Əsəbkəf — Babək rayonunda dağ.
Əsəbkəf |
---|
Babək rayonunda dağ. Hündürlüyü 1661 m. Oronim Asəfkəhv adından təhrif olunmuşdur. Əsədkef variantında da qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, Asəf (ər. "büt") və kəf (ər. kəhv "təbii mağara") sözlərindən yaranan toponim "büt mağarası" mənasını ifadə edir. Yerli əhali dağdakı mağaraya qədimdən ziyarətə gedir, qurbanlar kəsir. Dağdakı mağara ilə bağlı belə bir rəvayət vardır: Yunis peyğəmbərin dövründə üç nəfər müqəddəs Şəxs bir itlə həmin mağaraya girmiş və orada ölmüşdür. Uzun müddətdən sonra dirilərək möcüzə sahibi olmuşdur. Digər rəvayətə görə, islamı qəbul etmiş təqib olunan bir qrup şəxs mağaraya girmiş, 300 il yuxuya getdikdən sonra ayılmışdır. Əslində, oronim ərəb dilindəki əshab (bir qrup adam) və kəf (mağara) komponentlərindən düzəlib, "mağara adamları" mənasındadır.[1]