Əli İldırımoğlu

Əli İldırımoğlu (doğum adı: Əli İldırım oğlu Məmişov; 17 noyabr 1927, Əliquluuşağı18 noyabr 2020, Bakı) — nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996), Jurnalistlər Birliyinin üzvü (1963), Azərbaycan SSR əməkdar jurnalisti (1988), Əmək veteranı (1998), "Qızıl qələm" mükafatı laureatı (1963), "Şöhrət" ordenli (2007).[1]

Əli İldırımoğlu
Əli İldırım oğlu Məmişov
Doğum adı İldırım Məmişov
Təxəllüsü Əli İldırımoğlu (İldırımzadə)
Doğum tarixi
Doğum yeri Əliquluuşağı, Zəngəzur qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (93 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Əli Məmişov
Fəaliyyəti yazıçı, jurnalist
Mükafatları "Azərbaycan SSR əməkdar jurnalisti" fəxri adı — 1988 "Qızıl qələm" mükafatı — 1963
"Şöhrət" ordeni — 2007 "Əmək veteranı" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
İmza
aliildirimoglu.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əli İldırımoğlu (Məmişov) 1927-ci il noyabr ayının 17-də hazırkı Qubadlı rayonunun Əliquluuşağı kəndində rəncbər ailəsində anadan olmuşdur.[1] Burada orta məktəbin VIII sinifdə oxuyarkən 1941–1945-ci illəri əhatə edən Böyük Vətən müharibəsi başlanmışdı. VIII–IX siniflərdə çoxluq təşkil edən və əsgərlik yaşına çatmış oğlanlar müharibəyə cəlb olunduğundan həmin siniflər tədris fəaliyyətini dayandırmışdı. Məktəbin direktorluğu onun fəal şagird olduğunu nəzərə alıb, birbaşa qızların çoxluq təşkil etdiyi və bu səbəbdən tədrisi davam etdirdilən X sinfə keçirilmişdi. Beləliklə, Əli İldırımoğlu VIII sinfi başa vurub, IX sinifdə oxumadan, birbaşa X sinfə keçmiş və həmin orta məktəbi müvəffəqiyyətlə bitirmişdir.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Müharibənin gedişi ilə əlaqədar olaraq, kəndlərdə müəllim qıtlığı yaranmışdı. Ona görə də elə həmin il Əli İldırımoğlu Şuşa şəhərində açılmış müəllim kadrları hazırlayan iki aylıq kursa göndərilmişdir. Həmin kursu bitirdikdən sonra 1941–1942-ci dərs ilində ilk dəfə olaraq Məlikəhmədli kənd ibtidai məktəbində sinif müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1946-cı ilə qədər rayonun Xıdırlı, Novlu, Xəndək ibtidai, Teymur Musganlı yeddiillik məktəblərində müəllim işləmişdir.

Qiyabi yolla Laçın Pedaqoji Texnikumunu, 1946–1948-ci illərdə Ağdam ikiillik Müəllimlər İnstitutunun Tarix fakültəsini bitirdikdən sonra yenidən pedaqoji fəaliyyətini davam etdirmişdir. Əliquluuşağı, Dondarlı, Muradxanlı orta məktəblərində direktorun tədris işləri üzə müavini işləmişdir. 1951-ci ildən rayon maarif şöbəsinin inspektoru, Qubadlıda nəşr edilən "Avanqard" rayon qəzetinin məsul katibi, sonra isə redaktor vəzifələrində çalışmışdır.

1955-ci ilin yanvar ayından 1990-ci ilin sonuna qədər "Kommunist" qəzetinin xüsusi müxbiri kimi Naxçıvan, Qarabağ, Dağlıq Qarabağ, Mil-Muğan. Sumqayıt-Quba zonaları üzrə fəaliyyət göstərmişdir.

"Kommunist" qəzetində qeyri-normal mühit yarandığından öz təşəbbüsü ilə 1990–1992-cı illərdə "Həyat" qəzetinə işə keçmişdir və həmin mətbu orqanında eyni zonada (Abşeron, Sumqayıt, Dəvəçi, Quba, Qusar, Xaçmaz rayonlarında) xüsusi müxbir işlədikdən sonra ərizəsi ilə təqaüdə çıxmışdır. Əli İldırımoğlu 1992-ci ildən fərdi təqaüdçüdür.[1]

Ədəbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən ibarət olan "Yazım-yazmayım", "Mayaklar", "Telepat", "Çinarlı", "Dərd", "Silinməz izlər" kitablarının, "Həmin adam", "Közərən sətirlər". "Mənim rəncbər atam'", iki hissədən ibarət olan "Zorən jurnalist", "Aqibət". "Qarlı gecələr", "Daş yağan gün" romanlarının müəllifidir.[1]

"Zorən jurnalist" romanının birinci hissəsi ("Eşq, qələm və qovğa" adı altında), "Mənim rəncbər atam", "Aqibət" romanları türk dilinə, "Aqibət" romanı rumın dilinə tərcümə edilib böyük tirajla nəşr olunmuşdur. "Mənim rəncbər atam" romanı İranda ərəb əlifbası ilə nəşr olunmuşdur.

2007-ci ildə onun seçilmiş əsərləri çapdan çıxmışdır. Əsərləri barədə 2006-cı ildə tənqidçi Bəsti Əlibəylinin, 2009-cu ildə filologiya elmləri namizədi Qurban Bayramovun "Milli-mənəvi dəyərlərin bədii salnaməsi" monoqrafiyaları nəşr olunmuşdur.

Beş övlad atasıdır. Oğlanlarından Yusif İldırımzadə hüquqşünasdır, həm də elmlər namizədidir. Yunis İldırımzadə "Əmrahbank"ın prezidentidir. Rasim İldırımzadə polis əməkdaşıdır, polkovnikdir. Nazim İldırımzadə isə həkimdir. Qızı Səadət İldırımzadə filologiya elmləri namizədidir. Həyat yoldaşı Şəfiqə Müəllimlər İnstitutunu bitirib. 13 nəvəsi, 9 nəticəsi var. Övladlarının hamısı İldırımzadə familiyasını daşıyır.

Əli İldırımoğlu 1941–1945-ci illərdə arxa cəbhədə göstərdiyi "Rəşadətli əməyə görə" medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 noyabr tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatı və jurnalistikasının inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. 1966-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1988-ci il noyabrın 15-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə "Əməkdar jurnalisti" adına layiq görülüb. "Qızıl qələm", "Ali Araz", "Ustad jurnalist", "Əbdürrəhim bəy Haqverdiyev" adına mükafatların laureatıdır. Türkiyənin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən türk ədəbiyyatının inkişafında göstərdiyi xidmətlərə görə "Türk Ədəbiyyatına Xidmət" beynəlxalq mükafata və Milli mükafata layiq görülüb.[1]

  1. "Mayaklar". Bakı: Gənclik, 1974, 103 səh.
  2. "Yazım, yazmayım". Bakı: Yazıçı, 1982, 263 səh.
  3. "Çinarlı". Bakı: Gənclik, 1984, 309 səh.
  4. "Həmin adam" (roman). Bakı: Yazıçı, 1987, 259 səh.
  5. "Dərd". Bakı: Gənclik, 1993, 271 səh.
  6. "Telepat". Bakı: Azərnəşr, 1994, 367 səh.
  7. "Zorən jurnalist" (roman). Bakı: Azərnəşr, 1995, 445 səh.
  8. "Silinməz izlər". Bakı: Maarif, 1997, 350 səh.
  9. "Közərən sətirlər". Bakı: Gənclik, 1999, 266 səh.
  10. "Mənim rəncbər atam" (roman). Bakı: Gənclik, 2002, 327 səh.
  11. "Qarlı gecələr" (roman). Bakı: Nurlan, 2004, 288 səh.
  12. "Həmin adam". Bakı: Nurlan, 2007, 368 səh.
  13. "Aqibət". Bakı: Nurlan, 2007, 368 səh.
  14. "Daş yağan gün". Bakı: Elm və təhsil, 2010, 240 səh.

Haqqında yazılanlar

[redaktə | mənbəni redaktə et]
  • Qurban Bayramov. Əli İldırımoğlunun yaradıcılıq yolu (monoqrafiya). Bakı, "Nurlan",2009, 560 səh.

Ömür ağacı (film, 2002)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 Teymur Əhmədov. "Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)". Bakı: "Nurlar" NPM. 2011. 1056. ISBN 978 9952 460 06 3.