Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Bu məqalə qaralama halındadır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin. |
Əhməd ağa Gülməmmədov (17 aprel 1878 – 1937, Bakı) — müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu.
Əhməd ağa Gülməmmədov | |
---|---|
Əhməd ağa Gülməmmədov | |
Doğum tarixi | 17 aprel 1878 |
Vəfat tarixi | 1937 |
Vəfat yeri | |
Fəaliyyəti | pedaqoq |
Əhməd ağa Gülməmməd ağa oğlu Gülməmmədov 17 aprel 1878-ci ildə Qazax qəzasının Salahlı kəndində ağalar/bəylər zümrəsindən olan xırda mülkədar ailəsində doğulmuşdu. Qarayazı qoruğunda meşəbəyi işləyən ataları Gülməmməd ağa zəmanəsinin gözüaçıq adamlarından idi və övladlarına rus təhsili verməyi qərara almışdı. Əhməd ağa ibtidai təhsilini Salahlıda Əhməd ağa Mustafayevin müdir olduğu kənd məktəbində almışdı.
Tiflis Sünni Ruhani Mədrəsəsinin fondunda atası Gülməmməd ağa Osman ağa oğlunun 1891-ci il tarixli ərizəsinə rast gəldik: oğlu Əhmədin (9 yaş) və Mahmudun (8 yaş) dövlət hesabına mədrəsəyə qəbul olunmasını xahiş edir. Əhməd ağanın çox sonralara aid yazılarına əsaslansaq, uşaqların Tiflisdə məktəbə qoyulması ideyasını Gülməmməd ağaya onunla bir yerdə meşəbəyi işləyən Xatisov adlı erməni dostu veribmiş və bu işdə Gülməmməd ağaya kömək edibmiş.
Gülməmməd ağa 1893-cü ildə dünyasını dəyişdikdən sonra Əhməd ağa öz böyük qardaşı Məmməd ağanın himayəsinə keçmişdir. Əhməd ağa Tiflisdə müəyyən müddət oxuduqdan sonra 1897-ci ildə Zaqafqaziya(Qori) Müəllimlər Seminariyasının aşağı hazırlıq sinfinə qəbul olunur. 1902-ci ildə buranı bitirən 8 məzundan biridir. Onun sonrakı həyatı maariflə bağlı olmuşdur.
Əhməd ağa Gülməmmədov 1902–1904-cü illərdə Zaqatala qəzasının Balakən, Almalı, Car Tala məntəqələrində müəllim işləmiş, az zaman içərisində bacarıqlı müəllim, xeyirxah ziyalı kimi yerli əhalinin hörmətini qazanmışdı..
1904-cü ildə ailə vəziyyəti ilə bağlı Salahlıya dönməli olan Əhməd ağa 1906-cı ilin yanvarından 1918-ci ilə qədər kənddə Mədinə xanım Vəkilovanın (Qiyasbəyli) açdığı qız məktəbində türk dilindən dərs deyirdi. Qəzanın fəal müəllimlərindən olmuş, pedaqoji konfranslarda dəfələrlə maraqlı məruzələrlə çıxışlar etmişdi.
Qori Seminariyası Qazaxa köçürüldükdən sonra Firudin bəy Köçərli, Əhməd ağa Mustafayev və sair tanınmış pedaqoqlarla çiyin-çiyinə burada çalışır. Seminariyada dərs deyərkən Səməd Vurğun, Osman Sarıvəlli, Möhsün Poladov, Əsgər Xasməmmədov, Məcid Şərifov, Osman Cəfərov, Hüseyn Nəsibov kimi sonralar parlamış adamlar onun sevimli tələbələrindən olmuşdular.
Sovetləşmədən sonra Çaylı və Orta Salahlıda açılan məktəblərdə müəllimlik etmiş, 1923-cü ildə yenidən Seminariyaya dəvət olunmuş, 1927-ci ilə qədər — yəni həbs olunan günədək burada çalışmışdır.
Əhməd ağa 17 mart 1927-ci ildə həbs olunmuşdu. Onun barəsində DSİ orqanlarının əlində olan məlumata görə, "1925-ci ildə gizli fəaliyyət göstərən antisovet Müsavat Firqəsinə üzv olmuşdur, Qarsda yaşayan qardaşı, keçmiş zabit Osman ağa və qardaşı oğlu Gülməmməd ağa Gülməmmədovlarla yazışır". Əhməd ağa "AzÇK" kollegiyasının 15 mart 1928-ci il tarixli qərarı ilə 3 il müddətinə həbs cəzasına məhkum edilir.
Əsl səbəb isə, yuxarıda deyildiyi kimi, onun "ÇK"nın təklifindən imtina etməsi idi. Qazax "ÇK"sında Osman ağanın və Gülməmməd ağanın şəxsiyyətinə ciddi maraq vardı. "AzÇK" onların Türkiyə vətəndaşlığına keçdiklərindən, orduya xidmətə qəbul olunduqlarından xəbərdar idi.
Həbsdə yatan Əhməd ağa 1 il 6 aydan sonra ərizə yazıb könüllü olaraq sürgünə yollanır (28 oktyabr 1928-ci il). Moskvanın paylayıcı Butırka həbsxanasında onun üçün sürgün yeri Cənubi Uralın Şadrinsk şəhəri (indiki Kurqan vilayətində rayon mərkəzi) müəyyən olunur..
Sürgün yerində rəsmi orqanlara — AzDSİ prokuroruna, ÜRMİK sədri Mixail Kalininə ərizə verərək günahsız yerə həbs olunduğunu göstərir və azad edilməsini xahiş edir. Əhməd ağa göstərirdi ki, o, heç vaxt Müsavat Firqəsinin üzvü olmayıb. Qardaşı Osman ağa və qardaşı oğlu Gülməmməd ağa barəsində 1920-ci ildən 1926-cı ilə qədər heç bir məlumatı olmayıb. 1926-cı ildə onlardan qəfildən məktub alıb, yazıb xahiş edirlərmiş ki, sovet orqanlarına müraciət etsin, Vətənə qayıtmaq istəyirlər, əgər icazə verilərsə, qayıdıb gələcəklər. Əhməd ağa bu məktubu götürüb lazımi orqanlara müraciət etməyə başlayır. Bu müraciət isə sonradan onun özünün əleyhinə çevrilir.
Osman ağa və qardaşı oğlu Vətəndən müsbət cavab gəlmədiyini görüb Türkiyə vətəndaşlığını qəbul etməli olurlar.
Şadrinskdə Əhməd ağanın ərizəsini araşdıran Rıskin belə bir rəy verir ki, "…heç bir antisovet fəaliyyətini büruzə verməyib, siyasi fizionomiyasını üzə çıxarmayıb, qısa müddətdən bəri sürgündə olduğundan onu siyasi tərəfdən öyrənmək mümkün deyildi, ona görə də vaxtından əvvəl azad edilmək vəsatətinə rədd cavabı verilsin".
Sürgün yerində Əhməd ağanın işinin üstünə üç il də artırılması, görünür, bu müraciətlərindən sonra olmuşdu. Beləliklə, sürgün məşəqqətləri 1934-cü ildə bitir, xəstə, qocalmış və zəifləmiş bir vəziyyətdə gedib Aşqabadda ailəsinə qovuşa bilir..
Əhməd ağa tutulanda oğulluğu — müəllim işləyən Əhməd ağa Vəkilov ailəni (anasını və bacısını) da götürüb təyinat yeri olan Lənkərana köçür. Bir müddətdən sonra nə fikirləşirsə, ana-bacısını da götürüb Türkmənistana pedaqoji işə yollanır. Görünür, onun bu addımı siyasi məhbusların ailəliklə sürgünə göndərilmə təcrübəsi qarşısında ehtiyat hissindən irəli gəlirdi. Hər halda, anası Salatın xanımı və azyaşlı bacısı Zəkiyyəni sürgün təhlükəsindən xilas etmiş olur.
Əhməd ağa ailəsinə qovuşduqdan sonra bir müddət Aşqabatda yaşayışlarını davam etdirirlər. Burada şəhər məktəbində direktor işləyən oğulluğu Əhməd Vəkilov ali təhsil almaq üçün 1935-ci ildə Bakıya gəlib ADU-nun təzəcə açılmış riyaziyyat fakültəsinə daxil olduğundan ailəliklə vətənə qayıtmalı olurlar.
Əhməd ağa Gülməmmədov öz müəllim dostu, xalq maarif komissarının müavini, köhnə ziyalılara xüsusi rəğbəti olan Pənah Qasımovun köməyi ilə 46 saylı şəhər məktəbinə müəllim təyin edilir. Lakin onu yenə rahat buraxmırlar. Tez-tez XDİK orqanlarına çağırıb Türkiyəyə həmin məktubu yazmasını, sürgündən qayıdanlardan xəbərçilik etməsini tələb edirlər, lakin razılıq vermir (onu rahat buraxmadıqlarını, tələblərinin məzmununu gizlicə Salatın xanıma deyirmiş).
Odur ki, 1937-ci il dekabrın 12-nə keçən gecə "sürgündən qayıdan müsavatçılarla əlaqələrini bərpa edib antisovet böhtançı xarakterli söhbətlər aparır" kimi şablon ittihamla həbsə alınmışdır. "Vay, köpək uşağı yenə gəldi!.." — gecəyarısı qapı döyüləndə arvadına belə deyib.
Bu həbsin istintaq materiallarından da göründüyü kimi, dindirmələr zamanı bütün ittihamları rədd edir, heç kəsin əleyhinə ifadə vermir. Dekabrın 31-də XDİK xüsusi üçlüyünün qərarı ilə bu 60 yaşlı kişiyə, ömrünün az qala 30 ilini xalq maarifinə həsr etmiş sadə xalq müəlliminə güllələnmə hökmü çıxarılır.
Adətən belə hökmlər çıxarıldıqdan bir-iki gün sonra yerinə yetirildiyi halda, müəllim Əhməd ağa Gülmməmədov barəsində nədənsə ləngiməyə yol verilmiş, hökmü aradan bir müddət keçəndən sonra — yanvarın 16-da icra etmişlər… Bəlkə də, onun "həmin" məktubu yazacağına ümidlərini itirməyiblərmiş…
Oğlu Fərhad Gülməmmədov 1956-cı ildə atasına bəraət hökmü alsa da, bu, onun özünə gərək deyildi, övladlarına isə, sadəcə, bir təsəlli idi.