Ailə-kəndli təsərrüfatı - ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalının, emalının, saxlanmasının, daşınmasının və satılmasının) birgə həyata keçirilməsi [1].
Ailə-kəndli təsərrüfatı fəaliyyətinin hüquqi və təşkilati əsasları 2005-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının “Ailə- kəndli təsərrüfatı haqqında” Qanunu ilə tənzimlənir. Bu Qanunun məqsədi kənd yerlərində ailə əməyinə əsaslanan təsərrüfatların inkişafının dəstəklənməsi, özünü məşğulluğun stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, alternativ gəlir mənbələrinin genişləndirilməsi və kənd yerlərinin inkişafının sürətləndirilməsidir. Ailə-kəndli təsərrüfatının tərkibi bir nəfərdən, ailə üzvlərindən və onlarla qohumluq və ya digər münasibətlər əsasında birgə fəaliyyət göstərən şəxslərdən ibarət ola bilər. Ailə-kəndli təsərrüfatı fiziki şəxs kimi fəaliyyət göstərir və bu fəaliyyət sahibkarlıq hesab edilmir. Kənd yerlərində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıqla məşğul olan fiziki şəxslər, ev və bağçılıq təsərrüfatları ailə-kəndli təsərrüfatına aid edilmir.
Ailə-kəndli təsərrüfatının statusunu müəyyən edən amillərdən biri ailə başçısının təsərrüfatda çalışmasıdır və bu təsərrüfat onun əsas iş yeri olmalıdır. Ailə başçısı kənarda çalışarsa, həmin təsərrüfat ailə-kəndli təsərrüfatı hesab olunmur və öz statusunu itirir. Ailə-kəndli təsərrüfatı onun hər bir üzvü üçün maliyyə vahidinin 2000 misli miqdarında müəyyən edilmiş illik dövriyyəsinin yuxarı həddini keçdikdə və sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda da öz statusunu itirir. Bələdiyyələr öz ərazilərində olan ailə-kəndli təsərrüfatının uçotunu aparır və təsərrüfatın üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqə verir. Bu vəsiqənin verilməsi üçün haqq ödənilmir. Dövlət orqanlarının və bələdiyyələrin qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla ailə-kəndli təsərrüfatının fəaliyyətinə müdaxilə etmələrinə yol verilmir. Müvafiq dövlət orqanları və bələdiyyələr yalnız öz səlahiyyətləri daxilində ailə-kəndli təsərrüfatından qanunvericiliyə əməl etməsini tələb edə bilərlər. Ailə-kəndli təsərrüfatı yerləşdiyi ərazinin iqtisadi və sosial inkişafını təmin edən sahəvi və regional proqramların hazırlanması və həyata keçirilməsində dövlət orqanları və bələdiyyələr ilə könüllü olaraq qarşılıqlı fəaliyyət göstərə bilər.
Ailə-kəndli təsərrüfatları kənd təsərrüfatı məhsulları istehsalçısı kimi dövlət himayəsi və dəstəyi ilə əhatə olunur. Onlar Vergi Məcəlləsinə əsasən, gəlir vergisindən azaddırlar. Digər müvafiq qanunvericiliyə görə isə 1 yanvar 2014-cü il tarixinə kimi torpaq vergisi istisna olmaqla başqa vergilərdən azaddırlar. Bundan əlavə, ailə-kəndli təsərrüfatları başqa təsərrüfatçılıq formaları kimi dövlət vəsaiti hesabına güzəştli maliyyə-kredit dəstəyi ilə təmin olunur, subsidiyalar alır və digər stimullaşdırıcı tədbirlərlə əhatə olunurlar.
2005-ci ildə aparılan kənd təsərrüfatı siyahıyaalınmasının yekununa görə Azərbaycan Respublikasında 807427 ailə-kəndli təsərrüfatının mövcud olması qeyd edilmişdir. Bu təsərrüfatların 2004581 nəfər daimi işçisi olmuşdur. Onların mülkiyyətində və icarəsində 1610664 hektar ümumi torpaq sahəsi vardır ki, bunun da 1585629 hektarı kənd təsərrüfatına yararlı torpaqlar, o cümlədən 1120396 hektarı əkin yeri, 121904 hektarı dincə qoyulmuş torpaqlar, 91914 hektarı çoxillik əkmələr və 251415 hektarı biçənək və otlaqlardır. Bu isə o deməkdir ki, bütün təsərrüfat kateqoriyaları üzrə cəmi torpaqların 69,3 faizi, kənd təsərrüfatına yararlı torpaqların 73,8 faizi, əkin torpaqlarının isə 69,6 faizi ailə-kəndli təsərrüfatlarının payına düşür. Həmin dövrdə özəl bölmədə olan iribuynuzlu mal-qaranın 83,6 faizi (1952546 baş), qoyun və keçilərin isə 80,5 faizi (6015115 baş) ailə-kəndli təsərrüfatlarına məxsus olmuşdur.