Kembri dövrü

Kembri dövrü — davamiyyəti 85 mln. ilə yaxındır. Bu dövrdə karbonat, silisium, fosfat mineral sekresiyalı skeletli heyvanların kütləvi şəkildə meydana gəlməsi müşahidə edilir ki, bu da kembri biotunu vend biotundan kəskin fərqləndirir. Kembridən başlayaraq foraminiferlərin aqqlütiniv skeletləri rast gəlinir. Kembri dövrü ərzində demək olar ki, hazırda mövcud olan heyvanların bütün tipləri, o cümlədən xordalılar meydana gəlmiş, arxeosiatlar isə yalnız bu dövrdə yaşamışdır. Onlarla bir yerdə hidrokonozoa, trilobitlər, xırda qastropodalar, hiolitlər, qıfılsız braxiopodalar, dərisitikanlılar, sianobiontlar və bəzi yosunlar, həmçinin sistematik vəziyyəti aydın olmayan qruplar, xüsusən akritarxilər geniş yayılmışdır. Orta kembridə ilk qraptolitlər (stereostolonatlar) və konodontlar meydana gəlmişdir. Arxiosiatlar kembriyəqədərki rifquran sianobiontları (stromatolitlər) əvəz etmiş ilk rifquran heyvanlar olmuşdur. Kembri biotunun əksəriyyəti dəniz və sahil-dəniz hövzələrində məskunlaşmışdır. Bu zaman ilk yerüstü onurğasız heyvanlar (qurdlar və çoxayaqlılar) meydana gəlmiş, onlarla birlikdə yerüstü süxur qatlarında bakteriyalar və göbələklər yaşamaqda davam etmişdir. 

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.