Murovdağ əməliyyatı

Kəlbəcər əməliyyatı — 1993-cü ilin sonlarında, Birinci Qarabağ müharibəsinin axırlarında, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri və separatçı Qondarma Dağlıq Qarabağ Respublikasının döyüşçülərindən ibarət erməni qüvvələrinə qarşı Kəlbəcərin nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı.

Kəlbəcər əməliyyatı
Birinci Qarabağ müharibəsi
Azərbaycanın əməliyyat zamanı hərbi nailiyyətlərnin pik nöqtəsini göstərən xəritə (təqribən 1994-cü ilin fevral ayının ortaları)   Əməliyyat zamanı işğaldan azad edilən ərazilər   Erməni işğalı altında olan ərazilər   Azərbaycanın münaqişə zonasından kənardakı əraziləri   Ermənistan

Azərbaycanın əməliyyat zamanı hərbi nailiyyətlərnin pik nöqtəsini göstərən xəritə (təqribən 1994-cü ilin fevral ayının ortaları)


  Əməliyyat zamanı işğaldan azad edilən ərazilər
  Erməni işğalı altında olan ərazilər
  Azərbaycanın münaqişə zonasından kənardakı əraziləri
  Ermənistan
Tarix 15 dekabr 1993 (1993-12-15) – 20 fevral 1994 (1994-02-20) (2 ay, 5 gün)
Yeri Kəlbəcər rayonu, Azərbaycan
Nəticəsi Ermənistanın qələbəsi
Ərazi dəyişikliyi Əməliyyatın pik nöqtəsində Kəlbəcər rayonu ərazisinin təq. 30% işğaldan azad edilsə də, hər iki tərəf əvvəlki mövqelərə geri qayıtmışdır
Münaqişə tərəfləri

 Azərbaycan

{{plainlist|

Komandan(lar)
Tərəflərin qüvvəsi

3,500 nəfər canlı qüvvə (1993-cü ilin dekabrı)

+2,000 nəfər canlı qüvvə (1994-cü ilin fevralı)

İtkilər

1,592–4,000 nəfər hərbçi həlak olmuşdur 111 nəfər hərbçi itkin düşmüşdür Onlarla texnika ələ keçirilmişdir

~2,000–4,000 nəfər hərbçi həlak olmuşdur Onlarla texnika ələ keçirilmişdir

Kəlbəcər Azərbaycanın ən dağlıq və ən böyük rayonlarından biridir və Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) xaricində yerləşirdi. Şimalında yerləşən hündür Murov silsiləsi ilə əhatə olunmuş ərazi əsasən sıx meşələr, çaylar və bulaqlardan ibarətdir. Rayon o dövrdə qərbdən Ermənistannın Basarkeçər şəhəri, şimaldan DaşkəsənXanlar (indiki Göygöl) rayonları, şimal-şərqdən GoranboyŞaumyan rayonları, şərqdən AğdərəƏsgəran rayonları, cənubdan isə Laçın rayonu ilə həmsərhəd idi, Ermənistan və seperatçı Qondarma Dağlıq Qarabağ Respublikası arasında yerləşirdi. Müharibədən əvvəl təxminən 60 min əhalisi olan bölgədə əsasən etnik azərbaycanlılar və kürdlər məskunlaşmışdı. Strateji əhəmiyyətə malik olan Kəlbəcər qızıl və xrom yataqları ilə zəngindir.

Erməni qüvvələri 1992-ci ilin martında Laçın şəhərini işğal edərək Ermənistanı Dağlıq Qarabağa bağlayan ensiz bir dağ keçidi olan Laçın dəhlizinin nəzarətini ələ keçirmişdir. Onlar daha sonra Ağdaban kəndini işğal etmiş, oradakı yerli əhaliyə qarşı soyqırım törətmiş və kəndi yandırmışdır. Erməni qüvvələri növbəti il Kəlbəcərə hücum əməliyyatı başlatmış, çoxlu sayda müharibə cinayəti törədərək 1993-cü ilin aprelində rayonu tamamilə işğal etmişdir. Onlar həm də Qarabağın ən yüksək zirvəsini – strateji Murovdağı ələ keçirmişdir. Bu hadisələr Azərbaycan daxilində siyasi böhrana səbəb olmuşdur. Azərbaycanlı hərbi komandir Surət Hüseynov 1993-cü ilin yayında üsyan edərək Gəncədən Bakıya doğru irəliləmiş, ovaxtkı Azərbaycan Prezidenti Əbülfəz Elçibəyi devirmişdir. Keçmiş sovet siyasətçisi olan Heydər Əliyev hakimiyyəti öz üzərinə götürmüş və Hüseynovu baş nazir təyin etmişdir. Ermənilər bu dövrdə asanlıqla bir neçə şəhəri işğal edə bilmiş, Əliyev isə işğal edilmiş əraziləri azad etməyi vəd etmişdir.

701 saylı Motoatıcı Briqadanın üç mindən çox əsgərindən ibarət olan Azərbaycan qüvvələri 15 dekabrda yüksək hündürlüklərdə və sərt qış şəraitində hücuma başlamışdır. Bir neçə uğursuz hücum cəhdindən sonra Azərbaycan qüvvələri 1994-cü il yanvarın ortalarında Murov silsiləsini keçmiş, Kəlbəcər rayonu ərazisinə daxil olmuşdur. Onlar Basarkeçər–Ağdərə yolunu kəsmiş, Kəlbəcər–Ağdərə–Laçın yoluna doğru irəliləmişdir. Şimaldan hücuma hazırlıqsız olan erməni qüvvələri bölgənin dərinliklərinə çəkilməyə məcbur qalmışdır. Azərbaycan qüvvələri fevral ayına qədər Kəlbəcər şəhərinə yaxınlaşmışdır. Lakin yenidən toplaşmağı bacaran erməni qüvvələri həmin ay böyük canlı qüvvə ilə əks hücuma başlamışdır. Onlar Ömər aşırımından keçən yolu kəsmiş, Azərbaycan qüvvələrini mühasirəyə almışdılar. Azərbaycanlı qüvvələr buna görə də çaxnaşmaya düşmüş, kəskin şaxta havada çətin dağlıq ərazilərdən keçərək 20 fevral tarixinə qədər geri çəkilməyə məcbur qalmışdır. Ermənistan silahlıları tərəfindən mühasirəyə alınan və güclü bombardman altında qalan iki batalyon istisna olmaqla, bütün Azərbaycan qüvvələri əvvəlki mövqelərinə qayıda bilmişdir.

Əməliyyat həm Azərbaycan, həm də Ermənistan tərəfinin ağır itki verdiyi, o cümlədən müharibənin ən ölümcül döyüşüdür. İngilis jurnalist Tomas de Vaalın verdiyi məlumata görə, ümumilikdə hücum zamanı altı mindən çox hərbçi ölmüşdür. Qış şəraitinə pis hazırlaşan bir çox Azərbaycan əsgərləri ya donaraq ölmüş, ya da qar uçqunu altında qalmışdır. İtkilərin böyükhəcmli olması Bişkek protokolunun imzalanmasına yol açmış və beləliklə müharibəyə son qoymuşdur. Azərbaycan o dövrdə itkilərini gizli saxlamışdır. Həmçinin, qış aylarında Kəlbəcərə hücum əməliyyatı gerçəkləşdirmək əmrinin kim tərəfindən verilməsi hələ də naməlumdur.

Kəlbəcər Murov silsiləsi ilə əhatə olunmuş və əsasən sıx meşələr, çaylar və bulaqlardan ibarətdir. Rayon Azərbaycanın ən dağlıq və ən böyük rayonlarından biridir. Rayonun iqtisadiyyatında tarixən heyvandarlıq və əkinçilik üstünlük təşkil etmişdir. Sovet hakimiyyəti 1930-cu ilin avqustunda bölgəni inzibati ərazi vahidinə çevirmiş və Kəlbəcər şəhərini inzibati mərkəz təyin etmişdir. Kəlbəcər o dövrdə qərbdən Ermənistanın Basarkeçər şəhəri, şimaldan DaşkəsənXanlar (indiki Göygöl) rayonları, şimal-şərqdən GoranboyŞaumyan rayonları, şərqdən AğdərəƏsgəran rayonları, cənubdan isə Laçın rayonu ilə həmsərhəd idi.[a] Rayon Ermənistan və Dağlıq Qarabağ bölgəsi arasında yerləşir və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) xaricindədir. Təxminən 60 min əhalisi olan rayonda əsasən etnik azərbaycanlılarkürdlər yaşayırdı.[4][5] Rayon qızıl və xrom yataqları ilə zəngindir və müalicəvi mineral su sanatoriyaları ilə məşhurdur.[6][7]

SSRİ dövründə DQMV Azərbaycan SSR-nin tərkibindəki əsasən etnik ermənilərin yaşadığı muxtar bir vilayət idi.[8] Sovet İttifaqı 1980-ci illərin sonlarında dağılmağa başladıqda vilayətin statusu məsələsi yenidən gündəmə gəlmiş və 20 fevral 1988-ci ildə DQMV parlamenti vilayətin Azərbaycan SSR-dən Ermənistan SSR-yə verilməsini tələb edən bir qərar qəbul etmişdir. Azərbaycan bu tələbi bir neçə dəfə rədd etmiş[9] və qısa müddət sonra 1988-ci ildən 1990-cı ilə qədər etnik zorakılıq yaşanmış, Sumqayıt, Gəncə və Bakıda ermənilərə,[10][11][12][13] Quqark [14][15][16]Xankəndidə [17] isə azərbaycanlılara qarşı bir sıra poqromlar törədilmişdir. Dağlıq Qarabağın statusu ləğv edildikdən sonra, 10 dekabr 1991-ci ildə keçmiş vilayət daxilində müstəqillik referendumu keçirilmişdir. Vilayət əhalisinin təxminən 22,8%-ni təşkil edən azərbaycanlılar referendumu boykot etmiş, iştirakçıların 99,8%-i isə müstəqilliyin lehinə səs vermişdir. 1992-ci ilin əvvəllərində Sovet İttifaqının süquta uğramasından sonra Qarabağ uğrunda müharibə başlamışdır.[9]

Əvvəlki hadisələr

[redaktə | mənbəni redaktə et]

Erməni qüvvələri 18 may 1992-ci ildə Laçın şəhərini işğal etmək üçün hücum əməliyyatına başlamış[18] və bununla da Ermənistanın cənubundakı Sünik mərzində yerləşən Gorus şəhərini Dağlıq Qarabağın regional paytaxtı olan Xankəndi şəhərinə birləşdirən[19] Laçın dəhlizini nəzarətə götürmüşdülər;[20] Ermənistanı Dağlıq Qarabağa birləşdirən digər əsas yol Murov silsiləsindən keçir.[21] Laçın şəhərinin özü zəif mühafizə olunurdu və ertəsi gün erməni qüvvələri şəhəri işğal etmiş[18] və onu dağıtmışdır. Şəhərin təqribən 7,800 nəfərdən ibarət Azərbaycankürd əsilli sakini qaçqın düşmüşdür.[22][23] 8 aprel tarixində erməni qoşunları şimala doğru hərəkət etmiş və Kəlbəcər şəhərindən 56 kilometr şimal-şərqdə yerləşən, 460 nəfərlik əhalisinin əksəriyyəti etnik azərbaycanlılardan təşkil olunmuş Ağdaban kəndinə hücum etmişdir. Erməni qüvvələri kəndi, kənddə yerləşən 130 evi tamamilə yandırmış, 30-dan çox dinc sakini öldürmüş, yüzlərlə insana işgəncə verərək onları əsir götürmüşdür.[6]

Murov silsiləsini keçərək Kəlbəcəri tərk edən azərbaycanlı qaçqınlar.

1993-cü il Azərbaycan üçün bir çətin il olmuşdu. Erməni qüvvələri mart ayında Kəlbəcərə hücuma başlamış[24] və apreldə rayonu işğal edərək bütün Qarabağın ən yüksək zirvəsi olan Murovdağı nəzarətə götürmüşdür.[25] Ermənilərin Kəlbəcərdəki uğuru rayonun mülki əhalisinin evlərindən zorla çıxarılması, dinc sakinlərin öldürülməsi və girov götürülməsi də daxil olmaqla, çoxsaylı müharibə cinayətləri ilə nəticələnmişdir. Rayon uğrunda gedən döyüşlər zamanı 500-dən çox azərbaycanlı mülki şəxs öldürülmüş, 60 mindən çox insan evlərindən didərgin düşmüşdür.[26][6] 30 spreldə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 822 saylı qətnaməni qəbul edərək bütün hərbi əməliyyatların dərhal dayandırılmasını və bütün işğalçı qüvvələrin Kəlbəcərdən çıxarılmasını tələb etmişdir.[27] Bunun ardınca, iyunun əvvəlində, ovaxtkı Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin bacarıqsızlığından, eləcə də hərbi rütbəsinin endirilməsinə görə qəzəblənən Azərbaycan Silahlı Qüvvələrinin komandiri Surət Hüseynov üsyan etmiş, öz qüvvələri ilə Gəncədəki bazasından Bakıya doğru irəliləməyə başlamışdır. Bu siyasi qarışıqlıq zamanı Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, QubadlıZəngilan rayonları işğal edilmişdir. Elçibəy iyunun 18-də vəzifəsindən ayrılmış və hakimiyyəti ovaxtkı millət vəkili, keçmiş sovet lideri Heydər Əliyevə təhvil vermişdir. İyulun 1-də Hüseynov Azərbaycanın Baş naziri təyin edilmişdir.[28] Payızda Beyləqan şəhərinə hücum əməliyyatı keçirən erməni qüvvələri dəf edilmişdir. Prezident vəzifəsini icra edən Əliyev siyasi cəhətdən etibarsız hesab etdiyi Elçibəyin Xalq Cəbhəsinə bağlı 33 könüllü batalyonu ləğv etmişdir.[29] O, müharibədəki uğursuzluqlara görə əvvəlki hökuməti günahlandırmış və işğal olunmuş əraziləri azad edəcəyinə söz vermişdir. Əliyev könüllü batalyonları kompensasiya etmək üçün tez və mübahisəli bir şəkildə gənc çağırışçılardan ibarət bir ordu yaratmışdır.[7][30] Oktyabr və noyabr aylarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının daha iki qətnaməsi (874884 saylı) qəbul edilmiş və Dağlıq Qarabağın hüquqi müstəvidə Azərbaycanın bir tərkibi olduğu bir daha təsdiqlənmişdir.[27]

Heydər Əliyev andiçmə mərasimi zamanı.

Əliyev keçmiş sovet respublikalarında yaşayan Azərbaycan əsilli hərbi mütəxəssislərə müraciət etmişdir. Əksəriyyəti Sovet–Əfqanıstan müharibəsi veteranları olan bir çox zabit ölkəyə köməyə gəlmişdir.[31] Bu və ümumxalq səfərbərlik Azərbaycanın hərbi gücünü artırmışdır.[32][33] Azərbaycan hökuməti hücumdan əvvəl bölgədə yaşayan mülki əhalini təxliyə etmişdi. Əməliyyatlar dəniz səviyyəsindən 2500–3500 metr yüksəklikdə davam etdirilməli idi. Bölgədə sərt iqlim, güclü qar, küləklər və təhlükəli uçqunlar olduğu üçün plan çox təhlükəli hesab edilirdi. Bu səbəbdən bir çox komandir əməliyyatı dəstəkləməmişdi. Əməliyyata cəlb edilən əsgərlərin əksəriyyəti yeni çağırışçılar idi.[7][34] Azərbaycan ordusu Murov silsiləsindən hücuma keçərək Basarkeçər–Ağdərə yolunu kəsməyi planlaşdırırdı.[35] Azərbaycan Silahlı Qüvvələri bundan sonra Kəlbəcər rayonunun dərinliyinə doğru hərəkət edərək Kəlbəcər şəhərini işğaldan azad etməli və eyni zamanda Tərtərdən irəliləyərək erməni qoşunlarını mühasirəyə almalı idi.[34]

Tərəflərin müqayisəsi

[redaktə | mənbəni redaktə et]

Hücum əməliyyatını Azərbaycan Silahlı Qüvvələrinə bağlı 701 saylı Motoatıcı Briqada həyata keçirmişdir. Briqadanın şəxsi heyəti ümumilikdə 3,500 nəfər hərbi qulluqçudan ibarət idi. Onun komandiri polkovnik-leytenant Valeh Rəfiyev, qərargah rəisi polkovnik-leytenant Eldar Həsənov, əməliyyat rəisi isə mayor Qorxmaz Qarayev idi. Briqada altı batalyondan ibarət idi:[34]

  • 1 saylı Azərbaycan Batalyonu; komandiri Qurban Qurbanov idi;
  • 2 saylı Azərbaycan Batalyonu; komandiri Həbib Şabanov idi;
  • 3 saylı Azərbaycan Batalyonu; komandiri Balay Nəsibov idi;
  • 4 saylı Azərbaycan Batalyonu; komandiri Hafiz Məmmədov idi;
  • 5 saylı Azərbaycan Batalyonu; komandiri Gəray Əsədov idi;
  • 6 saylı Azərbaycan Batalyonu; komandiri Vəli Bayramov idi.

Əlavə olaraq, hücum əməliyyatında Azərbaycan Daxili İşlər Nazirliyinə bağlı Kəlbəcər Rayon Polis İdarəsinin polisləri də iştirak etmişdir.[36]

Kəlbəcər rayonu ərazisi Azərbaycanın müasir inzibati bölgüsü xəritəsi daxilində.

1994 saylı ilin fevral ayının əvvəllərində Qondarma DQR-nin Mərkəzi Özünümüdafiə Qrupuna Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Hraç Andresyan rəhbərlik edirdi. Cəbhənin sadəcə cənubundakı erməni qüvvələri 2,000 nəfərdən çox hərbçidən ibarət idi. Bütün ordu qrupu bir neçə alay və tabordan ibarət idi:[37][38]

  • Stepanakert Alayı; komandiri Levon Mnatsakanyan idi.
  • Əsgəran Özünümüdafiə Rayonu; komandiri Vitali Balasanyan idi.
  • 35 saylı Özünümüdafiə Batalyonu; komandiri Arşavir Qaramyan idi.
  • 42 saylı Özünümüdafiə Batalyonu; komandiri Arkadi Şirinyan idi.
  • 43 saylı Özünümüdafiə Batalyonu; komandiri İliç Bağıryan idi.
  • 77 saylı Özünümüdafiə Batalyonu; komandiri Petros Gevondyan idi.

Bundan əlavə, DQR-yə Ermənistan Silahlı Qüvvələrinin aşağıda göstərilənlərdən ibarət bölmələri dəstək vermişdir:[38]

  • 555 saylı Vardenis Motoatıcı Alayı.
  • 7 saylı Gümrü Mühəndis Taboru.
  • 9 sayl Eçmiədzin Mühəndis Taboru.

Bir neçə azərbaycanlı komandir ermənilərin əks-hücumu zamanı erməni qüvvələrinin Rusiya Silahlı Qüvvələrinə bağlı artilleriya bölmələri tərəfindən dəstəkləndiyini bildirmişdir.[7]

Murov uğrunda döyüşlər

[redaktə | mənbəni redaktə et]
Azərbaycan qüvvələrinin hücum əməliyyatı dəniz səviyyəsindən 2,500–3,500 metr yüksəklikdə, hündür Murov silsiləsi boyunca keçirilmişdir.

Hərbi əməliyyata 1993-cü ilin dekabrında start verilir. Azərbaycan qüvvələri Murov dağ silsiləsindən irəliləyərək bütün şimal cəbhəsi boyunca hücuma keçmişdi. AlaxançallıZivlan kəndlərindən irəliləyən 3 saylı Azərbaycan Batalyonu Murova doğru hərəkət edir.[39] Gəray Əsədovun rəhbərlik etdiyi[40] 5 saylı Azərbaycan Batalyonu 28 dekabrda Murov silsiləsindəki Meydan düzünə doğru irəliləyərək Meydançay əməliyyatına start verir. Onlar erməni mövqelərinin arxasına keçmək üçün gecə Güzgü keçidinin sağ tərəfindən, Koroğlu dağından keçir. 5 saylı Azərbaycan Batalyonu 1 yanvar 1994-cü ildə erməni qüvvələrini darmadağın etdikdən sonra[39][40] YanşaqZallar kəndləri yaxınlığında mövqe qurur.[31] 3 saylı Azərbaycan Batalyonu Ömər keçidinə doğru hərəkət edir əraziyə nəzarəti və ermənilərin Vanadzor Alayının təlimsiz əsgərlərini məğlub edərək ərazini ələ keçirir.[39][41] Onlar aşırımdan keçərək "31–46" yüksəkliyinə hücum edirlər. Təpədəki erməni hərbi postu Azərbaycan qüvvələrinin əsas həmləsini dəf etməyə nail olur, lakin Azərbaycan qüvvələri tezliklə təpənin nəzarətini ələ keçirərək erməni qüvvələrini ərazidən qovur. 2 və 3 saylı Azərbaycan batalyonları Meydan düzünə köçürülür və 5 saylı Azərbaycan Batalyonu ilə birlikdə erməni qüvvələrinə arxadan hücum edir.[42] Ermənilər bu həmlədən sonra tezliklə geri çəkilir. Bundan sonra Azərbaycan hərbçiləri Ömər aşırımını minalardan təmizləyir və Meydan düzündə bir batalyon müdafiə zonası qurur.[31][43]

2 yanvarda 3 saylı Azərbaycan Batalyonu ağır döyüşlərdən sonra Bozlu, BabaşlarTəkəqaya kəndlərini işğaldan azad edir. Eyni zamanda, 2 saylı Azərbaycan Batalyonu Yanşaq kəndi istiqamətində hücuma keçir, lakin uğursuz olur. Erməni qüvvələri daha sonra əks hücuma keçir və itirilmiş kəndlərin nəzarətini geri alır. 3 saylı Azərbaycan Batalyonu mühasirəyə düşməmək üçün Daşkəsən rayonunda yerləşən əvvəlki mövqelərinə çəkilir. 4 yanvarda 3 saylı Azərbaycan Batalyonu yenidən Murov silsiləsini keçərək əvvəlki mövqelərinə doğru irəliləyir. Ali komandanlıq ilkin uğursuzluqlar səbəbilə Azərbaycan qüvvələrinə rəhbərlik edən zabitləri dəyişməli olur. Feyruz Alışov 3 saylı Azərbaycan Batalyonunun, İntiqam Məhərrəmov isə 2 saylı Azərbaycan Batalyonunun komandiri təyin edilir. Bir neçə gün sonra Azərbaycanın Müdafiə naziri Məmmədrəfi Məmmədov 701 saylı Motoatıcı Briqadanın komandiri Valeh Rəfiyevi vəzifəsindən azad edərək onun yerinə Saleh İlyasovu təyin edir. Rəfiyev daha sonra bildirmişdir ki, bu qərarda Azərbaycanın Baş prokuroru Əli ÖmərovMilli Məclisin spikeri Rəsul Quliyevin böyük rolu olmuşdu.[44]

Azərbaycan qüvvələri yanvar ayının ortalarında Murov silsiləsini aşaraq növbəti dəfə hücuma keçir.[45] 16 yanvarda 1 və 3 saylı Azərbaycan batalyonları Susuzluq dağını işğaldan azad edir. Azərbaycan qoşunları buradan Meydançay və Yanşa əraziləri üzərində atəş nəzarətinə malik idi. Ertəsi gün 2 saylı Azərbaycan Batalyonu Meydançayın şərqində yerləşən Şişqaya yüksəkliyi işğaldan azad edir. 19 yanvarda 5 saylı Azərbaycan Batalyonu Qızılqaya yüksəkliyinin nəzarətini ələ keçirir.[30] Ertəsi gün 5 saylı Azərbaycan Batalyonu Bağırsaq kəndini, 1 saylı Azərbaycan Batalyon Yanşaq kəndini, 3 saylı Azərbaycan Batalyonu isə Susuzluq kəndini işğaldan azad edir. Beləliklə, erməni qoşunları yanvar ayının sonunda Kəlbəcər rayonunun dərinliklərinə çəkilmək məcburiyyətində qalırlar. 21 yanvarda Qamışlı kəndinə daxil olan 2 saylı Azərbaycan Batalyonu Çiçəkli yüksəkliyini ələ keçirir və beləliklə, Kəlbəcər–Ağdərə–Laçın yolunu nəzarətə götürür. Eyni zamanda, 5 saylı Azərbaycan Batalyonu Bağırlı kəndi istiqamətində hücuma keçir. Ertəsi gün Azərbaycan qüvvələri YanşaqbinəQasımbinəsi kəndlərini işğaldan azad edir. Azərbaycan qüvvələri strateji Ömər keçidini və oradan keçən yolun nəzarətini ələ keçirərək mövqelərini daha da möhkəmləndirir.[46]

Kəlbəcərə hücum əməliyyatı

[redaktə | mənbəni redaktə et]

23 yanvarda 3 saylı Azərbaycan Batalyonu Çəpli kəndində bir erməni batalyonunu mühasirəyə alır. İngiltərə jurnalisti Tomas de Vaala görə, kənddə 240 erməni əsgəri öldürülür,[41] Ukrayna tarixçisi Mixail Jiroxov isə hesab edir ki, burada öldürülən erməni hərbçilərinin sayı 200 nəfər idi.[47] Azərbaycan qüvvələri üç tank, dörd piyada döyüş maşını və ZSU-23-4 Şilka zenit-raket kompleksini qənimət kimi ələ keçirir. Erməni qüvvələri əks hücuma keçir və ertəsi gün Çəpli kəndini nəzarətə götürür, lakin 27 yanvarda onlardan kənddəki mövqelərindən qovulur. Qaçan erməni qoşunları Seyidlər kəndinə doğru geri çəkilmək məcburiyyətində qalır. Beləliklə, Ermənistandan Kəlbəcərə gedən yol Azərbaycanın nəzarətinə keçir. Kəlbəcər rayonu ərazisinin daha dərinliklərinə doğru irəliləyən Azərbaycan batalyonları ertəsi gün Qanlıkənd, Bozlu, Babaşlar, Təkəqaya, İlyaslarÇopurlu kəndlərini ələ keçirirlər. İki gün sonra Seyidlər, Lev, DəmirçidamCəmilli kəndləri işğaldan azad edilir. Azərbaycan komandanlığı daha sonra 5 saylı Azərbaycan Batalyonuna Buzduk hündürlüyünə doğru irəliləməyi, 1 və 3 saylı Azərbaycan batalyonlarına isə Zod ətrafındakı yüksəklikləri tutmaq üçün göstəriş verir. Bu əməliyyatlar Kəlbəcər şəhərinə qarşıdakı hücuma hazırlıq idi.[30]

Azərbaycan qüvvələri fevral ayına qədər Kəlbəcər rayonunun təxminən 30%-ni işğaldan azad etmişdi.[48] 1, 3 və 4 saylı Azərbaycan batalyonları qərbdə Ermənistanla sərhədə yaxınlaşaraq Cəmilli–Dəmirçidam–Qanlıkənd xətti boyunca mövqelər qurmmuşdu. Mərkəzi qüvvələr Qamışlı və Çiçəkli yaxınlığında mövqe qurmuş 2 saylı Azərbaycan Batalyonundan ibarət idi, şərqdə isə 5 saylı Azərbaycan Batalyonu Bağırlı kəndində mövqe tutmuşdu.[49]

Geri çəkilmə

[redaktə | mənbəni redaktə et]

Erməni qüvvələri fevralın əvvəlində yenidən toplanmağa başlayır. Qondarma DQR hərbi rəhbərliyi, Əsgəran Özünümüdafiə Dairəsinin komandiri Vitali Balasanyan tərəfindən koordinasiya edilən və Xankəndində yerləşən Mərkəzi Özünümüdafiə Qrupunu[37] Kəlbəcərdə əməliyyata cəlb edir.[50] Qondarma DQR rəhbərliyi ordu qrupunun baş qərargahına Ağdərəyə köçürür.[38]

O dövrdə Serj Sarkisyan (sağda) Ermənistanın Müdafiə naziri, Robert Köçəryan (solda) isə Qondarma DQR-nin Baş naziri idi.

İlkin plana görə, erməni qoşunları Çiçəkli yüksəkliyini ələ keçirməli idi. 2 fevralda erməni qüvvələri şərqdən Qamışlı kəndinə hücum etsələr də, 2 saylı Azərbaycan Batalyonu onları dəf edir. Ertəsi gün erməni qüvvələri yüksəkliyə hücum edir, lakin 2 saylı Azərbaycan Batalyonu mövqelərini müdafiə edir və hücum edən erməni qoşunları geri çəkilir. Buna baxmayaraq, 6 fevralda erməni qüvvələri Çiçəkli yüksəkliyini tutur, lakin iki gün sonra yenidən itirirlər. Bu vaxt 1 və 3 saylı Azərbaycan batalyonlarına hücumlarını davam etdirmək və Zod kəndi ətrafındakı yüksəklikləri işğaldan azad etmək əmri verilir. Çiçəkli yüksəkliyi yaxşı müdafiə olunurdu. Bu səbəbdən erməni qoşunları Ağdərədən gələn təzyiqi artırır. Erməni komandanlığı diqqətini yüksəkliyin şimal-şərqində yerləşən yüksəkliklərə yönəltmək məcburiyyətində qalır. Onlar Çiçəkli yüksəkliyi üzərindən Kəlbəcər–Gəncə yolunu və Ömər aşırımına gedən yolu nəzarətə götürürlər.[37] 11 fevralda ermənilər böyük bir qüvvə ilə Ağdaban kəndindən hücuma keçərək "2071" yüksəkliyini və Bağırlı kəndi ətrafındakı yüksəklikləri ələ keçirirlər. Onlar ertəsi gün Bağırsaq kəndinə daxil olurlar. Azərbaycan qoşunları bir neçə dəfə əks hücuma keçsə də, onlar hər dəfəsində uğursuz olur. Erməni qüvvələri hücumlarını davam etdirərək Ağqaya və "2868" yüksəkliklərini ələ keçirir. Fevral ayının ortalarında erməni qoşunları YanşaqYanşaqbinə kəndlərini yenidən işğal edirlər. Erməni qüvvələri Ömər aşırımından Kəlbəcərə gedən yolu nəzarətə götürür. Beləliklə, Azərbaycan qüvvələrinin təminat xətləri kəsilir və 701 saylı Motoatıcı Briqadanı mühasirəyə alınır. Azərbaycan qüvvələrinə 14 fevralda geri çəkilmək əmri verilir, Cəmilli kəndindəki erməni qüvvələri Alışovu əsir götürür. Azərbaycan qüvvələrini əməliyyatdan əvvəlki mövqelərinə aparan əsas yol erməni qüvvələrinin nəzarətində olduğundan Azərbaycan qoşunları dar Susuzluq–Təkəqaya–Ağdağ yolu ilə geri çəkilmək məcburiyyətində qalır. Azərbaycan tərəfi bütün ağır texnikalarını tərk edirlər. Yüzlərlə əsgər donaraq ölür və ya itkin düşür.[37] Bəzi əsgərlər soyuqdan isinmək üçün pencəklərini yandırır, donvurmadan ölənlərin cəsədləri isə döyüş bölgəsində qalır. Bəzi Azərbaycan əsgərləri soyuqdan dəli olur, bəziləri mahnı oxuyaraq donmuş çaylarda üzməyə başlayır. Yerdə oturanlar yerlərində donub qalır. Erməni qüvvələri uçqun yaratmaq üçün dağ zirvələrini atəşə tutur və nəticədə bir çox azərbaycanlı hərbçi şəhid olur.[7] Azərbaycan qüvvələri fevralın 20-nə qədər geri çəkilir. Erməni tərəfi iki Azərbaycan briqadasını mühasirəyə ala bilir. Azərbaycan qoşunları təminat xətlərinin açılması üçün Xanlar rayonundan erməni mövqelərinə bir neçə dəfə uğursuz hücumlar həyata keçirirlər.[37] De Vaal erməni qüvvələrinin mühasirədə olan Azərbaycan batalyonlarını BM-21 Qrad raketləri ilə ağır şəkildə bombaladığını qeyd edir. Təkcə bu həmlə nəticəsində 1,500-ə yaxın Azərbaycan əsgəri şəhid olur.[41]

Kəlbəcər əməliyyatı Birinci Qarabağ müharibəsinin ən ölümcül hərbi əməliyyatlarından biridir. Əməliyyat zamanı həm Azərbaycan, həm də Ermənistan qüvvələri ağır itki vermişdir.[51] Tomas de Vaalın sözlərinə görə, Azərbaycan tərəfi Ömər keçidində keçirilən hərbi əməliyyatlar zamanı 4 minə yaxın itki vermiş, Ermənistan tərəfi isə təxminən 2 min hərbçisini itirmişdir. De Vaal döyüş əməliyyatlarının nəticələnməsindən bir neçə il sonra Murov silsiləsinə səyahət edənlərin hələ də donmuş cəsədlər tapdıqlarını qeyd etmişdir. Sonrakı illərdə ermənilər Ömər aşırımında şəhid olan Azərbaycan əsgərlərinə aid yüzlərlə qırmızı bilet toplamışdır. Ermənistanın televiziya çəkiliş qrupu onları ictimai yayım üçün lentə almışdır. De Vaal bunu "müharibənin ən narahatedici səhnələrindən biri" olaraq təsvir etmişdir.[52]

Azərbaycan tərəfində itkilərin xeyli hissəsi donvurma və uçqunlar nəticəsində baş vermişdir. Azərbaycan hökuməti o vaxt itkilərin sayını gizli saxlamışdı və həlak olan Azərbaycan əsgərlərinin dəqiq sayı barədə hələ də rəsmi bir məlumat yoxdur. Azərbaycan mənbələrindən alınan son məlumata görə, hücum əməliyyatı zamanı Azərbaycan Silahlı Qüvvələri 1,592 hərbçisini itirmişdir. Onlardan 1337-si donaraq ölmüş, 111-i isə itkin düşmüşdür.[30]

Azərbaycan mənbələrinə görə, 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarınadək olan döyüşlərdə erməni tərəfi 4 min hərbçisini, 50 zirehli texnikasını, 15 artilleriya qurğusunu və digər hərbi texnikasını itirmişdir. Azərbaycan tərəfinin itkisi bundan 1,5 dəfə az idi.[49]

Erməni qüvvələri Kəlbəcərdəki mövqelərini qoruya bilmiş və Murov silsiləsindəki Ömər və Güzgü keçidlərini ələ keçirmişdilər.[30] Hücum əməliyyatı zamanı verilən itkilərin miqyası 1994-cü ilin may ayında Bişkek protokolunun imzalanmasına və müharibənin sona çatmasına səbəb olmuşdur.[7]

Azərbaycan hücum əməliyyatını çox çətin qış şəraitində həyata keçirmişdi. Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələri mühasirəyə alınma təhlükəsi ilə üzləşərək çox riskli bir əməliyyata başlamışdı. 701 saylı Motoatıcı Briqada Azərbaycan Silahlı Qüvvələrinin Murov silsiləsinin o tayındakı mövqelərindən çox uzaqlaşmışdı. Bu, qışda keçidlərdən irəliləyən qoşunların təminatında problemlər yaradırdı. Əməliyyatda iştirak edən Azərbaycan birləşmələrinin məhdud sayda olması yaralı əsgərləri və zədələnmiş hərbi texnikanı təxliyə etməyi və ya əlavə qüvvənin gətirilməsini çətinləşdirmişdi. Bu arada, erməni hərbi rəhbərliyi Dağlıq Qarabağdan Kəlbəcərə əlavə qoşun gətirə bilirdi. Azərbaycan Silahlı Qüvvələrinin Ağdərə istiqamətində vuruşan qüvvələrinə dəstək verə bilməməsi onların vəziyyətini daha da acınacaqlı hala gətirmişdi.[30]

18 fevral 2014-cü ildə Basarkeçər şəhərində keçmiş erməni hərbçilər Ermənistanın Ömər aşırımındakı qələbəsinin iyirminci ildönümünü qeyd etmişdir.[53]

Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsi zamanı Murov silsiləsindəki strateji mövqe olan Murovdağ zirvəsini işğaldan azad etmişdir.[54][55] Bu, onlara Basarkeçər–Ağdərə yolunu kəsmək üçün imkan yaratmışdır.[56] Bu, 1992-ci ildən bəri Azərbaycanın ən böyük hərbi uğurlarından biri hesab olunur.[57]

Hücum əməliyyatının özü və Əliyev hökumətinin buradakı məsuliyyəti Azərbaycan hakimiyyəti daxilində çox həssas bir mövzuya çevrilmişdir. Qışda Kəlbəcərə hücum etmək qərarına kimin gəldiyi hələ də bəlli deyil. Azərbaycanın keçmiş müdafiə naziri Məmmədrəfi Məmmədov daha sonra bu qərarı "axmaqlıq" adlandırmış və o vaxt buna qarşı olduğunu söyləmişdir. Məmmədovun sözlərinə görə, bəzi siyasi liderlər Azərbaycan Respublikasının Müdafiə Şurasını Kəlbəcərə hücumun uğurlu olacağına inandıra bilmişdi. Məmmədov əməliyyat planının Azərbaycanın ovaxtkı baş prokuroru, Əliyev ilə yaxın münasibətləri olan Əli Ömərova məxsus olduğunu iddia etmişdir. O, Ömərovun Kəlbəcərin asanlıqla işğaldan azad oluna biləcəyinə inandığını qeyd etmişdir.[58] Azərbaycanlı keçmiş batalyon komandiri Gəray Əsədov qışda həyata keçirlən hücum əməliyyatının "tamamilə səhv" olduğunu demişdir. Onun sözlərinə görə, əməliyyat yayda keçirilsəydi, erməni qüvvələri AğdamFüzuli rayonlarını işğal etməyəcəkdi. Ermənistan tərəfinin Murovdakı qüvvələri çox azsaylı idi və oradan edilən hücum onların vəziyyətini ağırlaşdıracaqdı. Bu, Ermənistan rəhbərliyinin Ağdam və Füzulidən geri çəkilmə əmri verməsinə səbəb olacaqdı.[31] Azərbaycanın ovaxtkı Müdafiə nazirinin müavini Leyla Yunus dövrün komandirlərini "pis vəziyyəti daha da pisləşdirmək"də günahlandırmışdır. Onun sözlərinə görə, Azərbaycan Baş Qərargah rəisi Nəcməddin Sadıkov hava şəraitinin pisləşməsi səbəbindən hücumu təxirə salmaq əvəzinə əməliyyata start vermişdir. O, bunu "bir hərbi zabitin ala biləcəyi ən axmaq qərar" adlandırmışdır. Əliyev hökuməti dövründə Prezident Administrasiyasının rəhbəri olan Eldar Namazov uğursuzluqda Surət Hüseynovu günahlandırmışdır. Namazov əməliyyatın hərtərəfli planlaşdırıldığını və əvvəlcə uğurlu olduğunu bildirmişdir. Buna baxmayaraq, Hüseynovun başçılıq etdiyi hərbi komandanlıq sonradan ciddi səhvlərə yol vermişdi. Namazov bildirmişdir ki, Hüseynov ciddi fikir ayrılıqları səbəbindən qərarlarını Əliyev ilə müzakirə etmirdi. Müharibə illərində Müdafiə Nazirliyinin mətbuat xidmətində işləyən Azad İsazadə bu fikirlə razılaşmamışdır. O bildirmişdir ki, əməliyyat yalnız Əliyevin şəxsi göstərişi ilə həyata keçirilə bilərdi. İsazadə əməliyyatı SSRİ-nin pambıq yığım texnikası ilə müqayisə etmişdir. Onun sözlərinə görə, hökumət Bakının küçələrindən tamamilə hazırlıqsız azərbaycanlı gəncləri orduya cəld edərək onları döyüş bölgəsinin ortasına atmışdı.[7] Azərbaycanlı araşdırmaçı Tural Həmidin sözlərinə görə, Baş Qərargah rəisi general-mayor Nəcməddin Sadıkov "hərbçi kimi əməliyyatın faciəvi şəkildə başa çatacağını başa düşməli idi, çünki qışda demək olar ki, 3,700 metr yüksəklikdə ordu uğurlu hərbi əməliyyatlar keçirə bilməzdi". Onun sözlərinə görə, 701 saylı Motoatıcı Briqada bölmələri hündür dağlarda qış əməliyyatları üzrə xüsusi təlim keçməmiş, dağ və ya xizək avadanlığı ilə təchiz olunmamışdı.[30]

Hücum əməliyyatından sonra Azərbaycanda cinayət işi başlanılmışdır. 1995-ci il iyunun 29-dan avqustun 18 dək Azərbaycan Ali Məhkəməsinin hərbi kollegiyası Şahin Rüstəmovun sədrliyi ilə əməliyyatın uğursuz olması ilə bağlı məhkəmə prosesinə nəzarət etmişdir. Məhkəmənin hökmü ilə briqada komandiri Saleh İlyasov 7 il, batalyon komandiri Gəray Əsədov 6 il, batalyon rəisi Cəlil İbrahimov isə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Briqada komandirinin müavini Nəriman Zeynalovun işi əlavə araşdırma üçün Hərbi Prokurorluğa qaytarılmışdır.[30]

  1. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan hakimiyyəti Azərbaycanın inzibati bölgüsündə dəyişikliklər etmişdir. Dağlıq Qarabağ Muxtar Vilayəti, o cümlədən Əsgəran, AğdərəŞaumyan rayonları ləğv edilmi.dir. Əsgəran Xocalı rayonu ilə əvəz edilmiş,[1] Ağdərə KəlbəcərTərtər rayonları arasında bölüşdürülmüş,[2] Şaumyan isə Goranboy rayonuna birləşdirilmişdir.[3]
  1. Mütəllibov, Səmədzadə, 1991
  2. Qəmbərov, 1992
  3. Qafarova, 1991
  4. HRW, 1994. səh. 14
  5. Volker, 1998. səh. 23
  6. 1 2 3 BBC Azərbaycanca Kəlbəcər, 2020
  7. 1 2 3 4 5 6 7 Abbasov, 2004
  8. UNHCR, 1996
  9. 1 2 de Vaal, 2013
  10. Economist, 2020
  11. de Vaal, 2004. səh. 90
  12. Parks, 1988
  13. Broyers, 2019
  14. Barrincer, 1988
  15. Xlıstun, 2001
  16. Papyan, 2015
  17. BBC Rusca, 2005
  18. 1 2 Braun, 1996. səh. 125
  19. Volker, 1998. səh. 25
  20. Kristofer, 1996. səh. 89–111
  21. JAMNews, 2020
  22. BBC Azərbaycanca Laçın, 2020
  23. Caucasian Knot, 2020
  24. Melkonyan, 2005. səh. 245
  25. Azadlıq Radiosu, 2008
  26. HRW, 1994 və 35–54
  27. 1 2 Birləşmiş Millətlər Təşkilatı, 1993
  28. Toronto Star, 1993. səh. A12
  29. Bağdasaryan, Yunusov
  30. 1 2 3 4 5 6 7 8 Həmid, 2020
  31. 1 2 3 4 Güneyli, 2020
  32. Kruassan, 1998. səh. 96
  33. Çeteryan, 2008. səh. 141–142
  34. 1 2 3 Vəliməmmədov, 2019. səh. 155
  35. Kamal. səh. 195
  36. Kamal. səh. 199
  37. 1 2 3 4 5 Vəliməmmədov, 2019. səh. 159
  38. 1 2 3 Jiroxov, 2012. səh. 279–280
  39. 1 2 3 Kamal. səh. 210
  40. 1 2 Kamal. səh. 208
  41. 1 2 3 de Vaal, 2008. səh. 272
  42. Kamal. səh. 211
  43. Kamal. səh. 309
  44. Vəliməmmədov, 2019. səh. 156
  45. Kamal. səh. 197
  46. HRW, 1994. səh. 84
  47. Jiroxov, 2012. səh. 280
  48. Kamal. səh. 243
  49. 1 2 Qəfərov, 2008. səh. 271
  50. Köçəryan, 2018. səh. 477–478
  51. de Vaal, 2010. səh. 123
  52. de Vaal, 2008. səh. 273
  53. CivilNet, 2014
  54. Meydan TV, 2020
  55. Türkan, 2020
  56. Qostev, 2020
  57. Azadlıq Radiosu, 2020
  58. Vəliməmmədov, 2019. səh. 160