Əzizbala Hacıyev (1895, Təbriz – 1973) — Azərbaycanda peşəkar fotoqrafiyanın əsasını qoyan şəxslərdən biri.
Əzizbala Hacıyev | |
---|---|
Əzizbala Məmməməli oğlu Hacıyev | |
Doğum tarixi | 1895 |
Doğum yeri | |
Vəfat tarixi | 1973 |
Ə. Hacıyev 1895-ci ildə Təbrizdə doğulmuşdur. Anası Səkinə xanım həmin vaxt qohumlarının toy mərasimində iştirak etmək üçün Təbrizdə idi. Təbrizdə dünyaya gəlməsi də sonralar onun Sovet dövləti tərəfindən repressiya olunması üçün bir əsas olacaqdı. Onun atası Məmmədəli Hacıyev əslən Qubadan idi. M. Hacıyev silah satışı ilə məşğul olurdu. Anası Səkinə xanım isə ipək və məxmər üzərində tikmə işi ilə tanınırdı. Ailə Bakıda Aşağı Dağlı məhəlləsində (Nijni Naqornıda) ata-baba mülkündə yaşayırdı. Əzizbalanı atasının ölümündən sonra ailənin yaxın qohumu, milyonçu Hacınski himayə etmişdir.
Əzizbala Hacıyev Bakı milyonçularından Ağa Rəsulovun qızı ilə ailə həyatı qurmuş və bu nikahdan 4 övladı doğulmuşdur. Bəyimxanım ailənin ilk övladı olmuşdur. Ailənin ən kiçik uşağı olan Zümrüd isə Böyük Vətən müharibəsi illərində təxminən 3–4 yaşlarında yeməkdən zəhərlənərək ölmüş, Paşa və Loğman isə daha sonralar dünyalarını dəyişmişlər.
Ə. Hacıyev Hacınskinin oğlanları ilə birlikdə kişi gimnaziyasını oxuyub bitirmişdir. Riyaziyyat fənnini yaxşı bildiyinə görə başqalarından fərqlənirdi. Gimnaziyanı bitirdikdən sonra o, Hacınskinin Bayıl qəsəbəsində şəxsi mülkləri icarəyə verən idarəsində işləməyə başlamışdır. Ə. Hacıyev sovet hakimiyyəti qurulduqdan sonra peşəkar fotoqrafiya ilə məşğul olmağa başlamışdır. Qeyd etmək lazımdır ki, bu sənətlə məşğul olmaq üçün şəhər qubernatorunun xüsusi icazə sənədi olmalı idi. XX əsrin əvvəllərində neft Bakısında foto işi ilə əsasən yəhudilər, ruslar və ermənilər məşğul olurdu. O zamanlar Bakıda ilk fotostudiya Bazar küçəsində (indiki Azərbaycan prospekti) yerləşirdi. Əzizbala da əvvəlcə burada fotoqraflar artelində çalışırdı.
Fotoqrafiyaya sonsuz həvəsi və marağı olduğu üçün öz şəxsi fotostudiyasını açmaq qərarına gəlir və bu məqsədlə Bayıl qəsəbəsində yer götürərək fotostudiyanı aça bilir. Əsrin əvvəllərində çoxmillətli Bakıda azərbaycanlı bir gəncin fotoqrafıya ilə məşğul olması, üstəlik studiya açması həmin dövr üçün çox cürətli bir addım hesab olunmalıdır. Fotostudiyada Əzizbala müəllim həm işləyir, həm də ailəsi ilə birlikdə yaşayırdı. Fotostudiya üçün lazım olan bütün avadanlıqları, hər cür xırdalığı da daxil olmaqla, o, Almaniyadan sifariş edib gətizdirirdi. Yüksək keyfiyyətli şəkil çıxarmaqdan ötrü foto sənəti üçün lazım olan bütün texniki vasitələrin, o zaman üçün texniki yeniliklər hesab edilən bu dəyərli avadanlıqların qiyməti də baha idi. Üstəlik onların Almaniyadan Bakıya gətirilməsi də çox xərc tələb edirdi. Həmin dövrdə foto sahəsində ən dəbdə olan bir mövzu portret mövzusu idi. Buna görə də fotostudiyanın divarları boyunca bir çox müxtəlif yaş və təbəqələrdən olan adamların portretləri asılardı.
Ə. Hacıyevin sənəti ilə bağlı olaraq çoxlu dost və tanışı var idi. Onun ən yaxın dostlarından biri Hüseyn Cavid idi. H. Cavid yenicə çapdan çıxmış əsərlərinin tam külliyyatının bir nüsxəsini ona hədiyyə etmişdi. Çox güman ki, bu hədiyyə də fotoqrafa çox baha başa gəldi. Stalinin şəxsiyyətinə pərəstiş dövrünün ab-havası bu ailədən də yan keçmədi. 1937-ci il repressiya qurbanlarının siyahısına daha bir ad əlavə olundu.
Onu həbsə atdıran bir erməni fotoqrafı oldu. Həmin bu erməninin fotostudiyası Ə. Hacıyevin iş yerinin yaxınlığında yerləşirdi. Gecə saat 3-də evlərindəki axtarışdan sonra atasının NKVD-nin həbsxanasına salınması bu ailənin sonrakı faciələrinin başlanğıcı oldu. Axtarış zamanı heç bir şey tapılmasa da, azərbaycanlı fotoqrafı məhkum etməkdən ötrü onun "canfəşanları" öz qüvvələrini əsirgəmədilər. H. Cavidin hədiyyə etdiyi kitabları isə axtarışa qədər Səkinə xanım həyətdəki təndirə atıb yandırmışdı. Azərbaycanlı fotoqrafa, Sibirə sürgün edilməklə, 5 il həbs cəzası kəsildi. O, İranla əlaqəsinə, qaçaqmalçılığa, H. Cavidlə dostluq etdiyinə görə ittiham olundu. Üstəlik onun bütün əmlakı müsadirə olundu, studiyası isə dağıdıldı.
Sonralar Hüseyn Cavidlə bağlı Əzizbala Hacıyevin dediklərindən: "Həbsxanada mən H. Cavidlə bir kamerada idim. O, məndən qələm istədi. Xoşbəxtlikdən üstümdə qələm var idi, ancaq qələm olsa da, kağız yox idi. Onda H. Cavid şeiri balışın üstündə yazmağa başladı." Sibirə sürgünə göndərilməsini isə fotoqraf belə xatırlayırdı: "Məni ağır cinayətlər törətmiş məhbuslar (avtoritetlər) olan bir yük vaqonuna mindirdilər. Vaqonda çox soyuq idi, hər yerdən külək vururdu. Onlar vaqonda olan digər məhbusların pal–paltarlarını əllərindən alıb geyinirdilər, hərdən isə bu məhbuslardan bəzilərini öldürüb, vaqon gedə-gedə döşəməsinin taxtalarını aralayıb meyitləri oradan atırdılar. Mənə isə nədənsə toxunmurdular. Nəhayət, bir müddətdən sonra onlardan biri mənə yaxınlaşdı və soruşdu: "Siz məni xatırlayırsınızmı? Mən sizi tanıyıram, siz fotoqrafsınız. Bayılda studiyada şəkil çəkdirmişəm. Şəklimi çox gözəl çəkmişdiniz. Məhz həmin adamın sayəsində mən sağ qala bildim".
Arxangelskdə sürgündə olarkən Əzizbala müəllimin, necə deyərlər, "bəxti gətirdi". Zona naçalnikinə fotoqraf lazım idi. Azərbaycanlı fotoqraf sənədlər üçün məhbusların şəkillərini çəkirdi. Əslində, sevdiyi peşəsi onu ölümdən belə qurtardı. Sürgün illərində məhbusun adına verilmiş sənədlərdən aydınlaşdırdıq ki, o, Arxangelsk vilayətində Oneqlaq adlı yerdə cəza çəkmişdir. Çox güman ki, həmin yer qəsəbə olmuşdur. Vətənə döndükdən sonra o dövrün qayda-qanununa görə ona 6 il Bakıda yaşamaq qadağan edildi. Əvvəlcə Gədəbəydə geoloji-kəşfiyyat işi ilə məşğul olan tanışı Səttar Süleymanovun yanında işləyir. S. Süleymanov Zaqatalaya göndəriləndə Ə. Hacıyev də onunla birlikdə burada işləməyə gedir. Repressiya qurbanı olmuş digər məhbuslar kimi Əzizbala müəllim də sürgündən tamam başqa bir adam kimi qayıdır. Əzab-əziyyətlər çəkmiş, həyatdan küsmüş Ə. Hacıyev bir daha öz sevimli sənətinə qayıda bilmir. Bakıya döndükdən sonra bir müddət mənzil-istismar idarələrindən birində müdir vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının 1920–1937-ci illərdə fəaliyyət göstərmiş ilk fotoqrafı Əzizbala Hacıyev 1973-cü ildə vəfat etmişdir.
XX əsrin başlanğıcında tikilmiş bu qədim binanın birinci mərtəbəsində vaxtı ilə Bayıldakı studiyada foto işində istifadə olunan avadanlıq və cihazlar illərlədir ki, bu evdə qorunub saxlanılır. Ə. Hacıyevin ata mülkü Bakının arxitekturasından bəhs edən və 2011-ci ildə çap edilmiş "Köhnə Bakının qapıları" adlı kitaba da salınmışdır. Dünyada ilk dəfə neftin çıxarıldığı Bakının tarixinin təbliği sahəsində bina və buradakı əşyalar unikal eksponat sayıla bilər.