Əmanət kassaları və kiçik kredit məsələləri idarəsi

Əmanət kassaları və kiçik kredit məsələləri idarəsiAzərbaycan Xalq Cümhuriyyətinin təsərrüfat-iqtisadi həyatını canlandırmaq və pul dövriyyəsini tənzimləmək məqsədilə yaradılmış qurum.

Bu qurumun funksiyasını həyata keçirən vəzifə, əsasən, Dövlət Bankına həvalə olunmuşdu. Bank həmin vəzifəni daha mükəmməl şəkildə yerinə yetirmək üçün onunla əlaqədə işləyən və ya onun göstərişləri əsasında fəaliyyət göstərən digər idarələrlə əməkdaşlıq etməli idi. Bunların sırasında əmanət kassaları birinci yer tuturdu. Ona görə də Azərbaycanın əmanət kassalarını işə salmaq üçün 1919-cu il oktyabrın 11-də Parlament Azərbaycan dövlət əmanət kassalarının nizamnamələrini, ştat cədvəlini və smetalarını təsdiq etdi. Bakı, Gəncə, Ağdaş, Göyçay, Zaqatala, Qazax, Quba, Nuxa (Şəki), Salyan, Şamaxı, Şuşa və s. xəzinədarlıqları və onların qeydiyyatında olan poçt-teleqraf kassalarındakı mərkəzi əmanət kassalarını açdı.

Əmanət kassaları

[redaktə | mənbəni redaktə et]

Əmanət kassalarının vəzifəsi artıq pul kütləsini dövriyəyə cəlb etəmk idi. Bundan əlavə, Dövlət Bankına əmanət kassaları vasitəsilə daxil olan vəsait Hökumətin göstərişinə uyğun olaraq, bank tərəfindən istifadə edilirdi. Azərbaycanın dövlət əmanət kassaları Rusiyadakı əmanət kassaları üçün səciyyəvi olan forma və prinsiplər əsasında fəaliyyət göstərsə də, bu kassaların ölkə həyatının iqtisadi və siyasi şəraitindən doğan bəzi özəllikləri də vardı:

Azərbaycan Xalq Cümhuriyyətinin özünün faizli kağızları olmadığına görə, əmanət kassalarının öz passivlərini yerləşdirmək, habelə maliyyə nazirinin təsdiq etdiyi siyahıya əsasən və ya onun göstərişi ilə əmanətçilər üçün onların tapşırığına görə hər cür faizli kağızlar almaq hüququ vardı. Dövlət faizli kağızlar buraxacağı təqdirdə bu tədbir əhəmiyyətli ola bilər, eləcə də yerli ipoteka kağızlarının məzənnəsinin möhkəmlənməsinə xidmət edərdi.

Əməliyyat kassalarının əməliyyatlarını inkişaf etdirmək və pul dövriyyəsinin qaydaya salınmasına, yəni əmanət kassalarında çek dövriyyəsinin tətbiqinə kömək etmək məqsədi ilə Maliyyə Nazirliyi bu sahədə dəyişikliklər aparılmasını nəzərdə tutmuşdu. Əmanət kassalarına nəzarət və rəhbərlik üçün Azərbaycan Dövlət Əmanət Kassaları idarəsi yaradılmışdı. Ona kiçik kredit idarələrinə rəhbərlik və nəzarət etmək də həvalə olunmuşdu.

1920-ci il yanvarın 15-də Parlamentin təsdiq etdiyi qanuna uyğun olaraq, əsas kapitalın yaradılması və artırılması üçün kiçik kredit idarələrinə borc verilməsi nəzərdə tutulmuşdu. Bundan ötrü Azərbaycan əmanət kassaları və kiçik kredit idarələrinin sərəncamındakı xüsusi fonda xəzinə vəsaitindən 2 milyon manat ayrılmalı idi. Aprel işğalı (1920) nəticəsində digər maliyyə qurumları kimi əmanət kassaları və kiçik kredit idarələrinin fəaliyyəti də yarımçıq qaldı. [1]

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 361