Yefim İvanoviç Rodionov (rus. Ефим Иванович Родионов; oktyabr 1889, Xmelyovka[d], Saratov quberniyası[d] – 13 aprel 1942) — Azərbaycan-sovet siyasi xadimi, SSRİ Xalq Rabitə Komissarlığının Azərbaycan SSR müvəkkili (1937–1938), Bakı Sovetinin sədri (1934–1936), Azərbaycan SSR xalq təchizat komissarı, Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini (1930–1931), SSRİ Ali Sovetinin birinci çağırış deputatı. Siyasi repressiyaya uğramışdır.
Yefim Rodionov | |
---|---|
avqust 1937 – iyul 1938 | |
Sonrakı | Lazar Braginski |
1934 – 1936 | |
7 iyun 1932[1] – 193? | |
Əvvəlki | Xəlil Ağamirov |
1930 – 17 fevral 1931[2] | |
Sədr | Dadaş Bünyadzadə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | oktyabr 1889 |
Doğum yeri |
|
Vəfat tarixi | 13 aprel 1942 (52 yaşında) |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Yefim İvanoviç Rodionov 1889-cu ildə Saratov quberniyasının Xmelyovka (Xmelevka) kəndində anadan olmuşdur. Kənd məktəbində təhsil almış, 13 yaşından Volqaboyunda tacir mağasında çalışmışdır. 1904-cü ildə ailə üzvləri ilə Bakıya köçmüş və buradakı mətbəələrindən birində şagird kimi işləməyə başlamışdır. 1905-ci ilin yazında Yefim Rodionov doğulduğu kəndə qayıtmış, lakin həmin ilin payızında yenidən Bakıya gələrək müxtəlif müəssisələrdə kağızpaylayan işləmişdir. 1906-cı ildən 1908-ci ilədək Dadaşovların dokunda çilingər köməkçisi və şagirdi, 1908–1911-ci illərdə isə çilingərlik etmişdir.[3]
1911-ci ilin sonlarında Yefim Rodionov çar ordusunda hərbi xidmətə çağırılmış və burada o, əvvəlcə sıravi, sonra isə 1917-ci ilədək silah emalatxanalarında usta işləmişdir. 1918-ci ilin əvvəllərində Bakıda aparılan inqilabi işlərdə iştirak etmişdir. 1918–1919-cu illərdə Xatisovun zavodunda çilingərlik etmiş, 1919-cu ildə bolşeviklər partiyasına daxil olmuşdur. O, neft emalı zavodu komitəsinə, daha sonra bolşevik özəyi katibliyinə, işçi klubu sədrliyinə, Zavağzal rayon partiya komitəsi sədrliyinə seçilmişdir. Yefim Radionov 1919-cu ildə mərkəzi tətil komitəsinin işlərində iştirak etdiyinə görə iki dəfə həbs edilmiş, sonra isə Azərbaycandan sürgün edilmişdir.[3]
1920-ci ilin yanvar ayında Bakıya qayıdan Yefim Radionov partiya tərəfindən ictimai işə göndərilmiş, Zavağzal işçi klubu idarə heyətinin sədri olmaqla yanaşı, gizli praktika işi aparmış və rayon partiya komitəsinə başçılıq etmişdir.[3] O, Azərbaycan Kommunist Partiyasının birinci qurultayında Mərkəzi Komitənin üzvü seçilmiş[4] və Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra inqilab komitəsinin sədri, Zavağzal rayonu icraiyyə komitəsinin sədri vəzifələrində işləmişdir. Çox keçmədən Bakı İstehlak Cəmiyyətinin sədri vəzifəsinə irəli çəkilmişdir.[3]
Yefim Rodionov 1921-ci ilin noyabr ayından 1922-ci ilin may ayınadək Xalq Poçt-Teleqraf Komissarlığının Azərbaycan müvəkkili vəzifəsində, sonra isə 1927-ci ilin iyun ayınadək "Azərittifaq"da çalışmışdır. 1927-ci ilin iyununda o, Xalq Ticarət Komissarlığı müvəkkili təyin edilmiş və bu vəzifədə iki il yarım işləmişdir. 1930–1933-cü illərdə Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini, Xalq İşçi-Kəndli Müfəttişliyi Komissarlığının kollegiya üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin üzvü, Azərbaycan SSR xalq təchizat komissarı və Bakı Soveti sədrinin müavini vəzifələrində çalışmışdır. 1934–1936-cı illərdə Bakı Şəhər Sovetinin sədri olmuş, 1937-ci ilin avqust ayında isə SSRİ Xalq Rabitə Komissarlığının Azərbaycan müvəkkili təyin edilmişdir.[3]
Yefim Rodionov Azərbaycan KP Bakı Komitəsinin, SSRİ və Azərbaycan SSR mərkəzi icraiyyə komitələrinin üzvü olmuşdur. SSRİ Ali Sovetinin (millətlər palatasının) birinci çağırış deputatı seçilmişdir. 1932-ci ildə ZSFSR-in "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.[3] 1936-cı ildə isə Sovet Azərbaycanının 15 illiyi münasibətilə "Qırmızı əmək bayrağı" ordeninə layiq görülmüşdür.[5]
Yefim Rodionov Stalin repressiyalarının qurbanı olmuşdur. O, 18 iyul 1938-ci ildə "Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatının" rəhbərlərindən biri olduğu ittihamı ilə həbs edilmişdir. İşgəncələrə məruz qalaraq ittihamı etiraf etməyə məcbur edilmiş, lakin 1939-cu ildə öncəki ifadələrindən imtina etmişdir. 30 avqust 1941-ci ildə məhkəmənin hökmü ilə əmlakı müsadirə olunmaqla 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. 13 aprel 1942-ci ildə həbs düşərgəsində vəfat etmişdir. 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə bəraət almışdır.[6]