Şərifov Abid Qoca oğlu (6 yanvar 1940, Nuxa) — Azərbaycan Respublikası Baş Nazirinin sabiq müavini (1995–2018).
Abid Şərifov | |
---|---|
20 iyul 1995[1] – 21 aprel 2018 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 yanvar 1940 (84 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Abid Qoca oğlu Şərifov 1940-cı il yanvarın 6-da Şəki şəhərində anadan olmuşdur. 1947-ci ildə Şəki şəhər 10 saylı orta məktəbin 1-ci sinfinə gedərək, orta təhsilini 1957-ci ildə həmin məktəbdə başa vurmuşdur. Həmin il Azərbaycan Dövlət Politexnik İnstitutunun "İnşaat" fakültəsinə daxil olmuş, 1962-ci ildə institutu "İnşaat mühəndisi" ixtisası üzrə bitirmişdir.
Gənc mütəxəssis kimi "Bakıbaştikinti" idarəsinə təyinat alan Abid Şərifov 2 saylı trestin 25 nömrəli tikinti idarəsində tikinti ustası vəzifəsində əmək fəaliyyətinə başlamış, 1971-ci ilə qədər həmin idarədə iş icraçısı böyük iş icraçısı işləmişdir. 1971-ci ildən isə "Bakısosialmədəntikinti" trestinin 9 nömrəli tikinti idarəsində istehsalat şöbəsinin rəisi, sonra baş mühəndis kimi fəaliyyətini davam etdirmişdir. 1972-ci ildə "Bakıbaştikinti" idarəsinin 23 nömrəli tikinti idarəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 1978-ci ildə Ulyanovsk şəhərində Nəriman Nərimanovun heykəlinin quraşdırılması ölkə rəhbərliyi tərəfindən həmin idarəyə tapşırılarkən, A. Şərifovun fəal iştirakı ilə bu iş vaxtında, yüksək keyfiyyətlə yerinə yetirilmişdir. Həmin ildən A. Şərifov öz fəaliyyətini Azərbaycan SSR Nazirlər Sovetinin əsaslı tikinti şöbəsində böyük referent kimi davam etdirməyə başlamışdır.
A. Şərifov 1980-ci ildə SSRİ Nəqliyyat və Tikinti Nazirliyinin "Azərnəqliyyattikinti" trestinin rəisi vəzifəsinə təyin olunmuşdur. Burada işlədiyi müddət ərzində o, bir çox layihələrin icrasında iştirak etmişdir. Yevlax-Balakən dəmir yolunun çəkilişində, Azərbaycanda neft sənayesinin inkişafında əhəmiyyətli rolu olan Qaradağ Dərin Dəniz Özülləri zavodunun hidrotexniki qurğularının tikintisinin və zavodu magistral dəmiryolu stansiyası ilə birləşdirən dəmir yolunun çəkilişinin vaxtında, yüksək keyfiyyətlə tamamlanıb dövlətə təhvil verilməsində Abid Şərifovun da əməyi olmuşdur. 1980–1987-ci illərdə A. Şərifovun rəhbərlik etdiyi trestin kollektivi Azərbaycan KP MK-nın (indiki Prezident Aparatının), Milli Təhlükəsizlik Nazirliyinin yeni inzibati binalarının inşasında və ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyəti olan bir sıra obyektlərin tikintisində çalışmışdır. 1988-ci ildə SSRİ Nəqliyyat Tikinti Nazirliyinin qərarı ilə 6 nömrəli Yol Tikinti trestinin "Yollayihə" institutu bir neçə başqa müəssisə ilə birləşdirməklə "Azərnəqliyyattikinti" trestinin bazasında "Azərnəqliyyatyoltikinti" Layihə-Sənaye Tikinti Birliyinə çevrilmişdir və Abid Şərifov həmin birliyin rəisi vəzifəsinə təyin edilib. A. Şərifov 1990-cı ildə SSRİ Nəqliyyat Naziriyi tərəfindən Türkiyə Cümhuriyyətinə ezam olunmuşdur. Burada o, Türkiyəni Avropa ölkələri ilə birləşdirən 225 km-lik Çərkəsköl-Kapukulu dəmir yolunun elektrikləşməsi üçün yaradılan tikinti quraşdırma idarəsinə müdir müavini vəzifəsində çalışmışdır. 1992-ci ildə Azərbaycana qayıdan A. Şərifov "Azərnəqliyyattikinti" Layihə-Sənaye Birliyinin rəisi vəzifəsinə təyin olunmuş, 1993–1995-ci illərdə isə "Azərnəqliyyatyoltikinti" Dövlət Şirkətinin prezidenti kimi fəaliyyətini davam etdirmişdir.
1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə Abid Qoca oğlu Şərifov Azərbaycan Respublikasının Baş nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. Ötən müddət ərzində ölkə rəhbərliyinin tapşırığı ilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının, Yenikənd su-elektrik stansiyasının, "Şimal" DRES-də gücü 400 MVT olan buxar qaz trubinli elektrik stansiyasının, yüzlərlə digər istehsalat və sosial təyinatlı obyektlərin, avtomobil yollarının tikilib istifadəyə verilməsində çalışmış, qarşıya çıxan problemlərin həllində hökumətin səlahiyyətli nümayəndəsi kimi zəruri istiqamət vermişdir. Abid Şərifov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında da 2018-ci ilin aprel ayınadək dövlət əhəmiyyətli böyük layihələrin icrasına nəzarət edib. Bakıdan Rusiyaya, İran və Gürcüstan sərhədlərinədək çəkilən avtomobil yolları kimi nəhəng tikintilərin icrası və respublika iqtisadiyyatı üçün xüsusi əhəmiyyət daşıyan bir çox digər layihələr belələrindəndir.
Abid Şərifov Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları ilə bir neçə Dövlət Komissiyalarına başçılıq edib. Fövqəladə hallar üzrə (1995–2006-cı illərdə), Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin bərpa olunması və yenidən qurulması, Yol Hərəkətinin Təhlükəsizliyi, Azərbaycan Respublikası ilə Türkiyə, Yaponiya, Çin və Bolqarıstan dövlətləri arasında iqtisadi əməkdaşlıq üzrə, Nazirlər Kabineti yanında Radiotezliklər üzrə və Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyalarının sədri, İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə Dövlət Komissiyasının sədr müavini olaraq çalışmışdır. A. Şərifovun rəhbərlik etdiyi dövrdə Fövqəladə hallar üzrə Dövlət Komissiyasının xətti ilə 1995–2006-cı illər ərzində respublika ərazisində baş vermiş təbii və texnogen qəzaların nəticələrinin aradan qaldırlması və mümkün qəzaların qarşısının alınması üçün işlər görülmüşdür. 2000-ci 25 noyabr tarixində Bakıda baş vermiş zəlzələdən ziyan çəkən onlarla çoxmərtəbəli yaşayış binasının qəza vəziyyətdən çıxarılması, onların uçmaq təhlükəsizliyinin aradan qaldırılması, 800-dən artıq yaşayış evinin və sosial obyektlərin bərpası bilavasitə A. Şərifovun rəhbərliyi ilə həyata keçirilmişdir.
1998-ci ildə A. Şərifovun rəhbərlik etdiyi Dövlət Komissiyasınən nəzdində yaradılan Ərazilərin Minalaradan Təmizlənməsi üzrə Milli Agentlik döyüş zonalarında və keçmiş Sovet ordusuna məxsus sursat anbarının partladılması nəticəsində Ağstafa rayonunun Saloğlu kəndinə və Ceyrançöl ərazilərinə səpələnmiş mina və hərbi sursatların təmizlənməsi, zərərsizləşdirilməsi işlərini icra etmişdir. A. Şərifov SSRİ dövründə Şərəf, Şöhrət, Oktyabr İnqilabi ordenləri ilə təltif edilmişdir. A. Şərifov həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Şərəf", "Şöhrət", "Azərbaycanın əməkdar inşaatçısı" fəxri adına, "Fəxri nəqliyyat inşaatçısı" fəxri adına və digər yüksək orden və nişanlara layiq görülmüşdür. Bundan başqa A. Şərifov digər ölkələr Türkiyə, Özbəkistan, Qazaxıstan, Çin və Yaponiya tərəfindən də bir sıra orden və medallarla təltif edilmişdir. Bunlardan ən önəmlisi isə Yaponiyanın ən yüksək fəxri ordenləri sırasında olan Geniş lentli Gündoğar Ordenidir.
20 iyul 1995-ci il tarixindən 21 aprel 2018-ci ilə qədər Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışmışdır.
Evlidir, 2 övladı, 4 nəvəsi, 5 nəticəsi var.
Abid Şərifov baş nazirin müavini işləyərkən onun özünün, ailə üzvlərinin çoxsaylı biznes aktivləri, mülkləri barədə mətbuatda çoxsaylı faktlar verilib. Uzun illər ərzində büdcə vəsaitləri hesabına iri infrastruktur və tikinti layihələrini icra edən "Evrascon" tikinti şirkətinin Abid Şərifovun ailə biznesinə aid olduğu məlumdur. O cümlədən onun ailə üzvlərinin Avropada da çoxsaylı aktivləri var. Məsələn, Abid Şərifovun 29 yaşlı nəvəsi Nicat Mahmudovun Londonda biznesi, Şəkidə 2021-ci ildə istifadəyə verilmiş otel-istirahət kompleksi və digər aktivləri mövcuddur.
Abid Şərifovun bacısı qızı, 189–190 saylı orta məktəbin direktoru işləmiş Ceyran Kuliyeva isə direktor olduğu dövrdə müəllimlərə "məktəbin xərclərini ödəmək üçün" pul yığmaq tapşırığı verdiyi barədə səs yazısı internetdə yayılmış, bu qalmaqala görə işdən çıxarılmışdır.[2]