Əminağa Sadıqov (18 dekabr 1962, Lerik) — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor.[1] Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini.
Əminağa Sadıqov | |
---|---|
Əminağa Bəhmən oğlu Sadıqov | |
Fayl:Əminağa Sadıqov.jpg | |
Doğum tarixi | 18 dekabr 1962 (61 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Sadıqova Bənövşə |
Uşaqları | Vəfa, Rüstəm, Ziya |
Atası | Bəhmən |
Anası | Nəcimə |
Elm sahələri | Tətbiqi-riyaziyyat, kompüter elmləri |
Elmi dərəcəsi | Texnika elmlər doktoru |
Elmi adları | AMEA-nın müxbir üzvü, professor |
İş yerləri | Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi |
Alma-mater | Dnepr Milli Universiteti |
Təhsili | Ali |
Elmi rəhbərləri | Prof. Privarnikov A.K., Akademik Telman Əliyev |
Mükafatları |
Əminağa Sadıqov 18 dekabr 1962-ci ildə Lerikdə anadan olmuşdur. 1980-ci ildə Bakı şəhərində 1 saylı respublika fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirərək Dnepropetrovsk Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsinə qəbul olunmuş, 1985-ci ildə adı çəkilən universiteti bitirmişdir. 1992-ci ildə həmin Universitetdə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda "Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellər və informasiya texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsini almışdır. 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını almışdır. 2 may 2017-ci ildə "Kompüter elmləri" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 1 may 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi(vitse-prezidenti) və AMEA Rəyasət Heyətinin üzvü seçilmişdir.
1 dekabr 2020-ci ildə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru təyin edilmişdir. 2021–2023-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsində işləmişdir. 12 yanvar 2024-cü ildə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini təyin edilmişdir.
Ana dilindən başqa ingilis, rus, türk və ukrain dillərini bilir.
Evlidir, 1 qızı və 2 oğlu var.
Əmək fəaliyyətinə 1985-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi kimi başlamışdır. 1988-ci ildən AMEA-nın Rəyasət Heyətində elmi katib, 1998-ci ildən AMEA Rəyasət Heyəti Elmi-Təşkilat Şöbəsinin rəisi, 2013-cü ildən isə AMEA Rəyasət Heyəti Elmi-Təşkilat İdarəsinin rəisi, 2015-ci ildən AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil Baş İdarəsinin rəisi vəzifələrində işləmişdir. 1 may 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi(vitse-prezidenti) və AMEA Rəyasət Heyətinin üzvü seçilmişdir. 11 dekabr 2020-ci ildə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru təyin edilmişdir. 2021–2023-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsində işləmişdir. 12 yanvar 2024-cü ildə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini təyin edilmişdir. Müxtəlif illərdə Azərbaycanın aparıcı universitetlərdə pedaqoji fəaliyyət göstərmişdir. Əqli mülkiyyət və İnnovasiya İctimai Birliyinin sədri, İdarəetmə Sistemləri İnstitutunda və Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində fəaliyyət göstərən dissertasiya şuralarının üzvü, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının eksperti, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Elmşünaslıq üzrə Elmi Şurasının üzvüdür.
Əminağa Sadıqov dünyanın 40-a yaxın ölkəsində, o cümlədən Amerika Birləşmiş Ştatları, Kanada, İsrail, Almaniya, Fransa, Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsveç, Malayziya və s. ölkələrdə keçirilmiş 60-dan çox nüfuzlu beynəlxalq tədbirdə Azərbaycan Respublikasını və Azərbaycan Milli Elmlər Akademiyasını təmsil etmişdir.
Əminağa Sadıqov 190 elmi əsərin, o cümlədən 4 elmi monoqrafiyanın, 6 kitabın, habelə 2 patentin və 2 ixtiranın müəllifidir.
Əminağa Sadıqov Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[2] Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının medalı ilə təltif olunub. Səmərəli elmi və elmi-təşkilati fəaliyyətinə görə 4 dəfə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub. Beynəlxalq Reytinq Akademiyasının, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medallarına, həmçinin bir sıra beynəlxalq və respublika səviyyəli qeyri-hökumət təşkilatlarının təltiflərinə layiq görülmüşdür. 2017-ci ildə Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilən rəy sorğusuna görə Ə. Sadıqov "İlin nüfuzlu ziyalısı" ali media mükafatına layiq görülmüşdür.