Aleksandra Coy Mollenhauer (ing. Alexandra Mollenhauer; 4 may 1998, Texas) – əslən amerikalı olan Azərbaycan basketbolçusu. "Estudiandes" basketbol klubunda və Azərbaycan milli 3x3 basketbol komandasında çıxış edir. İki dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdur.
Aleksandra Mollenhauer | |
---|---|
Boyu | 1.83 |
Vətəndaşlığı | |
Doğum tarixi | 4 may 1998 (26 yaş) |
Doğum yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandra Mollenhauer 4 may 1998-ci ildə ABŞ-nin Texas ştatında doğulmuşdur. Atası Skot Mollenhauer də basketbolçu olmuş, "Qala", "NTD" və "Aztop" kimi Azərbaycan klublarından çıxış etmiş, karyerasını başa çatdırdıqdan sonra Azərbaycanda qalaraq məşqçi kimi işləməyə başlamışdır.
5 yaşı olanda Mollenhauer ailəsi ilə birlikdə Azərbaycana köçmüşdür. 5 yaşında atasının rəhbərliyi altında basketbol oynamağa başlamışdır.[1][2] Mollenhauer 18 yaşına qədər Azərbaycanda yaşadıqdan sonra ABŞ-yə köçmüşdür.[1]
Mollenhauer 15–16 yaşında olanda Azərbaycan milli basketbol komandasının heyətinə cəlb olunmuşdur.[1]
Mollenhauer 2017-ci ildə Bakıda keçirilmiş III İslam Həmrəyliyi Oyunlarında Azərbaycan milli komandasının tərkibində qızıl medal qazanmışdır.[3] 2022-ci ilin avqustunda Konyada keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan milli komandasının tərkibində növbəti dəfə qızıl medalın qalibi olmuşdur.[4]
Mollenhauer 2024-cü ilin aprelində Honkonqda keçirilmiş 3x3 basketbol təsnifat turnirində Azərbaycan milli komandası ilə qalib olmuşdur. Nəticədə, Azərbaycan milli 3x3 basketbol komandası tarixində ilk dəfə olimpiya oyunlarında iştirak etmək hüququ əldə etmişdir.[4][5]
Mollenhauerin atası Skott Mollenhauer Azərbaycan milli basketbol komandasının köməkçi məşqçisidir.[6]