Aleksandr Varlamov

Aleksandr Yeqoroviç Varlamov (rus. Алекса́ндр Влади́мирович Варла́мов); 27 noyabr 1801[1], Moskva[2][3]27 oktyabr 1848[1], Sankt-Peterburq[2][3]) — görkəmli rus musiqişünas və bəstəkarı.

Aleksandr Varlamov
Ümumi məlumatlar
Doğum tarixi 27 noyabr 1801(1801-11-27)[1]
Doğum yeri
Vəfat tarixi 27 oktyabr 1848(1848-10-27)[1] (46 yaşında)
Vəfat yeri
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, kapelmeyster, müğənni, musiqi tənqidçisi[d], skripkaçı, gitaraçı, musiqi pedaqoqu
Janr mahnı

Aleksandr Yeqoroviç Varlamov 1801-ci ildə Moskvada, istefaya çıxmış zabit ailəsində anadan olmuşdur. 10 yaşında ikən valideynləri onu tərbiyə olunmaq üçün Peterburqa saray müğənni kapellasına verirlər. 1811-1819- cu illərdə o, kapellanın müdiri Bortnyanskinin rəhbərliyi altında musiqi təhsili alır. Görkəmli rus sənətkarının təsiri gələcək bəstəkarın yaradıcılığı üçün faydalı olur. Varlamovun özünün etiraf etdiyinə görə, vokal sənətini bilməsi üçün o, məhz Bortnyanskiyə borcludur. 1823-cü ildə Varlamov vətənə qayıdaraq Peterburqda məskən salır. O, bir müddət saray kapellasında nəğmə müəllimi işləyir. 1827-ci ildə Varlamov Qlinka ilə tanış olur. Bu tanışlıq ona böyük fayda verir. Maddi vəziyyəti ağır olduğuna görə Varlamov müxtəlif tədris ocaqlarında və evlərdə dərs deməklə dolanırdı.

Varlamov bəstəkar kimi 30-cu illərdə tanınmağa başlayır. 1832-ci ildə o, Moskvaya köçür və burada kapelmeyster köməkçisi vəzifəsində çalışır, sonra isə imperator teatrlarının "musiqi bəstəkarı" təyin edilir.

Bəstəkar 1848-ci ildə boğaz vərəmindən qəflətən dünyasını dəyişmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Aleksandr Yeqoroviç Varlamov XIX əsrin birinci yarısında yaşayıb-yaratmış görkəmli romans ustalarından biridir. Onu müasirləri ilə, o cümlədən A.L.Qurilyovla bir çox cəhətlər, ilk növbədə xalq ənənələrinə yaxınlıq doğmalaşdırır. Varlamovun yaradıcılığı 30-40-cı illərdə -dekabristlər üsyanından sonrakı dövrə düşür. Varlamov zadəgan ədəbi ziyalılar aləminə mənsub deyildi. O, yeni nəslin, yeni dövrün carçısı, rus ictimaiyyətinin yeni demokratik-raznoçinçilərinin arzu və istəklərinin ifadəcisi olub, bu mətərəqqi qüvvələrə xidmət edirdi. Varlamovun romans və mahnıları demokratik musiqi mədəniyyətini aydın təmsil edirdi.Onun əsərlərinə məşhur faciə aktyoru Moçalov yüksək qiymət verirdi. Məşhur şair və aktyor Sıqanov, Varlamov üçün şeirlər yazırdı. Məhz bu yaradıcılıq əlaqələri nəticəsində " Krasnıy sarafan" (" Qırmızı sarafan") , "Что ты рано, травушка" ( "Nə tez boy atmısan, yaşıl çəmənim") kimi gözəl mahnılar meydana çıxırdı. 30-cu illərin əvvəllərində Moskvada Varlamovun romans və mahnılarından ibarət iki vokal məcmuəsi nəşr olunur. 30-cu illərdə və 40-cı illərin əvvəllərində Varlamov dəfələrlə vokal janrlara müraciət edir, külli miqdarda ( 200-ə yaxın) romans və mahnı bəstələyir, müxtəlif janrlı teatr tamaşalarına ( faciələrə, melodramlara, baletlərə) musiqi yazmağa da olduqca böyük maraq göstərirdi. O, 20-ə qədər teatr əsərinin musiqi müəllifidir. Bunlardan V. Hüqonun " Paris Notrdam kilsəsi" romanının səhnə təcəssümü olan "Esmiralda" , A. A. Şaxovskinin "İki ərli qadın və ya Volqa quldurları" (1832) və Şeksprin "Hamlet" dramlarını, A.S.Xomyakovun "Yermak" faciəsini qeyd etmək olar. Varlamov tamaşalar üçün bəstələdiyi musiqidə insanın dərin ruhi həyəcanlarını doğru-düzgün əks etdirməyə çalışmışdır. Bəstəkarın teatr janrında yaradıcılığı dram əsərlərinə musiqi bəstələməsi ilə məhdudlaşmırdı, həmin illərdə o, birpərdəli "Hiyləgər oğlan və adamyeyən" və "Soltanın əyləncələri" baletləri üzərində də işləmişdir. Baletlər 1834-cü və 1837-ci illərdə Moskvada tamaşaya qoyulmuşdur. Müəyyən səbəblərə görə 1843-cü ildə istefaya çıxmağa məcbur olan Varlamov 1845-ci ildə Moskvadan Peterburqa köçür. Varlamovun Moskvada keçirdiyi 12 ilin yaradıcılıq nəticələri olduqca sanballıdır. Onun dərc etdirdiyi çoxlu romans və mahnı, xeyli dram əsərinə yazdığı musiqi, iki balet həmin illərin məhsuludur. O, ən məşhur bəstəkarlardan birinə çevrilmişdi. Xor və orkestr dirijoru, gitaraçı və müğənni kimi Varlamovun göstərdiyi geniş ifaçılıq fəaliyyətini də ayrıca qeyd etmək lazımdır.

1840-cı ildə Varlamov vokal sənəti üzrə "Müğənnilik məktəbi" adlı ilk metodiki vəsait yaratmışdır. Bəstəkarın bu əsərində bir vokalist kimi onun çoxillik pedaqoji təcrübəsi, dərin biliyi özünü göstərirdi.

Vokal yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Varlamovun yaradıcılıq irsi rəngarəngdir. Bura dram tamaşalarına yazılmış musiqi, 2 balet, bir neçə xor və fortepiano əsəri daxildir. Onun vokal əsərləri realizmin rus incəsənətində bərqərar olduğu dövrdə yaranmışdır. Demək olar ki, bütün vokal əsərləri müasirləri olan rus şairlərinin sözlərinə yazılmışdır. Xalq yaradıcılığından gələn mətnlərə, bəstəkarın öz şeirlərinə də rast gəlmək olar. Bəstəkarın musiqi irsinin ən mühüm hissəsini "rus mahnısı" janrında yazılmış vokal əsərlər təşkil edir. Onlar xalq musiqisi örnəklərindən qidalanıblar. "Rus mahnılarının" əksəriyyəti axıcı, lirik mahnı tipinə aiddir. Bəstəkar məhz bu mahnılarla lirik rus kantilenasının gözəl nümunələrini yaratmışdır. Onun yaradıcılığında bu mahnıların başqa bir növü də meydana gəlmişdir. Bunlar cəld rəqsvari xarakterli mahnılardır ki, buraya " Ox bolit, da şemit retivo serdeçko" (Coşğun qəlbim sancır), "Vdol po ulitse metelitsa metyot "( "Küçə boyu çovğun əsir") kimi nümunələr daxildir. Bəstəkar vals, polonez, bolero və ya ikibölümlü ölçülü rəqs ruhlu mahnılarının ritmlərindən istifadə etmiş, geniş yayılan bir sıra "valsvari" mahnılar bəstələmişdir. Yaradıcılıq irsi "rus mahnıları" ilə məhdudlaşmayan bəstəkar elegiya, barkarola, süfrə mahnısı və ballada janrlarını inkişaf etdirərək romansa böyük diqqət yetirir, onu zənginləşdirirdi. Onun "Dve zvezdı" ( "İki ulduz"), "Ona i jizn" ( O qız və həyat), "Zvyozdoçka" (Ulduzcuk) , "Ptiçka bojiya" ("Allahın quşcuğazı") romansları şən, qayğısız əhval-ruhiyyəni ifadə edir. Bundan başqa bəstəkar romans-elegiyaların və dramatik romansların da müəllifidir. Varlamovun vokal musiqisində təbiət obrazı ilə bağlı olan lirik romanslar da müəyyən yer tutur. Bəstəkarın "mənzərə" xarakterli romanslarının ən gözəl nümunəsi M.J. Lermotovun Hötedən tərcüməsinə yazılmış "Qornıye verşinı" ("Dağ zirvələri") hesab edilə bilər. Əsər həm həssas romantik mənzərə tipli, həm də ölümün gətirdiyi ədəbi rahatlıq barədə qəmgin düşüncəli romansdır. Ballada janrına böyük maraq göstərən bəstəkar bu janrda da bir sıra əsərlər yazmışdır. Misal üçün, "Pesnya razboynika" ( "Quldurun mahnısı") və "Osedlayu konya" (" Atı yəhərləyirəm") adlarını çəkmək olar.

  • "Krasnıy sarafan" ("Qırmızı sarafan").
  • "Ax tı, vremya, vremeçok" ("Ah, zaman, zaman").
  • "Ne şumite, vetrı buynıye" ("Səs salmayın, coşqun küləklər").

Bu mahnıları xüsusilə çox məşhur olmuşdur. Varlamov 200- ə yaxın romansa mahnı bəstələyir, teatr tamaşalarına musiqi yazır.[4]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Варламов Александр Егорович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. 1 2 3 4 Э. Варламов (rus.). // Музыкальный словарь: Перевод с 5-го немецкого издания / под ред. Ю. Д. Энгель, пер. Б. П. Юргенсон Москва: Музыкальное издательство П. И. Юргенсона, 1901. Т. 1. С. 205–206.
  4. Musiqi Ədəbiyyatı kitabı 6-7, səh:11

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]