Abissal[1] — okeanın pelajik zonasındakı təbəqələrdən biri. Sözün kökü yunanca "dibsiz" demək olan ἄβυσσος (ábussos) sözündən gəlir.[2] 4,000–6,000 metr (13,000–20,000 ft) dərinlikləri əhatə edən[3] bu bölgə əbədi qaranlıqda qalır.[4] Okeanın ümumi sahəsinin 83%-ni və Yer səthinin 60%-ni əhatə edir.[5] Abissal zonadakı su kütləsinin böyük hissəsinin temperaturu təxminən 2–3 °C (36–37 °F) arasında dəyişir.[6] Suyun təzyiqi isə 76 meqapaskal (750 atm; 11,000 psi)-a çata bilər.
İşıq olmadığı üçün zonada oksigen istehsal etmək üçün bitkilər yoxdur və oksigenin qaynağı əsasən uzun müddət əvvəl qütb sahələrindən ərimiş buzdur. Okean yatağı boyunca suda oksigen mövcud deyil ki, bunun nəticəsində də yuxarıdakı oksigenlə zəngin suya vaxtında qayıda bilməyən və ya aşağı oksigenli mühitdə sağ qala bilməyən orqanizmlər üçün ölüm tələsi yaranır. Bu zona həm də yuxarıdakı okean zonalarından aşağıya doğru enmiş və parçalanmış çoxlu miqdarda ölü üzvi material səbəbi ilə azot, fosfor və silisium kimi qida duzlarının daha yüksək konsentrasiyasına malikdir.[7]
Abissal zonanın aşağısında seyrək məskunlaşılmış ultraabissal, yuxarısında isə batial zona yerləşir.[8]