Aktivlərin idarə edilməsi

Aktivlərin idarə edilməsi (asset management)

1) Müəyyən investisiya məqsədlərinə nail olmaq üçün müştərilərin vəsaitlərinin toplanması və investisiya portfelinin yaradılması (qiymətli kağızlara və ya digər aktivlərə yatırmaq) yolu ilə peşəkar səviyyədə idarə olunması.

2) Şirkətə və ya banka məxsus maliyyə resurslarından gələn gəlirləri maksimallaşdırmaq məqsədilə onların idarə olunması. Adətən, aktivlərin idarə edilməsini investisiya şirkətləri (fondları) və investisiya bankları həyata keçirir.

Öz növbəsində aktivlər isə belə tərif olunur: “ Aktiv, təşkilat üçün aktual və ya potensial dəyəri olan vahidlərdir”. Əslində bu termin özündə aktivlərin maddi dəyərindən daha çox nüansları ehtiva edir, amma hazırda bir çox şirkətlər öz səylərini məhz maddi aktivlər üzərində fokuslaşdırır.[1]

Aktivlərin idarə edilməsi zamanı, təşkilat  qarşıya qoyduğu məqsədlərə çatmaqdan ötrü, aktivlərdən ən səmərəli şəkildə istifadəyə nail olmalıdır.  Bu isə özündə  aktivlərdən arzu olunan performansa nail olmaq üçün xərclərin, imkanların və risklərin balanslaşdırılmasını tələb edir. Bu balanslaşdırılma müxtəlif zaman kəsimləri üçün nəzərdə tutula bilər. Ümumi məqsədlərdən biri isə aktivlərin bütün həyat tsiklində xərclərini minimallaşdırmaqdır.

Məşhur Wall Street jurnalı aktivlərin idarə edilməsinə belə tərif verir: Aktivlərin idarəetməsi - maliyyə firması daxilində müştərilərinin aktivlərinin (nağd, investisiya və s) idarəedilməsi ilə məşğul olan xüsusi komandadır. Bu zaman aktivləri idarə edən şirkətin sərəncamında portfel idarəetməsi üzrə ixtisaslaşmış menecerlər, o cümlədən investorların kapitalları ilə bağlı detlallı informasiyaya çıxış olur, bu da onlara hətta investorların üzərində müstəsna hüquq verir.

Aktivlərin idarəedilməsi xidməti çox zaman yüksək xalis-gəlirli şəxslərə, müstəqil fondlara, təqaüd fondlarına və korporasiyalara təklif olunur. Firma adətən xidmətlərinə görə, ümumi idarə olunan vəsaitlərin müəyyən faizi miqdarında sabit haqq və bəzən qazanılan mənfəətdən müəyyən faizlər əldə edirlər, lakin bu aktivlərin idarəedilməsi fondu ilə hec fondlar arasında sərhədi pozmuş olur.

İnvestisiya şirkətləri və fiziki şəxslər daima öz vəsaitlərinin optimal yerləşdirilməsinə və investisiya risklərinin məhdudlaşdırılmasına çalışırlar. Davamlı olaraq dəyişən iqtisadi şərtlər çərçivəsində dərinləşdirilmiş analitika texnologiyaları olmadan buna nail olmaq çətindir. Investisiyaların idarəetməsinin effektivliyini artırmaq məqsədi ilə müxtəlif aktivlər portfeldə birləşdirilir, bu portfellər qiymətli kağızlardan, valyuta bazarında açıq mövqelərdən, daşınmaz əmlakdan, xammalldan, qiymətli metallardan, maliyyə öhdəliklərindən və s. ibarət ola bilər. Bütün bu aktivlərin işləməsi və pul gətirməsi üçün peşəkar idarəetmə tələb olunur. Bu zaman əsasən aşağıdakı vəzifələrin öhdəsindən gəlmək lazımdır.

  • Portfeldəki cari elementlərin qiymət dəyişməsini proqnozlaşdırmaq,
  • Portfelə daxil olmaq üzrə olan elementlərin dəyərinin dəyişməsini və risklərini proqnozlaşdırmaq
  • Riskləri ölçmək və proqnozlaşdırmaq: portfel elementləri üzrə, bütünlükdə portfel üzrə
  • Portfelin strukturunu optimallaşdırmaq
  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.16-17