Akvamen (ing. Aquaman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Pol Norris və Mort Veyzinger tərəfindən yaradılmış personaj More Fun Comics #73 (noyabr 1941) nəşrində debüt etmişdir.[1] Əvvəl DC antologiyalarının ikinci adı kimi istifadə olunana Akvamen haqqında sonradan bir neçə cildlik solo komiks kitabları çıxarılmışdır. Superqəhrəmanların intibah dövrünü yaşadığı və Gümüş dövrü adlandırılan 1950-1960-cı illərdə Akvamen Ədalət Liqasının təməl üzvlərindən biri olmuşdur. 1990-cı illərdən etibarən müasir yazıçılar Akvamenin xarakterini daha sərt təsvir etmiş, onun hekayə xəttlərində isə Atlantida kralı roluna xüsusi diqqət yetirilmişdir.[2]
Akvamen | |
---|---|
ing. Aquaman | |
Nəşriyyat | DC Comics |
Yayım tarixi | "More Fun Comics" # 73 (noyabr, 1941) |
Yaradıcı(lar) |
Mort Vayzinger Pol Norris |
Xüsusiyyətlər | |
Əsl adı | Artur Karri / Orin |
Cinsiyyəti | kişi |
Boyu | 185 sm |
Çəkisi | 145 kq |
Göz rəngi | mavi |
Saç rəngi | sarı |
Növü | insan |
Vətəndaşlıq | |
Komiks bioqrafiyası | |
Kainat | yaxşı |
Üzvlükləri | Ədalət Liqası |
Partnyorları | Akvaled, Akvagörl, Mera, Qart, Betmen, Supermen, Ecazkar qadın, Fleş, Yaşıl Fənər, Kiborq |
Düşmənləri | Qara Manta, Akulalar kralı, Okeanların hakimi |
Gücləri |
|
Silahları | Sol əli bir müddət yüksək texnologiyalı qarpunla əvəzlənmişdi, sonradan həmin əl sudan hazırlanmış və mistik gücə malik əllə əvəz edildi. Atlantların texnologiyalarını istifadə edir. Mistik və magik güclərə malik dörd dişli yabaya malikdir. |
Personaj 1960-cı illərdə animasiya seriyasında görünməsindən sonra, böyük təsir buraxaraq popular mədəniyyətin geniş qəbul edilmiş simvollarından birinə çevrilmişdir. Onun sağlamlığı haqqında zarafatlar, “Super dostlar” teleserialında zəif təsvir edilməsi, güc və bacarıqlarının zəif olmasının uzun illər komediya verilişləri və stend-ap çıxışları zamanı istifadə edilməsi DC-ni personajı komikslərdə təkmilləşdirməyə və daha güclü təsvir etməyə məcbur etmişdir. Müasir komiks kitablarında personajın ictimayət tərəfindən qəbul edilməsinin bu müxtəlif aspektləri nəzərə alınaraq, o, ciddi, düşüncəli, pis şöhrətlə üz-üzə qalmış, hakimiyyəti əlindən alınmış kral və qovulmuş qəhrəman kimi öz cəmiyyətindən kənarda yerini tapmağa çalışan biri kimi təsvir edilir.[3]
Müxtəlif media uyğunlaşdırmalarında görünən Akvamen ilk dəfə 1967-ci ildə çıxarılmış “Supermen/Akvamen: Macəra zamanı” adlı animasiya serialında, daha sonra isə “Super dostlar” animasiya serialında televiziya ekranlarına gətirilmişdir. Bundan sonra personaj müxtəlif animasiya məhsullarında görünmüş, o cümlədən 2000-ci illərdə çıxarılmış “Limitsiz Ədalət Liqası”, “Betmen: Cəur və sərt” və “DC Kainatı Orijinal Animasiya Filmləri”ndə mühüm rol oynamışdır. “Smollvill” serialında Akvamen rolu aktyor Alan Riçson, DC Genişləndirilmiş Kainatına daxilolan “Betmen Supermenə qarşı: Ədalətin şəfəqi” və “Ədalət Liqası” filmlərində isə aktyor Ceyson Mamoa tərəfindən canlandırılmışdır. 2018-ci ildə çıxarılan və personaja həsr edilmiş ilk solo film olan “Akvamen” filmində Mamoa rolunu təkrarlamışdır.[4][5][6]
Akvamenin ilk mənşə hekayəsi personajın debüt etdiyi More Fun Comics #73 (noyabr 1941) nəşrində onun özünün dilindən fleşbek kimi verilmişdir:
Hekayə mənim məşhur sualtı tədqiqatçı olan atamdan başlamalıdır, əgər onun adını çəksəm tanıyarsız. Anam mən uşaq ikən ölmüş, atam isə işinə qayıdaraq okeanları tədqiq etməyə davam etmişdir. Onun əsas kəşfi bu vaxta kimi başqa heç bir dalğıcın üzə bilmədiyi qədim sualtı şəhəri aşkara çıxarması idi. Atam həmin şəhərin itirilmiş Atlantida krallığı olduğuna inanırdı. O, saraylardan birində özü üçün sukeçirməz ev düzəldərək burada yaşamağa və qədim xalqın müdrikliyi və texnologiyasını öyrənməyə başlamışdır. Kitablar və yazılardan o mənə okean altında yaşamağı, sudakı oksigendən istifadə etməyi, dənizin bütün güclərini istifadə etməyi öyrətmişdir. Məşqlər və yüzlərlə elmi sirrlər əsasında mən sizin gördüyünüz birinə - suyun altında yaşayan insana çevrilmişəm.[7] |
Qızıl dövrünə təsadüf edən erkən görünmələrində Akvamen su altında nəfəs ala və sualtı canlıları idarə edə bilir. İlkin olaraq o, sualtı canlılarla onların dilində danışır və bu ünsiyyət yalnız onlar bir-birini eşidəçək qədər yaxın (18 m) olduqda baş tutur. Akvamenin macəraları bütün yer kürəsi ərazisində baş verir, lakin, o özü qəzaya düşərək suya batmış kiçik balıqçı qayığında yaşayır.
İkinci Dünya müharibəsi dövrünə təsadüf edən macəralarında onun düşmənləri Nasist sualtı gəmilərinin komandirləri və Berlin-Roma-Tokio oxu caniləridir. 1940-1950-ci illərdə yayımlanmış digər macəralarında o müxtəlif su cinayətkarları, o cümlədən Qara Cek kimi müasir quldurlar, həmçinin su həyatı üçün təhlükə yaradan ticarət gəmiləri və dənizçilərə qarşı mübarizə aparır.[8]
Akvamenin sonuncu dəfə göründüyü "More Fun Comics” nəşri #107 saylı buraxılış olmuş, bundan sonra, Superboy və Yaşıl oxçu kimi o da 1946-cı ildə çıxarılmış #103 saylı buraxılış ilə “Adventure Comics” nəşrinə keçirilmişdir.
1940-cı illərin sonu və 1950-ci illərdə Akvamenin macəraları “Adventure Comics” seriyasında yayımlanmışdır və personaj 1950-ci illərdə nəşri davam etdirilən azsaylı superqəhrəmanlardan biri olmuşdur. 1950-ci illərin sonlarından başlayaraq Akvamenin mənşə hekayəsinə yeni elementlər əlavə edilmiş, müxtəlif ikinci plan personajları artırılmış, həmçinin personajın mənşəyi, gücləri və şəxsiyyətini təkmilləşdirən dəyişikliklər edilmişdir. Bu dəyişikliklərdən birincisi Adventure Comics #229 (oktyabr 1956) nəşrində yayımlanmış "Aquaman's Undersea Partner" (azərb. Akvamenin sualtı tərəfdaşı) hekayəsində edilmiş, bu zaman köməkçisi osminoq Topo təqdim edilmişdir. Bu və digər dəyişikliklər 1960-cı illərdə DC multikainatının yaradılmasından sonra Dünya-1 Akvameninə aid edilmişdir.
Gümüş dövrü Akvameni ilk dəfə “Adventure Comics” #260 (may 1959) nəşrində debüt etmişdir. Həmin nəşr və ondan sonrakı Gümüş dövrü nəşrlərinə görə Akvamen, mayak gözətçisi Tom Karri və sualtı şəhər Atlantidanın sakini, dalğanın sahilə çıxardığı Atlannanın oğludur və adı Artur Karridir. Mənşəyinə görə, Akvamen kiçik yaşlarında superinsan güclərinə malik olmasını, sualtında qala, dənizlə əlaqə saxlaya bildiyini və çox sürətlə üzmə qabiliyyətinə malik olduğunu öyrənir. Artur istedad və bacarıqlarını Dünya okeanlarını qorumaq üçün istifadə etməyə qərar verir. Sonradan məlum olur ki, gənclik illərində o, Akvaboy adı ilə macəralar yaşamış və Superboyla qarşılaşmışdır.[9] Böyüdükdən sonra isə Artur özünü Akvamen adlandırmışdır.
Sonradan məlum olur ki, Atlannanın ölümündən sonra Arturun atası Tom Karri adi insan xanımla evlənmiş və həmin xanım dünyaya Arturun Orm Karri adlı qardaşını gətirmişdir. Orm qardaşı Arturun kölgəsində böyümüş çətin xarakterli uşaq olmuş və Artur tez-tez onu qanunla yaşadığı problemlərdən xilas etmişdir. Orm həm heç bir vaxt qardaşı kimi güclü ola bilməyəcəyini başa düşdüyünə, həm də atalarının həmişə Arturu daha çox sevdiyinə inandığına görə ona nifrət edir. Amneziyaya tutulduqdan sonra Orm yoxa çıxır və uzun illər sonra Akvamenin düşməni Okean ustadı adı ilə meydana çıxır.[10]
Akvamenin dəniz canlıları ilə ünsiyyət saxlamaq bacarığı inkişaf etdirilərək uzaq məsafədən dəniz canlıları ilə telepatik əlaqə səviyyəsinə çatdırılmışdır. Supermenin kriptonitə və ya Yaşıl Fənərin sarı rəngə olan həssaslığı kimi, Akvamenin də zəifliyi su ilə bağlıdır; belə ki, o, hər saatda bir dəfə su ilə əlaqədə olmasa ölə bilər. Bundan əvvəlki hekayələrdə isə Akvamen həm suda, həm də quruda istədiyi qədər qala bilirdi.[11]
Amerikanın Ədalət Liqası komiks seriyasına daxil edilən Akvamen dəstənin ilk macərasında görünməklə[12], həm də onun təməl üzvlərindən biri olmuşdur.[13] Superqəhrəman dəstəsinin 1960-cı illərdə yayımlanmış bir çox macəralarında Akvamen də iştirak etmişdir.
Yeni macəraları nəşr edildikcə Akvamenin tərəfdaşları və düşmənlərinin də sayı artmağa başlayır, tezliklə yetim qalmış atlantidalı olan və Akvamenin öz yanına götürərək tərbiyələndirdiyi Akvaled təqdim edilir.[14] Daha sonra Akvamen suya batmış uydurma Yeni Venesiya şəhərini kəşf edir[15], bu şəhər həmin dövrdə Akvamenin əməliyyat bazasına çevrilir.[16]
Varisi olmayan sonuncu kralın ölümündən sonra Kraliça Atlannanın oğlu olan Akvamenin kral olmasına səs verilir.[17] Həmin dövrdə Akvamen sualtı ölkələrdən birinin kraliçası olan Mera ilə tanış olur[18] və kral elan edildikdən sonra onunla evlənir.[17] Bir müddət sonra onların Artur (kiçik) adlı (ləqəbi Akvabeybi) oğlu doğulur.[19]
1960-cı illərin seriyalarında Akvamenin Okean ustadı (Arturun amneziyadan əziyyət çəkən qardaşı Orm)[20], Qara Manta[21], Fişermen[22], Zibilyığan[23] kimi düşmənləri və OGRE[24] adlı terror təşkilatı təqdim edilir. Həmin dövrdə təqdim edilən xırda personajlar arasında Quisp[25], atlantidalı alim və Akvamenin sadiq məsləhətçisi Doktor Vulko[26] və atlantidalı şahzadə, Akvaledin sevgi marağı Tula (Akvagörl kimi tanınır)[27] yer alır.
1980-ci illərin ortalarında şəxsi süjet xəttinin tamamlanmasından sonra Akvamen, Amerikanın Ədalət Liqasının lideri olmuşdur. “Justice League of America” #228–230 hekayə xəttində marslıların yerə hücumundan sonra Liqanın əsas üzvləri yoxa çıxır. Buna görə də Akvamen Yerin müdafiə edilməsinə var-gücünü sərf etməyə məcbur olur, Bunun üçün o, “Justice League of America Annual” #2 (1984) Amerikanın Ədalət Liqasını tamamilə buraxaraq yeni qanunlarla yenidən təşkil edir; bu qanunlara görə Liqa üzvləri var gücləri ilə çalşmağa məcbur olurlar.
Ədalət Liqasının veteran üzvləri Marslı ovçu, Zatanna və Uzanan adamın köməkliyi ilə Akvamen Liqanın yeni və təcrübəsiz üzvləri Cipsi, Vayb, Viksen və Komandir Stili məşq elətdirir. Amerikanın Ədalət Liqasının kosmik peykdə yerləşən qərargahı basqın zamanı dağıdıldığına görə, Detroyt, Miçiqanda yerləşən yeraltı bunkerdə yeni qərargah təşkil edilir.[28] Akvamenin Ədalət Liqasının bu yeni variantında iştirakına “Justice League ended” #243 (oktyabr 1985) nəşrində Mera ilə evlənməsindən sonra son qoyulur.
1985-ci ildə çıxarılmış “Sonsuz dünyalarda böhran” mini-seriyasından sonra 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində 1986-cı ildə Nil Poznerin müəllifliyi ilə çıxarılmış və personajın tünd mavi rəngli yeni kostyumda təsvir edildiyi dörd cildlik Aquaman (fevral-may, 1986) nəşrindən başlayaraq bir neçə kiçik seriya yayımlanmışdır. Seriya yaxşı qarşılanmış və iş müddətində uzadılmasına qərar verilsə də, yaradıcılıq problemlərinə görə dayandırılmışdır.[29] Seriyada Akvamenin mənşə hekayəsi də genişləndirilərək onun yarım-qardaşı Okean ustadı ilə əlaqələrinə xüsusi yer ayırılmış və onun mənşəyi daha detallı təsvir edilmişdir. Seriya həm də Akvamenin mifologiyasına mistika əlavə edərək Okean ustadını cadugər kimi göstərmişdir. Akvamenin tünd mavi kostyumu “Aquaman Special” #1 (1988) nəşrində yenidən istifadə edilmişdir.
1988-ci ildə “Invasion!” hekayə xəttində Dum Patrul dəstəsi ilə çıxış edən Akvamen, yenidən narıncı-yaşıl rəngli klassik kostyumunda görünmüşdür.
1989-cu ildə çıxarılmış “Legend of Aquaman Special” (rəsmi olaraq Aquaman Special #1 adlanır, ikici xüsusi buraxılışda növbəti ilin hadisələrindən bəhs edilir) nəşri ilə Akvamenin mif və mənşəyi dəyişdirilmiş, bu zaman Gümüş dövrü hekayələrinin əksər detalları toxunulmaz saxlanmışdır. Robert Loren Fleinq tərəfindən yazılmış xüsusi buraxılış Keyt Gifen və Kurt Svonun rəsmləri ilə müşayət olunmuşdur.
Bu müasir mənşə hekayəsinə görə, Orin adı ilə Atlantidanın Poseydonis şəhərində doğulmuş Akvamen Kraliça Atlanna və sirli cadugər Atlanın oğludur. Atlantidalıların “Kordaksın işarəsi” kimi qəbul etdikləri sarı rəngli saçlarına görə, Akvamen uşaq ikən Mersi qayalığında (dəniz səviyyəsindən aşağıda yerləşən bu ərazi atlantidalılar üçün təhlükəli hesab edilir) tərk edilmişdir. Orinin tərəfinə duran yeganə şəxs alim olan və buna görə də miflərə qarşı çıxan Vulko olur. Sonradan Vulko gənc Orinin yaxın dostu və məsləhətçisinə çevrilir.
Vəhşi su təbiətində böyüyən və bu müddətdə yalnız su canlıları ilə ünsiyyətdə olan Orin, mayak gözətçisi Artur Karri tərəfindən aşkarlanaraq himayəyə götürülür; o, uşağı öz adı ilə Artur Karri adlandırır. Bir gün evə qayıdan Orin ögey atasının yoxa çıxdığını görür və onun axtarışına başlayır. Yeniyetməlik illərində Şimala yola düşən Orin burada inyupiklərdən olan qız Kako ilə tanış olur və ona vurulur. Bu zaman o həm də Ormla tanış olur; sonradan məlum olur ki, gələcək Okean ustadı olan Orm Atlan və inyupiklərdən olan qadının oğlu olmaqla onun qardaşıdır.[30]
Detallı işlənmiş (Legend of Aquaman Special nəşrinin müəllifi olay yaradıcı heyət – Robert Loren Fleminq, Keyt Giffen və Kurt Svon – tərəfindən yazılmışdır) beş cildlik “Aquaman” limitli seriyasında (iyun-oktyabr 1989) “Legend of Aquaman Special” nəşrində başladılmış mövzular davam edilmiş, burada yeni doğulmuş övladı Arturun ölümündə sonra ağlını itirən Mera Poseydonius şəhərində yerləşən psixiatriya xəstəxanasına yerləşdirilir. Bundan sonra yad planetli güclər Atlantidanı işğal edirlər. Artur şəhəri qorumağa çalışsa da, oğullarının plümündə onu günahlandıran Mera buna mane olur. Qəzəblənən Mera Akvamenin dünyasını tərk edərək başqa dünyaya keçir.
Piter Devidin The Atlantis Chronicles #1–7 (mart–sentyabr 1990) (azərb. Atlantida salnamələri) seriyasında Atlantidanın Nuh əyyamından Akvamenin doğulmasına kimi olan tarixi nəql edilməklə oxucular qədim atlantlılar – Orin (Akvamen onun şərəfinə adlandırılmışdır) və Atlanla (Akvamenin atası) tanış edilirlər. Şon MakLaflin və Ken Huperin müəllifliyi ilə çıxarılan başqa bir “Aquaman” #1–13 (dekabr 1991-dekabr 1992) seriyasında istəmədən Poseydonisin müdafiəkarı olmağa razılaşan Akvamenin macəralarından bəhs edilir. Həmin dövrdə o, Atlantidanı Birləşmiş Millətlər Təşkilatında təmsil etsə, superqəhrəmanlığından da qalmır. Getdikcə daha çox işkolik və tənha adama çevrilən Akvamen sonradan tamamilə okeana qayıdır. Qısa müddət sonra Akvamen, quru əhalisi ilə müharibə yaradaraq növbəti dəfə Atlantidanı məhv etməyə çalışan Qara Mantanın qarşısını almalı olur.
Piter Devidin müəllifi olduğu və 1993-1994-cü illərdə çıxarılmış dörd cildlik “Aquaman: Time and Tide” (azərb. Akvamen: Zaman və axın) limitli seriyasında Akvamenin mənşə hekayəsi genişləndirilir, o, tarixi mətnlər kimi təqdim edilən “Atlantida salnamələri” vasitəsi ilə ölkəsinin tarixini öyrənir. Akvamen öyrənir ki, onun doğum adı Orindi, düşməni olan Okean ustadı qardaşıdı, onların ataları isə “qədim Atlantida cadugəri Atlandır”. Bu məlumat Orinin qəzəblənərək depressiyaya düşməsinə səbəb olur, başa düşür ki, Salnamələrdə deyilən “və iki qardaş Atlantida taxtı uğrunda savaşacaq” ifadəsi onlara aiddir. Bu detal müasir Akvameni Okean masterinin onun qardaşı Orm olmasını bilən Gümüş dövr Akvamenindən fərqləndirən əsas xüsusiyyətdir, eyni zamanda Orm isə amneziyasına görə bu faktları xatırlaya bilmir. Kevin Melrouz tərəfindən hazırlanmış seriya personajın müasir dövrdə məşhurluğunun zirvəsinə qalxmasına imkan vermişdir.[31]
Aquaman #1 (avqust 1994) nəşrindən başlayaraq, Akvamen ilkin olaraq Piter Devidin müəllifliyi ilə çıxarılmış solo seriyasının beşinci cildində, daha sonra isə həmin müəllifin 1993-cü ildə yazdığı “Time and Tide” (azərb. Zaman və axın) seriyasında görünmüşdür. 75 cildə uzanan seriya personajın ən uzun müddət davam edən seriyası olmuşdur. Devid? dörd ilə yaxın seriya üzərində işlədikdən sonra #46 (iyul 1998) saylı nəşrlə seriyanı tərk etmişdir.
Devid ilkin olaraq Akvamenin görünüşünü dəyişmiş, onun səliqəli görünüşü daha çirkli görünüşü ilə əvəz edilmişdir. “Time and Tide” seriyasında Atlantida salnamələrini oxuyan Akvamen bir müddət dünyadan uzaqlaşır. Bir müddət sonra saç və saqqalı uzanmış Akvamen Qart tərəfindən mağarada düşüncələr içində aşkarlanır. Cinayətkar Xaribdis tərəfindən dəniz canlıları ilə ünsiyyət bacarığı oğurlanan Akvamen piraniyalarla dolu hovuzda sol əlini itirir.[32] Bu, Akvamenin bəzi görmələri olmasına, daha sonra isə itirdiyi əlinə qarpunla əvəz etməsinə səbəb olur. Lobo ilə döyüşdə[33] ənənəvi yaşıl-narıncı geyimi cırılan Akvamen, qladiator manikası hazırlanana kimi bir müddət üst geyimsiz yaşayır.[34] Qarpunu məhv edildikdən sonra[35], Akvamen onu S.T.A.R. Labs[36] tərəfindən hazırlanmış kibernetik protezlə əvəz edir. Hərəkətli çarxa malik olan bu yeni qarpun tamamilə idarə edilən olur.
Beş itirilmiş Atlantida şəhəri ilə bağlı olan əsas hekayə xətti #25 saylı nömrədə tamamlanır. Atlantidalılarla əlaqəli olan yad planetlilərin hücumunun qabağını almaq üçün Akvamen itirilmiş həmin şəhərləri taparaq birləşdirməyə çalışır. Bu hekayə xətti Akvameni Döyüşçü kral kimi tanıdaraq, bütün Atlantida şəhərləri üzərində siyasi gücə malik personaja çevirir. Piter Devidin fəaliyyətinin sonrakı hissəsi isə Orinin mənşəyi və mirası ilə bağlı həqiqətləri qəbul etməsi ilə bağlı olmuşdur. Həmin dövrdə ağıllı yad planetli gəmisi aşkarlayan Akvamen onu özünə tabe edə bilir. Daha sonra Poseydonisi yenidən suyun üzünə çıxarır və Atlantidanın quru aləmi ilə daha yaxın əlaqə qurmasına şərait yaradır. Mədəni dəyişikliklər, turizmin yaranması, superqəhrəman və kral kimi etməli olduğu işlər, onu iki tərəf arasında bölünmüş vəziyyətdə və hakimi olduğu şəhərin siyasi gücləri qarşısında pis vəziyyətdə qoyur.
Qısa fasilədən sonra Den Abnett, Endi Lanninqlə qısa müddətli iş birliyindən sonra #50 (dekabr 1998) nəşrindən başlayaraq Devid yazıçı Erik Larsenlə, #63 (yanvar 2000) nəşrindən başlayaraq isə Den Yurgenslə əvəzlənmişdir. #75 (yanvar 2001) saylı nəşrlə seriya yekunlaşdırılmışdır. Həmin dövrdə Mera qaçdığı yerdə ona qurulmuş tələdən qaçaraq geri qayıdır, Akvamen isə oğlu Koryak və məsləhətçisi Vulkonun təşkil etdiyi hakimiyyət çevrilişinin qarşısını alır. Lurkerlərin kralı Noblla döyüş zamanı Akvamen ikinci qarpununu da itirir; həmin qarpun Atlantida alıimləri tərəfindən hazırlanmış və göstərişlə formasını dəyişə bilən qızıl protezlə əvəzlənir. Ada xalqı ilə qısa müddətli müharibədən sonra Akvamen Atlantidanın təsirini ilk dəfə quru əraziyə də yayaraq adanı tabe edir.
2001-2003-cü illərdə Akvamen solo seriyaya malik olmasa da, müxtəlif başqa başlıqlar altında kameo görünüşləri ilə onun süjet xətti inkişaf etdirilmişdir.
Yenidən formalaşdırılan[37] AƏL üzvü olan Akvamen 2001-ci ildə çıxarılmış "Our Worlds at War" (azərb. Dünyalarımız müharibə zamanı) (Aquaman V cild nəşrinin tamamlanmasından dərhal sonra çıxarılıb) nəşrinə kimi Akvamen bəzən istəksiz olsa da, daima komandanın üzvü olmuşdur. "Our Worlds at War" nəşrində Akvamen və İmperieks adlı supercani arasında döyüşdən sonra Akvamen və Poseydonis yoxa çıxır.
Ədalət Liqası müəyyənləşdirir ki, şəhər olduğu yerdə qalsa da sehrlə gizlədilmiş, dağılaraq xarabaya çevrildiyinə görə isə tərk edilmişdir. Atlantidalılar keçmişlərində tələyə salınırlar, Tempest onların yanına xəbərdarlığa göndərilərək şəhərin tədqiqatçılar tərəfindən dağıdılacağını xəbər verir. Lakin, atlantidalılar güclü cadugər Gamemnaenin rəhbərlik etdiyi sələflərinin hücumuna məruz qalırlar, Akvamen isə canlı suya çevrilərək suni hovuzda həbs edilir. Lakin, zamanla bu cəmiyyət məhv olur, sonda sağ qalan və çox güclənmiş Gamemnae xarabalıqlarda məskunlaşır.
Quru sakinlərinin təqvimi ilə bir neçə ay sonra, Atlantida təqvimi ilə isə on beş il sonra AƏL JLA xəttindən "The Obsidian Age" (azərb. Obsidian dövrü) nəşrində Akvameni xilas edir.[38] Liqanın orijinal üzvləri Gamemnae tərəfindən öldürlür, onların ruhu isə cadugər Manitou Reyven tərəfindən saxlanılır ki, müasir dövrdə onları yenidən diriltsin. Bu işdə ona Naytvinq, Şahinqız, Alov fırtınası və Zatanna kömək edirlər. Onlar AƏL ehtiyat üzvü idilər və liqanın əsas üzvlərinin Manitou Reyvenin köməyi ilə yoxa çıxmasından sonra vaxtilə Betmenin yaratdığı proqram sayəsində ehtiyat üzvlər aktivləşirlər. Akvamen azad edildikdən sonra Zatanna onun güclərini artırır, beləliklə Artur bütün su mühitinə nəzarəti əlinə alır. Yeni gücü sayəsində Akvamen, şəhərin Gamemnae ilə əlaqəsini qıraraq onu yenidən suyun altına qaytarır. Akvamenin Gamemnaeni məğlub etməsindən sonra, Liqa üzvləri atlantidalıları müasir dövrə qaytarırlar və onlar yenidən Atlantidanın inşasına başlayırlar.
Akvameni daha çox mistik kontekstdə təqdim edən Rik Veytçin müəllifliyi ilə çıxarılan altıncı Aquaman seriyası JLA seriyasının tamamlanmasından sonra başladılmışdır. Sonradan seriya üzərində Con Ostrander, Uill Playfer, Ted Vilyams və Con Arkudi çalışmağa başlamışdır. 2002-ci ilin dekabrından başladılan (üz qabığında fevral 2003 göstərilib) həmin seriya daxilində 57 nömrə çıxarılmışdır; ilkin olaraq seriyada Atlantidadan qovulmuş Akvamenin quruda yaşamağa çalışmasından bəhs edilsə də, sonradan qəhrəman böyük bir hissəsi su altında qalmış San-Dieqo şəhərini xilas etməyə çalışır.
Sonrakı bir neçə ay ərzində müəyyən olur ki, şəhərin suya batmasının səbəbi Akvamenin DNT-ni əldə etmək istəyən alimdir; alim hesab edir ki, insanlar indi yaşadıqları vəziyyətdə Yer kürəsini məhv edə bilərlər, ona görə də şəhərin yarısını suya batırır ki, sakinlər suda nəfəs almağı öyrənsinlər. Həmin müddətdə Akvamen “Sub Dieqo”nu qorumağa davam edir. Bu işdə ona yeni Akvagörl olan Lorena Markez kömək edir. Okean ustadı isə keçmişi dəyişərək özünün Akvamen Orinin isə Okean ustadı olmasına çalışır.
“Infinite Crisis” (azərb. Sonsuz böhran) hekayə xəttindən sonra #39 (aprel 2006) saylı nömrədən etibarən seriyanın adı dəyişdirilərək “Aquaman: Sword of Atlantis” (azərb. Akvamen: Atlantidanın qılıncı) adlandırılmış və #57 (oktyabr 2007) saylı nəşrə kimi davam etdirilmişdir.
"One Year Later" (azərb. Bir il sonra) hekayə xəttindən sonra (Aquaman VI cild, #40, may 2006 nəşri ilə başlamışdı) seriya “Aquaman: Sword of Atlantis” (azərb. Akvamen: Atlantidanın qılıncı) adlandırılmış və Kurt Busikin rəhbərliyi ilə tamamilə fərqli istiqmətdə inkişaf etdirilmişdir. Akvamen yoxa çıxır və ölmüş hesab edilir. Artur Cozef Karri adlı gənc sirrli Dərinliklərin sakini tərəfindən çağırılaraq Akvamen kostyumu və rolu verilir, lakin, sonradan məlum olur ki, həmin sakin yaddaşını itirmiş və qəribə mutasiya edərək sherli güclər əldə etmiş Akvamenin özüdür.
Bu dəyişiklik sonradan 52 adlı həftəlik seriyada təsvir edilmiş “buraxılmış il”lə izah edilmişdir. Superboy üçün çıxarılmış xatirə nəşrində Akvamen də qısa müddətdə görünür. Bir müddət sonra Doktor Feytin dəbilqəsini geyinmiş Uzanan adam Atlantidanın xarabalıqları arasında saç və saqqalı uzanmış Orini aşkarlayır. Qalxan hesab edir ki, “əgər o yaşayırsa...əgər o sağdırsa...deməli magiya və dənizin gücünün qurbanıdır.”[39]
Sub Dieqonun suda yaşamaq qabiliyyəti olmayan sakinlərinin həyatını xilas etmək üçün Orin dəniz tanrıları ilə razılığa gəlir. Orinin kəsilmiş əlinin sümüklərini sehrli ritualda istifadə edən tanrılar ona Sub Dieqonu quruya qaldırmağa güc verirlər. Lakin, bunun əks effekti olaraq Orin “Dərinliklərin sakini”nə çevrilərək yaddaşını itirir..[40] Artur Cozef Karri üçün seçdiyi tale isə onun öz keçmişi ilə bağlı xatirələrindən ilhamlanır.
Varisinə kömək etməyə cəhd etdiyi vaxtda Orin Narval tərəfindən qətlə yetirilir.[41] Cəsədi əldə edən AƏL üzvləri, o cümlədən Supermen, Betmen, Yaşıl fənər və Fleş onu atlantidalılara təhvil verərək Mera və yeni Akvamenə uğur arzu edirlər.[42]
2008-ci ildə çıxarılmış "Final Crisis" (azərb. Sonuncu böhran) hekayə xəttində Orin Darksaydı məğlub etmək üçün yenidən Atlantidada peyda olsa da, sonradan onun multikainatın başqa dünyasından gəlməsi məlum olur.[43][44] Həmin adamı sonradan heç vaxt görməyən Hel Cordan və Barri Allen onun gəlişini əsassız şaiyə kimi qəbul edirlər.[45] 2008-2009-cu ildə çıxarılmış "Blackest Night" (azərb. Qaranlıq gecə) hekayə xəttindən əvvəl Orinin bədəni Tom Karrinin yanında dəfn edilir.[46]
Blackest Night #1 nəşrində Atlantidaya qayıdan Qart, Orinin həyat yoldaşı Mera ilə görüşərək onun bədəninin quruda dəfn edilməsinə narazı olduğunu deyir. Mera Tempestə izah edir ki, Orin quruda öznü təhlükəsiz hiss edirdi və orada dəfn olunmaq onun öz istəyidir. Bir üddət sonra Orinin məzarına girən qara güc üzüyü onu dirildir.[46] Akvamen, Tula və Delfinlə birlikdə dirilərək Qara Fənər Korpusunun üzvü olurlar. Onlar Meraya deyirlər ki, oğlunu görmək istəyirsə ölməli və onlara qoşulmalıdır. Qart özünü öldürərək Qara Fənər Korpusuna qoşulur. Mera ölməkdən imtina edərək qaçır. Miniseriyanın sonunda Akvamen Ağ Fənərlər Təşkilatı tərəfindən dirildilən şəxslərdən biri olur və Mera ilə qovuşur. Dirilərkən Qara Fənər üzüyü Akvamenin bədənini bərpa etdiyinə görə, onun qolu da bərpa edilir.[47]
Akvamen və Mera Amnesti körfəzindəki limanda gecəni birlikdə keçirdikdən sonra, sabah oyanan Mera onun dənizə baxdığını görür və necə dirilməsinə təəccüblənir.[48] Onlar pirat gəmisini ələ keçirirlər, Akvamen düşünür ki, ölü dəniz canlılarını köməyə çağıra bilər.[49]
Sahilin neftdən təmizlənməsi zamanı Akvamen və Mera, ikincinin vətənindən olan Sirenin başçılıq etdiyi əsgərlərin hücumuna məruz qalırlar.[50] Mara öyrənir ki, Siren onu öldürmək üçün göndərilmişdir. O, həm də öyrənir ki, uzun müddət sürgündə olmalarına baxmayaraq Ksebelin xalqı Qara Mantanın düşmənləri olaraq qalmağa davam ediblər, həmçinin, əvvəl tək olan Meraya kömək üçün Ksebelin ən güclü əsgərlərindən təşkil edilmiş Ölüm dəstəsi göndərilir. Sonradan Mera öyrənir ki, Siren onun kiçik bacısıdır.[51]
Ağ Fənərlər Təşkilatı Akvamenə bildirir ki, başqalarından əvvəl Cekson Haydı tapmaq lazımdır.[52] Mera Akvamenə onun harda olmasını deyir, bundan sonra isə Akvamen Ceksonu Ksebelin hücumundan xilas edir. Məlum olur ki, Akvamenin Gümüş dövrü mənşəyi bərpa edilib, o, yarım insan olmaqla Tom Karri və Atlantida şahzadəsinin qzıdır.[53] Daha sonra Ağ Fənərlər Akvameni kiçildərək ağ su damçısına çevirirlər.[54] Elementallardan birinə çevrilən Akvamen, Bataqlıq bədheybətinin Qara Fənər versiyasının yaratdığı Qara Avatara qarşı mübarizədə Star-sitni qoruyan varlığa çevrilir. Qara Avatarın dəf edilməsindən sonra Bataqlıq bədheybəri Akvameni normal halına qaytarır.[55] Bundan sonra Akvamen və Mera yenidən qovuşur. Onlar, Ksebel silahlarının hazırlanmasında Atlantida texnologiyasının istifadə edildiyini öyrənirlər.[56]
DC-nin 2011-ci ildə əsas superqəhrəman xəttlərini yenilədiyi “The New 52” çərçivəsində yeni Akvamen seriyası Ceff Cons, İvan Reis ə Co Pradonun təşkil etdiyi yaradıcı heyətin müəllifliyi ilə çıxarılmağa başlayır. Həmin seriyadan olan ilk nəşr 28 sentyabr 2011-ci ildə yayımlanır.[57] Üç müəllifin adı yalnız seriyanın XVI nömrəsinin üz qabığında göstərilir.[58] Bu, "Throne of Atlantis" illərində Akvamenlə əlaqəli ik davamlı crossover yaranmasına gətirib çıxarır.
Yenidən başladılmış seriya Akvamenin Tom Karri və Şahzadə Atlannanın oğlu kimi yarım insan statusunu tamamilə möhkəmləndirərək, onu Mera ilə birlikdə Amnesti körfəzində təsvir edir. Hakimiyyəti dövründə okeanla pis davranılmasından qəzəblənən Akvamen Atlantida taxtını tərk edərək qəhrəmanlıq etməyə başlayır. Lakin, indi o, tərəfdaşları kimi onu da metainsan hesab edənlərin fikirləri ilə mübarizə aparır.[59] O, Ədalət Liqasının banilərindən və əsas üzvlərindən biri olur.[60] Aquaman #7 nəşrində bəlli olur ki, fəaliyytinin başlanğıcında Akvamen “Digərləri” adlanan dəstənin üzvü olub. Akvamenin özündən başqa dəstəyə Latın Amerikasından olan qız Ya'Vara, rusiyalı Vostok-İks, keçmiş ordu veteran Müharibə məhbusu, Operativ və iranlı uzaqgörən Kahinə daxil idi. Digərlərinin hər biri Atlantida mənşəli sehrli relikviyalara malik idi. 2014-2015-ci illərdə müstəqil “Aquaman and the Others” (azərb. Akvamen və digərləri) seriyası nəşr edilir.
2015-ci ildə çıxarılan “Konvergensiya” hekayə xəttinin #41 saylı nəşrində Akvamen yeni görünüşlə təsvir edilir. Akvameni taxtdan salan Mera Atlantida kraliçası elan edilir və qaçaq Akvameni ələ keçirməyə çalışır. Bu mübarizə ərzində Akvamen bir neçə mistik və sehrli bacarıq əldə edir. Sonradan bəlli olur ki, Meranı həbsə alan bacısı Siren onun adından istifadə edərək Atlantidanı idarə etmişdir.
DC-nin “DC Rebirth” adı ilə rebrendinq edilməsindən sonra DC Universe: Rebirth #1 nəşrində Artur Meraya evlilik təklif edir. Akvamenin eyni adlı səkkizinci seriyasına birdəfəlik Aquaman: Rebirth #1 (avqust 2016) nəşri ilə start verilir. Jurnal və VIII cild, əvvəl New 52 seriyasından son üç jurnal üzərində çalışmış Den Abnettin müəllifliyi ilə çıxarılmışdır. VIII cilddə daha çox Akvamenin kral və diplomat kimi rolundan bəhs olunur, Atlantidanın quru ilə əlaqələri yaradılır, Amnesti körfəzində səfirlik açılır, Mera isə səfir kimi fəaliyyət göstərməyə başlayır. Seriya daha çox New 52 seriyasında təqdim edilən əsas heyət üzvləri Akvamen, Mera və Qara Mantaya fokuslansa da, əvvəl çox da fikir verilməmiş Murk, Tula, Qara Cek və digər personajlar da istifadə edilmişdir.
Artur Cozef Karri Akvamen adıyla tanınan ikinci DC Comics superqəhrəmanıdır. Kurt Busiek və Cekson Qis tərəfindən yaradılmış personaj ilk dəfə Aquaman: Sword of Atlantis #40 (may 2006) (azərb. Akvamen: Atlantidanın qılıncı) nəşrində debüt etmişdir. DC Comicsin “One Year Later” (azərb. Bir il sonra) hadisələri çərçivəsində #40 (may 2006) nəşrindən etibarən Akvamenin solo seriyası Aquaman: Sword of Atlantis (Akvamen: Atlantidanın qılıncı) adlandırılmışdır. Seriyada yeni əsas personaj və yeni dəstəkçi heyətlə yanaşı qılınc və sehrbazlıq kimi fentezi elementlərinə də rast gəlmək mümkündür. Personaj qısa ömürlü olmaqla 2010-cu ildə yayımlanmış Blackest Night miniseriyası çərçivəsində artıq əsas personaj olmamış, 2011-ci ildən çıxarılmış rebut olan “The New 52” adlı DC davamlılığında isə istifadə edilməmişdir.
Arturun hekayəsi orijinal Akvamenin hekayəsinə oxşayır. Mayami, Floridada nəqliyyat vasitəsini gözləyən Artur Cozef Karri adlı şəxsin mindiyi gəmi fırtınaya düşür. Qızıl dövrü Akvameni kimi Artur Karri okeanoloq Filipp Karrinin oğludur. Arturun anası Elayni doğuş zamanı vəfat edir, vaxtından üç ay əvvəl doğulmuş oğlunun həyatını xilas etmək üçün Doktor Karri körpəyə mutagen sirop içirir. Artur bütün həyatını atasının tədqiqat gəmisində keçirir və onun dünyaya açılan yeganə pəncərəsi televizor olur.
Suya batan Artur qısa müddət sonra, saçları yerinə qısqaclar, sol əli yerinə isə su əl olan deformasiyaya uğramış humanoid – sirli “Dərinliklərin sakini” ilə zehni əlaqəyə girir. Dərinliklərin sakini ona, hələ də Sonsuz böhran zamanı Akvamenlə qarşılaşmadan aldığı yaralardan əziyyət çəkən Köpəkbalığı kralına kömək etməyi tapşırır. Arturu Akvamen adlandıran Dəriniklərin sakini onu orijinal Akvamenlə dəyişik salaraq orijinal Akvamenin hekayəsinin dəyişdirilmiş variantı olan peyğəmbərlikdən danışır. Dərinliklərin sakini bildirir ki, orijinal Akvamen formasını dəyişərək ağır, qədim və qəribə güclərin daşıyıcısına çevrilmişdir.
İlk səfəri zamanı Akvamen bir çox ikinci plan personajları, o cümlədən Mera, Dəniz iblisləri, Vulko və Okean ustadı ilə tanış olur. Bu səfər zamanı Dərinliklərin sakini müəəyyən edir ki, orijian Akvamen onun özüdür, lakin, keçmişi ilə bağlı xatirələrini itirmişdir.
Sonradan Artur Topo adlı humanoid kalmar, superqəhrəmanlarlar maraqlanan və onlardan birinin köməkçisi olmağı arzulayan gənc, həmçinin yaddaşını itirmiş Tempestlə tanış olur. Döyüş zamanı Dərinliklərin sakini/Orin öldürülür. Ədalət Liqası Orinin vəziyyətini qiymətləndirmək üçün dəvət edilsə də, onlar Orinin həqiqətən öldüyünü və ya sehrli gücü vasitəsiylə özünü diriltməyə qadir olduğunu anlaya bilmirlər.[42]
Seriyanın finalı olan “Sword of Atlantis #57” nəşrində Akvamenlə görüşən Gölün xanımı ona mənşəyini izah edir. Orijinal Akvamen Dokrot Karrinin tez doğulmuş övladını xilas etməyə sirop hazırlamaq üçün su əlinin bir hissəsini ona verir. Orin Sub Dieqonu xilas etməyə çalışdıqda onun ruhunun bir hissəsi Artur Cozef Karri ilə bağlanır, Orin isə Dərinliklərin sakininə çevrilir. Özünü Orinin ölümündə günahlandıran Akvamen Orin adından imtina edərək, gələcəkdə onu yalnız Cozef adlandırmağı xahiş edir.[61]
Cozef Betmenin yeni Outsayderlər dəstəsinə üzvlük üçün namizəd göstərilir. Personajı Metamorfo ilə döyüşdə gördüksən sonra, Betmen onun namizədliyinə qarşı çıxır.[62]
Dünyanı tamamilə kriptonitdən təmizləməyə çalışan Supermen və Betmen suyun dərinliklərinə səfər edərək burada həmin kristalın böyük ehtiyatı olduğunu üzə çıxarırlar. Onlar Akvamen və Köpəkbalığı kralı tərəfindən düşmən kimi qarşılanırlar. Qısa döyüşdən sonra Cozef onlara kriptoniti götürməyə icazə verir.[63]
“Final Crisis" (azərb. Sonuncu böhram) hekayə xəttinin sonuna kimi Cozef Karri Atlantidanın kralı olaraq qalır. Daha sonra Orinin mirası ilə bağlı təzyiqlərə davam gətirə bilməyərək taxtı tərk edir. Onun kostyumu və üçdişli yavasını taxtın üzərində aşkarlayan Tempest Cozef Karrinin taxtdan əl çəkdiyini təsdiqləyir.[64]
Akvamenin ən çox bilinən bacarığı onun su canlıları ilə telepatik əlaqəyə girmə və hətta ən uzaq məsafədən belə onları köməyə çağırmasıdır. Həmçinin, personaj suda yaşadığına görə, bu güc daha asan tətbiq olunmaqla, həm də suya yaxın yaşayan insanlar və quru canlılarına da tətbiq edilir. 2011-ci ildə DC davamlılığının rebutundan sonra, Akvamenin telepatik bacarığı xeyli məhdudlaşdırılaraq əksər dəniz canlılarının telepatik əlaqəyə girmək üçün kifayət qədər inkişaf etmiş beyinə malik olmaması göstərilmişdir.[59]
Personaj bir çox superinasan güclərinə malikdir ki, onların da bir çoxu onun adi insanlar üçün dözülməz olan mürəkkəb sualtı şəraitdə yaşaması ilə əlaqəlidir. Su altında nəfəs ala bilən Akvamen superinsan gücünə malik düşmənlərinin hücumları və odlu silahdan açılan atəşə qarşı dözümlüdür.[65] Akvamen tez-tez super-atlantidalı (adi atlantidalı 2 tona yaxın ağırlıq qaldırmağa qadirdir) və superinsan gücü nümayiş etdirir. Supermen və Ecazkar qadın kimi uçma gücünə malik olmasa da, 6 milə qədr hündürlüyə atıla bilir.[66] Akvamen böyük sürətlə üzməklə, saniyədə 3.000 metrə qədər məsafə qət edə[65], həmçinin Niaqara şəlaləsindən aşağı üzə bilir.[67] O, tamamilə qaranlıqda görə bilir və çox yaxşı eşidir.[2]
Heç bir kənar effekti olmadan su altında istənilən qədər yaşaya bilsə də, akvamen quruda uzun müddət yaşadıqda tədricən zəifləyir. Lakin, Betmenin Akvamen üçün su kostyumu kəşf etməsindən sonra o, istədiyi qədər quruda gəzə və fəaliyyət göstərə bilir.[2] 2011-ci il DC davamlılığında bu zəiflik aradan qaldırılaraq, Atlantida mənşəyi haqqında öyrənməzdən əvvəl Akvamenin yalnız quruda yaşaması göstərilmiş[68], lakin onun susuzluqdan ölməkdən qorxduğu da vurğulanmışdır.[69]
“The New 52” seriyasından əvvəl Poseydon tərəfindən dənizlərin hüquqi hakimi və müdafiəçisinə bəxş edilmiş üçdişli yaba məhvedilməz olmaqla yaxın döyüşlərdə ən güclü düşməni belə məhv etməyə qadirdir. Yaxın döyüşdə güclü silah olmasından əlavə, yava həm də su ilə manipulyasiya etmək, güclü enerji axını ötürmək həmçinin başqa personajların, ilk növbədə Tempestin sehrli enerjisini ötürmək bacarığına malikdir.[70] “The New 52” seriyasında isə çox güclü yeddi Atlantida artefaktından biri olan yava, digər artefaktlar kimi özünü “Ölü kral” adlandıran Atlantidanın ilk kralı tərəfindən saxtalaşdırılmışdır. Atlantida artefaktlarının ən güclüsü olan yava Darksayd kimi ən güclü düşməni belə yaralamağa qadirdir ki, bu da, Akvameni Darksaydı yaralamağa qadir yeganə Ədalət Liqası üzvünə çevirmişdir. O, həm də Doktor Qreyvsin o zaman qırılmaz hesab edilən mistik baryerini qırmağa qadirdir. Qara Matna gizlədilmiş yeddinci artefaktı tapmaq üçün gizlədilmiş digər altı artefaktı istifadə edərkən, yava yeganə halda sehrli güclə işıqlanır. Tula və Raonun məşq etdirilməsi zamanı Akvamen Poseydonun üçdişli yavasını istifadə edir. Həmin yava ona sunami və subasma yaratmaq[71], şimşək və işıq yaratmaq,[72] buz və torpaq örtüyünü idarə etmək, suyu vasitə kimi istifadə edərək kiçik və böyük ərazilərə teleportasiya etmək bacarığı verir.[73] O, həm də ehtiyac yarandığı halda qladius xəncərinə çevrilə və öz formasına qayıda bilir.[74] Telepatik təsir gücünü artırmaq üçün Artur tez-tez hər iki yavanı istifadə edir.[75] Taxtların tacının təsiri ilə Artur həm də öz sehrli gücünü yava vasitəsiylə yönləndirməyi öyrənir.[76] Akvameni əhatə edən sirrli güclər yavanı, eləcə də digər artefaktları oyadır ki, bunlar da ona əlavə güclər verirlər.[77] Mera sakitləşdirici zəhərli maddənin təsiri ilə su altında tənffüs qabiliyyətini itirdikdəyava ona kömək edir.[78] Artur yavanın gizli güclərini istifadə etdikdə onun gözləri sehrli işıqla parıldayır.[79]
Sol əlini itirdikdən sonra, Akvamen əvvəlcə onu kibernetik qarpun, daha sonra isə kibernetik əllə əvəz edir. Daha sonra mexaniki əl Gölün xanımı tərəfindən həsiyyə edilmiş sehrli su əllə əvəz olunur. Sehrli gücə malik həmin əl Akvamenə bir neçə əlavə bacarıq da verir: həmin əl ilə personaj su zərbələri endirə, dondura və ya donu aça, bəzi yaraları sağalda, su altında əlini istiqamətləndirdiyi istənilən canlının bədənini idarə edə, su portalları aça bilir.[2] Həmin əl vasitəsiylə Akvamen həm də istədiyi vaxt Göl xanımı ilə əlaqə saxlaya bilir.[80] Blackest Night #8 nəşrində personaj Qara Fənər Korpusu tərəfindən dirildikdə onun bioloji əli bərpa edilir.
2013-cü ildə çıxarılmış “Trinity War” (azərb. Üçlük müharibəsi) süjet xəttində Akvamen Cinayət Sindikatı Dəniz kralı ilə əlaqə qurur. O, Dünya-3-dən Əsas Dünyaya keçməsinə narahat olmasa da, “Forever Evil: Blight” nəşrində[89] Dedmen tərəfindən ələ keçirilir.[90] Dəniz kralının dizaynı 1990-cı illərinin Akvamenini xatırladır.[91]
1941-ci ilin noyabrında komikslərdə debüt etdikdən sonra, Akvamenin müxtəlif uyğunlaşdırmaları peyda olmuşdur. Həmin formatlar aasında televiziya şouları, video oyunları və filmlər vardır.
Akvamen müxtəlif televiziya layihələrində istifadə edilmişdir. Personaj “Super dostlar”, “Ədalət Liqası” və “Limitsiz Ədalət Liqası” animasiya seriallarında görünmüşdür. Bundan sonra personaj “Smolvil” serialında görünmüşdür.
“Smolvil” yaradıcıları Castin Hartlinin baş rol canlandırdığı “Akvamen” pilotu çəkmişdilər.
“Gənc Titanlar İrəli!” animasiya serialında Akvamen istifadə edilmişdir.
Personaj “Ədalət Liqası: Yeni üfüqlər” (2008) və “Ədalət Liqası: Fleşpoint paradoksu” (2011) animasiya filmlərində görünmüşdür.
DC Genişləndirilmiş Kainatında Akvamen obrazı Ceyson Mamoa tərəfindən canlandırılır. Personaj ilk dəfə “Betmen Supermenə qarşı: Ədalətin şəfəqi” (2016) filmində debüt etmiş, daha sonra Ceyson Mamoa öz rolunu “Ədalət Liqası” (2017) filmində təəkrarlamışdır. 2018-ci ildə Ceyson Mamoanın iştirakı ilə personaja həsr edilmiş ilk solo film çıxarılmışdır.
Akvamen “Wizard” jurnalı tərəfindən təşkil edilmiş bütün zamanların 147 ən böyük komiks personajı siyahısına daxil edilmişdir.[92] IGN tərəfindən təşkil edilmiş bütün zamanların ən böyük komiks personajları siyahısında isə Akvamen 57-ci yerdə qərarlaşdırılmışdır.[93] 2011-ci ildə “Parade” jurnalı tərəfindən oxucular arasında keçirilmiş səsvermənin nəticələrinə görə Akvamen Bütün zamanların ən böyük Top 10 qəhrəmanı sırasına daxil edilmişdir.[94]
2008-ci ildə kultroloq Qlen Ueldon yazır ki, “Akvamenin kifayət qədər məşhurlaşması onu qeyri-effektiv qəhrəmanları sırasından çıxarmışdır. Həmin sıraya düşməsi isə onun qəhrəmanlıq imkanlarının kifayət qədər məhdud olması ilə əlaqəli idi. Personajın zəif tərəflərinə diqqət çəkən tənqidçilər və pop mədəniyyət komediyaçıları isə personajı məzhəkə obyektinə çevirməklə, özləri də bilmədən onun məşhurlaşmasına səbəb olmuşdular.” [95][96]