Aldan qalxanı

Sibir platforması və Aldan qalxanı

Aldan qalxanı (Aldan-Stanovoy qalxanı) – Uzaq Şərqdə, Sibir platformasının cənub-şərq hissəsində Kembriyə qədərki kristallik özül çıxıntısı. Əsasən, Aldan yaylası ilə üst-üstə düşür. Aldan qalxanı güclü dislokasiyaya və metamorfizmə uğramış, qranit intruziyaları ilə yarılmış ArxeozoyProterozoy yaşlı süxurlardan təşkil olunmuşdur. 

Qalxanın şimal hissəsi Kembrinin üfüqi yatımlı çökmə süxurları, şimal-şərq hissəsi Yuranın kontinental və dəniz çöküntüləri ilə örtülmüşdür; cənubda və qərbdə Baykal və Paleozoy qırışıqlığı sahələrindən dərinlik qırılmaları ilə ayrılır. NeogenDördüncü dövrdə Aldan qalxanının cənub hissəsi intensiv qalxmaya məruz qalmış və nəticədə Stanovoy silsiləsi yaranmışdır. Silsilənin şimal kənarı boyunca qırılmalarla hüdudlanan və Yuranın kontinental çöküntülərindən təşkil olunmuş çökəkliklər yerləşir. Aldan qalxanın Arxeozoy yaşlı süxurlarında dəmir və mika, Erkən Proterozoy yaşlı süxurlarında zəngin mis filizi, qızıl və pyezokvars, Yura yaşlı kontinental çöküntülərində daş kömür (Aldan kömürlü rayonu) yataqları aşkar edilmişdir.

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.
  • Ворошилов В. Г., Боярко Ю. Г. Геохимическая зональность "стратиформных" золоторудных месторождений в архейском фундаменте Алданского щита // Известия Томского политехнического университета [Известия ТПУ]. — 2002. — Т. 305, вып. 6 : Геология, поиски и разведка полезных ископаемых Сибири. — С. 183–190.