Abdulla Novruz oğlu Qurbani (13 dekabr 1956, Mahmudkənd, Noraşen rayonu) — şair, publisist, dramaturq, nasir, senari müəllifi, rejissor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki,[1] 2020-ci il dekabrın 10-da Bakıda keçirilmiş Qələbə Paradının ssenari müəllifi və aparıcısı.[2][3]
Abdulla Qurbani | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Mahmudkənd, Şərur, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət İncəsənət İnstitutu, Teatrşünaslıq Fakültəsi |
Fəaliyyəti | şair, publisist, dramaturq, nasir |
Əsərlərinin dili | Azərbaycan dili |
İlk əsəri | Şəhidlər dastanı |
Mükafatları |
|
Qurbani Abdulla Novruz oğlu 1956-cı il dekabrın 13-də Şərur rayonunun Mahmudkənd kəndində anadan olmuşdur. İbtidai təhsilini burda almış, sonra Culfa rayonunun Əbrəqunus kənd internat orta məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Mədəniyyət Nazirliyinin nəzdində olan mədəniyyət işçilərinin respublika hazırlıq və ixtisasartırma kursunda başlamışdır. Burada o, 1973–1975-ci illərdə bədii rəhbər vəzifəsində çalışmışdır.[1]
1975–1977-ci illərdə Uzaq Şərq hərbi dairəsində ordu sıralarında xidmət etmişdir. 1977–1978-ci illərdə Bakıda Aşıq Ələskər adına Xalq yaradıcılıq evində kütləvi tamaşalar üzrə metodist işləmişdir.
1978–1983-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq Fakültəsində təhsil almışdır.
1983–1989-cu illərdə Naxçıvan MR Şərur rayonunda tarix diyarşünaslıq muzeyində direktor, 1989–1993-cü illərdə mədəniyyətşünaslıq şöbəsinin müdiri vəzifəsində çalışmışdır.[1]
1993-cü ildə Şərur rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsindən könüllü olaraq cəbhəyə yollanıb. Murovdağ uğrunda ilk döyüş əməliyatlarına qoşulan A. Qurbani sıravi əsgərdən polkovnik rütbəsinədək yüksəlib. Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini kimi 2017-ci il dekabrın 15-də hərbi xidmətdən tərxis olunub.[4] Hazırda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının prezidium üzvüdür.[5]
A. Qurbani bədii yaradıcılığa kiçik yaşlardan başlamışdır. İlk qələm təcrübələri rayon qəzetlərində dərc olunmuşdur. Sonralar dövrü mətbuatda şer, hekayə və publisistik məqalələrlə müntəzəm çıxış etmişdir. 50-dən artıq şerinə mahnı bəstələnmişdir. "Daşaltı" pyesi Bakı Bələdiyyə Teatrında tamaşaya qoyulmuşdur.[1]
Qurbani hərbi vətənpərvərlik mövzusunda 100-dən çox kitabın, yüzlərlə məqalənin, 200-dən çox hərbi marş və vətənpərvərlik mahnılarının sözlərinin müəllifidir. Poemaları əsasında bir çox televiziya tamaşası hazırlanıb, rekviyem-oratoriya, simfonik poema yazılıb. "Türk sancağı", "Daş andı", "Şahnaz muğamı", "Gənclik bir də qayıtmır" pyesləri tamaşaya qoyulub. Respublikanın müxtəlif bölgələrində, eləcə də paytaxt Bakıda təşkil olunan onlarla teatrlaşdırılmış kütləvi mərasimin senari müəllifi və quruluşçu rejissorudur. "Azərbaycan- Türkiyə: qardaşlığın təntənəsi" kitab-albomunun müəllifidir.[6]
Abdulla Qurbani Azərbaycanda keçirilmiş son dörd hərbi paradın aparıcısıdır. O, Silahlı Qüvvələrimizin 100 illik yubileyinə həsr olunan hərbi paradın[7] və 10 dekabr 2020-ci ildə keçirilmiş Qələbə Paradının senari müəllifi və aparıcısıdır.[8]
Teymur Əhmədov. XX əsr Azərbaycan yazıçıları. Ensklopedik Məlumat Kitabı. (Təkmilləşdirilmiş üçüncü nəşr) (PDF) ("Nurlar"). Bakı. 2004. 984. ISBN 9952-403-38-0.