Ablakim İlmiy — (1887 – 1947, Mecidiya[d], Konstantsa) — krım tatar yazıçı, jurnalist, pedaqoq, ictimai xadim.[1]
Ablakim İlmiy | |
---|---|
krımtat. Ablâkim İlmiy | |
Doğum tarixi | 1887 |
Vəfat tarixi | 1947 |
Vəfat yeri |
|
Milliyyəti | krım tatarı |
Fəaliyyəti | yazıçı, jurnalist, pedaqoq |
Ablakim İlmiy 1887-ci ildə Tavrida quberniyasının Simferopol uyezdinin Duvankoy volostinin Eski-El kəndində anadan olub. İbtidai təhsilini kənd məktəbində aldıqdan sonra Baxçasarayda orta təhsilini davam etdirib. İstanbulda təhsil aldığı dövrdə krım tatar tələbələrinin gizli "Tələbə cəmiyyəti" təşkilatına üzv olub. Burada o Krım tatar milli hərəkatının fəalları Cəfər Seyidəhməd Krımər, Noman Çələbi Cihan, Həbibulla Odabaş ilə tanış olur.[1]
Ablakim İlmiyin "Xanların çəhrayı gül bağı və ya Krımın tarixi" kitabının tərcüməsi onu tanıdan əsas əsərlərdən biri olur. Bu əsər 1811-ci ildə Gəraylar nəslindən olan Həlim Gəray tərəfindən Krım xanlığının tarixi haqqında yazılıb. 1909-cu ildə Ablakim İlmiy öz şərhləri ilə bu əsərin tərcüməsini İstanbulda çap etdirdi. 1914-cü ildə Ablakim İlmiy Krıma geri dönür. Tavdair mədrəsəsinin rektoru kimi fəaliyyət göstərir. Bununla yanaşı "Tərcüman" jurnalında öz nəsr əsərlərini də çap etdirir. Birinci Dünya Müharibəsinə həsr etdiyi "Oğul", "Çubarə" hekayələri böyük diqqətə səbəb olur. 1916-cı ildə bir müddət "Tərcüman" qəzetinə rəhbərlik edib. 1917-ci ildə özü "Kırım odjaqıı" qəzetini nəşr etdirməyə başlayaraq siyasətlə məşğul olmağa başlayır. Elə həmin ildə Krım tatar xalqının birinci qurultayında Həsən Səbri Ayvazov və C.Ablayevlə birlikdə Birinci milli məclisin Prezidiumuna seçilir.[2] 1918-ci ildə Baxçasarayda yerləşən Zəncirli mədrəsədə coğrafiya müəllimi kimi fəaliyyət göstərib. Sonradan isə Krımda yerləşən uşaq evlərinin birində işləyib. 1926-cı ildə "İleri" jurnalında Ablakim İlmiyin "Şəhər haqqında xatirələr" povesti çap olunmağa başlayır. 2 dekabr 1928-ci ildə İlmiy həbs edilir və millətçilikdə ittiham edilərək 5 il həbs cəzası alır. Cəzasını çəkdikdən sonra bir müddət şüşə ustası işləyib və uzun müddət Krımdan kənarda yaşayıb. Yalnız 1942-ci ildə nasist işğalından sonra Albat kəndində Krım Müsəlman Komitəsi tərəfindən açılmış liseydə dərs demək üçün geri dönərək burada tarix və coğrafiyadan dərs deməyə başlayır. Krım nasist işğalından azad edildikdən sonra Rumıniyaya gedib və 1947-ci ildə burada dünyasını dəyişib. Məcidiyyə şəhərinin tatar qəbiristanlığında dəfn edilib.[1]
Baxçasarayda Xançayır mikrorayonunda küçələrdən biri yazıçının şərəfinə adlandırılıb.[1]