Algirdas Potsyus (lit. Algirdas Pocius; 28 avqust 1930[1] – 14 avqust 2021, Vilnüs) — Müasir Litva ədəbiyyatının yaşlı nəslinə mənsub olan və geniş oxucu auditoriyasının rəğbətini qazanmış ədiblərdən biridir.
Algirdas Potsyus | |
---|---|
Doğum tarixi | 28 avqust 1930[1] |
Vəfat tarixi | 14 avqust 2021 (90 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | jurnalist, siyasətçi, yazıçı |
Partiyası |
A. Potsyus 1930-cu ilin avqustun 28-də Litvanın Majeykyay rayonunun Ketunay kəndində dünyaya gəlib.
Seda qəsəbə orta məktəbini bitirdikdən sonra 1950–1952-ci illərdə Klaypeda müəllimlər institunun Litva dili və ədəbiyyatı şöbəsində təhsil alıb. 1952–1954-cü illərdə Klaypeda və Şyaulyay şəhər radiostansiyalarında redaktor və radio müxbiri olaraq fəaliyyət göstərib. 1955-ci ildə Vilnüsə başqa vəzifəyə keçirilmiş və Litva SSR Radioinformasiya İdarəsində ədəbi verilişlər bölməsinin redaktoru təyin olunmuşdur. 1956-cı ildən etibarən "Şvituris" ("Mayak") gənclər jurnalının bədii ədəbiyyat şöbəsində işləyib.
1958-ci ildən Litva Yazıçılar İttifaqında müxtəlif vəzifələrdə çalışıbdır: — 1958–1963-cü illərdə nəsr üzrə məsləhətçi, 1963–1981-ci illərdə İdarə Heyətinin katibi, 1981–1986-cı illərdə isə Litva Yazıçılar İttifaqı Sədrinin müavini olmuşdur.
A. Potsyus bir müddət həmçinin ictimai-siyasi xadim kimi də fəaliyyət göstərib. 1960–1989-cu illərdə Sov. İKP-nin sıralarında olub. Litva Demokratik Əmək Partiyasının (hazırda bu partiya Litva Sosial Demokratlar Partiyası adlanır) üzvü olaraq 1992-ci ildə bu partiyanın xəttilə Litvanın Parlament seçkilərində iştirak edib. A. Potsyus həmin ilin okyabr ayında millət vəkili seçilib və 1992–1996-cı illərdə Litva Respublikası Seyminin Maarif, Elm və Mədəniyyət Komitəsinin üzvü olaraq Parlamentdə çalışıb.
A. Potsyusun əsərləri 1953-cü ildən çap olunur. Onun ilk kitabı – "Ujgiryay kəndində səhər" adlı hekayələr toplusu 1955-ci ildə Vilnüsdə işıq üzü görübdür. İndiyədək litvaca 20-yə yaxın kitabı çapdan çıxıbdır. Müəllifin "İflas" əsəri əsasında 1967-ci ildə Litva kino studiyasında "Böyüklərin oyunları" adlı iki hissədən ibarət kinonovella (tragikomediya) yaradılıbdır.
A. Potsyus altmış ildən çoxdur ki, Litva ədəbiyyatında əsasən novella janrında yaradan gözəl sənətkar kimi tanınıbdır. Əsərlərinin bədii üslubu klassik Litva nəsrinin ən yaxşı ənənələri əsasında formalaşıbdır. Litva ədəbiyyatında böyük mövzuları, müxtəlif yönəmli vacib olayları kiçik misallarla, minimal nümunələrlə məhdudlaşdırıb ümumiləşdirən və böyük ustalıqla təqdim edən ədəbi üslubun yaradıcılarından biridir. Hekayə və povestləri rasional quruluşu, qısa təhkiyyə üsulu və təmkinli nəql manerası, aydın və sərrast cümlələrin düzümü ilə seçilir. Əsərlərinin fabulasını təşkil edən hadisə və əhvalatlar mübtəlalıqla və yaxud açıq-aydın ehtiraslarla şərh olunub təqdim edilmir, həyəcanlı hisslər və coşqun emosiyalar zahiri təfərrüatların arxasında gizlədilir.
A. Potsyus ədəbiyyat üzrə çeşidli ödüllərin sahibidir. Onun kitabları 1967, 1980, 1982 və 1985-ci illərdə Litvanın nüfuzlu ədəbi mükafatlarına layiq görülüb. 1980-ci ildə A. Potsyusa Litva SSR-nin əməkdar mədəniyyət xadimi fəxri adı verilibdir. 1982-ci ildə isə "Yuvadan uçmuşlar" kitabına görə Litva SSR Dövlət mükafatına layiq görülübdür. Əsərləri bir sıra xarici dillərdə dərc edilib.
A. Potsyus Sovet dönəmində Litva ədəbiyyatında ən ziddiyyətli, mürəkkəb və olduqca həssas mövzuları qələmə almış sənətkardır. Belə ki, o, 1944–1953-cü illərdə Litvanın azadlığı və dövlət müstəqilliyi uğrunda Litvada SSRİ-yə qarşı aparılmış siyasi müqavimət hərəkatı və partizan müharibəsi ilə bağlı tarixi hadisələri — Litva "meşə qardaşları" mövzusunu ilk dəfə bədii yaradıcılıq müstəvisində işləmiş və Litva sovet ədəbiyyatına gətirmiş yazıçı olaraq məşhurdur.
İkinci dünya müharibəsindən sonra Litvanın SSRİ tərəfindən dübarə işğal edilməsinə qarşı bu Baltik ölkəsində getmiş mürəkkəb ictimai-siyasi proseslər, ideoloji qarşıdurmalar, müstəqillik uğrunda aparılmış silahlı mübarizə, xalq müqavimətini qırıb ölüm girdabında boğmaq məqsədilə NKVD-MQB-KQB strukturları tərəfindən həyata keçirilmiş siyasi və sosial təmizləmələr, həbslər, güllələnmələr və sürgün edilmələr, eləcə də həmin illərdə Litvada baş vermiş digər faciəli toqquşmalar və dramatik hadisələr litvalı yazıçının 1963-cü ildə Vilnüsdə çapdan çıxmış "Burulğan" adlı kitabına daxil olan hekayələrin ("On fransız sözü", "Yuodgirisin sonuncu rolu", "Burulğan", "Saçı ağarmış qardaş", "Ot daşımı" və s.), həmçinin sonralar işıq üzü görmüş digər əsərlərinin ("Xaçsız məzarlar", "Meşə adası", "Xanım Amnistiya" və b.) süjetini təşkil edir.
A. Potsyus bu əsərlərini XX əsrin 50-ci illərinin axırı — 60-cı illərinin əvvəllərində SSRİ-də siyasi və ictimai-mədəni həyat sahələrində "Xruşşov mülayimliyi" adı altında həyata keçirilmiş islahatlar dövründə yaranmış nadir fürsətlərdən istifadə edərək yaza bilmişdir. Bununla bərabər, müəllif sözügedən dramatik və faciəvi olayları sakit epik tonda və pərdəli şəkildə təqdim edir, onlar haqqında çox ehtiyatla və həssaslıqla danışır, ədəbi qəhrəmanların ən kiçik mükamilələrinə və hisslərinin rəngarəngliyinə diqqəti cəlb etmək yolu ilə onların daxili aləminin alt qatlarına nüfuz edir. Xüsusilə vurğulamaq lazımdır ki, yazıçı "meşə qardaşları" mövzusundakı hekayələrdə ideoloji aksentləri və əsil qayəni nəzərə çarpmayan şəkildə — "səs-səmir çıxarmadan" yerbəyer edir və həmişə müəllif təhkiyəsi ilə qəhrəmanların hərəkət və danışıqları arasında təhlükəsiz məsafə saxlayır.
Onun Litva "meşə qardaşları" mövzusunda yazdığı əsərlər sosialist realizmi nəsrinin kamil nümunələri sayılsa da, eyni zamanda 60–70-ci illər Litva sovet ədəbiyyatının bədii kəşfləri kimi dəyərləndirilir. Sovet senzurası şəraitində yaradılmış həmin əsərlər sözügedən dramatik olayları aktuallaşdırmaq, onları Litva tarixinin və ictimai-siyasi fikrinin vacib tərkib hissələri kimi təqdim etmək, yaranmış siyasi və ideoloji ziddiyyətlərin əsil səbəblərini örtülü şəkildə və çeşidli dil vasitələrilə qabartmaq, milli-mənəvi dəyərlərin həyatiliyini, işıqlı sabaha inamın və dövlətçilik ənənələrinin yaşarlığını, xalq azadlıq ideyalarının ölməzliyini və müstəqillik səylərinin davamlılığını cəmiyyətin geniş dairələrinə çatdırmaq, tarixi yaddaşı hifz etmək və hürriyyətə ümidi yaşatmaq baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir.
Odur ki, A. Potsyusun "meşə qardaşları" mövzusunda yaratdığı hekayələr Litva sovet ədəbiyyatının xrestomatik əsərləri, həmin dövrdə bu yönümdə inkişaf etmiş söz sənətinin orijinal xüsusiyyətlərini ehtiva edən səciyyəvi ədəbi mətnlər və klassik nəsr nümunələri kimi qəbul olunubdur.
A. Potsyusun Litva "meşə qardaşları" mövzusunda yaratdığı əsərlərdən bir neçəsi — "Saçı ağarmış qardaş", "On fransız sözü" və b. hekayələri litvaşünas tədqiqatçılar Vaqif Arzumanlı və Mahir Həmzəyev tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq 1982–2013-cü illərdə Bakıda nəşr edilibdir
1. "Litva hekayələri". Bakı, "Yazıçı", 1982-ci il, 276 səh. Tərcümə edəni Vaqif Arzumanov.
2. Algirdas Potsyus. "On fransız sözü". Hekayə (qısaldılmış variantı). Bakı, "Azərbaycan gəncləri" qəzeti, 21 mart 1987-ci il, № 35 (10509), səh. 4. Litva dilindən tərcümə edəni Mahir Həmzəyev.
3. Mahir Həmzəyev. A. Potsyusun "Xruşşov mülayimliyi" dövründə yazdığı əsərlər barədə və onun yaradıcılığında "Litva meşə qardaşları" mövzusunun işlənməsinə aid ədəbi məqalə. Bakı, "525-ci qəzet", 17 dekabr 2013-cü il, № 231 (4007), səh. 7.
4. Algirdas Potsyus. "On fransız sözü". Hekayə (tam variantı). Bakı, "525-ci qəzet", 17 dekabr 2013-cü il, № 231 (4007), səh. 7–8. Litva dilindən Mahir Həmzəyev tərcümə edib.