Əhməd Əhmədov Rumlu

Kəblə-Əhməd Məmmədqulu oğlu Əhmədov (tanınır: Əhməd Rumlu (Ruminski); 12 avqust 1902, Bakı13 noyabr 1982, Bakı) — Azərbaycan teatr və kino aktyoru, şairdramaturq.

Əhməd Əhmədov
"O olmasın, bu olsun" filmindən kadr
"O olmasın, bu olsun" filmindən kadr
Digər adları Əhməd Rumlu, Əhməd Ruminski
Doğum tarixi 12 avqust 1902(1902-08-12)
Doğum yeri
Vəfat tarixi 13 noyabr 1982(1982-11-13) (80 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti aktyor

Əhməd Rumlu 1902-ci ilin avqustunda Bakıda, "Həmişəri palanı" deyilən məhəllədə tacir ailəsində dünyaya gəlib[1]. Lakin onun ailəsi Əhməd doğulmamışdan XIX əsrin ikinci yarısında Cənubi Azərbaycandan mühacirə edilmişdi. Atası İranda anadan olmuşdu. Oğlunu axund görmək istəyən Məmmədqulu kişi bu məqsədlə onu molla məktəbinə qoyur. Əhməd Bakıda dövrün tələblərinə uyğun olaraq, mollaxanada təhsil alır. Təhsilini mədrəsədə davam etdirən Əhməd ərəb və fars dillərini gözəl bildiyinə, öz yaşıdlarından zehni və çalışqanlığı ilə seçildiyinə görə axundlar onu Nəcəfi-Əşrəf şəhərinə göndərməyi qərara alırlar. 20–30 il oğlundan ayrı düşəcəyini düşünən ata bu təklifdən boyun qaçırır.

Quranı əzbərdən bilən, gözəl hafizəsi və məlahətli səsi olan Əhməd məhərrəmlikdə şəbih deyər, qəsidələr oxuyardı. Əsrin ortalarına doğru bu mərasimlər xalq teatrları ilə əvəz olundu və istedadlı gənc "kos-kosa", "qodu-qodu" kimi məhəlli oyunlarda özünə pərəstişkarlar qazandı. Tənqid-Təbliğ Teatrı isə Əhmədin həyatında dönüş yaratdı. Əhməd Əhmədovun 18 yaşı olanda artıq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində müxtəlif həcmli rollar ifa etməyə başlamışdır. Bu dövrdə onun ikinci qabiliyyəti üzə çıxdı. Əhməd qələmini işə salaraq böyük poemalar, qəzəllər yazmağa başladı. "Humay" poemasını qələmə aldı. Tezliklə "Səadət uğrunda", "Seyran", "Qana qan" əsərləri GTT-da səhnəyə qoyuldu. Rumlu təxəllüsü ilə yazdığı qəzəllər İranın məşhur xanəndəsi Mustafa Payanın repertuarının əsasını təşkil edirdi. Şair-qəzəlxanın 5000-dən çox qəzəli mövcuddur. Amma onların çoxu hazırda mövcud deyil.[2]

Həyatda çox sakit, özünü gözə soxmayan qəzəlxanın ilk filmi məhz "O olmasın, bu olsun" ilə başlayır. Bunu Əliağa Ağayev məsləhət edir. Hüseyn Seyidzadə hambal roluna bir neçə aktyoru sınasa da, bəyənmir. Ağayevin xahişi ilə rejissor onu çağırıb sınayır. Əhməd Ruminskini Hüseyn Seyidzadə elə ilk baxışdaca onu bəyənir və rola təsdiq edir. Epizodik rol olan Hambal rolu qəzəlxanın həyatını dəyişir və onun aktyorluq keyfiyyətlərini üzə çıxarır. Bundan sonra 1956-cı ildə oynadığı hambal rolundan sonra ona ard-arda təkliflər gəlir və ilk olaraq 1957-ci ildə "Bir məhəllədən iki nəfər", 1958-ci ildə "Kazbek qutusu" bədii filmlərində rol alır.[3] Amma qəzəlxanın sakit, qapalı adam olması onun çox filmlərdə çəkilməsinə imkan vermədi. Hətta aktyorun uzun illər çalışdığı Gənc Tamaşaçılar Teatrında da baş rolu demək olar ki, olmayıb.[4]

Əhməd Rumlunun məzarı (Balaxanı)

Əhməd Ruminski qəzəllər söyləsə də, tamaşalarda rol alsa da, cəmisi 6 filmdə epizodik rolda çəkilsə də, "O olmasın, bu olsun" filmində yaratdığı "Hambal" obrazı ilə Azərbaycan xalqının könlündə taxt qurmuşdur. Bu filmdə o, öz səsi və öz xarakteri ilə oynamışdır. Onun Məşədi İbadla olan epizodları və frazaları indiyə qədər də tamaşaçılar tərəfindən sevilə sevilə izlənilir.[5]

Əhməd Rumınski 1982-ci ildə dünyasını dəyişib. Məzarı Balaxanı qəbirstanlığında Hacı Şəhla məscidinin yaxınlığındadır.[6]

  1. "Kinomuzun ən məşhur hambalı". 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-22.
  2. "Maraqlı rolları, incə qəzəlləri ilə xatırlanan sənətkar". 2023-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-16.
  3. "Sənət sultanının izində". 2023-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-16.
  4. Məşədi İbadın hambalı
  5. "Arxivlənmiş surət". 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-08.
  6. Əhməd Rumlunun məzarı
  7. Ayazqızı, Ə. Tacir oğlunu hambala çevirən istedad: Ədilə Ayazqızı: "40 il səhnədə yüzlərlə obraz canlandıran babamızı bu gün hamı Məşədi İbadın hambalı kimi xatırlayır": [Aktyor Əhməd Rumlu haqqında nəvəsi Ədilə Ayazqızı ilə söhbət] //Mövqe.- 2011.- 19 aprel.- S. 13.
  • "Bəs mənim bir abasım hara getdi?" //Odlar yurdu.- London, 2008, dekabr.- № 002.- səh. 15.