Sərraf Qasım (31 dekabr 1939, Aşağı Qışlaq, Şahbuz rayonu – 9 fevral 2018, Aşağı Qışlaq, Naxçıvan Muxtar Respublikası) — Azərbaycanlı şair və haqq aşığı, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun alimi, çağdaş Naxçıvan aşıq məktəbinin banisi
Sərraf Qasım | |
---|---|
Doğum tarixi | 31 dekabr 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 9 fevral 2018 (78 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | şair, aşıq, zootexnik |
Fəaliyyət illəri | 1958–2018 |
Əsərlərinin dili | Azərbaycan dili |
İstiqamət | dastan, mərsiyə |
Janrlar | poeziya, aşıq musiqisi |
Vikianbarda əlaqəli mediafayllar |
Rüstəmli Sərraf Qasım Əyyub oğlu (əvvəlki adı: Rüstəmov Qasım Əyyub oğlu) 31 dekabr 1939-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndində zəhmətkeş bir kəndli ailəsində anadan olmuşdur. Şahbuz rayonunda məskunlaşmış yerli Azərbaycan tayfalarından biri sayılan "Hacı Əhmədlilər" tayfasına mənsub olan Sərraf Qasım, uşaqlıq və yeniyetməlik illərini öz doğma kəndində ailəsinin yanında yaşamışdır. Sərraf Qasım 8 yaşına çatanda atasını itirmiş və bundan sonra o, yetkinlik yaşına çatanadək anasının və böyük qardaşı Müslümün himayəsində böyümüşdür.[1]
Sərraf Qasım 1947–1955-ci illərdə Aşağı Qışlaq kənd orta məktəbində (1–8-ci siniflərdə), 1955–1957-ci illərdə isə Kolanı kənd orta məktəbində (9–10-cu siniflərdə) təhsil almış və 10 illik orta məktəb təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır.
1959–1961-ci illərdə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun heyvandarlıq ixtisasında təhsil almışdır.
1962-ci ildə isə Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universitetinin) heyvandarlıq fakültəsinə qəbul olunmuş, 1967-ci ildə tam ali təhsilini müvəffəqiyyətlə başa vuraraq, zootexnika ixtisası üzrə alimlik dərəcəsi əldə etmişdir. Sərraf Qasım bir çox digər rəsmi ixtisasartırma, təkmilləşdirmə və idarəçilik kurslarında da iştirak edərək, həmin kursları müvəffəqiyyətlə başa vurmuşdur.
Sərraf Qasım, Gəncədə təhsil aldığı dövrdə orada tanış olduğu müxtəlif sənət adamlarından, ustadlardan və alimlərdən öz rəsmi ixtisası ilə yanaşı, həm saz-söz sənətini, həm də elmi, ədəbi, dini və ictimai bilikləri dərindən öyrənmişdir. Beləliklə də Gəncə mühiti Sərraf Qasımın hərtərəfli savadlı bir alim və əsl bir saz-söz sənətkarı kimi yetişməsinə səbəb olmuşdur.
Sərraf Qasım ali təhsilini başa vurduqdan sonra 1967–1970-ci illərdə ali təhsilli bir mütəxəssis kimi Sabirabad rayonuna təyinat alaraq üç ilə yaxın orada işləmişdir.
Bundan sonra Naxçıvana qayıdan Sərraf Qasım 1970–1974-cü illərdə bir inzibati işçi və mütəxəssis kimi Şahbuz rayonunun Baş Heyvandarlıq İdarəsində çalışmışdır. Bu dövrdə Sərraf Qasım eyni zamanda Şahbuz rayonunun mətbuat orqanı olan "Qabaqcıl" qəzetində də bir yazıçı və müxbir kimi fəaliyyət göstərmişdir.
1974–1991-ci illərdə Şahbuz rayonunun Lenin adına Sovxozunda müxtəlif illərdə həm bir baş mütəxəssis kimi, həm də rəhbər vəzifələrdə fəaliyyət göstərmiş, o cümlədən bir neçə il ərzində bu Sovxozun direktor müavini və direktoru olmuşdur.
Sərraf Qasım Naxçıvana qayıtdıqdan sonra öz rəsmi əmək fəaliyyəti ilə yanaşı, könüllü şəkildə aşıq-saz sənətini təbliğ etməyə və bu sənəti başqalarına öyrətməyə başlamış və bu sahədə çox ciddi və genişmiqyaslı xidmətlər göstərmişdir.
Nəhayət, Sərraf Qasım 1996-cı ildə Şahbuz Rayon Kolanı Uşaq Musiqi Məktəbinin tərkibində öz səbəbkarlığı ilə yaranan Saz Məktəbində (saz şöbəsində) bir saz müəllimi kimi işə götürülmüş və bundan sonra o, bir rəsmi saz müəllimi kimi əmək fəaliyyətini davam etdirmişdir.
Sərraf Qasım 2001-ci ildə bu Saz Məktəbindən təqaüdə çıxaraq, ömrünün sonuna kimi öz doğma kəndində yaşamış və ədəbi-bədii yaradıcılıq fəaliyyətini davam etdirmişdir.
Sərraf Qasım ləyaqətli əmək fəaliyyəti ilə məşğul olduğuna görə bir çox dövlət mükafatlarına və tərifnamələrə layiq görülmüş, o cümlədən aşağıdakı döş nişanları ilə təltif olunmuşdur:
Sərraf Qasım 1975-ci ildə öz qohumu və həmkəndlisi olan İbrahimova (Rüstəmova) Pakizə İbrahim qızı ailə həyatı qurmuş və ömrünün sonuna kimi səadətli bir ailə həyatı yaşamışdır. Sərraf Qasım və Pakizə xanım bu ailə həyatından 2 oğul və 1 qız övladı, eləcə də 8 nəvə sahibi olmuşlar. Sərraf Qasım öz atası, anası və əmisinin adlarını öz övladlarına qoymuşdur. Sərraf Qasımın övladları və nəvələrinin adları aşağıdakılardan ibarətdir:
Sərraf Qasım mənəviyyat aləminə sıx bağlı olan və dini vəzifələrini tam şəkildə yerinə yetirən arif, abid və mömin bir insan olmuşdur.
El arasında "haqq aşığı" və "haqq adamı", "haqq şairi" və "Əhli-beyt şairi kimi" tanınan Sərraf Qasımın poeziya yaradıcılığında dini mövzulara, mərsiyələrə, nəsihətamiz və ibrətamiz şeirlərə böyük üstünlük verilmişdir.
Sərraf Qasım çox təvazökar bir insan olmuş və çox sadə bir həyat yaşamışdır. Həddindən artıq təvazökar bir insan olan Sərraf Qasım, məhz bu səbəbə görə heç vaxt öz yaradıcılıq fəaliyyəti vasitəsilə şan-şöhrət əldə etməyə can atmamışdır.
İbadət və Quran əhli olan Sərraf Qasım eyni zamanda yaşadığı bölgədə cəmiyyət arasında xeyirxah və əltutan bir insan kimi tanınmış və xalq ilə öz çörəyini bölüşən, xalqın dərdinə yanan, sevincinə şadlanan, kədərinə şərik olan öndə gedən bir el ağsaqqalı olmuşdur.[2]
Sərraf Qasım 9 fevral 2018-ci il tarixdə (78 yaşına yeni qədəm qoyduğu bir vaxtda) sağlamlığı çox yaxşı bir vəziyyətdə olduğu halda öz doğma kənd evində sübh namazını qıldıqdan və bir Quran surəsi oxuduqdan sonra öz yatağına gedərək uzanıb yatmış və bu yuxu onun sonuncu yuxusu olmuşdur. Beləliklə də Sərraf Qasım 09.02.2018-ci il tarixdə sübh çağında yuxuda olduğu halda ürək infarktı keçirərək, dünyasını dəyişmişdir.
Sərraf Qasım vəfat etdiyi gün öz yaxınlarının iştirakı ilə Şahbuz rayonunun Aşağı Qışlaq kənd qəbiristanlığında dəfn olunmuşdur.[3]
Saz-söz sənətinin vurğunu olan Sərraf Qasım, Gəncə şəhərində ali təhsil aldığı dövrdə (1960-cı illərdə) yaradıcı aşıq və şairlərlə daha sıx şəkildə dostluq etməyə, onlarla yaradıcılıq əlaqələri qurmağa və beləliklə də onların bilik və bacarıqlarını mənimsəməyə çalışmışdır. Sərraf Qasım artıq tələbəlik illərindən etibarən həm peşəkar səviyyədə saz ifa etməyə və həm də bəstəli aşıq şerləri və dastanlar yazmağa başlamışdır. Gəncə ədəbi mühiti, Sərraf Qasımın bir aşıq və şair kimi yetişməsində xüsusi rol oynamışdır.[4] Sərraf Qasım, Gəncə aşıqlarından olan Aşıq Cuma, Aşıq Mais, Aşıq Teymur, digər tanınmış Azərbaycan aşıqlarından isə Məzahir Daşqın, Mikayıl Azaflı, Aşıq İmran, Aşıq Əkbər, Aşıq Kamandar, Aşıq Hüseyn Saraçlı, Aşıq Ədalət Nəsibov və s. kimi bir çox aşıqlarla yaradıcılıq əlaqələri qurmuş və onların bəziləri ilə yaxından dostluq etmişdir. Sərraf Qasımın şeirləri belə aşıqlar tərəfindən bütün ölkə miqyasında el məclislərində saz üstündə səsləndirilmiş və elə buna görə də Sərraf Qasım gənc yaşlarından etibarən bir şair kimi tanınmağa başlamışdır.[5]
Sərraf Qasım ilk şeirlərini "Qışlaqlı" (Qışlaqlı Qasım) təxəllüsü ilə yazmağa başlamış, lakin ali təhsil aldığı dövrdə o, Gəncədə iştirak etdiyi aşıq və şair məclislərinin birində görkəmli aşıq və şair Məzahir Daşqının tövsiyəsi əsasında təntənəli bir mərasimlə öz təxəllüsünü dəyişərək, "Sərraf" (Sərraf Qasım) təxəllüsünü qəbul etmişdir.[6]
Sərraf Qasım eyni zamanda həm peşəkar bir şair, həm də ustad aşıq və haqq aşığı olmuşdur. Bir çox aşıqlardan fərqli olaraq, Sərraf Qasımın aşıqlıq etməsi, əsasən aşıq-saz sənətini dərindən öyrənib, təmənnasız şəkildə bu sənəti başqalarına öyrətməsindən və təbliğ etməsindən ibarət olmuşdur.
Sərraf Qasım öz dövründə Naxçıvan ədəbi mühitinin görkəmli bir nümayəndəsi kimi Azərbaycanın müxtəlif bölgə aşıqları ilə ən geniş yaradıcılıq əlaqələrinə malik olan bir şəxs kimi tanınmışdır. Tədqiqatçıların qənaətinə görə həmin dövrdə Naxçıvanlı aşıq və şairlər arasında Sərraf Qasım qədər başqa şairlər və aşıqlarla deyişmələri, şeirləşmələri və görüşmələri olan, dastanlar yaradan ikinci bir şəxs olmamışdır.[7]
Sərraf Qasım eyni zamanda həm klassik, həm də müasir poeziya janrlarında heyrətamiz şeirlər və dastanlar yazıb-yaradan bir şair olduğu üçün xalq şairi Zəlimxan Yaqub və professor Həsən Mirzə kimi görkəmli şair və yazıçılar Sərraf Qasımın yaradıcılığı ilə yaxından maraqlanmış, Sərraf Qasımın bir neçə dastanını çap elətdirmiş və Sərraf Qasımı öz dövründə "Azərbaycanın misilsiz və təkrarsız şair oğlu" adlandırmışlar.[8]
Sərraf Qasımın yaradıcılığı barədə məlumatlar ilk dəfə "Naxçıvan ensiklopediyası" və "Naxçıvan folkloru" kitabları kimi bir çox ölkə əhəmiyyətli ensiklopedik kitablarda və Sovet mətbuatının bəzi nəşrlərində xüsusi ilə öz əksini tapmışdır. Sərraf Qasımın yaradıcılığına ən yüksək səviyyədə qiymət ilk dəfə Sərraf Qasımın vəfatından qısa müddət öncə 2017-ci ildə Naxçıvanlı tədqiqatçılar qrupu tərəfindən verilmişdir. Tədqiqatçıların qənaətinə görə Sərraf Qasım Naxçıvan mühitində aşıqlar arasında həm aşıq sənətinin, həm də aşıq ədəbiyyatının inkişafına ən zəngin töhfələr verən bir şəxs olmuş və bu barədə ətraflı məlumatlar və faktlar ilk dəfə Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Əsgər Qədimovun rəhbərlik etdiyi tədqiqatçılar qrupunun Naxçıvan aşıqları barədə apardığı araşdırma əsasında ərsəyə gələn, 2017-ci ildə bir ensiklopedik kitab kimi çap olunan "XVII-XX əsrlər və çağdaş Naxçıvan aşıqları" adlı ikicildli kitabda və həmin tədqiqatçı alimlərin verdiyi açıqlamalarda öz əksini tapmışdır. Bütün bunlara baxmayaraq, bir çox dəyərli əsərlər yaradan və mühüm yaradıcılıq xidmətləri olan Sərraf Qasım, hər zaman sadə bir həyat yaşamağa üstünlük vermiş və heç vaxt öz yaradıcılığı ilə öyünərək hər hansı bir mükafat almağa həvəs göstərməmişdir.[9]
Sərraf Qasım ali təhsilini başa vurub, doğma el-obası olan Naxçıvana qayıtdıqdan sonra öz rəsmi əmək fəaliyyəti ilə yanaşı, könüllü şəkildə aşıq-saz sənətini təbliğ etməyə və bu sənəti başqalarına öyrətməyə başlamış və bu sahədə çox ciddi və genişmiqyaslı xidmətlər göstərmişdir. Sərraf Qasımın gördüyü bu işlər nəticəsində onun doğma kənd evi, Sovet dövründə Naxçıvanda təhsil müəssisələrində saz sənətinin tədrisinin qadağan olunduğu bir vaxtda böyük bir aşıq-saz məktəbi kimi tanınmnışdır. Sərraf Qasımın bu xidmətləri Naxçıvan mühitində aşıq-saz sənətinin təbliğ olunmasının nisbətən zəiflədiyi bir dövrdə baş tutmuş və böyük rəğbətlə qarşılanmışdır. Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən qısa bir müddət sonra Sərraf Qasımın səbəbkarlığı və onun Vahid Qurbanov kimi yetirmələrinin ciddi səyləri nəticəsində 1992-ci ildə Naxçıvan zonasında dövlət təhsil müəssisələrinin tərkibində (Şahbuz rayonundan başlayaraq) ilk rəsmi saz məktəbləri (saz şöbələri) yaradılmışdır. Sərraf Qasımın çoxsaylı tanınmış, ustad aşıq və müəllim səviyyəsinə çatmış yetirmələri olmuş və onlar, yeni yaranan bu saz məktəblərində müəllim işləmişlər. Hazırda Naxçıvanda fəaliyyət göstərən aşıqların və saz müəllimlərinin böyük əksəriyyəti, təməli Sərraf Qasım tərəfindən qoyulmuş bu qeyri-rəsmi və ya rəsmi aşıq-saz məktəblərinin yetirmələridilər.[10]
Sərraf Qasımın özü də bir saz müəllimi kimi Şahbuz rayonunda yaradılmış saz məktəblərinin rəhbərləri tərəfindən həmin məktəblərdə rəsmi bir saz müəllimi kimi işləməyə dəvət olunsa da, o, artıq həm layiqli yetirmələrinin olduğu və həm də yaşlandığı üçün əvvəllər olduğu kimi yenə də bu işlə qeyri-rəsmi şəkildə məşğul olmağa, saz həvəskarlarına könüllü şəkildə saz sənətini öyrətməyə üstünlük verdiyini onlara deyir. Lakin bir müddət sonra saz sənətini öyrənmək üçün yeni yaranan bu saz məktəblərinə üz tutan şagirdlərin sayı getdikcə artmağa başlayır. Bunu görən Şahbuz rayon Mədəniyyət Şöbəsinin o vaxtkı müdiri Ramiz Cəlilov israrla Sərraf Qasımı bir rəsmi saz müəllimi kimi həmin məktəblərdən birində işləməyə dəvət edir. Sərraf Qasım isə yalnız öz ənənəsinə uyğun şəkildə rəsmi bir saz müəllimi kimi işləyə biləcəyini qəbul edir. Sərraf Qasım 1996-cı ildə Şahbuz Rayon Kolanı Uşaq Musiqi Məktəbinin tərkibində yaranan Saz Məktəbində (saz şöbəsində) bir saz müəllimi kimi işə götürülür və bundan sonra o, öz ənənəsinə uyğun olaraq, Kolanı Saz Məktəbində qeydiyyatda olan şagirdlərə öz evində yaratdığı məktəbdə rəsmi surətdə saz sənətini tədris etməyə başlayır. Bununla da, uzun illər ərzində qeyri-rəsmi şəkildə saz sənətinin tədrisi ilə məşğul olan Sərraf Qasım, artıq bir rəsmi bir saz müəllimi kimi öz evində yaratdığı Saz Məktəbində dərs keçməyə başlayır və təqaüdə çıxanadək bu işini davam etdirir.[11]
Aşıq sənətinin bütün sirlərinə vaqif olan və öz yaradıcılıq fəaliyyəti ilə Azərbaycan aşıq ədəbiyyatının inkişafına əvəzsiz töhfələr verən Sərraf Qasım, XX əsrin ikinci yarısında Naxçıvan zonasında milli aşıq sənətinin inkişafına zəngin töhfələr verən misilsiz bir şəxs olduğuna görə, o cümlədən Naxçıvan mühitində könüllü olaraq öz sazı və sözü ilə aşıq sənətinin geniş şəkildə təbliği və tədrisi sahəsində mühüm xidmətlər göstərdiyi, Naxçıvan aşıqlarının böyük bir hissəsini digər bölgələrdən alıb gətirdiyi sazlarla təmin etdiyi, Naxçıvanda ilk dəfə rəsmi saz məktəblərinin yaranmasının səbəbkarı olduğu, çox sayda aşıq və saz müəllimi yetişdirdiyi, Aşıq ədəbiyyatını inkişaf etdirən mühüm əsərlər və dastanlar yaratdğı və gördüyü işlərlə Naxçıvan aşıq mühiti ilə digər bölgələrin aşıq mühitləri arsında sıx yaradıcılıq əlaqələri qurduğu üçün tədqiqatçı folklorşünas və ədəbiyyatşünas alimlər tərəfindən çağdaş Naxçıvan aşıq-saz məktəbinin banisi adlandırılmışdır. Bu barədə də ətraflı məlumatlar ilk dəfə "XVII-XX əsrlər və çağdaş Naxçıvan aşıqları" adlı ikicildli kitabda öz əksini tapmışdır.[12]
Sərraf Qasım, Azərbaycanın klassik aşıq-şair məktəblərinin layiqli bir davamçısı kimi öz dövründə yaşamış şairlər içərisində məzmun və forma baxımından klassik poeziya ənənələrindən ən geniş və ən məharətli şəkildə istifadə edən, həcm baxımından isə ən zəngin dastan yaradıcılğına, cığalı şeirlər yaradıcılığına və mərsiyə yaradıcılığına malik şairlərdən biri olmuşdur. Xalq-aşıq şeirinin bütün incəliklərinə dərindən bələd olan Sərraf Qasım, aşıq poeziyasının əksər formalarında şeirlər qələmə almışdır. Müxtəlif növ bayatı, qoşma, cığalı qoşma, gəraylı, təcnis, çığalı təcnis, müxəmməs, cığalı müxəmməs, müsəddəs, müstəzad, cığalı müstəzad, divani, ayaqlı divani və dodaqdəyməzlər, eləcə də dördlük, beşlik, yeddilik, onikilik, ondördlük, onbeşlik, onyeddilik kimi müxtəlif heca növlü şeirlər Sərraf Qasımın zəngin yaradıcılıq yolundan xəbər verir. Sərraf Qasımın yaradıcılığında fərqli formalarda yaradılımış bəzi cığalı şeirlərə, deyişmələrə, mərsiyələrə, dastanlara və digər fərqli şeir nümunələrinə də rast gəlmək mümkündür.[13] Sərraf Qasımın yaratdığı əsərlər, əsasən bəstəli şeirlərdən (rahatlıqla musiqiyə yatan və ifa olunan şeirlərdən) ibarət olmuşdur. Xeyli sayda dastanlar, deyişmələr, şeirləşmələr, bağlamalar, qıfılbəndlər, ustadnamələr, ibrətnamələr, nəsihətnamlər, xitabnamələr, minacatnamələr, poemalar, mərsiyələr və lirik və mənsur şeirlərin müəllifiı olan Sərraf Qasımın əsərləri mövzu baxımından da çox zəngin olmuşdur.[14]
Çağdaş Azərbaycan aşıq və şairləri içərisində ən zəngin dastan yaradıcılığına malik şəxslərdən biri olan Sərraf Qasım, Azərbaycan yazılı ədəbiyyatına özünəməxsus formada bir dastan üslubu gətirmişdir. Sərraf Qasımın yaratdığı aşıq dastanlarının böyük əksəriyyəti, özünün üzləşdiyi hadisələr, həyat hekayələri və tərcümeyi-halı ilə bağlı olmuş və Azərbaycan dastançılıq ənənəsinə uyğun şəkildə məharətlə qələmə alınmlşdır. Tədqiqatçı folklorşünas alimlərin qənaətinə görə digər dastan yazan Azərbaycan aşıqlardan fərqli olaraq, tərcümeyi-hal xarakterli dastanlar yazmağa daha çox üstünlük verdiyi üçün Sərraf Qasım, avtobioqrafik dastan janrından ən geniş şəkildə istifadə edən və bu dastan janrını inkişaf etdirən yeganə Azərbaycanlı aşıq və şair olmuşdur. Sərraf Qasımın bu kimi dastanları aşıq yaradıcılığı sahəsində yeni yaradıcılıq uğuru kimi qiymətləndirilmişdir.[15]
Sərraf Qasım, gənc yaşlarından etibarən peşəkarlıqla "bədahətən deyişmək" istedadına malik savadlı bir şair və aşıq kimi tanınmış və bu xüsusiyyəti onun, dastan yazmaq sahəsində daha böyük uğurlar əldə etməsinə səbəb olmuşdur. Məhz bu səbəbə görə dahi ustad, Aşıq Hüseyn Saraçlı 1970-ci ildə Naxçıvana səfərə gələndə Sərraf Qasım, Naxçıvanlı aşıq və şairlərin təklifi və israrı ilə Naxçıvan aşıqları və şairləri adından Aşıq Hüseyn Saraçlı ilə deyişmək üçün meydana çıxarılmışdır. Sərraf Qasım ilə Aşıq Hüseyn Saraçlının bu deyişməsi sonradan məşhur aşıq dastnlarından biriniə çevrilmişdir.[16] Sərraf Qasım, yaratdığı real və kədərli bir məhəbbət dastanı sayılan, "Sərraf və Hicran" dastanı ilə Azərbaycan məhəbbət dastanları tarixinə öz adını yazdıran bir şair olmuşdur.[17]
Xalq arasında həm də "Əhli-beyt" şairi kimi tanınan Sərraf Qasımın yaradıcılığında dini mövzularda yazılmış əsərlər xüsusi yer tutmuşdur. Sərraf Qasım öz dövründə Azərbaycan şairləri arasında ən zəngin mərsiyə yaradıcılığına malik şairlərdən biri olmuşdur. Çoxsaylı dini şeirlərin müəllifi olan Sərraf Qasımın yazdığı mərsiyələr, növhələr və sinəzənlər isə əsasən fərqli tərzlər və formalarda (o cümlədən cığalı və mənsur şeirlər və bayatılar janrında) yaranmış, bununla da Sərraf Qasım Azərbaycan mərsiyə ədəbiyyatına bir çox yeniliklər gətirmişdir. Sərraf Qasımın mərsiyələri və dini əsərlərinin böyük bir hissəsi "Sovet məfkurəsi" dövründə, İslam dininin öyrənilməsi və təbliğ edilməsinin qadağan olunduğu bir şəraitdə yarandığı üçün hər zaman maraqla qarşılanmış və böyük əhəmiyyət kəsb etmişdir. Sərraf Qasımın sağlığında onun mərsiyələrdən ibarət "Hüseyn matəminə qərq olanlar gəlsin" adlı bir ədəd 570 səhifəlik bir kitabı çap olunmuş, lakin buna baxmayaraq, onun dini əsərlərinin böyük bir hissəsi çap olunmamış vəziyyətdə qalmışdır. Sərraf Qasımın mərsiyələri ilə yanaşı, onun dini motivli şeirlər əsasında yaratdığı dastanlar və poemalar da böyük maraq doğurmuşdur.[18]
Sərraf Qasım özündən sonra böyük bir mədəni və yazılı irs qoyub getmişdir. Müasiri olduğu digər şairlərin daha az şəkildə müraciət etdiyi ədəbi janrlardan geniş şəkildə istifadə etməsi, eləcə də fərqli üslubda bəzi əsərlər yaratması, Sərraf Qasımın əsərlərinin böyük maraq və əhəmiyyət kəsb etməsinə səbəb olmuşdur.[19]
Sərraf Qasımın yaradıcılığında dini motivli şeirlərin çoxluq təşkil etməsi və Azərbaycanın müstəqilliyinə çağrış bardə bəzi şeirlərin mövcud olması, Sovet dövründə isə daxilində belə şeirlər olan kitabların çap olunmasına bir çox senzuraların tətbiq edilməsi səbəbindən, Sərraf Qasımın "Sənin nəyin var", "Qardaşım", "Sərraf Qasım və Hüseyn Saraçlı dastanı", "Sərraf və Daşqın dastanı", "Sərraf Qasımın Dağıstan səfəri dastanı", "Vuruşuram əldə edim istiqlal" və "Seçmə şeirlər", kimi müəyyən sayda şeir və dastan kitabı həmin dövrdə köhnə üsulla şəxsi çapxanalarda (çap maşınkası vasitəsilə) çap olunaraq, bir neçə nadir nüsxədə müəyyən şəxslərə paylanılmışdır. Bu kitablardan ikisi elə həmin dövrdə səsləndirilərək, Sərraf Qasımın ilk səsli kitabları (audio kitablar) kimi 60 dəqiqəlik maqnitofon kasetləri şəklində ictimaiyyətə təqdim olunmuşdur. Sərraf Qasımın 1984-cü ildə səsləndirilərək lentə yazılan, seçmə şeirlərdən ibarət olan "Sənin nəyin var" adlı ilk səsli əsəri, eyni zamanda Azərbaycan poeziya tarixində yaranan ilk səsli kitablardan biri hesab olunur.[20] Sonrakı dövrlərdə isə Sərraf Qasımın əsərləri, o cümlədən bəzi dastanları və poemaları bir sıra mətbuat orqanlarının nəşrlərində, almanax və antologiyalarda işıq üzü görmüşdür. Həmçinin müxtəlif vaxtlarda onun "Bu, Sərraf Qasımın söz qalasıdır", "Bir qartal ol, millətim, zirvəyə çat", "Gərəkdi Heydərli, İlhamlı sözlər", "Hüseyn matəminə qərq olanlar gəlsin" və s. kimi bir neçə şeirlər kitabı mətbəə üsulu ilə çap olunmuşdur. Lakin bütün bunlara baxmayaraq, müəyyən sayda aşıq dastanlarının və çox sayda cığılı şeirlərin və mrəsiyələrin müəllifi olan Sərraf Qasımın əsərlərinin kiçik bir hissəsi onun sağlığında mətbəə üsul ilə çap olunmuş, böyük bir hissəsi isə çap olunmamış vəziyyətdə qalmışdır.[21]
Tanınmış əsərləri:
Sərraf Qasımın ifa etdiyi saz havalarının çox az bir hissəsi bu günə kimi qorunub saxlanılmışdır. 1983–1986-cı illərdə lentə yazılmış həmin ifalardan bəziləri aşağıdakılardan ibarətdir:
Sərraf Qasımın 80 illik yubileyi münasibətilə Naxçıvan Dövlət Televiziyası tərəfindən Sərraf Qasımın həyat və yaradıcılığı haqqında bir neçə televiziya verilişi və sənədli film hazırlanmışdır. Həmin televiziya layihələri aşağıdakılardan ibarətdir:
Sərraf Qasımın müxtəlif illərə aid fotoşəkilləri: