Aliyə Rüstəmbəyova

Rüstəmbəyova Aliyə Fətulla qızı (1907; Şuşa, Rusiya imperiyası – 1942 iyun; Rusiya SSFR, SSRİ) — İkinci dünya müharibəsi qəhrəmanı, partizan hərəkatı iştirakçısı, həkim.[1]

Aliyə Rüstəmbəyova
Aliyə Fətulla bəy qızı Rüstəmbəyova
Doğum tarixi
Doğum yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Atası Fətulla bəy Rüstəmbəyov
Anası Turan xanım Kərim bəy qızı Mehmandarova
İxtisası həkim
Təhsili Azərbaycan Tibb İnstitutu,
Leninqrad Tibb İnstitutu

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Aliyə 1907-ci ildə Şuşa şəhərində doğulmuş, hələ kiçik ikən ailəsi ilə birlikdə Bakıya köçmüşdü.

Atası Fətulla bəy Rüstəmbəyov Salyanın məşhur bəy nəsli olan Rüstəmbəyovlar nəslindəndir. Fətulla Rüstəmbəyov ilk azərbaycanlı mühəndis-texnoloq, Azərbaycanda neft sənayesinin bərpası və texniki cəhətdən yenidən qurulmasının təşkilatçılarından biri olmuşdur. O, Azərneftin Dəniz Komitəsinə başçılıq edərək, sualtı neft sahələrinin işlənilməsində, dəniz neft mədənlərinin inkişafında böyük əmək sərf etmişdir.

Qardaşı Əsəd bəy Rüstəmbəyov alim, neft və qaz quyu qazıması sahəsində mütəxəssis olmuş, 1960-cı ildə Azərbaycan SSR əməkdar mühəndisi, 1971-ci ildə SSRİ-nin fəxri neftçisi, 1972-ci ildə texnika elmləri namizədi olmuşdur.

Anası Turan xanım Mehmandarova Şuşanın məşhur Mehmandarovlar ailəsindən olan, həkim Kərim bəy Mehmandarovun qızı olmuşdur. Turan xanımın anası Qacar şahzadələrindən olan Bəhmən Mirzə Qocanlı Qacarın qızı Zəri xanım idi.

Aliyə Bakıdakı 3 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olur və az sonra təhsilini 1-ci Leninqrad Tibb İnstitutunda davam etdirir. Həmin institutu fərqlənmə diplomu ilə bitirən Aliyə Rüstəmbəyovanı rektorluq Moskvaya göndərməyi nəzərdə tutmuşdu. Lakin Aliyə Özbəkistanda Çirçik tikintisində çalışanların sağlamlığı üçün çalışmağa könüllü olacaq həkim axtarıldığının görür və Moskvaya təhsilini davam etdirmək əvəzinə Özbəkistana tikintidə həkim kimi çalışmağa gedir. 3 il burada çalışdıqdan sonra 1938-ci ildə təcrübəli həkim-terapevt kimi Moskvaya göndərilir.[1]

3 il Özbəkistanda çalışdıqdan sonra 1938-ci ildən isə Moskvada Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışmışdır.[1]

Müharibədəki fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Qış müharibəsində

[redaktə | mənbəni redaktə et]

1939-cu il noyabrın 30-da SSRİ-nin Finlandiyaya qarşı başladığı müharibə zamanı Aliyə də həkim kimi cəbhəyə yollanır. Ən şiddətli döyüşlərin getdiyi Kareliya bərzəxində hərbi tibbi xidmət edir. Müharibə 1940-cı il martın 12-də başa çatdıqdan sonra Aliyə Moskvaya qayıdıb, öz işini S. P. Botkin adına daxili xəstəliklər klinikasında davam etdirir. Lakin bu da uzun çəkmir. 1941-ci il iyunun 22-də Almaniyanın Sovet İttifaqı üzərinə hücumundan sonra Aliyə yenidən hərbi tibbi xidmətə yollanır.

İkinci Dünya müharibəsində

[redaktə | mənbəni redaktə et]

Müharibənin ilk günlərindən — iyun ayının 23-də könüllü olaraq orduya yazılmış, Moskva, sonra Smolensk yaxınlığındakı Bryansk meşələrində tibb-sanitar batalyonunda xidmət etmişdir.

1941-ci ilin dekabrında yaralı döyüşçülərə tibbi yardım edərkən əsir düşmüşdür. 1942-ci ilin fevralında isə "Deduşka" partizan dəstəsinin köməyilə əsirlikdən qaçır. Martım 23-də döyüşlərdə yaralanan dəstənin komandanı Deduşka ləqəbli Vasili Voronçenko Aliyə Rüstəmbəyovanın müdaxiləsi ilə xilas olmuşdur.

1942-ci ilin iyun ayında döyüşlərin birində vəfat etmişdir.

Aliyə Rüstəmbəyovaya məxsus mürəkkəbqabı və gümüş qələm

"Oktyabr" jurnalının 1972-ci ildə nəşr olunmuş 6-cı sayında o dövrdə Azərbaycan Sovet Sosialist Respublikasının Kommunist partiyasının I katibi olan Heydər Əliyev Aliyə Rüstəmbəyova haqqında demişdir:[1]

" Mən Smolensk vilayətində partizan dəstələrindən birində döyüşən şərəfli azərbaycanlı qızı, hərbi həkim Aliyə Rüstəmbəyovanın igidliyini yüksək dərəcədə səciyyəvi hesab edirəm. "

Şairə Mirvarid Dilbazi "Partizan Aliyə" poemasını yazmış (1972), heykəltaraş Aslan Rüstəmov Aliyənin büst-portretini hazırlamışdır. (1962-ci il).[2]

Aliyə Rüstəmbəyova ilə bağlı fotoşəkillər, sənədlər, məktublar, onun mürəkkəbqabısı və gümüş qələmi isə Milli Azərbaycan Tarixi Muzeyində mühafizə olunur.

  1. 1 2 3 4 Savalan Fərəcov. "Partizan Aliyə". medeniyyet.az. 2010. 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2022.
  2. Rəna Səfərova. (Partizan-həkim Aliyə Fətulla qızı Rüstəmbəyovaya həsr olunur) S. 221–231 Arxivləşdirilib 2023-08-05 at the Wayback Machine / Milli Azərbaycan Tarixi Muzeyi-2009. Bakı, 2009.