Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisəsi.[1]
AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Tipi | elmi-tədqiqat institutu |
Yaradılıb | 1935 |
Əvvəlki adları |
Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu (1935-1940), Tarix və Fəlsəfə İnstitutu (1951-1956), Tarix İnstitutu (1940-1951; 1956-2024) |
Digər məlumatlar | |
Direktor | Kərim Şükürov |
Ünvan | Bakı, H.Cavid prospekti, 115 |
Sayt | tarixinstitutu.az |
Azərbaycan tarixinin kompleks şəkildə araşdırılmasına və tarixi tədqiqatların məqsədyönlü surətdə təşkilatlandırılması işinə hələ 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması ilə başlanılmışdır. Bununla, əslində, Azərbaycan tarixi problemlərinin elmi surətdə araşdırılması və ümumiləşdirilməsi işini həyata keçirə biləcək akademik elmi-tədqiqat institutunun – bugünkü Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun özülü qoyulmuşdur.
Elmi-tədqiqat işlərinin xeyli genişlənməsi nəticəsində 1929-cu ildə həmin cəmiyyətin bazasında yaradılan Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun tərkibində Tarix və Etnoqrafiya şöbəsi yaradılmışdır. 1932-ci ildə həmin İnstitut SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Sektorunun tərkibinə daxil edilmişdir. 1935-ci ildə bu sektorun bazasında SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı nəzdində müstəqil Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu yaradılması barədə qərar qəbul olunmuşdur. İnstitut 1936-cı ildən fəaliyyətə başlamışdır. SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı tərkibində Tarix İnstitutu ayrıca bir elmi-tədqiqat müəssisəsi kimi 1940-cı ildən fəaliyyətə başlamışdır. 1945-ci ildə Azərbaycan SSR EA təşkil olunarkən Tarix İnstitutu müstəqil elmi müəssisə kimi onun tərkibinə daxil edilmişdir. Sonradan 1951-ci ildə Tarix İnstitutu Azərbaycan SSR Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutuna çevrilmiş və 1956-cı ildə Azərbaycan EA Rəyasət Heyəti yanında Fəlsəfə sektoru yaradıldıqdan sonra yenidən əvvəlki adı ilə müstəqil institut kimi fəaliyyət göstərməyə başlamışdır. 1974-cü ildə Tarix İnstitutunun müvafiq şöbələri əsasında institutun nəzdində Arxeologiya və Etnoqrafiya Sektoru yaradılmış, 1993-cü ildən isə həmin Sektor Azərbaycan EA tərkibində müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutuna (indiki Arxeologiya və Antropologiya İnstitutu) çevrilmişdir. 2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu adlandırılmışdır.[2]
28 yanvar 2021-ci ildən etibarən AMEA A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürovdur.[3]
Tarix və Etnologiya İnstitutunun əsas fəaliyyət istiqaməti "Azərbaycan tarixinin ümumi konsepsiyası"dır. Bu konsepsiya 4 problem və 26 mövzunu əhatə edir.
"Azərbaycan tarixinin ümumi konsepsiyası"nın əhatə etdiyi problemlər:
AMEA A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun strukturuna rəhbərlik, elmi-tədqiqat şöbələri və digər şöbələr daxildir.
1997–2003-cü illərdə Azərbaycan tarixinin müxtəlif problemlərini əks etdirən 50 monoqrafiya və kitab, 300-dən artıq məqalə çapdan çıxmışdır. Bunlardan ən mühümləri: "Azərbaycan tarixi" (7 cilddə), "XX əsrin əvvəllərində Azərbaycanın siyasi partiyaları (1900–1917-ci illər)" (rus dilində), "Azərbaycan Xalq Cumhuriyyəti" (Azərbaycan və rus dillərində), "Türklərə qarşı erməni terrorizmi" (ingilis dilində), "Azərbaycan Respublikası. Əsrə bərabər on il (1991–2001)", "Bərdə şəhərinin tarixi (b.e.ə. III əsr — b.e. XVIII əsri)", "Quba tarixi" və s.
2004–2019-cu illərdə isə 500-ə yaxın tədqiqat əsəri və sənəd toplusu nəşr olunmuşdur.[9] Bunlardan ən mühümləri: "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası" (2 cilddə), "Qarabağ: real tarix, faktlar, sənədlər" (7 dildə), "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" (9 dildə), "Naxçıvan: tarixi və abidələri" (Azərbaycan və ingilis dillərində), ilk "Azərbaycan tarixi atlası",[10] "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Böyük Britaniyanın arxiv sənədlərində" (ingilis və rus dillərində), "Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı" (3 cilddə), "İrəvan əyalətinin müfəssəl dəftəri", "İrəvan əyalətinin icmal dəftəri", böyük Azərbaycan tarixçisi İsgəndər bəy Münşinin "Tarixe-aləmaraye-Abbasi" ("Dünyanı bəzəyən Abbasın tarixi") əsərinin Azərbaycan dilinə tərcüməsi, "Azərbaycan Respublikasının tarixi" (2 cilddə), "Quzey və Güney Azərbaycan türklərinin tarixi", "Real tarix və "böyük Ermənistan" uydurması" (11 dildə), "Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri əməllər barədə tarixi həqiqətlər" (ingilis və rus dillərində), "Azərbaycan SSR ermənilərin ekspansionist planlarında (XX əsrin 20-ci illəri)" (rus dilində) və s.