“Ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyətçi təşkilatı” rəhbərlərinin işi

"Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı" (SEMƏMT) rəhbərlərinin işi – 1938–1956-cı illərdə bir neçə azərbaycanlı xalq təsərrüfatı rəhbəri, o cümlədən SSRİ Ali Soveti deputatının məhkum olunduğu və Azərbaycan SSR ali rəhbərliyi tərəfindən saxtalaşdırılmış siyasi istintaq işi. Bu iş üzrə "32 rayon partiya komitəsi katibi, 28 rayon icraiyyə komitəsi sədri, 15 xalq komissarı və onların müavinləri, 66 mühəndis, 88 Sovet ordusu və Hərbi-dəniz donanması komandiri, 8 professor və başqa səlahiyyətli şəxslər həbs edilərək güllələnmiş, ya da uzun müddətə azadlıqdan məhrum edilmişlər".[1]

Bu iş SSRİ-də "Sovetlər əleyhinə sağ-trotskiçi bloku"nun başçıları elan olunmuş Buxarin və Rıkovun üzərində aparılmış prosesin regional davamı idi.[2] İstintaqın iddiasına görə SEMƏMT Azərbaycan milliyətçilərinin əsasən başqa millətlərin nümayəndələrindən olan sağ-trotskiçilərlə birliyini təmin etmişdi.

Bu təşkilat ona görə "ehtiyatda olan" adlandırılmışdır ki, guya ondan qabaq 1936–1937-ci illərdə XDİK tərəfindən darmadağın edilmiş "əsas" təşkilatın əvəzində yaradılmışdı; bu yeni təşkilatın üzvləri o zaman ehtiyatda idilər və əsas təşkilat məhv ediləndən sonra onun işini bərpa etməyə çalışmışlar.[2]

SEMƏMT-in rəhbərləri

[redaktə | mənbəni redaktə et]

İstintaq işində aşağıda sadalanan təşkilatın rəhbərləri kimi bir neçə nəfər yüksək vəzifəli şəxs göstərilmişdir.[3] Onlardan beşi Azərbaycan SSR xalq təsərrüfatı rəhbəri və SSRİ Ali Sovetinin 1-ci çağırışının deputatları idi:

  1. Manaf Xəlilov (Az. SSR Xalq Komissarları Sovetinin 1-ci müavini);
  2. İbrahim Əsədullayev (Az. SSR Xalq Daxili Ticarət komissarı);
  3. Əbülfət Məmmədov Az. SSR Xalq Əkinçilik komissarı;
  4. İskəndər Əliyev (Az. SSR Xalq Yüngül Sənaye komissarı);
  5. Yefim Rodionov (Az. SSR Xalq Rabitə Komissarlığının məsul işçisi);
  6. Lyuborski-Novikov (Xalq Komissarları Sovetinin məsul işçisi, yeganə deputat olmayan rəhbər).
Xəlilova, Əsədullayeva, Məmmədova və Əliyevə Sovet rəhbərliyinə qarşı terror aktlarının hazırlanması ittihamının irəli sürülməsi qərarı. 8 avqust 1940-cı il.

Bundan başqa, təşkilatın rəhbərliyinə daxil edilməyən daha bir "sağ-trotskiçi" SSRİ Ali Sovetinin deputatı Nikolay Kulkov (Az. SSR K(b)P Lenin Rayon Komitəsinin katibi) məhkum edilmişdir[2]. Beləliklə, bu iş üzrə cəmi altı SSRİ Ali Sovetinin deputatı məhkum edilmişdir.

Həbslər və istintaqın gedişi

[redaktə | mənbəni redaktə et]

1937-ci ildə Az. SSR K(b)P katibi Mir Cəfər Bağırovun göstərişi ilə SSRİ Ali Sovetinin azərbaycanlı deputatlarına qarşı ifşaedici materiallar toplanmağa başlamışdı[4]. 1938-ci ilin iyun-iyul aylarında SEMƏMT rəhbərləri bir neçə şəxsin onlara qarşı verdikləri ifadələrin əsasında həbs edilmişdirlər. Əliyevin, Məmmədovun və Əsədullayevin adları 25 sentyabr 1938-ci il tarixli "Stalinin siyahılarının" 1-ci kateqoriyasına salınmışdır[5]. Bu da o demək idi ki, onlar güllələnməli idilər. Ancaq həmin ilin oktyabr ayından repressiyaların şiddəti bir qədər yumşalmışdır. Siyası məhbusların çoxusunu artıq güllələmirdilər, uzun müddətə azadlıqdan məhrum edirdilər. Bəlkə də buna görə onları edam etmədilər.

Onlara qarşı aşağıdakı ittihamlar irəli sürmüşdür[2]:

  1. Azərbaycanın SSRİ tərkibindən çıxması üçün silahlı üsyanın hazırlanması;
  2. Azərbaycan K(b)P rəhbərliyinə qarşı terror əməliyyatlarının keçirilməsi;
  3. SSRİ ilə düşmənçilik edən ölkələrlə əlaqələrin qurulması;
  4. Dünya faşizminin SSRİ-yə qarşı hücumunun dəstəklənməsi;
  5. SSRİ-nin dağılmasından sonra hakimiyyətə gəlmək üçün paralel hökumətin yaradılması;
  6. Əhalinin mərkəzi hakimiyyətə qarşı inamsızlığının yaradılması üçün Azərbaycanda iqtisadi sabotaj və ziyanvericiliyin həyata keçirilməsi;
  7. Sovet hökumətinə qarşı əhali arasında təbliğatın aparılması;
  8. Sovetlər əleyhinə hərəkata yeni üzvlərin cəlb edilməsi.

Məhbuslara ittihamları boyunlarına alması və istintaq tərəfindən əvvəlcədən hazırlanmış siyahılar üzrə başqa şəxslərin adlarını verməsi məqsədilə işgəncələr verilmişdir.[6] Buna görə də onlara qarşı irəli sürülən ittihamları boyunlarına almışdırlar.

Məhbusların öz ifadələrindən imtina etməsi

[redaktə | mənbəni redaktə et]

1939-cu ildə, istintaqın nisbətən mülayimləşməsindən sonra məhbusların hamısı öncə işgəncələr altında verdikləri ifadələrdən imtina etmişdirlər.[7] Buna görə də onların işlərinə Xalq Daxili İşlər Komissarlığı (XDİK) yanında Xüsusi Müşavirə baxmışdı. Buna baxmayaraq, istintaq iddia etmişdir ki, "məhbusların öncə verdiyi ifadələrindən imtina etmələri əsassızdır və onlar tərəfindən cinayət işləri üzrə istintaq orqanlarını çaşdırmaq və aldatmaq məqsədini güdür".[2] Bundan sonra SEMƏMT rəhbərlərinin işi məhkəməyə verilmişdir.

Ancaq SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası onlara qarşı irəli sürülən ittihamların kifayət qədər əsassız saymış və işi yenidən Az. SSR XDİK-ə qaytardı.

Xalq təsərrüfatına ziyanvermə ittihamları

[redaktə | mənbəni redaktə et]

Məhbuslar öz etirafedici ifadələrindən imtina edəndən və işin məhkəmə tərəfindən geri qaytarılmasından sonra istintaqın mövqeyi xeyli zəifləmişdir. Vəziyyəti düzəltmək üçün SEMƏMT rəhbərlərinə qarşı bundan sonrakı ittihamlar əsasən xalq təsərrüfatında əksinqilabçılıq məqsədilə "ziyanvericilik" və "düşünülmüş sabotaj" adı altında davam etdirilmişdir.[8]

Məhbusların hamısı Az. SSR xalq təsərrüfatı sistemində yüksək vəzifələrdə işlədikləri üçün işi bu ittihamlar üzərində quraraq ona siyasi don geydirmək daha asan idi. Bu məqsədlə onların öncə rəhbərlik etdikləri sahələrə xüsusi komissiyalar göndərilmiş və aparılan yoxlamalar əsasında istintaqın mövqelərini təsdiq edən Aktlar tərtib edilmişdir.[2] Bu Aktların əsasında məhbuslara yeni ittiham irəli sürülmüşdür.

SEMƏMT rəhbərlərinə qarşı məhkəmə hökmü

[redaktə | mənbəni redaktə et]

7 avqust 1940-cı ilin Qərarına əsasən M. Xəlilovun, İ. Əsədullayevin, Ə. Məmmədovun və İ. Əliyevin pərakəndə işləri vahid bir cinayət işinə billəşdirilərək həmin ilin 31 avqustunda SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasına göndərilmişdir. Bundan sonra bir neçə məhbus Moskvanın "Butırka" adlanan siyasi həbsxanasına göndərilmiş və yarım ilə qədər orada həbsdə qalmış, ancaq sonra yenidən Bakıya qaytarılmışdır.

Nəhayət 1941-ci ilin 30 avqust tarixində SEMƏMT rəhbərlərinin işi ilə bağlı Bakıda Zaqafqasiya Hərbi Dairəsinin Hərbi Tribunalının səyyar iclası tərəfindən bağlı qapılar arxasında məhkəmə prosesi keçirilmişdir. Məhkəmənin 00497 №-li Hökmününə görə, müttəhimlərin hamısı onlara qarşı irəli sürülən ittihamlarda təqsirli bilinmişdirlər; praktiki cəhətdən isə onların fəaliyyəti təşkilata yeni üzvlərin cəlb edilməsi və təsərrüfatda ziyanvericilikdən ibarət olmuşdur.[9] Xəlilov 15 il, Məmmədov, Əsədullayev, Əliyev və Rodionov 10 il, Lyubarski-Novikov 8 il müddətinə əmlakı müsadirə edilməklə azadlıqdan məhrum edilərək, islah əmək düşərgələrində cəzaçəkməyə məhkum olunmuşdurlar.

Məhkum olunmuşlar müxtəlif cəzaçəkmə düşərgələrində, o cümlədən Qazaxstanın Karaqanda düşərgəsində (Karlaq) cəza çəkmişdirlər. M. Xəlilov (1944-cü ildə), İ. Əsədullayev (1946-cı ildə) və Y. Rodionov (1942-ci ildə) həmin düşərgələrdə dünyalarını dəyişdilər. Təkcə B. Lyuborsi-Novikov barəsində 1943 ildə cinayət işi bağlanmışdır.

Stalinin ölümündən sonra, 5 mart 1953 ildə Mir Cəfər Bağırov K(b)P MK katibi vəzifəsindən azad edilmişdir. 1954 ilin may ayında isə SSRİ baş prokuroru R. A. Rudenkonun rəhbərliyi ilə "əksinqilabçıların" işlərinə yenidən baxmaq üçün Mərkəzi komissiya yaradılmışdır. Bu komissiyanın işinin əsas istiqamətlərindən biri də Azərbaycanda siyasi repressiyalar qurbanlarına bəraət (reabilitasiya) qazandırmaq idi.

SEMƏMT rəhbərlərinin işinə də bu komissiya tərəfindən Karlaqda 18 il sürgün həyatını yaşamış İskəndər Əliyevin verdiyi 11.11.1954 il tarixli ərizənin əsasında baxılmış və bu iş üzrə bütün məhkum edilmişlər bəraət almışdırlar.

23 aprel 1955-ci il tarixli SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 18146/41№-li Qərardadının surətində bildirilmişdir ki, SEMƏMT rəhbərlərinin "ittiham edilməsinin əsasında onların ilkin istintaq zamanı ziddiyətli ifadələri və öncə digər işlər üzrə məhkum olunan başqa adamların ifadələri durur. İlkin istintaq tərəfindən məhkum olunmuşlara qarşı ittiham materialları onlara qarşı qeyri-qanuni üsulların tətbiq edilməsi ilə saxtalaşdırılmışdır".[10]

SEMƏMT işi M. C. Bağırov və onunla əlbir olanların məhkəmə prosesində

[redaktə | mənbəni redaktə et]

Bakıya qayıdandan dərhal sonra İskəndər Əliyev 1956-cı ilin aprel ayında o zaman təşkil olunan keçmiş Az. SSR K(B)P MK katibi M. C. Bağırov və onunla əlbir olanlar üzərində keçirilmiş məhkəmə prosesinə cəlb edilmişdir. Həmin məhkəmə onların hamısı onlara qarşı irəli sürülən ittihamlarda təqsirli bilərək ağır cəzalara məhküm edilmişdirlər. Məhkəmədə İ. Əliyev Bağırovun repressiyalarından zərərçəkmiş və şahid qismində SSRİ baş Prokuroru R. A. Rudenko tərəfindən dindirilmişdir və ittihamın əsas şahidlərindən biri idi. SEMƏMT rəhbərlərininə qarşı cinayət işinin saxtalaşdırılması və onlara işgəncələr verilməsi faktı həmin məhkəmədə sübuta yetirilərək M. C. Bağırov və onunla əlbir olanlara qarşı irəli sürülən əsas ittihamlardan biri kimi məhkəmə Hökmünun mətnində xatırlanmışdır.[1]

Bəraət alandan az sonra, 1957-ci ildə Ə. Məmmədov Bakıda vəfat etmişdir. İ. Əliyev isə partiyada bərpa olunaraq Az. SSR xalq təsərrüfatında rəhbər vəzifələrdə çalışmış, sonra ümumittifaq təqaüdçüsü olmuş, 1972 ildə isə vəfat etmişdir.[2]

  • Alizade, A. (2021). Red Terror in Azerbaijan: The Case of the "Reserve Rightwing Trotskyite Center of the Counterrevolutionary Nationalist Organization" (1938–1956). Journal of Universal History Studies, 4 (1), 54–66. DOI: 10.38000/juhis.908368.
  • Айдын Али-заде. Красный террор в Азербайджане // Журнал "Уроки истории". Международный Мемориал, 2018.
  • Aydin Əlizadə. Azərbaycanda siyasi repressiyalar tarixindən (1938–1956) // Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr. Beynalxalq konfransın məruzələr toplusu, Bakı, 2018. Bakı, 2019, s. 90–96.
  • Политбюро и дело Берия. Сборник документов — М.:, 2012. С. 881–892.
  • Смирнов Н. Рапава, Багиров и другие. Антисталинские процессы 1950-х гг.. — АИРО-XXI, 2014. — С. 123–124. — 380 с. — ISBN 978-5-91022-274-2.
  • Теюб Гурбан (составитель). На имя Багирова, за подписью Багирова. Сборник архивных материалов / / Редактор А. Балаев.. — Баку: "Ol"npkt, 2016. — С. 59–60. — 392 с. — ISBN 978-9952-494-86-0.
  1. 1 2 "Bağırov və başqalarının işi üzrə SSRİ Ali Məhməməsinin Hərbi Kollegiyasının 26 aprel 1956 il tarixli məhkəmə Hökmü // Siyasi büro və Beriyanın işi. Sənədlər toplusu. M.: Kuçkovo pole, 2012, s. 881–892". 2018-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  2. 1 2 3 4 5 6 7 "Aydın Əlizadə. Azərbaycanda dövlət terroru: əksinqilabçı milliyətçi təşkilatın işi (1938–56)". 2018-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  3. "8 avqust 1940-c; il tarixli Qərar // İstintaq işi № 25910, c. 1–6, əsli, maşın yazısı, arxiv materialları". 2018-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  4. "Bağırovun adına, Bağırovun imzası ilə. Arxiv materiallarının toplusu / Tərtib edən Teyyub Qurban. Redaktor A. Balayev. Bakı, 2016, s. 85, 59–60". 2020-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  5. "İşləri SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasına göndərilməli işlərin siyahısı. 25 sentyabr 1938-ci il. Stalin, Molotov, Kaqanoviç, Voroşilov tərəfindən imzalammışdır. Rusiya Federasiyası Prezidentinin Apparatı 24, iş 419, vərəq 167". 2018-02-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-12.
  6. "Smirnov N. Rapava, Bağırov və başqaları. 1950-çi illərin Stalin əleyhinə prosesləri. M.: AİPO-XXI, 2014, s. 123–124". 2020-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  7. "17 sentyabr 1939-cu il tarixli istintaqın yekun Qərarı // İstintaq işi № 25910, c. 1–6, əsli, maşın yazısı, arxiv materialları". 2018-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  8. "11 may 1941 il tatixli iqtisadi cinayət üzrə ekspertizanın Qərarı // İstintaq işi № 25910, c. 1–6, əsli, maşın yazısı, arxiv materialları". 8 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 February 2018.
  9. "Məhkəmə hökmü // İstintaq işi № 25910, c. 1–6, əsli, maşın yazısı, arxiv materialları". 2018-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  10. Qərardadın surəti // İstintaq işi № 25910, c. 1–6, əsli, maşın yazısı, arxiv materialları.