Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ağa bəy Mustafa bəy Yadigarov (1823, Tiflis, Gürcüstan quberniyası – 1892) — Rusiyada təhsil almış ilk azərbaycanlı.[1][2]
Ağa bəy Yadigarov | |
---|---|
Ağa bəy Mustafa bəy oğlu Yadigarov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1823 |
Doğum yeri | |
Vəfat tarixi | 1892 |
Əldə olan sənədlərə əsasən, Ağa bəy Yadigarov 1823-cü ildə Gürcüstanda doğulub. Sankt-Peterburq gimnaziyasına 1837-ci ildə daxil olub. 1844-cü il iyun ayınadək ümumi əsaslarla gimnaziya nəzdindəki pansionda tərbiyə alıb. Uzun yazışmalardan sonra imperatorun razılığı ilə professor M.C.Topçubaşovun əmri ilə nəzərə alınıb, Ağa bəy Yadigarovun dövlət xərci ilə oxuması üçün Peterburq universitetinin rektoruna sərəncam verilib. Ağa bəy Yadigarov Peterburq gimnaziyasını bitirdiyinə görə qəbul imtahanları vermədən universitetin Şərq şöbəsinə daxil olub. 1844-cü il iyulun 22-dən Ağa bəy universitetin nəzdindəki pansiona götürülüb.
1848-ci ildə Yadigarov imtahanları əla qiymətlərlə verib universiteti bitirir. Alimlik dərəcəsini yerinə yetirdiyinə görə Şərq dilçiliyi üzrə namizəd adı alır. Universiteti bitirdikdən sonra Ağa bəy Yadigarov hələ bir müddət Peterburqda, çarın müsəlman komandasının konvoy komandiri, rotmistr qardaşı İsrafil bəy Yadigarovun yanında qalır.
1848-ci ilin may ayında Ağa bəy Yadigarov Qafqaz canişininin sərəncamına göndərilir. Onu canişinlikdə dəftərxana şöbəsinin müdir müavini təyin edirlər. O, burada 35 ildən çox xidmət etmişdir. Hərtərəfli təhsil almış Ağa bəy Yadigarov öz bilik və bacarığından istifadə üçün imkan tapa bilməmişdir. Şərq və rus mədəniyyətinə yaxından bələd olan Ağa bəy öz milli mədəniyyətini də dərindən bilir, ona hədsiz hörmət bəsləyirdi. Xalqının bu sahədə ehtiyaclarını da yaxşı başa düşürdü. O, əlifba islahatı uğrunda böyük mütəfəkkir Mirzə Fətəli Axundovla birgə çalışmışdır. M.F.Axundovun şəhadətinə görə Ağa bəy Yadigarov ərəb əlifbasının yeni, daha mükəmməl əlifba ilə əvəz edilməsi haqqında fikirlərini ifadə edən bir kitabça da yazmışdır.
Cənab sərkar, xalq məsləhətçisi Ağa bəy Yadigarov ərəb, fars və türk əlifbasının dəyişilməsi haqqında fikirlərini yazıb, onları oxumağı məndən xahiş etmişdir ki, onların haqq və yayanlış olmasına dair fikrimi yazılı surətdə ona təqdim edəm. Ağa bəy Yadigarovun yazısının məzmunu bundan ibarətdir ki, İslam xalqlarının Avropa xalqlarından geri qalmasının səbəbi əlifbadakı nöqsanlardır. Çünki bizim uşaqlarımız bir neçə il vaxtlarını ancaq yazını oxumağa sərf edib, elm öyrənə bilmirlər. O yazır ki, Abbasilərin xilafəti və ərəblərin səltənəti də elmləri öyrənməyin mümkün olmaması və oxumaq işinin çətinliyi nəticəsində aradan getmişdir.
— Mirzə Fətəli Axundovun Şahzadə Fərhad Mirzə Qacara məktubundan
Sənədlər göstərir ki, Ağa bəy Yadigarov çox sadə bir insan olub, vəzifəyə və təltifata can atmayıb. O, əvvəllər dəftərxanada, sonra isə canişinliyin baş idarəsində qulluq etmişdir. Onun xidməti müsəlmanlar üçün təsis edilmiş dördüncü dərəcəli "Müqəddəs Vladimir" ordeni ilə qiymətləndirilib.
1853–56-cı illərdə Krım müharibəsindən xatirə olaraq verilmiş Andreyev lenti üzərindəki bürünc medal, onun 35 ildən çox xidməti müqabilində yeganə təltifatı olub. XIX əsrin 90-cı illərində Tiflisdə vəba epidemiyasından vəfat etmişdir. Həqiqətən də 1892-ci ildə Qafqazda güclü vəba epidemiyası yayılmışdı. Ölüm tarixini belə dəqiqləşdirmək olar. Yadigarovun ömrünün son illəri haqqında isə demək olar kı, heç nə məlum deyil. Ağa bəy Yadigarovun Peterburqa getməsinin səbəbkarı məşhur şərqşünas Mirzə Cəfər Topçubaşovdur. Bu görkəmli alim Ağa bəyin doğma dayısıdır. Arxiv sənədləri göstərir ki, 1844-cü ilin yazında Peterburq universitetinin Şərq şöbəsinə Cənubi Qafqaz gənclərinin nümayəndələrini göndərmək üçün heç bir perspektiv olmayanda universitetin fars dilçiliyi kafedrasının professoru Mir Cəfər Topçubaşov həmin şöbəyə öz bacısı oğlu Ağa bəy Yadigarovun dövlət xərci ilə qəbul edilməsi barədə xahişlə müraciət edib. Ağa bəy Yadigarov həmin ilin yayında Üçüncü dərəcəli Peterburq gimnaziyasını bitirmişdi.
On üçüncü Leyb-qvardiya İrəvan alayının tarixi" kitabında (1895-ci il nəşri) unter-zabit Ağa bəy Yadigarovun döyüş şücaətindən bəhs olunur. Orada yazılır ki, Ağa bəy döyüş başlayanda həmişə əsgərlərin önündə gedirdi. Bu qorxubilməz zabit düşmənə qarşı ruh yüksəkliyiylə vuruşurdu. Təəssüf ki, cəsur zabit Ağa bəy Yadigarov 1830-cu il iyunun on yeddisində poruçik rütbəsində ailə vəziyyətinə görə istefaya çıxmalı oldu.