Adriana Lima (12 iyun 1981[1], Salvador[1]) — Braziliyalı model.
Adriana Lima | |
---|---|
port. Adriana Lima | |
Doğum tarixi | 12 iyun 1981[1] (43 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | supermodel[d] |
adrianalima.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsl adı Adriana Franseska Limadır. 12 iyun 1981-ci ildə Braziliyada, Salvador, Bahia şəhərində anadan olub. Atası Nelson Torres, anası Maria da Graça Limadır. Adriananın uşaqlığı çox çətin keçib, belə ki, atası anasıyla onu hələ 6 aylıq olarkən atıb getmişdir. Əvvəllər atası ilə münasibətləri gərgin olmasına baxmayaraq, mətbuatın verdiyi məlumatlara görə hal-hazırda onların münasibətləri normallaşmaq üzrədir.
Baxmayaraq ki, məktəbdə oxuduğu vaxt bir çox gözəllik müsabiqələrində qalib gəlmişdi, Adriana Limanın heç vaxt model olmaq kimi bir fikri olmamışdır. Amma ən yaxın rəfiqəsi model məktəbində oxumaq istədiyi və tək getmək istəmədiyi üçün Adriana da onunla modellik məktəbinə sənədlərini verdi. Hər iki qız şəkillərini müsabiqəyə göndərdilər, amma yalnız Adriana müsabiqədən keçə bildi. Tezliklə - 15 yaşında Adriana Ford şirkətinin "Dünyanın super modeli" yarışmasına qatılaraq birinci yerə çıxdı. Üç il sonra Adriana Nyu York şəhərinə köçərək "Elit Model Evi" ilə müqavilə imzaladı. Lazımi təqdimatlardan sonra Adriananın şəkilləri hər yerdə yayılmağa başladı və bir çox beynəlxalq jurnalların – "Vogue", "Marie Claire" və s. – üz qabığında dəfələrlə yer aldı. Bir podium modeli olaraq o, Vera Vonq, Kristian Lakrua, Emanuel Unqaro, Corcio Armani, Fendi, Ralf Loren and Valentino kimi dünya şöhrətli dizaynerlərin moda nümayişlərində iştirak etmişdir. 2000-ci ildən etibarən Adriana Lima "GUESS" firmasının reklam çarxlarında rol almağa başladı. Eyni zamanda, onun şəkilləri "GUESS"-in 20 illiyinə həsr olunmuş kitabda da yer almışdır.
2003-cü ildən 2009-cu ilə qədər Adriana "Maybelline" kosmetika firması ilə işlədi. Eyni zamanda bu illər ərzində o, "Bebe", "Mossimo", "Armani", "Bulgari", "De Beers", "FCUK", "Intimissimi", "Keds", "Swatch", "Versace", "Loewe" və "BCBG" kimi markalarla işləmiş, "Harper's Bazaar", "ELLE", "GQ", "Arena", "Cosmopolitan","V Magazine", "Vanity Fair" və "Esquire" kimi dünyaca məşhur jurnalların üz qabığında yer almışdır. Yüksək modaya Adriana Lima 2009-cu ildə "Givenchy" ilə müqavilə imzaladıqdan sonra gəldi.
2006-cı ildə ən yüksək qonorarlı modellər arasında 5-ci ən çox pul ödənilən model oldu. 2007-2008-ci illərdə "Forbes" jurnalının reytinqləməsi nəticəsində o artıq 4-cü pillədəydi.
Amma təbii ki, hər şeydən çox Adriana Lima "Victoria`s Secret" firmasının "Mələklər"indən biri olaraq tanınır. O, ilk dəfə 1999-cu ildə "Victoria`s Secret" firmasının moda nümayişində iştirak etmiş və 2000-ci ildə "Mələk" olaraq onlarla müqavilə imzalamış və hal-hazırkı günə kimi brendin əsas simalarından biri olaraq çalışır. Hətta 2003, 2007 və 2008-ci illərdə "Victoria`s Secret" nümayişinin həm açılışı həm də qapanması Adriana Lima ilə olmuşdur.
Doğma portuqal dilindən əlavə Lima ingilis, fransız, bir az da italyan dilində danışır. O qatı katolikdir, hər bazar günü kilsəyə gedir. Onu sevənlər çox olsa da o, 2009-cu il iyun ayında 2007-ci ildə tanış olduğu serbiyalı basketbolçu Marko Yariç ilə ailə həyatı qurdu. 2009-cu il noyabr ayının 15-də onların birinci qızı dünyaya gəldi və adını Valentina Lima Yariç qoydular. 2012-ci il sentyabrın 12-də cütlüyün ikinci qızı, Sienna dünyaya gəldi. Cütlük 2014-cü ildə ayrıldıqlarını elan etdi və 2016-cı ilin mart ayında boşanma prosesi rəsmən yekunlaşdı.