Ənvər Oruc oğlu Hümbətov (1 yanvar 1950, Məscidli Görarxı, Marneuli rayonu – 4 iyul 1993, Abxaziya) — leytenant, Abxaziya müharibəsi iştirakçısı. "Döyüş meydanında göstərdiyi igidliyə və cəsurluğa görə" "Vaxtanq Qorqasali" ordeni ilə təltif olunub.
Ənvər Hümbətov | |
---|---|
Ənvər Oruc oğlu Hümbətov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1950 |
Doğum yeri | |
Vəfat tarixi | 4 iyul 1993 (43 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | azərbaycanlı |
Qoşun növü | Raketdən mühafizə |
Xidmət illəri | 1992-1993 |
Rütbəsi | Leytenant |
Döyüşlər | Abxaziya müharibəsi |
Təltifləri |
Ağır iqtisadi vəziyyət ucbatından Ənvər Hümbətovun ailəsi Rustavi şəhərinə köçüb. O, Rustavi şəhər 12 saylı orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra, Rustavi metallurgiya zavodunda çalışmağa başlamış, eyni zamanda da Gürcüstan Texniki Universitetinin Rustavı filialında metallurgiya bölməsində təhsilini davam etdirmişdir.
Çalışdığı zavodda qısa müddət ərzində zavodun koks-kimya sexinin baş mexaniki vəzifəsinə yüksəlmişdir.
Təhsilini başa vurduqdan sonra sovet ordusunun Polşadakı raketdən mühafizə birləşməsində xidmət etmiş, xidmətini bitirdikdən sonra leytenant rütbəsi ilə Gürcüstana geri dönmüşdür.
Fatma Xasiyeva ilə ailə həyatı qurmuş və Ofeliya və Emil adlı övladları dünyaya gəlmişdir.[1]
Sovet İttifaqı dağıldıqdan sonra Gürcüstanda seperatçı çıxışlar baş qaldırdı. 1992-ci ilin sonlarında Abxaz separatçılarının fəallaşmasından sonra Ənvər Hümbətov, Rustavi hərbi komissarlığına müraciət edərək, könüllü hərbi xidmətə yollanmışdır. O, döyüşlərin ən qızğın olduğu — Oçamçira, Tkvarçeli, Labra və Şroma kimi bölgələrdə döyüşmüşdür.
1993-cü ilin, iyul ayının 4-də, hərbi tapşırığı uğurla yerinə yetirib, geri dönərkən pusquya düşərək, mühasirədə qalan dəstəni özünü fəda edərək xilas etmişdir. Təxmini hesablamalara görə, Ənvər Hümbətovun bu fədəkarlığı sayəsində 25-30 nəfər ölümdən xilas olmuşdur.
Ənvər Hümbətov vəfat edərkən 43 yaşında idi, ailəsinin və özünün vəsiyyəti əsasında doğulduğu Məscidli Görarxı kəndində dəfn edilmişdir.[1]
Ənvər Hümbətov 30 dekabr 1994-cü ildə Gürcüstan prezidentinin fərmanına əsasən "Döyüş meydanında göstərdiyi igidliyə və cəsurluğa görə" "Vaxtanq Qorqasali" ordeni ilə təltif olunmuşdur.[2] "Vaxtanq Qorqasali" ordeni Gürcüstanda hərbi şücaətə görə verilən ən yüksək ordendir.
Gürcüstanın paytaxtı Tbilisiin mərkəzi meydanlarından olan "Qəhrəmanlar meydanın"da Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların şərəfinə ucaldılmış olan memorial abidə də Ənvər Oruc oğlu Hümbətovun da adı yazılmışdır.
David Maysuradzenin gürcü dilində yazdığı və Azərbaycan-Gürcüstan dostluğundan bəhs edən "Vətən oğulları" kitabında Ənvər Hümbətovdan xüsusi bəhs etmişdir. O, bu kitabda 600-a qədər Gürcüstan azərbaycanlısının Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşdüyünü bildirir. Bunlardan 13 nəfəri "Vaxtanq Qorqasali" ordeni almışdır.[1]