Akira Kurosava (yap. 黒澤明; 23 mart 1910[1][2][…], Şinaqava, Yaponiya imperiyası[3] – 6 sentyabr 1998[1][2][…], Setaqaya) – Yaponiya film rejissoru və ssenaristi. 57 illik karyerası ərzində 30 filmə rejissorluq etmişdir. Kinematoqrafiya tarixində ən əhəmiyyətli və nüfuzlu rejissorlardan biri kimi qəbul edilir.
Akira Kurosava | |
---|---|
yap. 黒澤明 yap. 黒沢明 | |
Doğum tarixi | 23 mart 1910[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 6 sentyabr 1998[1][2][…] (88 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Fəaliyyəti | kinorejissor, film prodüseri, ssenarist, montajçı[d], yazıçı, rejissor, prodüser, rəssam |
Fəaliyyət illəri | 1936–1993 |
Boyu | 182 sm |
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0000041 |
Vikianbarda əlaqəli mediafayllar |
Kurosava Yaponiya film sənayesinə 1936-cı ildə qısa davam edən rəssamlıq fəaliyyətindən sonra daxil olmuşdur. Bir çox filmdə köməkçi rejissor və ssenarist kimi rol oynadıqdan sonra rejissorluq debütünü İkinci dünya müharibəsi zamanı populyar döyüş filmi olan "Sanşiro Suqata" ilə etmişdir. Müharibədən sonra o dövrün elə də tanınmayan aktyoru Toşiro Mifunenin baş rol oynadığı və böyük uğur qazanan "Sərxoş mələk" filmi rejissora Yaponiyada böyük reputasiya gətirmişdir. Kurosava Mifune ilə daha 15 filmdə birlikdə işləmişdir.
Premyerası Tokioda baş tutan "Raşomon" filmi 1951-ci il Venesiya Film Festivalında Qızıl şir mükafatının sürpriz qalibi olmuşdur. Filmin kommersial və tənqidi uğuru ilk dəfə Qərb film marketlərinə Yaponiya film sənayesinin məhsullarına yönəltmiş və digər Yaponiya rejissorlarının da tanınmasına səbəb olmuşdur. Kurosava 1950 və 1960-cı illərdə demək olar ki, hər il bir film çəkmişdir. Həmin filmlər arasında "Yaşamaq" (1952), "Yeddi samuray" (1954) və "Cangüdən" (1961) kimi reputasiyalı filmlər də olmuşdur. 1960-cı illərdən sonra məşhurluğu azalmağa başlasa da, "Kölgə döyüşçüsü" (1980) və "Xaos" (1985) kimi işləri xarici ölkələrdə mükafat qazanmağa davam etmişdir.
Kurosava 1990-cı ildə Akademiyanın Xüsusi mükafatına layiq görülmüşdür. Ölümündən sonra AsianWeek jurnalı və CNN tərəfindən "İncəsənət, Ədəbiyyat və Mədəniyyət" kateqoriyasında "Əsrin asiyalısı" seçilmiş və XX əsrdə Asiyanın inkişafına töhfə vermiş 5 ən vacib şəxsdən biri kimi göstərilmişdir. Karyerası bir çox retroprestiv, tənqidi araşdırma və bioqrafiyalarla yad edilmişdir.
Kurosava 23 mart 1910-cu ildə Tokionun Omori rayonunun Oymaçi stansiyası yaxınlığında anadan olmuşdur.[4] Atası İsamu (1864-1948) Akita prefekturasında samuray ailəsindən idi və ordunun Fiziki Tərbiyə İnstitutunun orta məktəbində direktor kimi işləmişdir. Anası Şima (1870-1952) isə Osakada yaşayan bir tacir ailəsinin qızı idi.[5] Akira elə də kasıb olmayan səkkizuşaqlı ailənin ən kiçik övladı idi. Kurosava anadan olanda artıq ailənin iki övladı yetkinlik yaşına çatmış, biri isə ölmüşdü. Kurosava üç bacısı və bir qardaşı ilə böyümüşdür.[5][6]
İsamu Kurosava fiziki tərbiyəni təşviq etməklə yanaşı Qərb ənənələrinə də maraq göstərirdi və teatr ilə film sahələrinin tədris edilməli olduğunu düşünürdü. O, uşaqlarını filmlərə baxmağı həvəsləndirirdi. Balaca Akira ilk filmini altı yaşında izləmişdir.[7] Akiraya təsir edən əsas şəxslərdən biri ibtidai məktəb müəllimi Taçikava idi. Onun proqresiv təhsil praktikaları Akirada rəsmə və təhsilə maraq oyatmışdır.[8] Bu zaman Akira kalliqrafiya və kendo ilə də məşğul olurdur.[9]
Akiraya təsir edən digər şəxs isə 4 yaş böyük qardaşı Heyqo Kurosava idi. 1923-cü ildə baş verən Böyük Kanto zəlzələsindən sonra Heyqo 13 yaşlı Akirayı dağıntılara baxmağa aparmışdır. Akira ətrafa saçılmış insan cəsədlərinə və heyvan leşlərinə baxmaq istəməyəndə Heyqo ona bunu etməməyə qadağan etmiş, əvəzində qorxuları ilə birbaşa üzləşməyə cəsarətləndirmişdir. Bəzi şərhçilər bildirirlər ki, bu hadisə Kurosavanın karyerasına təsir etmişdir. Çünki Kurosava nadir hallarda öz işlərində xoş olmayan həqiqətləri təsvir etməkdə tərəddüd etmişdir.[10][11]
Heyqo akademik baxımdan uğurlu olsa da, Tokionun tanınmış məktəblərinin birinə qəbul ola bilmədikdən sonra özünü ailədən ayırmış və xarici ədəbiyyata diqqətini yönəltmişdir.[6] 1920-ci illərdə Heyqo Tokioda xarici filmlər nümayiş etdirən kinoteatrlarda benşi kimi işləməyə başlamış və tanınmağa başlamışdır. Həmin dövrdə rəssam olmağa qərar verən Akira qardaşı[12] ilə birlikdə köçmüş və iki qardaş ayrılmaz qalmışdılar.[13] Heyqonun köməyi ilə Akira təkcə filmlər yox, teatr və sirk tamaşalarına da maraq göstərmişdir.[14] Akira Proletarian Rəssamlar Liqası üçün işləyir və rəsmlərini nümayiş etdirir. Lakin o, heç vaxt rəssamlıqla istədiyi pulu qaza bilməmişdir və proletarian cərəyanı "baş tutmamış idealları birbaşa kətanda təsvir etmək" kimi qəbul etməyə başlamışdır. Sonda rəssamlığa olan marağını itirmişdir.[15]
1930-cu illərdə Yaponiyada səsli filmlərin sayı artmağa başladıqdan sonra Heyqo kimi benşilər öz işlərini itirmişdirlər və Akira öz ailəsinin yanına qayıtmışdır. 1933-cü ilin iyulunda Heyqo intihar etmişdir. Kurosava bu hadisədən yarım əsr sonra yazdığı "Avtobioqrafiya kimi bir şey" adlı bioqrafiyasının "Danışmaq istəmədiyim bir hekayə" fəslində bu itki zamanı hiss etdiklərini təsvir etmişdir.[16][17] Bu hadisədən 4 ay sonra Kurosavanın ən böyük qardaşı da ölmüşdür. Akira 23 yaşında bir qardaşı və üç bacısı ilə qalmışdır.[13][17]
1935-ci ildə yeni film studiyası olan Photo Chemical Laboratories (daha sonra əsas kinostudiyalardan olan Toho) köməkçi rejissorlar axtarırdı. Film istehsalına peşə kimi maraq göstərməməsinə baxmayaq Kurosava müraciət üçün tələb olunan esseni göndərmişdir. Essedə müraciət edən şəxslərdən Yaponiya filmlərində olan köklü çatışmamazlıqları müzakirə etmək və onların öhdəsindən gəlməyin yollarını göstərmək tələb olunurdu. Onun rişxəndli baxışına görə əgər çatışmamazlıqlar köklüdürsə onları düzəltmək mümkün deyil. Kurosavanın essesi onun imtahanlara dəvət edilməsinə səbəb olmuşdur. İmtahanı götürənlərdən biri olan rejissor Kaciro Yamamoto Kurosavanı bəyənmiş və studiyadan onu işə götürmələrini xahiş etmişdir. 25 yaşlı Kurosava 1936-cı ilin fevralında studiyada işləməyə başlamışdır.[18][19]
Beş illik köməkçi rejissorluq fəaliyyəti zamanı Kurosava bir çox rejissorla birlikdə işləmişdir, lakin onun inkişafında vacib rol oynayan rejissor Yamamoto olmuşdur. Köməkçi rejissor kimi işlədiyi 24 filmin 17-si Yamamotonun filmi idi və onların çoxu "Enoken" ləqəbli populyar aktyor Keniçi Enomotonun oynadığı komediyalar idi.[20] Yamamoto Kurosavanın bacarıqları artırmış, cəmi bir ilə onu üçüncü köməkçi rejissorluqdan baş köməkçi rejissorluğa gətirmişdir.[21] Kurosavanın öhdəlikləri artmış, səhnə konstruksiyası və film istehsalından tutmuş məkan tapmaq, ssenariyə düzəliş etmək, məşqlər, işıqlandırma, səsləndirmə, montaja kimi müxtəlif tapşırıqları yerinə yetirirdi.[22] Kurosavanın köməkçi rejissor kimi işlədiyi sonunda Yamamoto filmi 1941-ci il istehsalı "At" filmi olmuşdur. Həmin filmin istehsalının böyük hissəsi ilə Kurosava məşğul olmuşdur, çünki Yamamoto başqa filmin çəkilişləri ilə məşğul idi.[23]
Yamamoto Kurosavaya məsləhət bilmişdi ki, yaxşı rejissor olmaq istəyirsənsə, ssenari yazmaq bacarığını inkişaf etdirməlisən.[24] Tezliklə Kurosava başa düşmüşdür ki, ssenarilərdən qazandığı pul köməkçi rejissor kimi aldığı məbləğdən daha yüksəkdir.[25] Bundan sonra bütün filmlərinin ssenarilərini, hətta bəzən başqa rejissorların (məsələn, Satsuo Yamamotonun "Qanadların tiumfu" filmi, 1942) filmlərinin ssenariləri özü yazmışdır.[26]
"At" filminin 1941-ci ildə buraxılmasından sonra Kurosava rejissorluq karyerasına başlamaq üçün fim layihəsi axtarmağa başlamışdır. 1942-ci ilin sonlarında yazıçı Tsuneo Tomita Musaşi Miyamotodan ilhamlanaraq yazdığı cüdo romanı "Sanşiro Suqata" Kurosavanın diqqətini cəlb etmişdir. O, kitabı nəşr günündə almış və bir gün ərzində bitirərək Toho studiyasından kitabın film hüquqlarını almasını istəmişdir. Kurosavanın ilk instinkti özünü doğrultmuşdur, çünki bir neçə gün ərzində başqa 3 studiya da film hüquqları üçün təklif etmişdir. Toho onları qabaqlamış və Kurosava rejissor kimi ilk işi üzərində işləməyə başlamışdır.[27][28]
Filmin çəkilişləri 1942-ci ilin dekabrında Yokohamada başlamışdır. Çəkilişlər qaydasında getsə də, tamamlanmış filmin senzuradan keçməsi tamamilə başqa məsələ idi. Senzura idarəsi filmi həmin dövrün standartlarına görə "Britaniya-Amerika" tərzində olduğunu hesab etmişdir. Lakin filmi dəstəkləyən Yasuciro Ozunun müdaxiləsi ilə nəhayət 25 mart 1943-ü ildə (Kurosavanın 33 yaşında) filmin buraxılması qəbul edilmişdir. Lakin daha sonra senzura idarəsi filmin 18 dəqiqəsini kəsməyə qərar vermişdir. Həmin hissələrin çoxu itmiş hesab olunur.[29][30]
Daha sonra Kurosava öz diqqətini müharibə dövründə fabriklərdə işləyən qadın işçilər mövzusuna çevirmişdir: "Ən gözəllər" filmini 1944-cü ilin əvvəlində sənədli film tərzində çəkmidir. Aktrisalardan daha güclü performans əldə etmək üçün rejissor onları çəkilişlər zamanı əsl fabrikdə yaşamağa, fabrik yeməklərini yeməyə və bir-birilərini personaj adları ilə çağırmağa məcbur etmişdir. O, karyerası boyunca buna oxşar metodlardan istifadə etməyə davam edəcəkdi.[31][32]
Filmin istehsalı zamanı fabrik işçilərinin liderini canlandıran Yoko Yaquçi həmkarları tərəfindən rejissora tələblərini çatdırmaq üçün seçilmişdir. O və Kurosavanın sözləri tez-tez çəp gəlmiş və paradoksal olsa da, mübahisələri onları yaxınlaşdırmışdır. 21 may 1945-ci ildə Yaquçi 2 aylıq hamilə ikən (o bir daha ekranlara qayıtmayaqcaqdı) evlənmişdirlər və Yaquçinin 1985-ci ildəki ölümünə qədər cütlük ayrılmamışdır.[33][34] Onların 2 uşağı olmuşdur: 20 dekabr 1945-ci ildə doğulan oğlu Hisao atasının son işlərində prodüser olmuş, 29 aprel 1954-cü ildə doğulan qızı Kazuko kostyum dizayneri olmuşdur.[35]
Evlilikdən qısa müddət öncə studiya Kurosavaya debüt filminin sikvelini çəkməsi üçün təzyiqlər etmişdir. Propaqanda tərzində olan ikinci "Sanşiro Suqata" filminin premyerası 1945-ci ilin mayında baş tutmuş və onun ən zəif filmlərindən biri hesab edilmişdir.[36][37][38]
Kurosava senzuradan asan keçəcək və aşağı büdcəli film çəkmək qərarına gəlmişdir. "Kancinço" adlı kabuki tamaşasına əsaslanan "Pələngin quyruğuna basan onlar" filminin baş rolunda Kurosavanın köməkçi rejissorluq dövründə birgə işlədiyi komediyaçı Enoken çıxış etmişdir. Film 1945-ci ilin sentyabrında tamamlanmışdır. Həmin vaxt Yaponiya təslim olmuş və Yaponiyanın işğalı başlamışdır. Bu dəfə ABŞ-nin senzura standartları filmi "həddən çox feodal" hesab etmiş və filmin buraxılmasına mane olmuşdur. Film 1952-ci ilə kimi buraxılmışdır. İronik olsa da, artıq filmin istehsalı zamanı film həddən çox Qərb və demokratik üslubda hesab edilmişdir və çox güman ki, müharibə davam etsəydi, film heç vaxt buraxılmayacaqdı.[39][40]
İşğal dövrünün demokratik ideallarından təsirlənən Kurosava filmlərində fərdə və özünə hörmət ideyasını əks etdirməyə başlamışdır. İlk belə filmi olan "Gəncliyimiz üçün peşmançılıq yoxdur" (1946) 1933-cü ildəki Takiqava insidentindən və Hotsumi Ozaki casusluq hadisəsindən təsirlənərək çəkilib. Film Yaponiyanın müharibədən öncəki dövrdə yeritdiyi siyasəti tənqid edirdi. Filmin əsas qəhrəmanı olan Yukie (Setsuko Hara) orta sinif bir ailədə dünyaya gəlib və dövrün siyasi böhranı içərisində öz dəyərlərini sorğulamağa başlayır. Mübahisəli mövzusu və baş rolunda qadın personajın olması səbəbindən orijinal ssenari bir çox dəfə yenidən yazılmışdır. Film tənqidçilər tərəfindən qarışıq rəylər alsa da, tamaşaçılar üzərində böyük təsir buraxmış və filmin adı məşhur ifadələrdən birinə çevrilmişdir.[41]
Növbəti filmi "Sabahı yaradanlar" 1947-ci ilin iyulunda buraxılmış və qarışıq rəylər almışdır. Sadə və sentimental romantika janrında olan film müharibədən sonrakı dövrdə yoxsullaşmış bir cütlüyün istirahət günündə Tokio xarabalıqlarında əylənməyə çalışmasından bəhs edir. Kurosavanın sevimli rejissorları olan Frank Kapra, D.U.Qriffit və F.U.Murnaunun təsirləri bu filmdə aydın sezilir.[42][43] 1947-ci ildə Kurosava Senkiçi Taniquçinin rejissoru olduğu "Qar yolu" filmi üçün ssenari yazmışdır. Həmin filmdə gənc aktyor Toşiro Mifune debüt etmişdi. Səs sınaqlarında Mifunenin performansı Kurosavanı çox təsirləndirmiş və Toho şirkətindən onla müqavilə imzalamasını istəmişdir.[44]
"Sərxoş mələk" rejissorun ilk əsas işi sayılır.[45] Kurosavanın işğal dövründəki digər işləri kimi bu filmin ssenarisi də ABŞ senzurası səbəbindən bir çox dəfə yenidən yazılsa da, Kurosava məhz bu filmdə ilk dəfə özünü sərbəst şəkildə ifadə etdiyini demişdir. Film bir həkimin yakuza üzvünü vərəmdən sağaltmağa çalışmasından bəhs edir. Bu, həm də rejissorun Mifune ilə birlikdə ilk filmi idi. Mifune daha sonra rejissorun növbəti 16 filmində də ("Yaşamaq" filmi istisna olmaqla) baş rolda çıxış edəcəkdi. Mifune "Sərxoş mələk" filmi üçün baş rol kimi seçilməsə də, onun yakuza kimi performansı bütün film boyunca diqtə etmiş və hekayənin fokus nöqtəsi onun personajına yönəlmişdir. Sərxoş həkimi isə artıq Kurosavanın bir neçə filmində oynamış Takaşi Şimura canlandırmışdır. Buna baxmayaraq, Kurosava gənc aktyorun həvəsini söndürmək istəməmiş və Mifunenin üsyankar personajı izləyicilərdə böyük təsir buraxmışdır.[46] Filmin premyerası 1948-ci ilin aprelində Tokioda baş tutmuş və Kinema Junpo tənqidçilər sorğusu tərəfindən ilin ən yaxşı filmi seçilmişdir. Daha öncə onun ilk 3 filmi də bu ada layiq görülmüşdü.[47][48][49][50]
Kurosava prodüser Sociro Motoki, dostları Kaciro Yamamoto, Mikio Naruse və Senkiçi Taniquçi ilə birlikdə "Film İncəsənət Assosiasiyası" (Eyqa Qeycutsu Kyokay) adlı yeni müstəqil istehsalçı birlik qurmuşdur. Təşkilatın debüt işi və Daiei studiyalarının ilk filmi Kurosava tərəfindən Kazuo Kikutanın müasir pyesinin adaptasiyası olmuşdur. "Sakit duel" adlı bu filmin baş rolunda çıxış edən Toşiro Mifune sifilislə mübarizə aparan gənc idealistik həkimi canlandırırdı. Kurosava Mifunenin sadəcə yakuza rollarında tanınmasını istəmirdi. 1949-cu ilin martında buraxılan film gəlir baxımından uğur əldə etsə də, rejissorun digər işlərindən geridə qalmışdır.[51][52][53][54]
1949-cu ildə çəkdiyi ikinci film olan, Film İncəsənət Assosiasiyası tərəfindən maliyyələşdirilən və Shintoho tərəfindən buraxılan "Küçə iti" filmi detektiv janrında idi və bu janrda olan ilk əhəmiyyətli Yaponiya filmi hesab olunur.[55] Film Mifune tərəfindən canlandırılan gənc bir detektivin hekayəsini nəql edərək Yaponiyanın müharibəsonrası sancılı keçən özünəgəlmə dövrünü izləyicilərə çatdırır. Mifunenin personajı pulsuz qalmış müharibə veteranı tərəfindən soyğun və qətl məqsədilə oğurlanmış tapancasını tapmağa çalışır. Film Kurosavanın nəşr olunmamış və sevimli yazıçılarından olan Jorj Simenonun stilində yazılmış romanının adaptasiyasıdır. Filmdə ilk dəfə ssenarist Ryuzo Kikuşima ilə birlikdə işləmişdir və onların əməkdaşlığı daha 8 filmdə də davam edəcəkdi. Səkkiz dəqiqə davam edən və demək olar ki, söz olmayan məşhur səhnədə Mifunenin personajı yoxsul veteran kimi maskalanaraq küçədə oğrunu axtarır. Bu səhnə üçün Kurosavanın dostu və "Qodzilla" filminin gələcək rejissoru olacaq İşiro Hondanın müharibə dövründə çəkdiyi sənədli filmdən istifadə olunmuşdu.[56][57][58] Film müasir polis drama və dost polislər film janrlarının sələfi idi.[59]
1950-ci ilin aprelində Shochiku tərəfindən buraxılan "Skandal" filmi üçün rejissor şəxsi təcrübələrindən və Yaponiyadakı sarı jurnalistikaya qarşı olan qəzəbindən ilhamlanmışdır. İş məhkəmə dramı ilə fikir azadlığı və fərdi məsuliyyət haqqında olan sosial problem filminin qarışığı olsa da, Kurosavanın özü də etiraf etmişdi ki, tamamlanmış iş qeyri-qənaətbəxş idi.[60] Lakin Kurosavanın 1950-ci ildə çəkdiyi ikinci film olan "Raşomon" böyük uğur qazanacaq və ona beynəlxalq şöhrət gətirəcəkdi.
"Skandal" filmini tamamladıqdan sonra Daiei studiyası Kurosavaya yeni film istehsalı üçün müraciət etmişdi. Kurosava yeni filmi üçün həvəsli gənc ssenaristlərdən olan Şinobu Haşimotonun ssenarilərindən birini seçməyə qərar vermişdir. Onların ilk birgə işi Ryunosuke Akutaqavanın "Qəbrdə" adlı qısa hekayəsinə əsaslanan bir iş idi. Hekayə bir samurayın qətlini və arvadının zorlanmasını müxtəlif və ziddiyyətli baxış bucaqlarından nəql edirdi. Kurosava hekayənin potensialını gördükdən sonra Haşimotonun köməyi ilə ssenarini inkişaf etdirmiş və Daiei studiyasını göndərmişdir. Aşağı büdcəli bir layihə olduğunu görən studiya layihəni qəbul etmişdir.[61]
"Raşomon" filmin çəkilişləri 7 iyul 1950-ci ildə başlamış, Nara meşələrində baş tutan ekstensiv çəkilişlərdən sonra 17 avqustda başa çatmışdır. İstehsal sonrası mərhələ bir studiya yanğını tərəfindən gecikdirilmiş və cəmi 1 həftəyə yekunlaşdırılmalı olmuşdu. Filmin premyerası 25 avqustda Tokio İmperiya Teatrında baş tutmuş, daha sonra ölkənin digər kinoteatrlarında buraxılmışdır. Film müsbət tənqidlər almış, bir çox tənqidçi filmin unikal mövzusuna və yanaşmasından təsirlənmişdi. Film gəlir baxımından da uğurlu olmuşdur.[62][63][64]
Kurosavanın növbəti işi sevimli yazıçısı olan Fyodor Dostoyevskinin romanının adaptasiyası olan "İdiot" filmi idi. Hadisələrin baş verdiyi yer Rusiyadan Hokkaydoya dəyişdirilmiş, lakin orijinal hekayəyə sadiq qalınmışdı. Buna baxmayaraq, bir çox tənqidçi bu faktın filmə mənfi təsir göstərdiyini qeyd edirlər. Kurosavanın orijinal işi 265 dəqiqə olsa da, studiya bunu 166 dəqiqəyə endirməyə məcbur etmişdi, bu isə filmin hekayəsində başa düşülməyən nöqtələrin ortaya çıxmasına səbəb olmuşdu. Bir çox dəfə yenidən dəyişdirilən film rejissorun ən az uğurlu işlərindən biri hesab olunur, orijinal versiya isə mövcud deyil. Müasir tənqidçilər qısa versiyanın çox pis olduğunu bildirsələr də, film gəlir baxımından uğur qazana bilmişdi. Bunun əsas səbəbi filmdə oynayan aktrisa Setsuka Haranın populyarlığı idi.[65][66][67][68]
Eyni zamanda Kurosavadan xəbərsiz şəkildə "Raşomon" filmi Venesiya Film Festivalına təqdim olunmuşdu. Bu təklifin əsas təşəbbüskarı Yaponiyadakı bir italyan kinoşirkətinin təmsilçisi Culiana Stramicioli idi. Filmi izləyən və çox bəyənən o, Daiei studiyasını filmi festival üçün təsdiqləməyə razı sala bilmişdi. 10 sentyabr 1951-ci ildə "Raşomon" filmi festivalın ən ali mükafatı olan Qızıl şiri qazanaraq sadəcə Daiei studiyası deyil, Yaponiya kino sənayesindən xəbərsiz olan beynəlxalq film dünyasını da şoka salmışdı.[69]
Daiei filmi Los-Ancelesdə altyazılı nümayiş etdirdikdən sonra RKO şirkəti filmin ABŞ-də yayım hüquqlarını satın almışdır. Əslində şirkət böyük risk almışdı. Daha öncə ABŞ bazarına ancaq bir altyazılı Yaponiya filmi gətirilmişdi: Mikio Narusenin 1937-ci il istehsalı "Arvad! Qızılgül kimi ol" komediya filmi gəlir baxımından heç uğurlu olmamışdı. Buna baxmayaraq, "Raşomon" filmi ABŞ-də böyük uğur əldə etdi. Bunun əsas səbəblərindən biri Ed Sallivan kimi köşə yazarlarının yazdıqları güclü tənqidlər idi. Film ilk 3 həftədə 35.000 $ gəlir əldə etdi. Bu, həmin dövr üçün inanılmaz məbləğ idi.
Bu uğur 1950-ci illərdə Amerika və Qərbdə İtaliya neorealist filmlərinə marağın azalmasına,[70] Yaponiya filmlərinə marağın artmasına səbəb olmuşdur. 1952-ci ilin sonuna qədər "Raşomon" Yaponiya, ABŞ və Avropanın bir çox ölkələrində buraxılmışdır. Tezliklə digər Yaponiya rejissorları da Qərb dünyasında tanınaraq festivallarda mükafatlar və Qərb buraxılışları əldə etməyə başlamışdılar. Kenci Mizoquçi ("Oharunun həyatı", "Beylif Sanşiro") və Yasuciro Ozu ("Tokio hekayəsi", "Payız günortası") kimi rejissorlar bundan əvvəl Yaponiyada çox rəğbət bəslənilsə də, Qərbdə tanınmırdılar.[71] Kurosavanın 1950-ci illərdə Qərb izləyiciləri arasında get-gedə artan reputasiyası daha sonra Kon İçikava, Masaki Kobayaşi, Naqisa Oşima, Şohey İmamura, Cuzo İtami, Takeşi Kitano və Takaşi Miike kimi növbəti nəsil yapon rejissorların da ABŞ-də simpatik qəbuluna səbəb olmuşdur.
Qəfil beynəlxalq şöhrəti ilə karyerasını gücləndirən Kurosava orijinal film studiyası olan Toho-ya qayıdaraq (növbəti illərdə bu studiya ilə 11 film çəkəcəkdi) növbəti layihəsi olan "Yaşamaq" üzərində işləməyə başlamışdır. Baş rolunda Takaşi Şimuranın olduğu film Vatanabe adlı xərçəng xəstəsi tokiolu bürokratın ölümdən öncə həyatın mənasını axtarmasından bəhs edir. Filmin ssenarisi üçün Haşimoto ilə yanaşi Hideo Oqunini də (növbəti illərdə 12 filmdə Kurosava ilə bərabər olacaqdı) layihəyə cəlb etmişdir. Mövzunun qorxunc olmasına baxmayaraq ssenaristlər satirik yanaşma ilə həm qəhrəmanın bürokratik dünyasını, həm də Yaponiyanın ABŞ tərəfindən mədəni koloniyalaşdırılması tənqid etməyə çalışmışdılar (filmdə ABŞ pop mahnıları geniş istifadə olunub). Bu strategiya sayəsində istehsalçılar ölümcül xəstəliyə malik personajlardan bəhs edən dram filmlərinə xas olan sentimentallığı ortadan qaldıra bilmişdilər. 1952-ci ilin oktyabrından buraxılan film rejissora ikinci dəfə Kinema Junpo tərəfindən "Ən yaxşı film" mükafatını qazandırmışdır. Gəlir baxımından çox uğurlu olan film hələ də rejissorun ən yaxşı işlərindən biri hesab olunur.[72][73][74]
In addition to being a masterful precursor to the buddy cop movies and police procedurals popular today, Stray Dog is also a complex genre film that examines the plight of soldiers returning home to post-war Japan.