Adil Məmmədov (alim)

Adil Əli oğlu Məmmədov (2 dekabr 1929, Ağdam21 dekabr 2016, Bakı) — Tarix elmləri doktoru, professor.

Adil Məmmədov
Adil Əli oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri Ağdam
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri Bakı
Elmi dərəcəsi
Təhsili

Adil Məmmədov 1929-cu il dekabrın 2-də Ağdam rayonunun Seyidli kəndində (Süleyman Sani Axundovun ev-muzeyinin yerləşdiyi binada) anadan olmuşdur. Azərbaycanın görkəmli dramaturqu, nasiri, maarif xadimi Süleyman Sani Axundov Adil Məmmədovun atası Əli Məmmədovun dayısıdır. Anası Fizzəxanım Qaryağdı dahi xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı Qafar Qaryağdının qızı idi.[mənbə göstərin]

Adil Məmmədovun ailəsi 1930-cu ildə Bakıya köçmüşdür. O, birinci sinfə 1937-ci ildə Bakı şəhəri 3 nömrəli orta məktəbə getmişdir. Əli Mirzə Mehdi bəy oğlu Məmmədov 1942-1945 illərdə hərbi səfərbərlikdə olduğu müddətdə ailəsi yenidən Ağdamda yaşamışdır.

Adil Məmmədov Ağdam şəhər 1 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. Müharibə qurtaran ili ailəsi yenidən Bakıya qayıtmışdır.

Adil Məmmədov 1945-1947 illərdə Bakı Pedaqoji Texnikumunda oxumuş, 1947-1952 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində ali təhsil almışdır.

Adil Məmmədov ali təhsilini başa vurduqdan sonra Respublika Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsində işləmişdir. O, 1953-cü ilin yanvarından Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuş, 1954-1957 illərdə həmin şöbə üzrə aspiranturada təhsil almışdır.

Adil Məmmədov 1961-ci ildə "Azərbaycan fəhlə sinfi birinci beşillikdə (1928-1932-ci illər)" mövzusunda namizədlik, 1981-ci ildə "Azərbaycan SSR-də fəhlə sinfi (1926 iyun -1941-ci illər)" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. Ona 2004-ci ildə "Vətən tarixi" ixtisası üzrə professor elmi adı veril¬mişdir.

Adil Məmmədov 29 il institutda böyük elmi işçi vəzifəsində çalışdıqdan sonra AEA-nın (indiki AMEA) SSRİ Xalqlar Dostluğu Respublika sarayının direktoru (1985-1989), Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın 1920-ci ilin iyun-1941-ci illər tarixi” şöbəsinin müdiri (1989-2000), “Müasir Azərbaycan tarixi” şöbəsinin müdiri (2000-2016) vəzifələrində işləmişdir.

Adil Məmmədov 20 dekabr 2016 cı ildə Bakıda vəfat etmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Adil Məmmədovun elmi yaradıcılığının mühüm istiqamətlərindən birini Azərbaycan sənayesi və fəhlə sinfinin tarixi problemi təşkil edir. O, 1941-1945 illər müharibəsinə qədərki dövrdə neft sənayesinin inkişafına, Azərbaycanın qabaqcıl sənaye respublikasına cevrilməsinə, Gəncə, Şəki və digər yeni sənaye rayonlarının yaranmasına, burada fəhlə sinfinin formalaşmasına, onun cəmiyyət həyatında aparıcı roluna, ölkənin şərq rayonlarında yeni neft mərkəzlərinin yaradılmasına həsr olunmuş sanballı əsərlərin müəllifidir. Onun XX əsrin 20-ci illərində ölkənin beynəlxalq ticarət əlaqələrində Bakı yarmarkalarının roluna, dövrümüzdə xüsusi aktuallıq kəsb edən Böyük İpək yolu, Azərbaycan ipəyinin tarixi ilə bağlı elmi məqalələri dəyərli tədqiqat əsərləridir. 1918-1920 illərdə Bakı əhalisinin milli tərkibi və bu amilin Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda rolu məsələsinin təd¬qiqi xüsusi əhəmiyyət daşıyır. Onun tədqiqatlarında XX əsrin 20-30-cu illərində Naxçıvan MSSR-in ərazi problemləri və sənayesinin inkişafı məsələlərinə də xüsusi diqqət göstərilmişdir.

Adil Məmmədov 100-ə yaxın elmi əsərin müəllifi idi. O, “Azərbaycan tarixi” (III cild I hissə, müştərək) (Bakı, 1963), “Azərbaycan SSR fəhlə sinfinin tarixi oçerkləri” (1917-1940) (müştərək) (Bakı, 1974), “Azərbaycanda Staxanov hərəkatı” (Bakı, 1975), “Gəncə (tarixi ocerk)” (müştərək) (Bakı, 1994), “Azərbaycan tarixi” (VI cild, müştərək) (Bakı, 2000), “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri əməllər barədə tarixi həqiqətlə” (Bakı, 2003, rus, ingilis dillərində), “Azərbaycan Milli Elmlər Akademiyasının yaradılması və elmi ziyalı kadrların for¬ma¬laşması yollarında (1920-1945-ci illər)” (Bakı, 2005), “Azərbaycan xalqının əlifbasının inkişafı yollarında mühüm mərhələ” (Bakı, 2006, rus dilində) kitablarının müəllifi idi.

Adil Məmmədov “Heydər Əliyev” (iki cilddə. I cild, Bakı, 2013) kitabının “Erməni separatizminə qarşı mübarizə”, “Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərliyi dövründə Ermənistan SSR-nin ərazi iddialarına və erməni separatçılığına qarşı mübarizəsi (1969-1982-ci illər)” mətnlərin müəlliflərindən biri idi.

Adil Məmmədov bir sıra beynəlxalq simpozium və konfranslarda iştirak etmişdir. O, “SSRİ fəhlə sinfinin və sənayesinin inkişafı” (1972, Moskva), “Sosializim quruculuğu dövründə SSRİ-də çoxmillətli fəhlə sinfinin təşəkkülü və inkişafı” (1978, Tiflis), “Azərbaycan beynəlxalq çoxtərəfli qarşılıqlı əlaqələrdə” (1995, Bakı), “20-30-cu illərdə Azərbaycanın digər respublikalarda neft rayonlarının yaranması və inkişafında rolu” (1995, Bakı) mövzusunda keçirilmiş konfrans və simpoziumlarda ma¬raqlı məruzələrlə çıxış etmişdir.

Adil Məmmədovun tarixçi kadrların hazırlanmasında xüsusi əməyi olmuşdur. Onun rəhbərliyi altında alimlərdən bir nəfəri doktorluq, 12 nəfəri namizədlik dissertasiyaları müdafiə etmişdir.

Adil Məmmədov 1994-2014 illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr buraxılışı üzrə dövlət imtahan komissiyasına sədrlik etmişdir. O, 1993-2013 illərdə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Tarix və siyası elmlər" üzrə ekspert şurasının üzvü olmuşdur. 2007-ci ildən AMEA A.Bakıxanov adına Tarix İnstitutunun “Elmi əsərləri”nin redaksiya heyətinin üzvü seçilmişdir.

Adil Məmmədov Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin nəzdində fəaliyyət göstərən milli problemlər üzrə elmi şuranın, respublika “Bilik” cəmiyyəti idarə heyətinin üzvü, Azərbaycan Sovet Ensiklopediyasının məsləhətçisi olmuş¬dur. O, dəfələrlə elm sahəsindəki xidmətlərinə görə AMEA-nın Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilmişdir.

  • Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı, 2017

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]