Əli Həsənli (19 fevral 1942, Bərdə) — yazıçı, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988).
Əli Həsənli | |
---|---|
Əli Kərim oğlu Həsənov | |
Doğum tarixi | |
Doğum yeri | Bərdə şəhəri |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Fəaliyyəti | yazıçı, şair, publisist |
Əli Həsənli 1942-ci ilin fevral ayının 19-da Azərbaycanın Bərdə şəhərində anadan olmuşdur. Burada 3 saylı səhər orta məktəbini bitirmişdir (1948-1958). Leytnant Şmidt (sonralar Səttarxan) adına maşınqayırma zavodunda çilingər işləmişdir (1958-1960)[1].
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil almışdır (1963-1968). Universiteti bitirdikdən sonra təyinatla göndərildiyi İsmayıllı rayonunun Hacatamlı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir (1968-1970). Daha sonra İsmayıllı rayonunun İvanovka kənd məktəbində ixtisası üzrə müəllimlik fəaliyyətini davam etdirmişdir (1970-1976)[1].
1977-ci ildə Bakıya gələrək “Elm və həyat” jurnalı redaksiyasında fotoqrafçılıqdan jurnalistliyə kimi müxtəlif vəzifələrdə çalışmışdır. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Uzun müddət “Ədəbiyyat və incəsənət” (indiki “Ədəbiyyat qəzeti”) qəzeti redaksiyasında məktublar şöbəsində fəaliyyət göstərmişdir. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin “Oğuz eli” qəzetinin “Yazıçı” xüsusi buraxılışının məsul katibidir[1].
Əli Həsənli 1970-ci ildən Azərbaycan mətbuatında şeir, hekayə və povestləri ilə çıxış edir. O, müxtəlif janrlarda əsərlər yazsa da, daha çox yazıçı kimi tanınır. Orijinal yaradıcılıq erudisiyasına malik olan müəllifin əsərləri özünəməxsus bədii təhkiyə tərzi və üslubu ilə seçilir. “Xınalı yarpaqlar” (1985), “Güman” (1991), “Çağ” (2010), “İlğım” (2011) və başqa nəsr və poeziya kitablarının müəllifidir. Əsərləri toplu halda beş cilddə nəşr olunmuşdur[1].
Ramiz Rövşən (şair):
“Mən bilən, Əli heç vaxt generallıq iddiasına düşməyib. Bir qələm sahibi kimi, bəlkə də onun eybidi. Amma hər halda, ən böyük hörmətə layiq olan əsgər ordular məğlub olandan, generallar təslimçilik aktını imzalayandan sonra da öz silahını atmayan, səngərini tərk etməyən əsgərdi.” |
Məmməd Oruc (yazıçı):
“Mənə elə gəlir ki, Əli özünəməxsus nəsri ilə ziddiyyətlər burulğanı yaradır və oxucusunu (həm də qəhrəmanını) bu burulğanda batırmaqdan həzz alır. Sonra da bu həzz ən böyük mənəvi ağrıya çevrilir.” |
Vaqif Bayatlı Odər (şair):
“İlahi hamının layiq olduğu yeri insanların ədalət çərçivəsində, insanların gözündə yox, öz yanında, öz ətəyində hazırlayır. Əslində bu insani, anti-insani həqiqət həm də Azərbaycan ədəbi mühitinin amansız şəklidir. Çünki bu mühitlə bir çox ədibləri şişirdilmiş, özlərinə və ədəbiyyata layiq olmadığı şəkildə görürəm və əksinə, neçə-neçə istedadlı adamları - ədibləri incidilmiş, küsdürülmüş, unudulmuş, istedadların istedadsızlardan qat-qat aşağıda tutulduğunu görürəm. Əli Həsənli də belə unudulanlardan, bəlkə də ən çox unudulanlardandı.” |