Afroiranlılar (fars. ایرانیان آفریقاییتبار) — İranda yaşayan Afrika əsilli qaradərili insanlar. Afroiranlıların əksəriyyəti Hörmüzgan, Sistan və Bəlucistan, Xuzistan ostanlarında cəmləşmişdir.[1] Ölkədə onların sayı 1 milyon nəfərə yaxın qiymətləndirilir. Onlar Hörmüzgan, Xuzistan və Buşehr ostanlarında əhalinin təxminən 15%-ni təşkil edir.
Hind okeanında kölə ticarəti çoxistiqamətli idi və zaman keçdikcə dəyişmişdir. Sərt əməyinə tələbatı ödəmək üçün ərəb kölə tacirləri tərəfindən əsir götürülən qaradərili kölələr əsrlər boyu çoxlu sayda İran körfəzi regionuna, Misirə, Ərəbistana, Hindistana, Uzaq Şərqə, Hind okeanı adalarına və Efiopiyaya satılırdı.[2] Digərləri minilliklər boyu mühacir olaraq və ya XVI əsrin əvvəllərində İranın cənubundakı Hörmüz əmirliyinin bir hissəsi olan Bəndər-Abbas, Hörmüz və Qeşm adaları limanlarının əksəriyyətini işğal edən Portuqaliya kölə tacirləri vasitəsilə gəlmişdilər.[3][4]
Qacarlar sülaləsi dövründə bir çox varlı ailələr ev işləri görmək üçün qaradərili qadın və uşaqları kölə kimi idxal edirdilər. Bu cür kölə əməyi yalnız müasir Tanzaniya, Mozambik və Malaviyə uyğun gələn ərazidə cənub-şərqi Afrika sahillərində yaşayan bantudilli zənci xalqı tərəfindən həyata keçirilirdi.[5][6] Buna baxmayaraq, 1848-ci ildə Məhəmməd şah Qacar Britaniyanın təzyiqi ilə kölə ticarətini qadağan edən bir fərman vermişdir.[7]