Akif Cəfər oğlu Hacıyev (8 dekabr 1937, Bakı – 3 fevral 2015, Bakı) — Azərbaycan Respublikasının tanınmış riyaziyyatçı alimi, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, fizika-riyaziyyat elmləri doktoru, professor akademik.
Akif Hacıyev | |
---|---|
Akif Cəfər oğlu Hacıyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | riyaziyyat |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adları | professor, AMEA-nın fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibi |
İş yeri | Azərbaycan Milli Elmlər Akademiyası |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
|
Akif Hacıyev 1937-ci il dekabr ayının 8-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1955–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində ali təhsil almışdır [1]
Əmək fəaliyyətinə 1960-cı ildən etibarən Azərbaycan Respublikası Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda "Funksiyalar nəzəriyyəsi" şöbəsində kiçik elmi işçi kimi başlayan Akif Hacıyev, 1961–1967-ci illərdə həmin İnstitutda elmi katib, 1967–1978-ci illərdə baş elmi işçi, 1978–1992-ci illərdə şöbə müdiri vəzifələrində çalışmışdır.
Türkiyə tərəfinin dəvəti ilə o, 1992–1999-cu illərdə Ankara Universitetinin professoru kimi fəaliyyət göstərmişdir.
1999-cu ildə elmi fəaliyyətini yenidən Azərbaycan Respublikası Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda şöbə müdiri olaraq davam etdirən Akif Hacıyev, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi seçilmişdir. O, 2004-cü ildən 2013-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktoru işləmiş, 2013-cü ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti olmuşdur.
Akif Hacıyev 1964-cü ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1982-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1985-ci ildə riyazi analiz ixtisası üzrə professor elmi adını almışdır. O, 1989-cu ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Akademik Akif Hacıyev səmərəli elmi fəaliyyəti ilə respublikamızda müasir riyaziyyat elminin inkişafına sanballı töhfələr vermişdir. Onun riyaziyyatın müxtəlif aktual problemlərini, o cümlədən operatorlar nəzəriyyəsi, sinqulyar inteqrallar və digər istiqamətləri əhatə edən araşdırmaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Funksiyalar nəzəriyyəsi sahəsinin yeni biliklərlə zənginləşməsində həmin tədqiqatların əhəmiyyətli rolu vardır. Alimin riyazi analizin bir sıra sahələrinə dair əldə etdiyi nəticələr xarici ölkələrdəki ayrı-ayrı monoqrafiyalarda çap olunaraq yeni araşdırmaların aparılmasına təkan vermişdir.
Akif Hacıyevin araşdırmalarının nəticələri Azərbaycanda və onun hüdudlarından kənarda nəşr edilən 100-dən artıq elmi əsərdə və 4 monoqrafiyada əksini tapmışdır. Alimin rəhbərliyi altında Azərbaycanda və Türkiyədə onlarla riyaziyyat üzrə fəlsəfə doktoru və fizika-riyaziyyat elmləri doktoru hazırlanmışdır. Mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı çoxsaylı çıxışları ilə Akif Hacıyev Azərbaycan elmini layiqincə təmsil etmişdir.
Akademik Akif Hacıyevin zəngin elmi və elmi-təşkilati fəaliyyəti lazımınca qiymətləndirilmişdir. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə bir sıra mükafatlar almışdır. Alim müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən olan “Şöhrət” ordeninə layiq görülmüşdür[1].
3 fevral 2015-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Görkəmli Azərbaycan filloq alimi Cəfər Xəndanın oğludur.