Əziz Mirəhmədov (tam adı: Mirəhmədov Əziz Mirfeyzulla oğlu; 11 fevral 1920–2002) — ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1959), Azərbaycanın Əməkdar elm xadimi (1982), filologiya elmləri doktoru (1976), Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1980).[1]
ƏZİZ MİRƏHMƏDOV | |
---|---|
Əziz Mirfeyzulla oğlu Mirəhmədov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
İş yeri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
Əziz Mirəhmədov 1920-ci ildə Bakı şəhərində doğulmuşdur. İlk təhsilini Bakıda M. A. Əliyev və M. F. Axundov küçələrinin kəsişdiyi yerdə olan 25 nömrəli məktəbdə almışdır. Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuşdur. İlk məqaləsi hələ tələbə ikən "Azərbaycan müəllimi"nin sələfi olan "Müəllim qəzeti"nin 13 may 1938-ci il nömrəsində çap olunmuşdur. 1941-ci ildə APİ-ni bitirdikdən sonra gənc Əziz bir qədər orta və ali məktəblərdə dərs deyir, 1942-ci ildə Mərdəkandakı 156 nömrəli məktəbdə müəllim işləyir. 1943–1948-ci illərdə ADU-nun "Azərbaycan ədəbiyyatı" kafedrasında baş müəllim vəzifəsini tutur. Xalq şairi B. Vahabzadə də onun tələbəsi olmuşdur. Bəxtiyar Vahabzadənin xatirəsində deyilir: "Xəyalım ilk tanışlığımıza — 1943-cü ilin sentyabrına getdi. Bu o gün idi ki, gənc, ucaboy, qarayanız aspirant Əziz Mirəhmədov bizə dərs deyirdi. Gənc olmasına baxmayaraq, onda çılğınlığın, ötkəmliyin əlaməti belə yox idi. Çox asta və təmkinlə danışar, izah etmək istədiyi mətləbi yalnız faktlarla bizə dərk etdirməyə çalışardı". Onu yaxşı tanıyan müəllimləri H. Araslı və M. Arif tezliklə Əziz Mirəhmədovu Nizami adına Ədəbiyyat və Dil İnstitutuna dəvət edirlər. "Cəlil Məmmədquluzadə və XX əsrin əvvəllərində Azərbaycan mətbuatının inkişaf mərhələləri" mövzusunda dissertasiyasını müdafiə edib elmlər doktoru adını alır, 1980-ci ildə AMEA-nın müxbir üzvü seçilir. Azərbaycan ədəbiyyatının bir sıra açılmamış səhifələri Əziz müəllimin qismətinə düşmüşdü. O, "Molla Nəsrəddin" jurnalının 25 illik nömrələrinin transliterasiyası, 12 cilddə çapa hazırlanması və birinci cildin nəşr edilməsi işini də başa çatdırmışdı.[2]
Əziz Mirəhmədovun yaradıcılıq yolu ədəbi-elmi fikrimizin yarım əsrə yaxın əldə etdiyi nailiyyətləri, nəzəri axtarışların istiqamətlərini, onun uğurlarını və metodoloji qüsurlarını bütün dolğunluğu ilə özündə əks etdirir. Onun bir ədəbiyyatşünas kimi təfəkkür tipi Azərbaycan klassik filologiya məktəbinin ənənələri zəminində formalaşmış, milli-ədəbi irsi professionallıq və məsuliyyət hissi ilə öyrənməyin tarixi təcrübəsi onun alim və tədqiqatçı yaddaşına buradan süzülüb gəlmişdi.[3]
Əziz Mirəhmədovun ədəbiyyat tarixi və nəzəriyyəsi, mətbuat tarixi, mətnşünaslıq, biblioqrafiya və kitab mədəniyyətinə, həmçinin müasir ədəbi prosesin əsas istiqamətləri və imzaları haqqında çoxsaylı tədqiqatları onun elmi maraq dairəsinin genişliyini göstərməklə yanaşı, alimin bir tədqiqatçı kimi fərdi təhlil üsulunun da üstünlüklərini üzə çıxardır.[4]
Arxiv, sənəd, fakt yığımı ilə tarixi dövrlərin ictimai, fəlsəfi, siyasi, ədəbi, dini institutları arasındakı dialektik vəhdəti nəzərə alaraq onlar arasındakı əlaqənin mahiyyətini üzə çıxartmaqla elmi ümumiləşdirmələr aparmaq Əziz Mirəhmədovun bir ədəbiyyatşünas kimi seçdiyi təhlil üsulu, tədqiqatçılıq keyfiyyətidir. Onun əsərləri XIX və XX əsrlər bədii fikri haqqında yenidən düşünməkdə fakt, sənəd cəbbəxanası, mübahisə, mühakimə təcrübəsi kimi yaşamaq hüququnu ehtiva edir. Digər tərəfdən, alimin Avropa və rus ədəbiyyatşünaslıq məktəbləri ilə yanaşı, Şərq, xüsusən türk ədəbiyyatşünaslıq və estetik fikrinə eyni dərəcədə bələd olması onun tədqiqatlarında birtərəfli qiymətləndirmə və təhlil prinsiplərini, əsasən, aradan götürür.[5]
Bütün fəaliyyəti boyu çox məhsuldar işləyən Əziz Mirəhmədov 18 kitabın, 500-dən artıq elmi məqalənin müəllifidir. Onun "M. F. Axundov" (1953), "Abdulla Şaiq" (1956), "Sabir" (1958), "Məhəmməd Hadi" (1962 və 1981), "Azərbaycan Molla Nəsrəddini" (1980) , "Satirik gülüşün qüdrəti" (1981), "Ağlar güləyən" (1989) monoqrafiyaları, "XX əsr Azərbaycan ədəbiyyatında satiranın inkişafına dair" , "Zakir və XIX əsr Azərbaycan satirası", "XX əsrin əvvəllərində ədəbi hərəkat: tənqidi realizm" və s. sanballı məqalələri ədəbiyyatımızın tarixinin öyrənilməsində ən etibarlı mənbələrdəndir. Hələ 40-cı illərdə gənc Əziz iki cildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi"nin (1943–1944) hazırlanmasında yaxından iştirak edərək ilkin təcrübə qazanmış, sonrakı illərdə isə püxtələşmiş alim kimi üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin (1958–1960) əsas müəlliflərindən biri olmuşdur. O, nəşri planlaşdırılmış yeddicildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin də aparıcı müəlliflərindən biri idi. Yorulmaz tədqiqatçının böyük zəhməti bahasına müxtəlif illərdə Cəlil Məmmədquluzadənin əsərlərinin ikicildliyi (1951–1954), üçcildliyi (1966–1967) və altıcildliyi (1981–1985) çapa hazırlanıb nəşr edilmiş, onun tərəfindən hər nəşrə müqəddimə, izah və şərhlər yazılmışdır[2]
Əziz Mirəhmədovun M.Ə.Sabir haqqında Bakıda və Moskvada çap etdirdiyi fundamental monoqrafiyalar ədəbiyyatımızda ictimai satiranın tarixi gerçəkliyin təsiri ilə yeni, mütərəqqi məzmun qazanmasını, Sabir poeziyasının Azərbaycanda yeni tipli ədəbiyyatın təşəkkülündə rolunu, onun Yaxın Şərq xalqlarının ədəbiyyatında tənqidi-realist meylin inkişafına təsirini aydınlaşdırmaqla yanaşı, şerimizin poetik təkamülündə orijinal hadisə olduğunu və XX əsrdə davam etməkdə olan epiqon şeirin aradan götürülməsində praktik əhəmiyyətini üzə çıxarır. "Xudojestvennaya literatura" nəşriyyatının çap etdiyi "Ağlar güləyən" monoqrafiyası Sabir irsini keçmiş sovet məkanında təbliğ və təqdir etdiyi kimi, ədəbiyyatşünaslığımızın da bu səviyyədə təmsil olunmaq hüququnu və imkanlarını nümayiş etdirdi.[4]