Aşıq Tural Vidadi oğlu Bağırov (1981, Naxçıvan) – Azərbaycanlı aşıq, Naxçıvan Aşıqlar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti (2017).
Aşıq Tural | |
---|---|
Tural Vidadi oğlu Bağırov | |
Doğum adı | Tural Bağırov |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan şəhəri |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Naxçıvan Dövlət Universiteti |
İxtisası | Saz sənəti |
Fəaliyyəti | Aşıq |
Mükafatları |
Aşıq Tural Vidadi oğlu Bağırov çağdaş Naxçıvan aşıqlarından biridir.[1] O, 1981-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Aşıq Tural gənclik yaşlarında asıqlıq sənətinə həvəs göstərmiş və bu sənətin incəliklərini Naxçıvan aşıq məktəbinin ulu ustadı Sərraf Qasımın tanınmış yetirmələrindən biri olan Aşıq Abdulla Fətəliyevdən öyrənmişdir.[2] 1998-ci ildə isə Naxçıvan Dövlət Universitetinin saz ixtisasını bitirmiş və saz sənəti üzrə ali təhsilli bir mütəxəssis olmuşdur. Hazırda Babək Rayon Uşaq Musiqi Məktəbində saz sənətindən dərs deyir və Naxçıvan Dövlət Filarmoniyasında saz üzrə solistdir. O, 2016-cı ilin yanvar ayında Naxçıvan Aşıqlar Birliyinin sədri vəzifəsinə seçilmişdir və hazırda bu vəzifədə də öz fəaliyyətini davam etdirir.[3]
Aşıq Tural müsahibələrindən birində özü haqqında belə demişdir: "1981-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. Balaca yaşlarımdan dayımın saz çalıb oxuması məni çox həvəsləndirmişdi. Bu həvəsimi görən valideynlərim mənə aşıq sənətinin sirlərini öyrənməyə şərait yaratdılar. On iki yaşında 2 nömrəli musiqi məktəbinə daxil oldum. Ali təhsilimi isə Naxçıvan Dövlət Universitetinin konservatoriyasında almışam".
Aşıq Tural çağdaş Naxçıvan aşıqları içərisində saz çalıb oxumaq istedadı ilə seçilir. Aşıqlıq sənəti sahəsindəki istedadına və bu sənəti yaşadan şəxslərdən biri olduğuna görə ona "Naxçıvan Muxtar Respublikasının əməkdar artisti" fəxri adı və Azərbaycan Respublikası Prezidentinin mükafatı verilmişdir.[4] O, Naxçıvan Muxtar Respublikasında və Türkiyənin müxtəlif yerlərində, eləcə də Bakıda və Azərbaycanın digər bölgələrində keçirilən bir çox dövlət tədbirlərində və konsertlərdə istedadlı bir aşıq kimi fəal iştirak etmiş və uğur qazanmışdır.[5]