Aleksandr Baqrationi

Aleksandr Baqrationi (gürc. ალექსანდრე, rus. Александр Ираклиевич, 1770[1], Kartli-Kaxetiya krallığı1844[1], Təbriz) — Gürcü şahzadəsi, II İraklinin oğlu.

Aleksandr Baqrationi
ალექსანდრე
bayraq
Kaxeti vəliəhdi
Şəxsi məlumatlar
Doğum adı ალექსანდრე ბატონიშვილი (ერეკლე II-ის ძე)
Doğum tarixi
Doğum yeri Telavi
Vəfat tarixi
Vəfat yeri Təbriz
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Atası II İrakli
Anası Daria Dadiani
Ailəsi Baqrationi
Dini Gürcü Ortodoks Kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksandr Baqrationi 1770-ci ildə Tiflis şəhərində anadan olmuşdu. Atası Gürcüstan valisi, müstəqillik dövründə çar olmuş II İraklidir. II İrakli 1798-ci ildə vəfat edəndən sonra övladları arasında qarışıqlıq düşdü. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği yazır: "Valinin vəliəhdi olan böyük oğlu Georgi xanı dualadılar. Onun qardaşları: Yulon xan, Parnaoz xan və Aleksandr mirzə bu işə razı olmadılar, çünki bunlar bir anadan olmuşdular. Georgi xan isə başqa bir arvaddan dünyaya gəlmişdi. Hər biri bir tərəfdən üsyana başlayıb vali ilə ədavət və düşmənçilik etdi. O cümlədən Aleksandr mirzə[2] Qazax, Borçalı və Şəmsəddinli mahallarına yiyələnib Georgi xana əhəmiyyət vermirdi. Yeni vali Georgi xan da çarəsiz qalıb adamlar göndərdi və məvaciblə Dağıstandan özü üçün kömək gətirtdi. Dağıstan qoşunu, Kaxet və gürcü alaylarının köməyilə Kəsəmən qışlağından keçdi, Qazax torpağına daxil oldu. Aleksandr Mirzə özünün gücsüz olduğunu hiss edərək qaçdı; Qarabağ vilayətinə gəldi".[3] Şahzadə Aleksandr Qarabağda 1801-ci il mart ayının əvvəllərində olmuşdur.[4]

Aleksandr Baqrationi bir çox döyüşlərdə iştirak etmişdi. General-mayor Lazarevin və şahzadə İoannın komandası altında olan rus və gürcü qoşunları ilə avarlı Ümmə xanın (Ömər xanım) və şahzadə Aleksandrın başçılığı altındakı Dağıstan qoşunları arasında vuraşma İora çayının kənarında, Kakabetu kəndinin yaxınlığında 1800-cü il noyabrın 7-də baş vermişdir. General Lazarevin verdiyi xəbərə görə, dağıstanlılar çoxlu tələfat vermiş və təkcə ölənlərin sayı 2 minə qədər olmuşdur. Ruslardan və gürcülərdən isə 13 nəfər ölmüşdür.[5]

Aleksandr Baqrationi 1804-cü ildə İrana qaçdı. Abbas mirzə Qovanlı-Qacar onu Təbrizdə yerləşdirdi. Tarixçi Əminə Pakrəvan yazır: "Birinci Erklinin oğlu (II İraklinin-Ə.Ç.) Şahzadə Aleksandr mirzə öz qardaşı oğlu Təhmurəslə Qacar dövlətinin ərazisində yaşaya bilmələri üçün Fətəli şahın iznini almışdı. Onlar Qarabağ savaşı zamanı Təbrizdə yaşayırdılar. Şahzadə ilə çox yaxın münasibətdəydilər. Bu mühacirlərin yalnız olduqlarını və ya Abbas mirzənin sarayında özlərini utanqac qonaq kimi aparmalarını, məğlub və aşağılıq kompleksi içində olduqlarını düşünmək yanlışdır. Tərsinə, Baqratiyon şahzadələri öz ailə üzvləri ilə bərabər tərəfdarlarını da gətirmişdilər. Bunların bir neçə yüz süvari oluşdura biləcək imkanları varmış".[6]

Aleksanrd Baqrationi I və II rus-İran müharibələrində iştirak etmişdi.Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği daha sonra yazır: "Fətəli şah Pirqulu sərdarı Gürcüstan valisi Aleksandr Mirzə ilə oradan Darüssürura (Tiflisə) göndərdi. Əvvəlcə Qazax və Borçalı elatı Rusiya dövlətindən üz çevirdilər və o dövlətin itaətindən boyun qaçırdılar. Nəsib bəy Gəncə müharibəsində mayor Lisaneviçin yanında olub, böyük xidmətlər göstərmişdi. Şəmsəddinli mahalı, Tiflis şəhəri və Nəsib bəydən başqa bütün elat, kəndlər, hətta Başaçığa qalan valizadələr də gəlib valiyə qoşuldular və üsyan etdilər".[7]

İran-Türkiyə qoşunlarının düşərgəsi, 1810-cu il 5 sentyabr gecəsi darmadağın edildi. Bu zaman irəvanlı Hüseynqulu xan və şahzadə Aleksandr bu düşərgədə idilər. Rusiya qoşunlarına general-mayor Pauluççi və polkovnik Lisaneviç komandanlıq edirdilər.[8]

Tarixçi Əminə Pakrəvan daha sonra yazır: "Gürcü şahzadələr Aleksandr mirzə və Təhmurəs mirzə Abbas mirzəni ziyarət etmək üçün Dədəbəyliyə gəldilər. Bu arada Quba və Dərbənd xanı Şeyxəli xan, Dağıstan xanı Surxay xan, Bakı xanı Hüseynqulu xan və Talış xanı Mustafa xan Abbas mirzəyə xoşgörü ilə yanaşırdılar. Eyni zamanda Xəzəryanı xanlıqların gürcü əyanlarının qızları ilə evlilikləri və yaxşı münasibətləri səbəbi ilə gürcü şahzadələr Azərbaycanda rahat dolaşa bilirdilər. Onların can güvənliklərindən xanlıqların orduları sorumlu idi".[9]

Aleksanrd Baqrationi II Rus-İran müharibəsindən sonra Təbrizdə qalıb yaşamağa başladı. Tarixçi Əminə Pakrəvan daha sonra yazır: "Lakin Abbas mirzənin Baqratiyon şahzadələrinə qarşı olan hörməti heç azalmadı. 20 il boyunca Təbrizdə yaşayan Baqratiyon şahzadələri artıq Azərbaycan kimliyinə alışmış və Azərbaycanın bir parçası olmuşdular".[6]

Aleksanrd Baqrationi daim həm şahdan, həm də şahzadədən hörmət-izzət görmüşdü. Tarixçi Əminə Pakrəvan bu barədə yazır: "1832-ci ildə Baqration şahzadələrinin yönətimindən çıxmış Gürcüstanda yeni bir ayaqlanma və qiyam başlamışdı. Erkli soyundan olan üç şahzadə xanım da bu ayaqlanmaya qatılmışdılar. Bunlar əskidən olduğu kimi yenə də Abbas mirzə ilə ittifaqdan yanaydılar. Çünkü təqribən 25 il boyunca Abbas mirzənin Gürcüstana olan münasibətindən çox məmnun idilər. Bir müəmma kimi saxlanılan Laçın xandan başqa digər gürcü şahzadələrin də Azərbaycana mühacirəti davam edirdi. Abbas mirzənin dirək müdaxiləsi nəticəsində Fətəli şah, Aleksandr Mirzə ilə tac-taxtını itirmiş padşah kimi davrandı".[10]

Aleksandr Baqrationi 1844-cü ildə Təbriz şəhərində vəfat edib.

Oğlanları; İrakili (1826-1882), polkovnik. Qızları; Yelizaveta (Samson xanın arvadı)

  1. 1 2 Alekʻsandre Batonišvili // Faceted Application of Subject Terminology.
  2. Şahzadə Aleksandr 1801-ci il yanvarın 8-də Şəmsəddinliyə, yanvarın 11-də isə Qazaxa gəldi (şahzadə Aleksandrdan Tamaz Orbelianiyə 8 və 11 yanvar tarixli məktublar. QAKA, c. I, sənəd 163, səh. 203, 204). Müqayisə et: general-mayor Lazarevin general-leytenant Knorrinkə göndərdiyi 1801-ci il 20 və 24 yanvar tarixli, 47 və 55 nömrəli raportlar. QAKA, c. I, sənəd 314 və 315, səh. 283-284.
  3. Qarabağnamələr, I kitab, Bakı, "Yazıçı", 1989, s.63.
  4. General-mayor Lazarevin general-leytenant Knorrinke göndərdiyi 1801-ci il 15 mart tarixli, 168 nömrəli raport. QAKA, c. I, sənəd 320, səh. 284-285.
  5. General-mayor Lazarevin general-leytenant Knorrinkə göndərdiyi 1800-cü il 8 və 14 noyabr tarixli 67 və 68 nömrəli raportlar. QAKA, c. I, sənəd 109 və 111, səh. 168, 170-175.
  6. 1 2 Əminə Pakrəvan, Abbas mirzə və Azərbaycan, Bakı, "Qanun", 2007, s. 90.
  7. Qarabağnamələr, I kitab, Bakı, "Yazıçı", 1989, s.77.
  8. General Tormasovun çara göndərdiyi 1810-cu il 19 sentyabr tarixli, 185 nömrəli raport. QAKA, c. IV, sənəd 1242, səh. 819.
  9. Əminə Pakrəvan, Abbas mirzə və Azərbaycan, Bakı, "Qanun", 2007, s.25-26.
  10. Əminə Pakrəvan, Abbas mirzə və Azərbaycan, Bakı, "Qanun", 2007, s. 191.
  • Ənvər Çingizoğlu, Aleksandr Baqrationi: Tiflisdən Təbrizə, Bakı: "Soy" dərgisi №4, 2012, səh.23-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]