar haqqında məlumatlarla başlanır. Uşaqların dünyaya gəlməsindən sonra onlara qoyulan adlar, təzə doğulmuş uşaqlara dair inanclar, uşağın beşiyi başında oxunan bayatılar, ad vermə adəti, uşağa deyilən xoş sözlər, uşaq oyunları haqqında yetərincə dəyərli məlumat verilir və uşaq oyunları bir-bir açıqlanır. Əhməd Çələbizadə əsərində Qubanın bütün adət-ənənələrini ardıcıllıqla yazaraq şərh edir. Toy adətlərindən sonra müəyyən xəstəliklər və onların müalicəsi, yas adətləri, bayramlar, xüsusilə də Novruz bayramı, Məhərrəmlik mərasimi, bu mərasimdə yasaq olan adətlər bir-bir işıqlandırılır. Müəllif, Qubanın xörəkləri və onların bişirilmə qaydası bölməsində plovun 10 növünü sayır, bütün xörəklərin bişirilmə qaydasını izah edir. Mətndə verilmiş Quba şivəsində işlənən çoxlu sayda sözlər olduğu kimi saxlanıb.[12]

  1. Bayramov, Adilxan. "Əhməd Əfəndi Çələbizadə". medeniyyet.az (az.). 2021-12-11. 2023-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-24.
  2. 1 2 3 4 Kərimov, Bəhmən. Əhməd Əfəndi Çələbizadənin «Quba rayonunun dövrün adət və qaydaları haqqında» əsərinin əlyazmasına dair (az.). Bakı: Milli Azərbaycan Tarixi Muzeyi. 2008. 316. 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-27.
  3. "Челебизаде Ахмед-эфенди Абдурагим оглы (1892)". openlist.wiki. İstifadə tarixi: 2023-11-27.
  4. Kərimov, Bəhmən. Əhməd Əfəndi Çələbizadənin «Quba rayonunun dövrün adət və qaydaları haqqında» əsərinin əlyazmasına dair (az.). Bakı: Milli Azərbaycan Tarixi Muzeyi. 2008. 318. 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-27.
  5. "Quba rayon Tarix-Diyarşünaslıq Muzeyinin 85 yaşı tamam olur". medeniyyet.az (az.). 2020-05-15. 2023-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-24.
  6. 1 2 3 4 5 Kərimov, Bəhmən. Əhməd Əfəndi Çələbizadənin «Quba rayonunun dövrün adət və qaydaları haqqında» əsərinin əlyazmasına dair (az.). Bakı: Milli Azərbaycan Tarixi Muzeyi. 2008. 317. 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-27.
  7. "Qubada ilk muzeyin yaradıcısı: Əhməd Əfəndi Çələbizadə » Shimal News". Shimal News (az.). 2022-12-11. 2023-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-27.
  8. Qədirova, Xatirə. "Tarixdə iz qoyanlar: Çələbizadə Əhməd Əfəndi niyə güllələnmişdi..." modern.az (az.). 2019-11-08. 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-27.
  9. Kərimova, Tamilla; Sadıqova, İlhamə; Əliyev, İdris. Алескер Алекпероввыдающийся археолог и этнограф Азербайджана (PDF) (rus). Bakı: İRS. 2017. 31. 2018-12-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-27.
  10. Kərimov, Bəhmən. Əhməd Əfəndi Çələbizadənin «Quba rayonunun dövrün adət və qaydaları haqqında» əsərinin əlyazmasına dair (az.). Bakı: Milli Azərbaycan Tarixi Muzeyi. 2008. 319. 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
  11. "Tarixdə iz qoyanlar: Çələbizadə Əhməd Əfəndi niyə güllələnmişdi..." Milli.Az (az.). 2019-11-17. 2023-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-24.
  12. Bəhman Kərimov. Əhməd Əfəndi Çələbizadənin "Quba rayonunun dövrün adət və qaydaları haqqında" əsərinin əlyazmasına dair S. 315–323 Arxivləşdirilib 2019-12-04 at the Wayback Machine / Milli Azərbaycan Tarixi Muzeyi-2008. Bakı, 2008.